Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-26/2024 03.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh LPO ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: pulun tutulması tələbi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh LPO ASC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh LPO ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" ASC Cavabdeh LPO ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən 61.880,96 ABŞ dolları və 111.206.77 manat pulun, 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh LPO ASC arasında müvafiq qaydada bağlanmış müqavilə əsasında cari hesab açılmışdır. Hal-hazırda, "xxxx" ASC-nin Cavabdeh LPO AS-nin Bakı Filialında olan ABŞ dolları ilə cari hesabında 61,880,96 ABŞ dolları, AZN ilə cari hesabında isə 111.206,77 manat pul vəsaiti vardır. xx.xx.2015-ci il tarixdən etibarən dəfələrlə həmin pul vəsaitlərinin “Nikoil” İKB-nin 2 saylı filialına köçürülməsinə dair müvafiq ödəniş tapşırıqları ilə Cavabdeh LPO ASC-nin Bakı Filialına müraciətlər edilməsinə baxmayaraq ödəniş tapşırıqları icra olunmamışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh LPO ASC-nin nümayəndəsi və vəkili Vəkil məhkəməyə izahatında banka "xxxx" ASC tərəfindən 61.880,96 ABŞ dolları və 111.206.77 manat məbləğində pulun köçürüldüyünü mübahisələndirmədiklərini, iddiaçının tələbində qeyd olunan məbləğlərin bank bağlandıqdan sonra qeydə alındığını, növbəlilik prinsipi əsasında iddiaçıya təqdim olunacağını bildirdi.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 72. Bankın müflis elan olunmasının nəticələri 72.1. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından: ... 72.1.2. banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır; 72.1.3. bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür; ...” “Maddə 73. Ödəniş sistemlərində hesablaşmaların qətiliyi 73.1. Bu Qanunun 72.1-ci maddəsinin müddəalarından asılı olmayaraq: 73.1.1. ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları, o cümlədən qiymətli kağızlar üzrə ödənişlər bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvədə qalır və üçüncü tərəf üçün məcburi olur, bu şərtlə ki, ödəniş tapşırıqları həmin qərar qüvvəyə minənədək gerigötürülməz olsun; 73.1.2. bu Qanunun 73.1.1-ci maddəsində göstərilən köçürmələr bu şərtlə hüquqi qüvvəyə malik olmur və üçüncü tərəf üçün məcburi olmur ki, ləğvedici sistemin operatorunun bankın müflis elan olunmasına dair qərar çıxarıldığından ödəniş tapşırıqları köçürmələri həyata keçirən sistemin qaydalarına görə gerigötürülməz olanadək xəbər tutduğunu sübut edə bilsin.
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 954.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. - 954.2-ci maddəsinə əsasən bank hesabda olan pul vəsaitinə dair müştərinin maneəsiz sərəncam vermək hüququna qarantiya verməklə, bu vəsaitdən istifadə edə bilər. - 954.3-cü maddəsinə əsasən Bank müştərinin pul vəsaitindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz, habelə müştərinin pul vəsaitinə dair öz istədiyi kimi sərəncam vermək hüququ üzərində qanunla və bank hesabı müqaviləsi ilə nəzərdə tutulmamış digər məhdudiyyətlər qoya bilməz. - 956.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsi bağlanarkən müştəriyə və ya onun göstərdiyi şəxsə tərəflərin razılaşdırdığı şərtlərlə bankda hesab açılır. - 959.2-ci maddəsinə əsasən müştərinin sərəncamı ilə bank müştərinin pul vəsaitini müvafiq ödəniş sərəncamının banka daxil olduğu günün ertəsi günündən gec olmayaraq verməli və ya hesabdan köçürməlidir, bu şərtlə ki, qanunla, qanuna uyğun qəbul edilmiş bank qaydaları ilə və ya bank hesabı müqaviləsi ilə ayrı müddətlər nəzərdə tutulmasın. - 968-ci maddəsinə əsasən müştərinin hesabdakı pul vəsaitinə dair sərəncam vermək hüquqlarının məhdudlaşdırılmasına yol verilmir, amma qanunda nəzərdə tutulan hallarda məhkəmənin qərarı ilə hesabdakı pul vəsaiti üzərinə həbs qoyulduğu və ya hesab əməliyyatlarının dayandırıldığı, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna təşkil edir. - 973.1-ci maddəsinə əsasən ödəniş tapşırığı ilə hesablaşma zamanı bank ödəyicinin tapşırığı ilə onun hesabında olan vəsait hesabına müəyyən pul vəsaitini bu və ya başqa bankda ödəyicinin göstərdiyi şəxsin hesabına qanunla nəzərdə tutulmuş və ya qanuna uyğun təyin edilmiş müddətdə köçürməyi öhdəsinə götürür, bu şərtlə ki, bank hesabı müqaviləsində daha qısa müddət nəzərdə tutulmasın və ya bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətləri ilə daha qısa müddət müəyyənləşdirilməsin.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC tərəfindən 61.880,96 ABŞ dolları və 111.206.77 manat pulun, 30 manat dövlət rüsumunun Cavabdeh LPO ASC-dən tutulması barədə iddia tələbi ilə ilk dəfə Azərbaycan Respublikası 2 saylı İnzibati-İqtisadi Məhkəməsinə müraciət olunmuş, 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(82)- 2481/2015 saylı qiyabi qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, Cavabdeh LPO ASCdən iddiaçı "xxxx" ASC-nin xeyrinə 61.880,96 ABŞ dolları və 111.206.77 manat pulun tutulması qət olunmuş, daha sonra 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(82)-2481/2015 saylı qərardadı ilə 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015ci il tarixli, 2(82)-2481/2015 saylı qiyabi qətnaməsində aşkar edilmiş yanlışlığın aradan qaldırılması, qətnamənin nəticə hissəsində “tutulmalıdır” sözünün “tutulsun” kimi oxunması qərara alınmışdır.
9. Qətnamə xx.xx.2016-cı il tarixdə qanuni qüvvəyə mindikdən sonra xx.xx.2016-cı il tarixdə icra olunması üçün Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə icraya yönəldilmiş, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin xx.xx.2016-cı il tarixli “icraata başlamaq haqqında” qərarı ilə qətnamənin icrasına başlanmışdır.
10. İş materiallarına əlavə olunmuş 1 saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinin 2- 1(81)-1494/2016 saylı qərarı ilə Cavabdeh ASC-nin müflis elan edilməsi və iflas proseduruna başlanılması, “X1 Company” MMC-nin Cavabdeh ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmış, daha sonra 1 saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinin 2-1(81)-1494/2016 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə Cavabdeh ASC-yə ləğvedicisi qismində təyin olunmuş “X1 Company” MMC-nin fəaliyyətinə xitam verilməsi və Cavabdeh ASC-yə ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondunun təyin olunması qərara alınmışdır.
11. Daha sonra, LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qiyabi qətnamənin ləğv edilməsinə dair ərizə ilə xx.xx.2022-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək qiyabi qətnamənin ləğv edilməsini xahiş etmişdir.
12. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3676/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(82)-2481/2015 saylı qiyabi qətnaməsinin ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi qərara alınmışdır.
13. Daha sonra, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3676/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə "xxxx" ASC-nin Cavabdeh LPO ASC-yə qarşı “pul” tələbi barədə iş üzrə icraata xitam verilmişdir.
14. "xxxx" ASC Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3676/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından şikayət və buraxılmış müddətin bərpası barədə ərizə verərək buraxılmış müddətin üzrlü hesab edilməsi və Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-3676/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3676/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3676/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından "xxxx" ASC tərəfindən şikayət verilməsi ilə əlaqədar buraxılmış prosessual müddət üzrlü hesab edilərək bərpa edilmişdir.
15. Daha sonra, LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə şikayət ilə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 3676/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi və buraxılmış prosessual müddətin bərpası barədə ərizənin təmin olunmaması barədə yeni qərardad qəbul edilməsini xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3676/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3676/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadından cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin 7 gün müddətində işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
16. Bakı Apellyasiya Məhəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-576/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh LPO Cavabdeh ASC-nin şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3676/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi, iddiaçının buraxılmış müddətin bərpası barədə ərizəsinin təmin edilməməsi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)- 3676/2022 saylı qərardadından iddiaçı tərəfindən şikayət verilməsi üçün müddətin buraxılmamış hesab edilməsi qərara alınmışdır.
17. Daha sonra, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3676/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 2(113)-3676/2022 saylı qərardadından iddiaçı tərəfindən şikayətin təmin edilməməsi, şikayətin 7 gün müddətində işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
18. Bakı Apellyasiya Məhəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-684/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-3676/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.
19. "xxxx" ASC daha sonra Bakı Apellyasiya Məhkəməsinə kassasiya şikayəti ilə müraciət edərək Bakı Apellyasiya Məhəməsinin Kommersiya Kollegiyasının 2-2(103)- 684/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-3676/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(102)-532/2023 saylı qərarı ilə iddiaçı "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhəməsinin Kommersiya Kollegiyasının 2-2(103)- 684/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi və işin növbəti prosessual hərəkətlərin həyata keçirilməsi üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.
21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-1020/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-3676/2022 saylı qərardadının ləğv olunması və işin növbəti prosessual hərəkətlərin həyata keçirilməsi üçün həmin (birinci instansiya məhkəməsi) məhkəməyə göndərilməsi qərara alınmışdır.
22. Bakı Apellyasiya Məhkəməsi tərəfindən göndərilən iş xx.xx.2023-cü il tarixdə Bakı Kommersiya Məhkəməsinə daxil olmuşdur.
23. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
24. İş materiallarına əlavə olunmuş xx.xx.2014-cü il tarixli ərizəyə əsasən "xxxx" ASC-nin xahişi ilə ona Cavabdeh ASC-də ABŞ dolları ilə cari hesab açılmışdır.
25. İş materiallarına əlavə olunmuş xx.xx.2014-cü il tarixli ərizəyə və ona aid bank qeydlərinə əsasən "xxxx" ASC-nin xahişi ilə ona Cavabdeh ASC-də ABŞ dolları ilə depozit hesabı açılmışdır.
26. İşdə olan "xxxx" ASC-nin Cavabdeh ASC-yə təqdim etdiyi ödəniş tapşırıqlarına əsasən "xxxx" ASC tərəfindən xx.xx.2015-ci il tarixli, 73 nömrəli ödəniş tapşırığı ilə 4.900 manat, xx.xx.2015-ci il tarixli, 87 nömrəli ödəniş tapşırığı ilə 105.000 manat, xx.xx.2015-ci il tarixli, 88 nömrəli ödəniş tapşırığı ilə 61.000 ABŞ dolları, xx.xx.2015-ci il tarixli, 92 saylı ödəniş tapşırığı ilə 105.000 manat, xx.xx.2015-ci il tarixli, 93 nömrəli ödəniş tapşırığı ilə 61.000 ABŞ dolları məbləğində pul vəsaitinin "xxxx" ASC-nin 2 saylı filialına köçürülməsi barədə müraciət olunmuşdur.
27. Məhkəmə qeyd edir ki, işdən də görünür ki, "xxxx" ASC-nin Cavabdeh ASC-nin cari hesabında olan 61.880 ABŞ dolları və 111.206,77 manat məbləğində pul vəsaitlərinin "xxxx" ASC-nin 2 saylı filialına köçürülməsi Cavabdeh ASC tərəfindən icra olunmamışdır.
28. Bundan başqa, məhkəmənin xx.xx.2024-cü il tarixli baxış iclasında iştirak edən Cavabdeh LPO ASC-nin nümayəndəsi və vəkili Vəkil banka "xxxx" ASC tərəfindən 61.880,96 ABŞ dolları və 111.206.77 manat məbləğində pulun köçürüldüyünün mübahisəsiz hal olduğunu və iddiaçının tələbində qeyd etdiyi məbləğlər bank bağlandıqdan sonra qeydə alındığı üçün növbəlilik əsasında iddiaçıya təqdim olunacağını bildirdi.
29. Göründüyü kimi, iddiaçı məlum ödəmə tapşırıqlarını verərkən (2015-ci ilin aprelmay ayları) Cavabdeh ASC hələ müflis elan olunmamışdı. Bu baxımdan, iddiaçının həmin vəsaitin geri qaytarılmasına dair tələbinin qanuni əsasını “Banklar haqqında” Qanunun 73.1 və 73.1.1-ci maddələri təşkil edir.
30. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 73.1 və 73.1.1-ci maddələrinin (bax yuxarıda § 29) məzmunundan aydın olur ki, bu Qanunun 72.1-ci maddəsinin (bankın müflis elan olunmasının nəticələri) müddəalarından asılı olmayaraq, ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvədə qalır və üçüncü tərəf üçün məcburi olur, bu şərtlə ki, ödəniş tapşırıqları həmin qərar qüvvəyə minənədək gerigötürülməz olsun.
31. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır, 61.880,96 ABŞ dolları və 111.206.77 manat məbləğində pul "Yunayted Kredit Bank” LPO ASC-dən tutularaq "xxxx" ASC-yə verilməlidir.
32. Bundan başqa, iş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti dövlət büdcəsinə ödənmişdir.
33. Ona görə də, dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən idiaçının xeyrinə tutulmalıdır.
34. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
VI. Nəticə:
35. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. 61.880 (altmış bir min səkkiz yüz səksən) ABŞ dolları, 96 (doxsan altı) sent məbləğində pul ödəniş günü Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq manatla "Yunayted Kredit Bank” LPO ASC-dən tutularaq "xxxx" ASC-yə verilsin. 111.206 (bir yüz on bir min iki yüz altı) manat, 77 (yetmiş yeddi) qəpik məbləğində pul "Yunayted Kredit Bank” LPO ASC-dən tutularaq "xxxx" ASC-yə verilsin. Dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul "Yunayted Kredit Bank” LPO ASC-dən tutularaq "xxxx" ASC-yə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov