Məhkəmə qərarları › İş №2-2(113)-2790/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-2790/2021

08.07.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-2790/2021 08.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının qanuni nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Firmasının cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və “” mühafizə şirkətinə qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Firması cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti ("xxxx" ASC) və “” mühafizə şirkətinə qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 8 mərtəbəli paylı qeyri-yaşayış binasına maneəsiz daxil olmağa "xxxx" ASC tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia tələbi absurd tələb olsa da, hal-hazırda üzləşdiyi real fakt əmək fəaliyyətinin məhdudlaşdırılmasının qarşısının alınması tələbidir. Konstitusiya təminatı olan əmək fəaliyyətinin sərbəstliyi, firmanın işgüzar fəaliyyətinin sərbəst və azadlığı, əqli mülkiyyətdən istifadənin azad və sərbəst olması MM–nin əsas baza prinsipləridir. 17.04.2021–ci il tarixində direktoru olduğu Bakı şəhəri, Nərimanov rayonu, ünvanında yerləşən İddiaçı Firmasının 8-mərtəbəli binasına özlərini təqdim etməyən mühafizə şirkəti "xxxx" ASC-nin birbaşa göstərişi ilə, adı çəkilən obyektin 7-ci mərtəbədə yerləşən lift ilə ayri giriş-çıxışı olan iş yerindəki kabinetinə buraxılmamışdır. Tanımadığı mühafizəçilərə göstəriş verən "xxxx" ASC-nin məsul işçisi İkram adlı şəxsdir. Halbuki ondan əvvəlki direktora qarşı eyni əməlləri edərkən, sonuncu Baş Prokurorluq yanında Korrupsiya İdarəsinə yazdiği şikayət ərizəsi üzrə “” şirkətinin mühafizə dəstəsinə rəhbərlik edən Q.un izahatında belə bir hadisənin, yəni direktorun içəri buraxılmaması faktını inkar edir və bu halın mümkünsüzküyü barədə ifadə vermişdir. Keçmiş direktor belə rəftarı qəbul etməyərək, məhkəmə qaydasında işdən çıxmış, bir daha binaya daxil olmamışdır. M. izahat verərəkən səmimi olmamış, eyni qayda 05.11.2020-ci il tarixindən yeni direktora, yəni direktor Nümayəndə1 tətbiq olunmuşdur. Konstitusiya Məhkəməsinin "xxxx" ASC ilə İddiaçı Firmasına aid qərarında qeyd edilmişdir ki, mülkiyyətçi ilə yanaşı, digər şəxslərin əşyadan istifadəsi ilə bağlı qaydalar məhdud əşya hüquq institutu ilə müəyyən edilir və bu instituta girov, ipoteka, servitut hüququ və s. kimi yarıminstitutlar daxildir. Əşya hüquqları mütləq xarakterli hüquqlar olub əşya üzərində birbaşa hakimiyyəti təmin edən və hər kəsə qarşı irəli sürülə bilən əmlak xarakterli haqlardır. Yəni əşyanın mülkiyyətçisi, qanuni sahibi və ya məhdud əşya hüququnun sahibi hər kəsdən həmin əşyaya dair hüquqlarını pozmamağı tələb etmək səlahiyyətinə malikdir. İddiaçı Firmasının keçmiş direktoru eyni mübahisə üzrə "xxxx" ASC-yə pretenziya və maneəçiliklər üzrə iddialar qaldırsa da, "xxxx" ASC-nin vəkilləri məhkəmə araşdırmaları vaxti sübut etmişlər ki, guya belə bir maneə heç vaxt olmayıb. Əsl həqiqətdə firmanin direktorunun iş yerindən bezdirilməsi haqda əməlliyat real olmaqla, sübuta ehtiyacı olmayan faktlardır. İşin faktiki hallari isə odur ki, direktor hal-hazırda küçədə qalmış, əşyalarını belə gedib götürə bilmir. Rəsmi məhkəmə qərarı ilə Bankin yeri 5 mərtəbə və zirzəmi 16100 kv.m olduğu halda, ekspertiza rəyi haqqında qərarından bəlli olur ki, İddiaçı Firmasının iddiası 26000 kvadrat metrdir və binanin 7, 8–ci mərtəbələri fiziki görünür. İddiaçı Firmasının işgüzar fəaliyyətinə xitam verilməyib, "xxxx" ASC-nin hüquqlari payli mülküyyətdə yalniz 16100 kv metr ilə məhdudlaşır. İddia tələbinə etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Firmasının direktoru Nümayəndə1 tərəfindən "xxxx" ASC və “” mühafizə şirkətinə qarşı iddia qaldırmış, iddiasını onunla əsaslandırmağa cəhd etmişdir ki, guya, binanın yalnız 5 mərtəbəsi ipoteka ilə yüklü edilmişdir. Aşağıda qeyd edilənlərlə iddianın tamamilə əsassız olması, həmin iddianın Mülki Prosessual Məcəllənin 120-ci maddəsində nəzərdə tutulmuş “vicdansızcasına əsassız verilmiş iddia” olduğu sübuta yetirilir. İddiaçı unudur ki, "xxxx" ASC ilə İddiaçı Firması arasında imzalanan 08.07.2015-ci il tarixli Sonrakı ipoteka müqaviləsinin 5.1.2-ci bəndində nəzərdə tutulmuşdur ki: “Bu müqavilənin 3.1-ci bəndində göstərilən qeyrni-yaşayış binasının təmir, tikinti və quraşdırma işləri başa çatdıqdan sonra mümkün olan ən qısa müddətdə, lakin 90 (doxsan) təqvim günündən gec olmayaraq ipoteka predmetinin tərkibinə daxil olan torpaq sahəsini və onun üzərində inşa edilməklə tikintisi başa çatdırılmış qeyri-yaşayış binasını vahid əmlak obyekti kimi dövlət reyestrində qeydə aldırmağı və kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı qismində qeyd edilən vahid əmlak obyektinə dair ipoteka saxlayanın ipoteka hüququnun qanunvericiliklə müəyyənləşdirilən qaydada rəsmiləşdirilməsini təmin etməyi” öz öhdəsinə götürmüşdür. Sonrakı ipoteka müqaviləsinin istinad edilən müddəasından da göründüyü kimi, həmin binanın yalnız beş mərtəbəsi deyil, inşası başa çatdıqdan sonra vahid əmlak obyekti kimi bütövlükdə ipoteka qoyulmuşdur və bu barədə tərəflərin aydın iradə ifadəsi olmuşdur.“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən, ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər. Həmin Qanunun 11.6 və 11.7-ci maddələrinə əsasən: 11.6-cl maddəsinə əsasən tikintisi başa çatdırılmamış daşınmaz əşya ipoteka qoyularkən ipoteka daşınmaz əmlakın dövlət reyestrində qabaqcadan qeydə alına bilər. 11.7-ci maddəsinə əsasən ipoteka predmeti olan tikintisi başa çatdırılmamış daşınmaz əşyanın tikintisi tam başa çatdıqdan sonra həmin əşya tikintisi başa çatmış əşya (yeni yaradılmış əşya) kimi dövlət reyestrində qeydə alındıqda ipoteka öz qüvvəsini saxlayır, bu şərtlə ki, həmin anda ipotekaya bu Qanuna müvafiq olaraq xitam verilməmiş olsun. İddiaçı firması tərəfindən analoji dəlillərə istinad edilməklə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-6/2019 nömrəli, 19 fevral 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verilmişdi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17.07.2019-cu il tarixli, 2- 2(102)-285/2019 saylı qərarı ilə “Mars M” firmasının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-6/2019 nömrəli, 19 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, iddia tamamilə əsassızdır və bu səbəbdən rədd edilməlidir. İddiaçının qanuni nümayəndəsi X6 məhkəmə iclasında iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinə etirazda göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili əlavə olaraq izahatında bildirdi ki, iddiaçının iddia tələbi qanunsuz və əsassızdır. Belə ki, cavabdeh tərəfindən iddiaçı tərəfə heç bir qanunsuz hərəkətə yol verilməmişdir. İddiaçı tərəfin qeyd etdiyi qeyri-yaşayı binası isə mülkiyyət hüququ əsasında "xxxx" ASC-yə məxsusdur. Ona görə də iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş edir. Cavabdeh “” mühafizə şirkətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdeh “” mühafizə şirkətinin nümayəndəsi izahat verərək bildirdi, iddianı qəbul etmir. Belə ki, təmsil etdiyi şirkət qeyd olunan ünvanda müqavilə əsasında qanuni fəaliyyət göstərir. İddia əsassızdır və rədd olunmasını xahiş edir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, ünvanında yerləşən qeyri-yaşayış binası tam mülkiyyət hüququ əsasında İddiaçı firmasının adına 24 dekabr 2010-cu ildə Daşınmaz əmlakın dövlət reyestrində 29 nömrəli reyestr kitabının 2725 nömrəli vərəqində qeydiyyata alınmış (qeydiyyat nömrəsi: **********) və "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. - “İcarəyə verən” - İddiaçı firması ilə “icarəçi” - X7 arasında 08 may 2017-ci il tarixdə bağlanmış İcarə müqaviləsindən görünür ki, icarəyə verən ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, ünvanında yerləşən ümumi sahəsi 16100,5 kv.m olan qeyri-yaşayış binasından binanın yarımzirzəmisində yerləşən ümumi sahəsi 148 kv.m olan “Yasmin SPA”-nı icarəçiyə icarəyə verməyi öhdəsinə götürmüşdür. - İpoteka saxlayan - "xxxx" ASC ilə ipoteka qoyan – İddiaçı Firması arasında 08 iyul 2015-ci il tarixli **********588İS/SİM nömrəli Sonrakı İpoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən İpoteka qoyanın İpoteka saxlayan qarşısında 1.2-ci bənddə göstərilən Kredit xətti müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədilə İpoteka qoyana mülkiyyət hüququ əsasında məxsus olan bu Müqavilənin 3.1-ci bəndində göstərilən əmlakın İpoteka saxlayanın ipoteka hüququ ilə yüklü edilməsi bu Müqavilənin predmelini təşkil edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən Bu Müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəlik İpoteka saxlayanla İpoteka qoyan arasında bağlanmış 08 iyul 2015-ci il tarixli **********58815 №-li Kredit xətti müqaviləsindən irəli gələn bütün pul tələbləridir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən ipoteka predmetini azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların qabaqcadan qeydiyyatı barədə Daşınmaz Əmlakın Dövlət Reystrindən 24.12.2010-cu il tarixli Arayışa (reyestr №-si: **********79-06302; qeydiyyat №-si: **********) əsasən İpoteka qoyanın ünvan 3 ünvanında mülkiyyətində olan 0,2704 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilən, zirzəmi və 5 (beş) mərtəbədən ibarət, ümumi sahəsi 16100,5 kv.m., əsas sahəsi 16043,1 kv.m. olan qeyri-yaşayış binasıdır (bundan sonra birlikdə - «ipoteka predmeti» adlandırılacaq). Həmin müqavilənin 3.2-ci bəndinə əsasən İpoteka qoyan təsdiq edir ki, bu Müqavilənin bağlanması anına ipoteka predmeti onun müstəsna mülkiyyətindədir və yalnız 04 oktyabr 2013-cü il tarixli **********30113/SİM №-li Sonrakı ipoteka müqaviləsinə (həmin müqaviləyə 12.12.2013-cü il tarixli 01 №-li, 26.05.2014-cü il tarixli 02 №-li və 29.10.2014-cü il tarixli 03 №-li Əlavə sazişlərlə edilmiş dəyişikliklər redaksiyasında) əsasən İpoteka qoyanın İpoteka saxlayan qarşısındakı 04 oktyabr 2013-cü il tarixli **********30113 №-li Kredit xətti müqaviləsi (həmin müqaviləyə 12.12.2013-cü il tarixli 01 №-li, 26.05.2014-cü il tarixli 02 №-li və 29.10.2014-cü il tarixli 03 №-li Əlavə sazişlərlə edilmiş dəyişikliklər redaksiyasında) üzrə öhdəliklərinin təminatı qismində çıxış edirlər. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən «Roveks Konmark» Konsaltinq şirkətinin 01 iyul 2015-ci il tarixli 150790/1 XB saylı rəyinə əsasən ipoteka predmetinin bazar qiyməti 30 000 000 (otuz milyon) manat, likvid dəyəri isə 26 000 000 (iyirmi altı milyon) manat məbləğində müəyyən edilir. - İş materiallarında olan İddiaçı firmasının cavabdeh “Gesko” X2rşı özəl mühafizə şirkətləri haqqında nizamnamə və lisenziya haqqında əsasnamələri pozmaqla qeyriyaşayış binasının zorakı zəbt ilə mülki dövriyyə iştirakçılarını sahibçilik və istifadə hüququndan məhruetmə, iddiaçının işgüzar fəaliyyətinə maneələrlə, məqsədli iflasına nail olma, qanunsuz sahibkarlıqla məşğul olma, zəbt olunmuş obyektdə işçilərə sərəncam və tapşırıqlar vermə, icrasını tələb etmə, direktor və təsisçilərin vəzifə səalhiyyətlərini mənimsəmə, məhkəmə və icra orqanlarının səlahiyyətlərini əvəzləmə nəticəsində iddiaçıya külli miqdarda dəymiş zərərin ödənilməsi barədə iddiası Bakı Kommersiya Məhkəməsinin 16.09.2020-ci il tarixli, e-2-2(113)-653/2020 saylı qətnaməsi ilə təmin edilməmişdir. - Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, ünvanında yerləşən ümumi sahəsi 16100,5 kv.m olan qeyri-yaşayış binası tam mülkiyyət hüququ əsasında "xxxx" ASC-nin adına 09 aprel 2021-ci ildə Daşınmaz əmlakın dövlət reyestrində 29 nömrəli reyestr kitabının 2725 nömrəli vərəqində qeydiyyata alınmış (qeydiyyat nömrəsi: **********) - Sifarişçi - "xxxx" ASC ilə icraçı "xxxx" ASC arasında Mühafizə xidmətlərinin göstərilməsi haqqında 01.10.2020-ci il tarixli GS/025 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icraçı bu Müqavilə üzrə Sifarişçiyə fasiləsiz (24/7) mühafizə xidmətlərinin göstərilməsini və bu Müqavilənin 1.2-ci bəndində göstərilən obyektin qorunmasını təmin etməyi (bundan sonra - «Xidmət» adlandırılacaq). Sifarişçi isə öz növbəsində bu Müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə göstərilən Xidməti qəbul etməyi və onun dəyərini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən Xidmətin göstərilmə yeri: Bakı şəh, Nərimanov r-nu, Səməd Vurğun küç, ev.120 (“Jasmine” ticarət mərkəzi)-dir. - 01.10.2020-ci il tarixli GS/025 nömrəli müqaviləyə Mühafizə xidmətlərinin göstərilməsinə dair 1 saylı Əlavədə "xxxx" ASC-nin Mühafizə Departamentinin mütəxəssisləri mühafizəyə götürüləcək obyektə görüəcək xidmətlər kimi: 1) Obyektin fəaliyyətsiz olmasını nəzərə alaraq, kənar şəxslərin obyektə buraxılmasının qarşısının alınması, 2) Qiymətli mal və materialların ərazidən qanunsuz çıxarılmasının qarşısının alınması, 3) Qanunsuz müdaxilə aktlarının qarşısının alınması, 4) Xüsusi avtonəqiiyvat dayanacağına qanunsuz daxil olan avtonəqliyyat vasitələrinin qarşısının alınması və 5) Baş vermiş hadisələrlə bağlı sifarişçi tərəfə operativ şəkildə məlumatların verilməsi olacaqdır. İş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-2(103)-6/2019 nömrəli, 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən: V.M.Məmmədov, hakimlər: E.Y.Şamayev və X.Ə.Sarıyev) iddiaçı “Mars-M" firmasının və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər Ağa-X10 və X3 apelyasiya şikayətləri qismən təmin edilmiş, 1 saylı Bakı inzibati-lqtisadi Məhkəməsinin iş üzrə 15 iyul 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı firmasının cavabdeh ASC “Xalq” Bankına qarşı İddiaçı firması ilə ASC “Xalq” Bankı arasında bağlanmış 08.07.2015-ci il tarixli **********58815 nömrəli kredit xətti müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi, İddiaçı firması ilə ASC “Xalq" Bankı arasında bağlanmış 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən İddiaçı firmasının xeyrinə tutulması tələblərinə dair ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, İddiaçı firmasından 08.07.2015-ci il tarixli **********58815 nömrəli kredit xətti müqaviləsi üzrə 17000000 ABŞ dolları məbləğdə əsas borc, 2388957,46 ABŞ dolları məbləğdə kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, 26.05.2016-cı il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 11161,62 ABŞ dolları məbləğdə dəbbə pulu, cəmi 19400119,08 ABŞ dolları (ödəniş gününə AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 30 manat məbləğdə dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərc ASC “Xalq” Bankının xeyrinə tutulmuş, tutma 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və İddiaçı firmasına məxsus ünvan 1 ünvanda yerləşən 0.2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16043.1 kv.m. olmaqla, ümumi sahəsi 16100.5 kv.m. təşkil edən qeyri-yaşayış binasına yönəldilmiş, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat məbləğdə çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən İddiaçı firmasından ASC “Xalq” Bankının xeyrinə tutulmuş, ipoteka predmeti olan “Mars- M” firmasına məxsus ünvan 1 ünvanda yerləşən 0.2704 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16043.1 kv.m. olmaqla, ümumi sahəsi 16100.5 kv.m təşkil edən qeyri-yaşayış binasının ilkin satış qiyməti 38600000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17.07.2019-cu il tarixli, 2- 2(102)-285/2019 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-2(103)-6/2019 nömrəli, 19 fevral 2019-cu il tarixli qətnaməsindən İddiaçı Firması və üçüncü şəxs Ağa-X10 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş və Bakı Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-2(103)-6/2019 nömrəli, 19 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, sözügedən qeyri-yaşayış binasına İddiaçı Firmasının mülkiyyət hüququ 24 dekabr 2010-cu ildə Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, 08 iyul 2015-ci il tarixli **********588İS/SİM nömrəli Sonrakı İpoteka müqaviləsi əsasında isə qeyriyaşayış binası "xxxx" ASC-də ipoteka ilə yüklü edilmişdir. 09 aprel 2021-ci il tarixdə isə sözügedən qeyri-yaşayış binası tam mülkiyyət hüququ əsasında "xxxx" ASC-nin adına Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin müəyyən edilmişdir ki, digər cavabdeh "xxxx" ASC "xxxx" ASC ilə aralarında bağlanmış “Mühafizə xidmətlərinin göstərilməsi haqqında” 01.10.2020-ci il tarixli müqaviləyə əsasən qeyd olunan ünvanda fəaliyyət göstərir. İnsan Hüquqlarının və X4 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericilikdə məhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti bir sıra normalarla tənzimlənir. Bunların sırasında sübutetmə vəzifəsini, sübutların təqdim edilməsi və tələb olunmasını xüsusilə qeyd etmək olar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88ci maddələri). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallarla mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar