Məhkəmə qərarları › İş №2-2(113)-2744/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-2744/2021

22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-2744/2021 22.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 92608,42 manat əsas borc, 16306,48 manat Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanmış məbləğ, 13714,24 manat müqavilə müddəti bitən tarixə faiz, 7256,95 manat cərimə olmaqla, cəmi 129886,09 manat məbləğində kredit borcunun və mübahisəsinin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06.04.2011-ci il tarixli, 1497 saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, illik 7% ödənilmək şərtilə 200.000 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götrmüşdür. Lakin buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin Banka ödənilməmiş 92608,42 manat əsas borc, 16306,48 manat Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan məbləğ, 13714,24 manat müqavilə müddəti bitən tarixə faiz, 7256,95 manat cərimə olmaqla, cəmi 129886,09 manat məbləğində borcu vardır. İddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil verdiyi izahatında bildirdi ki, cavabdehin kredit müqaviləsi üzrə borcu mövcud olsa da, hesab edir ki, iddia müddəti ötürülmüşdür, ona görə də həmin əsasla iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, tədqiq olunan sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06.04.2011-ci il tarixli, 1497 saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, illik 7% ödənilmək şərtilə 200.000 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götrmüşdür. - 16 oktyabr 2019-cu il tarixli **********233 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh Banka ödənilməmiş 92608,42 manat əsas borc, 16306,48 manat Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan məbləğ, 13714,24 manat müqavilə müddəti bitən tarixə faiz, 7256,95 manat cərimə olmaqla, cəmi 129886,09 manat məbləğində borcu vardır. - Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən 18.10.2019-cu il tarixli **********339 nömrəli pretenziya qaydasında xəbərdarlıqla Cavabdeh müraciət edilərək, 06.04.2011-ci il tarixli, 1497 saylı kredit müqaviləsi üzrə yaranmış 129886,09 manat məbləğində borcun 5 (beş) gün müddətində ödənilməsi xahiş edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqları bildirilmişdir. - Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən axırıncı ödəniş 03.02.2016-cı il tarixdə edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı ASC göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh kredit məbləğləri və kredit üzrə hesablanmış faizləri müqavilələrdə müəyyən edilmiş müddətdə və qaydada iddiaçıya tam qaytarmamış, bununla kredit müqavilələri üzrə öhdəlikləri pozmuş, nəticədə cavabdehin İddiaçı ASC-yə yuxarıda qeyd olunan borcu yaranmışdır. Həmin borcun mövcudluğu və məbləğini cavabdeh mübahisələndirməmişdir. Həmçinin müəyyən edilmişdir ki, kredit müqaviləsinin müddəti 06.04.2016-cı il tarixdə bitmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə axırıncı ödəniş 03.02.2016-cı il tarixdə edilmişdir. İddiaçı hazırkı iddia ərizəsi ilə 06.12.2019-cu il tarixdə məhkəməyə (ümumi məhkəməyə)müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə cavabdehin iddiaçıya borcunun olmasının müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehdən 06.04.2011-ci il tarixli, 1497 saylı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsinı tələb etməkdə haqlı olmuşdur. Digər tərəfdən işin yuxarıda göstərilən hallarından göründüyü kimi, Cavabdeh nümayəndəsi və vəkili hazırkı işə məhkəmədə baxılarkən iddia müddətinin tətbiqi barədə yazılı ərizə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013-cü il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, «Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmədə hazırkı iş üzrə mülki qanunvericilikdə nəzərdə tutulan müddətin axımının dayandırılması və kəsilməsi halları müəyyən edilməmişdir. Qeyd olunmalıdır ki, tərəflər arasında 06.04.2011-ci il tarixli, 1497 saylı kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti 06.04.2016-cı ildə bitmiş, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə ən geci 06.04.2019-cu ildə müraciət etməli olduğu halda, sözügedən iddia ərizəsi məhkəməyə üç illik iddia müddəti keçdikdən sonra daxil olmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən, onun müddət keçdikdən sonra öhdəliyin icrasından imtina etmək hüququ olduğundan, iddia müddəti ötürüldüyündən və iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsas olduğundan, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar