Məhkəmə qərarları › İş №2-2(113)-2773/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-2773/2024

24.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-2773/2024 24.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20.000 manat pulun, 250 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək cavabdehdən 20.000 manat dəyərində əsas borc, 1416 manat məbləğində əldən çıxmış fayda, ümumilikdə 21416 manat məbləğində pulun və 250 manat məbləğində ödənilmiş dövlət rusumunun tutularaq iddiaçıya ödənilməsi xahiş etmişdir.

3. İddiaçı iddia ərizəsində və iddia tələbinin həcminin artırılması barədə ərizədə qeyd etmişdir ki, o, Kazımabad kəndində kartof sahəsi əkib-becərməklə ailəsini dolandırmağa çalışır. Bununla yanaşı kənd sakinlərinin əkib-becərdikləri kartofu alıcılara göstərib onları sahələrlə tanış edir. Cavabdehi 5 il əvvəl atası Zahid İbadovun vasitəsi ilə tanmışdır. Cavabdehin atası Zahid İbadovla uzun müddət aralarında hər mövsümdə kartof alveri olduğuna görə Cavabdeh Kazımabad və Alvadı kənd ərazilərində yığılan kartof məsullarını RF-na yük maşınları ilə yola salmasına iştirak edib vasitəçilik etməyini xahiş elmişdir. Sonuncu dəfə 2022-ci ilin may-iyun aylarında cavabdehin xahişi ilə yaşadığı Kazımabad və qonşu Alvadı Maşlıq kənd sakinlərindən kartof məsulunu Zaurun bibisi oğlu və eyni zamanda onun nümayəndəsi olan İlham adlı şəxsin işdirakı ilə nisyə və nağd şəkildə alaraq cavabdeh üçün dayısı oğlu İlhamın vastəsi və nəzarəti ilə Zaurun göndərdiyi yük maşınlarına yığıb yola salmışdır. Cavabdeh göndərdiyi məsulların bir qisminin pulunu nəğd şəkildə İlhamın vastəsi ilə çatdırsa da, Kazımabad kənd sakinlərinə ümumilikdə 60.000 manat dəyərində kartof məhsullarının pullarını verməmişdir. Cavabdeh telefonu söndürdüyü üçün cavabdehin atası Zahid İbadovu tapıb karofun pullarını vermədiyi üçün ona narazılığını bildirmişdir. Zahid cavabdehin əvəzinə ona nağd şəkildə iki dəfə, xx.xx.2022-ci ildə 10.000 manat, xx.xx.2022-ci il tarixdə 5000 manat pul vermişdir. Zaur bu pulu camaata paylamağını xahiş edib, qalan pulu isə kartof sahiblərinə söz vermişdir ki, yeznəsi İlhamın adına bankdan pul götürüb hamısının pulunu verəcəkdir. Bu bəhanə ilə camaatı sakitləşdirmişdir. Məhz bundan sonra onun atası Zahid İbadov ona xx.xx.2022-ci il tarixdə 20.000 manat dəyərində toxumluq kartof vermişdir. Borcun 35.000 manatını oğlu Zaurun əvəzinə ödəmişdir. Lakin 25.000 manat borc pulu bu günə qədər verməmişdir. Sonradan isə Zahid ibadov ona bildirmişdir ki, ona verdiyi 20.000 manatlıq karofun hər kiloqramım səkksən qəpiyə yox, 1 manata vermişdir. O, məcbur da olsa, camaatın pulları batmasın deyə bununla razılaşmışdır. Aralarında qalan 20.000 pulu cavabdehdən tələb etmişdir. Lakin cavabdeh ona telefon açmamışdır. Onun və həmkəndlisi Babayev Hüseyn barəsində Cəlilabad rayon Polis Şöbəsinə ona zay kartof göndərdiyini və 65.000 ABŞ dolları, 110. 500 manat dəyərində küllü miqdarda ziyan vurmağı barədə şikayət ərizəsi vermişdir. Cavabdehin bu puldan boyun qaçıracağını görüb Göytəpə PB-nə ərizə ilə müraciət etmiş, ümimmilikdə isə 21 nəfər şəxs xx.xx.2022-ci il tarixində Zaurun bu hərəkətləri barəsində akt tərtib edərək onu imzalamışlar. Çünki cavabdehin yalan danışdığını, göndərdikləri kartof məsullarının hamsının istifadəyə yaralı olması, onları sahədən şəxsən cavabdehin bibisi oğlu İlham adlı şəxsin qəbul edib RF-na cavabdeh üçün yola salması və İlhamın iştirakı ilə kartofun sahədən yığılmasını mobil telefonun kamerasına çəkiliş edib təhqiqata təqdim etmişdir.

4. Eyni zamanda iddiaçı Cavabdeh İddiaçı qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona dəymiş ziyana görə 98600 manat pul vəsaitinin (habelə əldən çıxmış faydaya görə 30.000 manat pul vəsaiti də daxil olmaqla), ödədiyi 150 manat dövlət rusumunun və iddianın verilməsi ilə bağlı 385.80 pul vəsaitinin, cəmi 99.135,80 manat pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etmişdir.

5. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, o, xx.xx.2022-ci il tarixdə ərizə ilə Cəlilabad rayon PŞ-nə Cəlilabad rayonu Kazımabad kənd sakinləri Babayev Hüseyn və iddiaçı tərəfındən 2022-ci ilin aprel-iyun aylarında ona satmaq üçün pis keyfiyyətli, standarta uyğun olmayan zay kartof məhsulları göndərməklə, onu aldadaraq külli miqdarda maddi ziyan vurmaları ilə bağlı ərizə ilə Cəlilabad rayon Polis şöbəsinə müraciət etmişdir. Təhqiqatçı tərəfindən onun izahatı alınmaqla araşdırmaya başlanmışdır. xx.xx.2022-ci il tarixdə iddiaçı cavabdehin bir qrup kənd sakinləri tərəfindən ona satılmış kartof məhsullarının pulundan 25 000 manatını borclu qalaraq verməməsi barədə şikayət ərizəsi ilə Göytopə PB-nə müraciət etmişdir. Toplanmış material xx.xx.2022-ci il tarixdə ərazi aidiyyəti üzrə araşdırılmanın davam etdirilməsindən ötrü Güytəpə PB nə göndərilmişdir. Cəlilabad rayonu Kazımabad kənd sakinləri X22, X17, Masallı rayonu Təzə Alvadı kənd sakinləri X3, X9, X10, Masallı rayonu Təklə kənd sakini X11 və qeyriləri, ümumilikdə 47 500 manat dəyərində kartof məhsullarını pulunu bir həftəyə ödəmək şərti ilə iddiaçının vasitəsi ilə cavabdehə satdıqlarını, sonuncu tərəfindən onların borclarının qaytarılmaması barədə ərizələrlə Göytəpə PB-nə müraciət etmələri göstərilmişdir. Cəlilabad rayon PŞ-nin TB-nin təhqiqatçısı İlkin İsmayılovun 29 dekabr 2022-ci il tarixdə ərizədə göstərilən faktları tam obyektiv araşdırmadan cinayət işi başlanmasının rədd olunması barədə qərar qəbul etmişdir. Belə ki, cavabdeh X23 və iddiaçının yaşadığı kənd sakinlərindən kartof məhsullarını toplayaraq satmaları ilə məşğul olduqlarını bilib onlarla kartof məhsullarını cavabdehə satmalarına razılaşmışdır. Razılığa görə onlar cavabdeh üçün X5 şəhərinə hər bir yük maşınına 300-350 manat pul vəsaiti almaqla standart, keyfiyyətli məhsullar toplamaqla, 2022-ci ilin aprel ayının sonlarından iyun ayının 25-dək olan müddətlər ərzində Cəlilabad rayonunun Kazımabad kənd sakinləri X23 və İddiaçı İrec oğlunun ona 18 yük avtomobilində X5 şəhərinə kartof məhsulları göndərmişlər. Cəlilabad rayonu Kazımabad kənd sakinləri X22, X18, Masallı rayonu Təzə Alvadı kənd sakinləri X3, X9, X10, Masallı rayonu Təklə kənd sakini X11 və qeyrilərini tanımır, onlarla heç bir münasibəti və alqı satqısı olmamışdır. Həmin şəxslərin və X23 ilə iddiaçının ondan şikayətlər etmələri onlardan dəymiş ziyanı tələb etməsindən sonra özlərinə haqq qazandırmaq məqsədindən yaranmışdır. X23 və iddiaçı ilə aralarındakı razılaşmaya görə ona göndəriləcək kartof məhsulunun keyfiyyətinə cavabdehliyi Hüseyn və iddiaçının üzərinə qoyulmuşdur. Yük daşıma və gömrük rüsumləri ödəmək isə onun öhdəsinə düşmüşdür. O, aralarındakı razılaşmanın bütün şərtlərini yerinə yetirmişdir. Yüklər birbirinin ardınca yola salındığına görə ilkin yük maşını Moskva şəhərinə çatan zaman bir neçə maşınlar isə yolda olduğundan onları qəbul edilməməsi mümkün olmamışdır. Ona məhsulun zay olması barədə məlumat verildikdən dərhal sonra bunu onlara bildirib, yükün göndərilməsini dayandırmağı bildirdikdə onlar növbəti yüklərin daha keyfiyyətli olacağını vəd etdiklərinə görə onlara inanmışdır. Məhsulların zay və pis keyfiyyətli olmaları yüklər qəbul olunan zaman məlum olmuş ona bu barədə dərhal məlumat verilmişdir. Moskvada olan yükü qəbul edənlər son yükləri isə ümumiyyətlə qəbul etmək istəməmişlər. Həmin yüklərin şəkillərini də ona göndərilmişlər. O, həmin şəkilləri və danışıqları da telefon vasitəsilə Hüseyn və iddiaçıya göndərməklə onlara göndərdikləri məhsulların zay və pıs keyfiyyətli olmasını bildirmişdir. Həmin yüklərə görə 8 yük maşını üçün 350 manatdan 10 yük maşını üçün isə onlara hər yük maşınına görə 300 manat olmaqla 5800 manat məhsulun pulundan əlavə olaraq pul ödəmişdir. Məhsulların standartlara uyğun olmayan pis keyfiyyətli olmasına dair video çəkilişləri onlara göstərmişdir. Məhsulu qəbul edənlər onun bir hissəsini təmizlədiyindən bu yolla ziyanın bir hissəsinin qarşısın almağa nail olmuşdur. Bundan sonra onlar daha 59 000 manat pul vəsaitini ödəməyini tələb etməyə başlamışlar. O, isə aldadıldığını, əksinə ona ziyan vurmalarını bildirmişdir. Belə olduqda iddiaçı ilə Hüseyn cavabdehə onlara 40.000 manat pul verməklə kifayətlənəcəklərini bildirsələr də, buna etiraz etmişdir. Ondan sonra iddiaçı ilə Hüseyn onun xəbəri olmadan atası Zahirə müraciət edərək cavabdehin onlara 59.000 manat borclu olduğunu, onlara 40 000 manat verərsə, bu söhbəti bağlayacaqlarını bildirmişlər. Atası ondan xəbər almadan 25 000 manat dəyərində toxumluq kartof və 15 000 manat pul ödəmişdir. Sonradan ona məlum olmuşdur ki, Cəlilabad rayonunun Kazımabad kənd sakinləri X23 və iddiaçı ancaq istehlakçıları aldatmaqla aldıqları pul vəsaitinin müqabilində sifarişçilərə pis keyfiyyətli zay məhsullar göndərməklə aldıqları pul vəsaitlərinin ələ keçirərək dələduzluqla məşğul olurlar. Məhsulu aldıqları şəxslərə də məhsulların pullarının sifarişçilər tərəfindən verilmədiyini deməklə, onları da aldadırlar. X23 və iddiaçı cavabdehin adına həmin məhsulları Azərbaycandan və Rusiyada olan yük maşınları sürücüləri ilə Moskva şəhərinə göndərilmişdir. Həmin yuk avtomobil sürücüləri də onun adına göndərilən məhsulların standarta uyğun olmayan pis keyfiyyətli məhsullar olması görmüşlər. İddiaçı və Hüseynin həmin kartot məhsullarını kənd sakinlərindən müxtəlif adamlardan aldıqlarını bildirsələr də, cavabdeh həmin şəxsləri tanımır onlarla heç bir münasibət və əlaqələri belə olmamışdır. X23 və iddiaçı təkrar cavabdehin atasının yaşadığı Masallı rayonunun Ərkıvan qəsəbəsinə gedərək onu hədələməklə pul tələb etdikdə atası onların haqsız olmalarını görüb bu barədə polisə müraciət etmişdir. Şikayət etmiş şəxslərin onlardan İddiaçının almış olduqları kartof məhsullarının pullarının bir həftəyə veriləcəyi barədə verdikləri vədlərdə yalandır.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclasında iddiaçı ilk iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verib ilk iddianın təmin edilməsini, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsini xahiş etdi.

7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 ilk iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verib ilk iddianın təmin edilməsini, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsini xahiş etdi.

8. Məhkəmə iclasında cavabdeh qarşılıqlı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verib qarşılıqlı iddianın təmin edilməsini, ilk iddia ərizəsinin təmin edilməməsini xahiş etdi.

9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verib qarşılıqlı iddianın təmin edilməsini, ilk iddia ərizəsinin təmin edilməməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

11. Cəlilabad Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh, habelə İddiaçı və X12 barəsində cinayət işinin başlanması rədd edilmişdir.

12. Materiallarda olan notarial ərizələrə əsasən iddiaçı tərəfindən X13 cavabdehə satılmış kartof məhsulları ilə bağlı 4900 manat, X14 3700 manat, X19 2580 manat, X15 2370 manat, X2 3000 manat, X4 3540 manat, X20 550 manat, X6 2300 manat pul ödənilmişdir.

13. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib materialları araşdırıb toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir.

14. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin düzgün həlli ilk növbədə qarşılıqlı iddia tələbinin əsaslılığının yoxlanılmasından asılıdır, həmin tələbin təmin olunubolunmamasından asılı olaraq ilk iddia tələbi araşdırılmalıdır.

15. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehin tapşırığı əsasında 2022-ci ilin yaz-yay aylarında Cəlilabad rayon sakinləri olan Ramil Babayevdən dəyəri 3700 manat, Alışan Muradovdan 6500 manat, Valeh Seyfullayevdən 2600 manat, Ehtiram Ağayevdən 3540 manat, Hüseyn Babayevdən 1630 manat, Rauf Ağayevdən 4900 manat, Şamil Muradovdan 2370 manat, Tofik Kərimovdan 2580 manat, Zamin Məmmədovdan 2170 manat, Şakir Məmmədovdan 1700 manat, Xumar Dadaşovadan 1630 manat, Əziz Muradovdan 2000 manat, Mübariz Sarıyevdən 1330 manat, Nurəli Rüstəmovdan 3580 manat, Cavanşir Nəsirovdan 2450 manat, Mirzağa Nadirovdan 1500 manat, Müseyib İsrafilovdan 3000 manat, Naib Bağırovdan 320 manat, Səfalı Həsənovdan 4700 manat, Cəmil Ağazadədən 5500 manat, Elçin Hüseynovdan 2300 manat, ümumilikdə 60000 manat dəyərində kartof məhsulu alaraq cavabdehə göndərmiş, həmin məhsulun dəyərinin bir qismi olan 40000 manat (25000 manat dəyərində toxumluq kartof verilməklə və 15000 manat vəsait ödənilməklə) cavabdeh tərəfindən satıcılara ödənilmişdir.

16. İddiaçı hazırda qalan ödənilməli olan 20000 manat vəsaitin tərəfindən cavabdehin əvəzinə satıcılara ödənildiyini, bu səbəbdən həmin pulun cavabdehdən alınaraq ona ödənilməsini tələb edir.

17. Materiallarda olan notarial ərizələrə əsasən iddiaçı tərəfindən X13 cavabdehə satılmış kartof məhsulları ilə bağlı 4900 manat, X14 3700 manat, X19 2580 manat, X15 2370 manat, X2 3000 manat, X4 3540 manat, X20 550 manat, X6 2300 manat pul ödənilmişdir.

18. Cavabdeh qarşılıqlı iddia ərizəsində ona satılmış malların yararsız olduğunu, iddiaçının üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək ona lazımi keyfiyyətli malın təhvil verilməsini təmin etməli olduğu halda, istifadəyə yararsız məhsul təqdim etdiyini, bu səbəbdən ona 98600 manat zərər dəydiyini iddia edir.

19. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

20. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

21. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

22. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.

23. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.

24. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.

25. Bundan əlavə, məlum olduğu kimi, Mülki Məcəllə zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).

26. Mülki Məcəllə daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.

27. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

28. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

29. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

30. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.

31. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.

32. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Həmin Məcəllənin 78.1-ci maddəsinə müvafiq olaraq sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

34. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).

35. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq iddiaçının vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün iddiaçının cavabdehə birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.

36. Hazırkı halda qarşılıqlı iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, Mülki Məcəllənin 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassızdır və təmin edilməməlidir.

37. Bundan əlavə, cavabdeh məhkəmə iclasında verdiyi izahatında, habelə qarşılıqlı iddia ərizəsində ona satılmış kartof məhsullarının keyfiyyətli olmasına görə məsuliyyətin iddiaçının üzərinə düşdüyünü, maşına yüklənən kartof məhsullarının çəkisinə nəzarətin isə qohumu X16 üzərinə düşdüyünü bildirsə də, X1 Rayon Polis Şöbəsində verdiyi izahatında göstərmişdir ki, iddiaçı ilə birlikdə ayrı-ayrı vətəndaşların əkin sahələrindən hazır kartof məhsulunun yığılmasında, cavabdehin göndərdiyi yük maşınlarına yüklənməsində və həmin yük avtomaşınlarının Rusiyaya, əsasən Moskva şəhərinə yola salınmasında şəxsən iştirak etmişdir. Kartof məhsulları sahələrdən yığılarkən cavabdehin tapşırığı ilə onların canlı video görüntüsünü çəkib cavabdehə göstərmiş, kartofun yararlı və keyfiyyətli olduğuna əmin olub məhsulun yük avtomaşınlarına yüklənməsinə cavabdeh olmuşdur.

38. Məhkəmə tərəfindən cavabdehə bir neçə dəfə ziyanın hansı qaydada hesablanması barədə arayışın təqdim edilməsi təklif edilsə də, cavabdeh məhkəməyə ziyanı (98600 manat) hansı qaydada hesablaması barədə ümumiyyətlə məlumat verə bilməmişdir.

39. Məhkəmə ilk iddia tələbini birinci, 20000 manat pulun tələb edilməsi hissəsində əsaslı hesab edir.

40. Belə ki, Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

41. Həmin Məcəllənin 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir.

42. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən kartof məhsullarının sahiblərinə cavabdehin əvəzinə ödənilmiş ümumilikdə 20000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

43. Məhkəmə ilk iddia ərizəsini ikinci (3258 manat əldən çıxmış faydanın ödənilməsi) hissədə əsassız hesab edir.

44. Belə ki, iddiaçının həmin tələbinin qanuni əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir.

45. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

46. Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, “Mülki Məcəllənin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. ...Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur”.

47. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir.

48. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz.

49. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edilməli, cavabdehdən 20000 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməli, ilk iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia rədd edilməlidir.

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

51. Məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edildiyindən ilk iddia ərizəsi verilərkən ödənilmiş 200 manat dövlət rüsumu cavabdehə, qalan 50 manat dövlət rüsumu ilk iddiaçının özünə, qarşılıqlı iddia təmin edilmədiyindən qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş 385,80 manat dövlət rüsumu və 150 manat hüquqi yardıma görə xərc qarşılıqlı iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

52. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair ilk iddiası qismən təmin edilsin. Cavabdeh 20000 manat məbləğində pul, 200 manat dövlət rüsumu, ümumilikdə 20200 (iyirmi min iki yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İlk iddia qalan hissədə təmin edilməsin. İlk iddia ərizəsi verilərkən ödənilmiş 50 manat dövlət rüsumu ilk İddiaçı özünə aid edilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi verilərkən çəkilmiş məhkəmə xərcləri qarşılıqlı iddiaçı Cavabdeh özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar