Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-2699/2024 06.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Əbülfət oğlunun Cavabdeh MMC-yə qarşı qarş kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Əbülfət oğlunun Cavabdeh MMC-yə qarşı xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən borcun tutulması tələbinədair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən çıxarışdan görünür ki, "xxxx" MMC-nin(VÖEN:**********) qanuni təmsilçisi Fox Daviddir. Təsisçilər və nizamnamə kapitalındakı mayaların miqdarı aşağıdakı kimidir: İddiaçı Əbülfət oğlu-20 pay, Fox David 20 pay, Caley Enrgy FZO” şirkəti -20 pay.
2. İddiaçı Əbülfət oğlu (borc verən) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (borc alan) arasında bağlanmış 06 fevral 2020-ci il tarixli notarial qaydada təsdiqlənmiş kredit müqaviləsinə əsasən, İddiaçı Əbülfət oğlu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 85.000 manat məbləğində borc verməyi, sonuncu isə xx.xx.2022-cü il tarixədək həmin məbləği qaytarmağı öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 7-ci bəndinə əsasən ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsi ilə kreditorun borcluya yazılı bildiriş göndərməsindən 30 gün sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. 8-ci bəndinə əsasən "borc alan" müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericilkdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Müqavilə hər iki tərəfin imzası, borc alanın möhürü ilə və notarial qaydada təsdiq edilmişdir.
3. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı Əbülfət oğlu tərəfindən təhvil verilən 85.000 manat məbləğində pul vəsaiti 53 saylı Notariat Ofisinin depozit hesabına köçürülmüşdür.
4. Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Baki Şəhəri 53 saylı Notariat ofisinin "xxxx" ASC-nin 2 saylı şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, N/X 178 saylı məktubuna əsasən müəyyən edilir ki, 06 fevral 2020-ci il tarixli notarial qaydada təsdiqlənmiş kredit müqaviləsi notarius tərəfindən təsdiq edildikdən sonra notariusun məktubu əsasında İddiaçı Əbülfət oğlu tərəfindən borc alan "xxxx" MMC-nin adından Fox David-ə verilməsi üçün 85.000 manat məbləğində pul vəsaitini "xxxx" ASC-də olan AZ74MUGA**********00004AZM65 nömrəli depozit hesabına köçürülməsini xahiş etmişdir.
5. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin Xətai rayon Məhkəməsinin sorğusuna cavab məktubu ilə müəyyən edilir ki, "xxxx" MMC-nin (VÖEN:**********) adı xx.xx.2020-ci il tarixdə dəyişdirilərək Cavabdeh MMC kimi adlandırılmışdır.
6. İddiaçı Əbülfət oğlunun cavabdeh "xxxx" MMC-yə pretenziya ünvanlayaraq borclu tərəfindən kredit müqaviləsi üzrə borcunun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 85.000 manat (Mərkəzi Bankın həmin günkü məzənnəsinə əsasən 50000 ABŞ dolları) məbləğində borcun alınaraq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 6 fevral 2020ci il tarixli notarial qaydada təsdiqlənmiş kredit müqaviləsinə əsasən, iddiaçı cavabdehə 85.000 manat məbləğində borc verməyi, sonuncu isə xx.xx.2022-cü il tarixədək həmin məbləği qaytarmağı öz öhdəsinə götürmüşdür lakin cavabdeh aldığı borcun hər hansı hissədə geri qaytarmamışdır. Dəfələrlə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, sonuncu borcun ödənilməsini təmin etməmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
9. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 1091.1, 1091.2, 1092.1, 1093.1-ci maddələrinə istinad etmişdir. 10.Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 “İddiaçı Cavabdeh MMC-yə qarşı borc tələbinə dair mülki iş üzrə hazırki mübahisənin aidiyyatı qaydada kommersiya məhkəməsinə göndərilməsinə dair” ərizəsi təmin edilmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
11. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin tam təmin edilməsini xahiş etdi.
13. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
14. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
15. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qəbul etmədiyini, təsisçilər arasında şifahi razılaşma olduğunu, həmin razılaşmaya əsasən tərəflərin mübahisəli pul vəsaiti borc kimi deyil, nizamnamə kapitalına qoyuluşu kimi verilməsi barədə razılığa gəldiklərini bildirmişdir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
16. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
17. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
18. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
19. AR MPM-in: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 113.2-ci maddəsinə əsasən iddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. V. MƏHKƏMƏNİN MÖVQEYİ
20. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
21. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh təsisçisi olan İddiaçı Əbülfət oğlu (borc verən) ilə Cavabdeh (borc alan) arasında 06 fevral 2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş borc müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 85.000 manat məbləğində borc vermişdir. Cavabdeh müqaviləyə əsasən aldığı borc məbləğini xx.xx.2022-cü il tarixədək qaytarmağı öz öhdəsinə götürsə də, borc məbləğini hal-hazıradəkiddiaçıya qaytarmamışdır.
22. Odur ki, məhkəmə iddiaçının Mülki Məcəllənin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən cavabdehə verdiyi borc məbləğinin qaytarılmasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, 85.000 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
23. MMC-nin təsisçiləri arasında razılaşmaya əsasən mübahisəli pul vəsaitinin əslində borc olaraq deyil, təsisçi tərəfindən kapital qoyuluşu kimi MMC-yə verilməsi barədə cavabdehin dəlillərinə gəldikdə məhkəmə əvvəla qeyd edir ki, cavabdeh həmin dəlillərini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə məhkəmə iclasında verdiyi izahatda cavabdehin nümayəndəsi və vəkili mübahisəli borc müqaviləsi bağlandıqdan sonra iddiaçının Cavabdeh MMC-dəki təsis payında hər hansı dəyişikliyin edilmədiyini təsdiq etmişdir. Odur ki, iddiaçının istinad etdiyi dəlillər iddianın rədd edilməsi üçün əsas vermir. 24.Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 345 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. 25.Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 345 manat təşkil edir.
26. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. 27.Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 345 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 85.000 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 345 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Əbülfət oğluna ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva