Məhkəmə qərarları › İş №2-2(113)-2809/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-2809/2025

15.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-2809/2025 15.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: özbaşına tikinti, xarici hüquqi şəxsin filialının mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti, məhkəmənin beynəlxalq səlahiyyəti, əsl olmayan cavabdeh) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X10, Cavabdeh iştirakları ilə İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və s.” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin 1 saylı mədənin 5-ci sahəsində yerləşən və iddiaçının Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli 901-İİQD nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qirməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokunun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” 29 sentyabr 2004-cü il tarixli Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin hüdudları (L XXXX; 2. XXXX; 3. XXXX; 4. 396956 ******* koordinatlar) daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. cavabdeh tərəfindən iddiaçının Saziş üzrə istifadəsinə verilmiş kontrakt sahəsinin ərazisində – 1 saylı mədənin 5-ci sahəsində və lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Cavabdehin inşa etdiyi özbaşına tikili iddiaçının həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneə yaratdığından iddiaçının qanunla qorunan hüquqları və dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozulmuşdur. 2.2. Məlum olduğu kimi, 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qirməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “X20 Bi.Vi.” və ARDNŞ-in Ortaq Şirkəti arasında Saziş imzalanmış və 29 aprel 2005-ci il tarixli Qanuna əsasən Saziş qanun statusunu almışdır. Qeyd olunan Qanunun 4-cü bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. 2.3. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Eyni zamanda yuxarıda qeyd olunan Qanunda “Qanun”un Azərbaycan Respublikasının Konstitusiyasına tam uyğun olduğunun nəzərə alınması xüsusi vurğulanır. 2.4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 150 nömrəli 14 oktyabr 2004-cü il tarixli qərarı ilə “Azərbaycan Respublikasında Binəqədi, Qirməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişin 5-ci əlavəsində qeyd olunmuş Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri təsdiq edilmişdir. 2.5. Sazişin 2 və 8-ci maddələrinin və “X20 Bi.Vi.”., ARDNŞ-in Ortaq Neft Şirkəti və İddiaçı şirkətləri arasında imzalanmış X13 5-ci maddəsinin müddəalarına əsasən, Sazişin 2-ci Əlavəsində göstərilən koordinat perimetrləri daxilində ayrılmış Kontrakt sahəsində, Əməliyyat şirkəti qismində fəaliyyət göstərən İddiaçı şirkətinə (“Şirkət”) neftqaz əməliyyatlarının həyata keçirilməsi üçün müstəsna hüquq verilmişdir. Azərbaycan Respublikası Hökuməti tərəfindən Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (a) bəndində Hökumət Saziş üzrə ARDNŞ-in verdiyi hüquqlara, o cümlədən, Neft-qaz əməliyyatları üçün Podratçıya gərək olan torpaq sahələrindən istifadə etməsinə təminat verir; 1 (e) bəndində isə Hökumətin aşağıda sadalanan təminatı öz əksini tapmışdır: “Podratçı tərəflərin heç bir hüququ, mənafeyi və ya əmlakı Azərbaycan Respublikasının hər hansı hakimiyyət orqanlarının hər hansı hərəkətləri nəticəsində qəsb edilə bilməz, milliləşdirilə bilməz və ya başqa səkildə özgə tərəfindən mənimsənilə bilməz. 2.6. Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin olduğu torpaq sahəsinin cavabdehin istifadəsinə ayrılması barədə bələdiyyə qərarının və ya icra hakimiyyətinin sərəncamının olması, həmçinin cavabdehin özbaşına inşa etdiyi tikilidə pasport qeydiyyatında olması, mübahisələndirilən özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçının istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasına mane olmur. Belə ki, qeyd edilən məsələlərlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qanuni qüvvəyə minmiş qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cənab Ramiz Rzayevin qanuni qüvvəsini almış qərardadı mövcuddur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1233/15 saylı 10 noyabr 2015-ci il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1105/15 saylı 03 iyul 2015-ci il tarixli qərarı ləğv edilmiş və iddiaçının Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı (X5 üçüncü şəxs olmaqla) “Binəqədi Rayon İcra Hakimiyyətinin X2 istifadəsinə torpaq sahəsinin ayrılmasına dair 1377 saylı 12 yanvar 2001-ci il tarixli sərəncamının ləğv edilməsi tələbinə dair” iddiası mümkünsüz sayılmışdır. Kollegiya öz qərarını aşağıdakı kimi əsaslandırmışdır. 2.7. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi “Azərbaycan Respublikasında Binəqədi, Qirməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü bəndində göstərilir ki, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Beləliklə sözügedən Saziş qanuni qüvvəsini aldığı 15 may 2005-ci il tarixindən Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilən bilən bütün hüquq və vəzifələr ləğv edilir. Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2001-ci il tarixdə qəbul edilmiş sərəncamı artıq öz qüvvəsini xx.xx.2005-ci il tarixdən itirmişdir. 2.8. Həmçinin M.S.Həsənovun işi üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin ərizəsinə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin 3m-2149/2011 saylı 20 iyun 2011-ci il tarixli qərardadında göstərilir: “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə izah edilir ki, M.S.Həsənovun tikdiyi evin yerləşdiyi torpaq sahəsi neft-qaz hasilatı əməliyyatları üçün ayrılan sənaye təyinatlı torpaq fonduna aiddirsə, onlar M.S.Həsənovun inşa etdiyi evdə qeydiyyatda olmasından asılı olmayaraq, ev sənədlərinin etibarsız hesab edilməsi və torpaq sahəsinin boşaldılması barədə məhkəmədə iddia qaldıra bilərlər”. 2.9. Bundan başqa, cavabdeh tərəfindən dövlətin müstəsna mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsi zəbt olunaraq üzərində özbaşına tikili inşa edilməklə, qanunvericiliyin müddəaları pozulmuşdur 2.10. Beləliklə, qeyd edilənlərə əsasən, Torpaq Məcəlləsinin 46.1-ci maddəsinin 3cü abzasının tələbinə görə, dövlətin müstəsna mülkiyyətində olan və məlum Sazişə əsasən iddiaçının istifadəsinə verilmiş torpaq sahəsi Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111.1 və Mülki Məcəllənin 180-cı maddələrinin tələblərinə zidd olaraq zəbt edildiyindən, cavabdeh 1 saylı mədənin 5-ci sahəsində və iddiaçının saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılmalı, özbaşına tikili cavabdehin hesabına sökülməli və torpaq sahəsi boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılmalıdır.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 180-ci maddəsi, “Azərbaycan Respublikasında Binəqədi, Qirməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X20 Bi.Vi. və ARDNŞnin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Azərbaycan Respublikası Qanununun 4 və 5-ci maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9, 11, 20, 22, 46-cı və s. maddələri, “Azərbaycan Respublikasında Binəqədi, Qirməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqların daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2004-cü il tarixli 150 nömrəli Qərarı və s. göstərilmişdir.

4. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)- 179/2025 nömrəli qərardadı ilə işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmış, iş materialları xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndələri Nümayəndə2, Nümayəndə3 və X14 iddianın məzmununa uyğun izahlar verdilər və eyni zamanda göstərdilər ki, cavabdehin istifadəsində olan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi ilə əlaqədar olaraq həmin torpaq sahəsinin neft sahəsinə düşüb-düşmədiyinin müəyyən olunması üçün “SOCAR”a ərizə ilə müraciət etmişdir. Cavab olaraq bildirilmişdir ki, həmin qeyri-yaşayış sahəsi Dövlət Neft Şirkətinin istifadəsində olmuş, sonra sazişlə İddiaçı Şirkətinin istifadəsinə verilmişdir. Qeyri-yaşayış sahəsi İddiaçı Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin daxilindədir. Qanunsuz tikilinin sökülməsi tələbi ilə bağlı Binəqədi Rayon Məhkəməsinə müraciət olunmuşdur. Məhkəmə araşdırması zamanı qeyri-yaşayış sahəsinin sahibkarlıq fəaliyyəti ilə bağlı istifadə olunduğu müəyyən olunmuş və iş aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Əlavə olaraq, 2009-cu il tarixli qərarda torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılıb. Lakin qeyri-yaşayış obyekti tikilib və cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

7. Cavabdeh məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdi və eyni zamanda göstərdi ki, torpaq sahəsini satan bələdiyyədir. Sənədi də bələdiyyə vermişdir. Torpaq sahəsi 2017-ci ildə etibarnamə əsasında onun adına keçmişdir. Həmin ərazidə ancaq hazırkı tikili deyil, başqa tikililər də mövcuddur. Hazırda mübahisələndirilən tikili üçün böyük məbləğdə xərc çəkilmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) İddia tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki: – X7 30 iyun 2009-cu il tarixli “torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqlarının keçmə qaydasında X3 adına və istifadəsinə verilməsi haqqında” 374 nömrəli qərarına əsasən, Bakı şəhəri sakini vətəndaş X15 xx.xx.2004-cü il tarixli 1401/1 saylı qərarla fərdi ev tikintisi məqsədilə qanunla müəyyən olunmuş qaydada ayrılması rəsmiləşdirilmiş 130 kv.m. torpaq sahəsinin Bakı şəhəri sakini X3 adına verilməsini ərizə ilə X4 xahiş etmiş, X7 ərazi hüdudlarında Bakı şəhər sakinləri X11 və X3 razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış, ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 130 kv.m. torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqlarının Bakı şəhəri sakini X3 adına keçirilməsi qərara alınmışdır. – X9 tərəfindən Bakı şəhəri 19 saylı notariat kontorunda verilmiş, xx.xx.2017-ci il tarixli, 7E-23668 reyestr nömrəsi ilə qeydə alınmış etibarnaməyə əsasən sonuncu harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağışlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarında, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqları, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsinin təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi Cavabdeh 20 il müddətinə, xx.xx.2037-ci il tarixədək etibar etmişdir. – “Azəriqaz” İstehsalat Birliyinin xx.xx.2015-ci il tarixli 25510 nömrəli texniki şərtinə əsasən, X6 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ünvanında yerləşən qeyriyaşayış sahəsinin qaz təchizatı şəbəkəsinə qoşulması üçün həmin texniki sənəd verilmişdir.

12. Hazırda iddiaçı cavabdehin 1 saylı mədənin 5-ci sahəsində yerləşən və Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli 901-İİQD nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qirməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokunun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” 29 sentyabr 2004-cü il tarixli Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin hüdudları (L XXXX; 2. XXXX; 3. XXXX; 4. 396956 ******* koordinatlar) daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılmasını tələb edir.

13. Cavabdeh iddiaya etiraz edərək iddianın rədd edilməsini xahiş edir.

14. Məhkəmə əvvəla iddiaçının mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti, məhkəmənin beynəlxalq səlahiyyəti və tətbiq edilən hüquq ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

15. Azərbaycan Respublikası qanunvericiliyi xarici ölkənin hüquqi şəxsinin Azərbaycan Respublikasında yaradılmış filial və nümayəndəliyi üçün Azərbaycan Respublikasının hüquqi şəxsinin filial və nümayəndəliyinə münasibətdə fərqli hüquqi status müəyyən etmişdir.

16. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7 və 4.1-ci maddələrinin məzmunundan aydın olur ki, xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialları onların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi məqsədilə dövlət qeydiyyatına alınmalıdırlar.

17. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Azərbaycan Respublikasının hüquqi şəxsinin filial və nümayəndəliyinin isə dövlət qeydiyyatına alınması qanunla nəzərdə tutulmamışdır.

18. Eləcə də “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən cədvələ əsasən, xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və filialları daxil olmaqla kommersiya hüquqi şəxsləri kommersiya mübahisəsinin subyektlərinin dairəsinə daxil edilmişdir.

19. Odur ki, məhkəmənin qənaətinə görə, xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı maddi və prosessual hüquq və fəaliyyət qabiliyyətinə, eləcə də xarici investor statusuna və özlərinin qanuni maraqlarını məhkəmələrdə qorumaq hüququna malik olan tam hüquqlu subyektlər kimi qəbul edilməlidirlər.

20. Hazırkı mübahisəyə məhkəmənin beynəlxalq səlahiyyəti isə Mülki Prosessual Məcəllənin 444.0.1-ci maddəsindən irəli gəlir. Belə ki, həmin maddəyə əsasən, Azərbaycan Respublikası məhkəmələrinin müstəsna səlahiyyətinə aşağıdakılar daxildir: daşınmaz əmlaka əşya hüququ, eləcə də həmin əmlakın icarəyə verilməsi və ya girov qoyulması haqqında iddialara dair işlər, əgər onların predmeti olan əmlak Azərbaycan Respublikasının ərazisindədirsə.

21. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının 2.7-ci bəndinə əsasən, məhkəmələrin xarici elementli kommersiya mübahisəsi üzrə beynəlxalq səlahiyyətinin olub-olmamasına qiymət verilərkən nəzərə alınmalıdır ki, MPM-in 440.1 və 443-cü maddələrində nəzərdə tutulmuş ümumi və xüsusi şərtlərin mövcudluğundan asılı olmayaraq məhkəmələr MPM-in 444-cü maddəsi ilə onların müstəsna səlahiyyətinə aid edilmiş mübahisələr üzrə səlahiyyətlidirlər. Müstəsna aidiyyət tərəflərin razılaşması ilə dəyişdirilə bilməz.

22. Digər tərəfdən, “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının 5.6-cı bəndinə əsasən, mübahisəli hüquq münasibətinə tətbiq edilməli dövlətin maddi hüququnun məhkəmələr tərəfindən seçilməsinin hüquqi əsasları aşağıdakılardır: 1) mübahisə tərəfləri arasında bağlanmış müqavilə (razılaşma); 2) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilələr; 3) ümumi qəbul olunmuş beynəlxalq adətlər; 4) “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunu; 5) digər milli qanunvericilik aktları (“Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsi).

23. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən, daşınar və daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqları, qanunla başqa hallar nəzərdə tutulmayıbsa, əmlakın yerləşdiyi ölkənin hüququ ilə müəyyən olunur. Əmlakın daşınar və ya daşınmaz olması, habelə əmlakın digər hüquqi kvalifikasiyası əmlakın yerləşdiyi ölkənin hüququ ilə müəyyən olunur.

24. Həmin Qanunun 21-ci maddəsinə əsasən, əmlak üzərində əşya hüquqlarının əmələ gəlməsi və xitamı, Azərbaycan Respublikası qanunvericiliyi ilə başqa hallar nəzərdə tutulmayıbsa, əşya hüquqlarının əmələ gəlməsi və xitamı üçün əsas olan hərəkət və ya digər hallar baş verdiyi zaman həmin əmlakın yerləşdiyi ölkənin hüququ ilə müəyyən edilir.

25. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, hazırkı mübahisəyə baxmaq üçün beynəlxalq səlahiyyətə malikdir və mübahisə əmlakın olduğu yerin qanunu – Azərbaycan Respublikası qanunvericiliyi tətbiq edilməklə həll edilməlidir.

26. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

27. Mülki Məcəllənin 180-ci maddəsində göstərilmişdir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

28. İstinad edilən maddənin məzmunundan göründüyü kimi, tikililər tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edildikə özbaşına tikili hesab edilir. Göstərilən üç haldan ən azı birinin mövcudluğu tikilinin qanunvericiliyin tələblərinə riayət edilməklə inşa edilməsini istisna edir.

29. Bununla belə, həmin tikilinin sökülməsi tələbinə münasibətdə hüquqi dəyərləndirmə ilk öncə “subyektiv hüquq”a malik olma kontekstində aparılmalıdır. Bu həm də özbaşına tikinti və onun nəticələrini müəyyən edən müvafiq qanunun müddəalarından irəli gəlir, çünki Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən, bu cür tələbi irəli sürmək hüququna malik olan subyektlərin dairəsi müvafiq icra hakimiyyəti orqanı və ya “maraqlı tərəf”lə məhdudlaşdırılmışdır.

30. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X20 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qirməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş bağlanmış, həmin Saziş Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901- İİQ nömrəli Qanunu ilə qəbul və təsdiq edilmiş, onun həyata keçirilməsinə icazə verilmişdir. Qanunun 5-ci bəndində qeyd olunmuşdur ki, Sazişin pay iştirakçılarına Sazişdə nəzərdə tutulan kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. X20 Bi.Vi., ARDNŞ-nin Ortaq Neft Şirkəti və İddiaçı Şirkətinin (iddiaçının) arasında Binəqədi, Qirməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blok üzrə birgə əməliyyat sazişi bağlanmış, iddiaçı əməliyyatçı təyin edilmişdir. Həmin sazişə görə əməliyyatçının bütün birgə əməliyyatlara tam nəzarət və rəhbərlik həyata keçirmək səlahiyyəti vardır, əməliyyatçının və əməliyyat şirkətinin müqavilədə nəzərdə tutulmuş bütün hüquq, funksiya və vəzifələrinə malikdir.

31. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçı hazırkı iddia ilə çıxış etmək üçün müvafiq subyektiv hüquqa malikdir.

32. Lakin göstərilməlidir ki, həmin subyektiv hüquq cavabdeh tərəfindən pozulmamışdır. Başqa sözlə, cavabdeh hazırkı iddiaya cavab verməli əsl cavabdeh deyildir.

33. Belə ki, iş materiallarından da göründüyü kimi, X7 30 iyun 2009-cu il tarixli 374 nömrəli qərarı ilə hazırda mübahisələndirilən torpaq sahəsi cavabdehin deyil, X1 və istifadəsində verilmiş, hazırkı cavabdeh isə xx.xx.2017-ci il tarixli, 7E-23668 reyestr nömrəsi ilə qeydə alınmış etibarnaməyə əsasən X3 adından çıxış edərək səlahiyyətlərindən istifadə etmişdir.

34. Mülki qanunvericiliyin əqdlərdə təmsilçilik ilə bağlı normalarına əsasən məhkəmə qeyd edir ki, təmsilçinin etibarnaməyə əsaslanan səlahiyyətə görə təmsil edilən adından bağladığı əqdlər, etdiyi hərəkətlər bilavasitə təmsil edilənin mülki hüquq və vəzifələrini yaradır, dəyişdirir və onlara xitam verir. Belə olan halda, qeyd olunan səlahiyyətdən çıxış edərək hərəkət etmiş şəxs təmsil edilənin vəzifələri üçün məhkəmədə cavabdeh ola bilməz.

35. Məhkəmə bildirir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.

36. Məhkəmə həmçinin nəzərə alır ki, iddiaya cavab verməli olan şəxsi müəyyən etmək iddiaçının müstəsna hüququdur və bu hüquq mülki prosesdə dispozitivlik prinsipi ilə şərtlənir. Mülki Prosessual Məcəllənin 54-cü maddəsinin tələbinə əsasən məhkəmə qeyd edir ki, iddiaçının razılığı olmadan əsl olmayan cavabdehi əvəz etmək yolverilməzdir və məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

37. Göstərilənlərə əsasən, iddia əsl olmayan cavabdehə qarşı irəli sürüldüyündən məhkəmə bu qənaətə gəlir ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və s.” tələbinə dair iddiası rədd edilməlidir. b) Məhkəmə xərcləri ilə bağlı

38. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

39. Həmin Məcəllənin 115.0 və 115.0.4-cü maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir.

40. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, xx.xx.2024-cü il tarixli 10/2441 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 100 manat təşkil edir.

41. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

42. Beləliklə, məhkəmə iddia tələbinin təmin edilmədiyini nəzərə alaraq belə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, ekspertiza xərci olaraq 100 manat məbləğində pul İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

V. Nəticə:

43. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza xərci olaraq 100 manat məbləğində pul İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X8, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar