Məhkəmə qərarları › İş №2-2(113)-2850/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-2850/2024

29.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-2850/2024 29.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı1 X3 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə) qarşı “kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, borcun tutulması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı1 X3 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə) qarşı “kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı ləğv prosesində olan İddiaçı1 X3 Səhmdar Cəmiyyətinin ləğvedicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ləğvetmədə olan İddiaçı1 X3 Səhmdar Cəmiyyətinin xeyrinə 486998 (dörd yüz səksən altı min doqquz yüz doxsan səkkiz) manat əsas borc, 466575,61 (dörd yüz altmış altı min beş yüz yetmiş beş manat altmış bir qəpik) manat əsas borca hesablanmış faiz borcu olmaqla, cəmi 953573,61 (doqquz yüz əlli üç min beş yüz yetmiş üç manat altmış bir qəpik) manat borcun, habelə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 15 dekabr 2010-ci il tarixli qərarı ilə İddiaçı1 Kommersiya Bankı ASC-nin müflis elan edilərək iflas prosesinə başlanılması qərara alınmışdır. Həmin qətnamə 17 yanvar 2011-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İddiaçı1 X3 Səhmdar Cəmiyyəti ilə Cavabdeh MMC arasnda bağlanmış 02 may 2006-cı il tarixli, 06 saylı kredit müqaviləsinə əsasən Cavabdeh MMC-yə topdan satış ticarətinin genişləndirilməsi və dövriyyə vəsaitinin artırılması məqsədi ilə 2 il müddətinə, illik 15% olmaqla ******* manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış 02 may 2006-cı il tarixli, 06 saylı kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən Cavabdeh MMC kredit faizlərini aylıq, hər ayın 2-dən gec olmayaraq və əsas kredit məbləğini onun alındığı gündən 2 (iki) il ərzində ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh MMC tərəfindən kredit müqaviləsi üzrə öhdəlikləri tam şəkildə yerinə yetirilməmiş və qeyd olunan kredit müqaviləsi üzrə öhdəliyi tam olaraq icra edilməmişdir. Beləliklə, Cavabdeh MMC-nin 02 may 2006-cı il tarixli, 06 saylı kredit müqaviləsi üzrə 11 mart 2014-cü il tarixinə 486998 (dörd yüz səksən altı min doqquz yüz doxsan səkkiz) manat əsas borcu, 466575,61 (dörd yüz altmış altı min beş yüz yetmiş beş manat altmış bir qəpik) manat əsas borca hesablanmış faiz borcu, 199263,35 (yüz doxsan doqquz min iki yüz altmış üç manat otuz beş qəpik) manat vaxtı keçmiş kreditə hesablanmış faiz borcu olmaqla, cəmi 1152836,96 (bir milyon yüz əlli iki min səkkiz yüz otuz altı manat doxsan altı qəpik) manat borcu mövcuddur. Qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün 21 dekabr 2012-ci il tarixli məktubla cavabdehə müraciət olunmuş, buna baxmayaraq cavabdeh tərəfindən banka olan borcunun ödənilməsi təmin edilməmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.2, 448.1, 739-cu maddələrinə istinad olunmuşdur.

4. 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin 27 iyun 2014-cü il tarixli qiyabi qətnaməsi ilə iddia təmin olunmuş, daha sonra həmin qətnamə məhkəmənin 30 may 2018-ci il tarixli qərardadı ilə ləğv edilmiş, icraat təzələnmiş və həmin məhkəmənin 29 avqust 2018-ci il tarixli qərardadı ilə iddia ərizəsi AR MPM-nin 259.0.7-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Daha sonra hazırkı iddiaçı baxılmamış saxlama barədə qərardadın ləğv edilməsinə dair ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə xx.xx.2018-ci il tarixli qərardad ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(103)- 258/2018 saylı qərardadı ilə ləğv prosesində olan “X2” ASC-nin ləğvedicisi "xxxx" MMC-nin ləğvedici fəaliyyətinə xitam verilmiş və Əmanətlərin Sığortalanması Fondu yeni ləğvedici təyin edilmişdir. Bu səbəbdən də Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi iddiaçının əsl iddiaçı ilə əvəz edilməsinənə dair məhkəməyə ərizə ilə müraciət edərək, iddiaçı ləğv prosesində olan İddiaçı1 X3 Səhmdar Cəmiyyətinin ləğvedicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ləğvedici Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilməsini xahiş etmişdir. Ona görə də ləğv prosesində olan İddiaçı1 X3 Səhmdar Cəmiyyətinin əvvəlki ləğvedicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv prosesində olan İddiaçı1 X3 Səhmdar Cəmiyyətinin hazırkı ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmişdir.

6. İddiaçının nümayəndəsi tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə təqdim edilmişdir. Ərizədə qeyd olunur ki, kredit müqaviləsi üzrə iddia müddəti 3 ildir. İddiaçı bu müddəti ötürmüşdür. İddiaçı və cavabdeh arasında 6 nömrəli Kredit müqaviləsi xx.xx.2006-cı il tarixində iki illik müddətə bağlanmışdır. Müqavilənin müddəti xx.xx.2008-ci ildə bitmişdir. Müqavilə üztə ödəmələr 2006-2007-ci illər ərzində olmuş, son ödəmə tarixindən 3 ildən çox müddət keçmişdir. Buna görə iddiaçının iddia tələbləri təmin edilə bilməz. Tədqiq olunan sübutlar:

7. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir.

8. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, iddia ümumiyyətlə qəbul edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının 2-l(103)-258/l8 saylı, 05 aprel 2018-ci il tarixli qərardadında qeyd olunub ki, aktiv kredit dosyesi yoxdur. Əməliyyatlar kassa ilə aparılmayıbdır. Qərardadda 2004-cü ilə aid hər hansı sənəd göstərilmir. Axırıncı ödəmə ilə bağlı sənəd təqdim olunmayıbdır. Necə müəyyən edilə bilər ki, həmin “excel” proqramına hər hansı müdaxilə olunmayıbdır. Bu sübut kimi qəbul oluna bilməz. Qeyd olunan sənədlərlə bu qədər borcu hüquqi şəxsin üzərinə yazmaq olmaz. Qərardadda qeyd olunan aktın cavabdehə aidiyyəti yoxdur. İddiaçı tərəfdən iddia tələbi ilə bağlı sübutlar təqdim olunmayıbdır. İddiaçı tərəfin qeyd etdiyi halların tələbə aiddiyəti yoxdur. Əmlakın üzərində yüklülüyün olmaması eyni zamanda borcun olmamasını göstərir. Sənədlərin elektron qaydada keçməsi barədə sübut da təqdim edilməyibdir. Ancaq müqavilə təqdim olunubdur. Pulun tərəfə verilməsi, ödəniş qəbzləri kimi sənədlər yoxdur. Müqavilənin olması öhdəlik yaratmır. Cavabdehin borcu yoxdur. İddiaçı tərəf özü öz tələbini sübut etməlidir, lakin bütün iclaslarda bu sübutlar təqdim edilmədi. Beləliklə, hesab edilir ki, iddia tələbi rədd edilməlidir.

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının 2-l(103)-258/l8 saylı, 05 aprel 2018-ci il tarixli qərardadı ilə Ləğvetmə prosesində olan “X2” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ərizəsi təmin edilmiş, Ləğvetmə prosesində olan “X2” ASC-də maliyyə və mühasibat uçotu sənədlərinin, kredit və depozit portfelinə dair məlumatların, qiymətlərin və əmlakın, o cümlədən, hüquqi sənədlərin təhviltəsliminin yekunları barədə akt təsdiq edilmişdir. Qərardaddan müəyyən olunur ki, ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2018-ci il tarixli təhvil- təslim aktı üzrə Fond tərəfindən yaradılmış işçi qrupu tərəfindən təhvil-təslim prosesi aşağıdakı nəticələrlə yekunlaşmışdır:...C) Maliyyə məsələləri üzrə: Sabiq ləğvedici tərəfindən verilən məlumata əsasən bank proqramı, əməliyyat sistemi və kassa uçotu kitabı mövcud olmadığından təhvil-təslim fakt üzrə aparılmış, bankın proqram təminatı olmadığından balans və gəlirxərci üzrə uçot yalnız «MİCROSOFT OFFİCE EXCELL» proqramında aparılmış və bu səbəbdən balans və gəlir-xərc məlumatları bank proqramı təminatı sistemində yox, «Excell» proqramında hazırlanmış hesabat formasında təhvil verilmiş, xx.xx.2018-ci il tarixinə balans hesabatında aktivlər və passivlər arasında 13.237.744,81 AZN fərq aşkar olunmuş, həmin fərqin yaranmasına əsas səbəb kapital üzrə məlumatlar balansda qeyd olunmamışdır....E) Kredit portfeli üzrə: Təhvil-təslim zamanı ASC-yə aid heç bir aktiv kredit dosyesi aşkar olunmamış, kredit portfeli üzrə bəzi müştərilər tərəfindən borc məbləğlərinin bağlanması, digər kredit qovluqlarının isə məhkəmə və icra statusunda olması səbəbindən işçi qrupu tərəfindən kredit portfelinə dair heç bir qovluğun təhvil-təslim prosesinin aparılması mümkün olmamışdır.

10. İddiaçı1 KB ASC ilə Cavabdeh MMC arasında 02 may 2006-cı il tarixdə bağlanmış 06 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, müqavilənin predmetini bankın kredit götürənə ******* (bir milyon iki yüz min) manat məbləğində kredit xəttinin açılması təşkil edir. Borcu kreditdən müqavilə müddətində ayrılmış limit həcmində bir neçə dəfə istifadə edə bilər (1.1-ci bənd). Kredit 2 il müddətinə, illik 15 %-lə verilir (1.2-ci bənd). Kredit kreditin və ona hesablanacaq faizlərin ödənilməsi üçün balans üzrə müəssisənin aktivlərini girov qoyur (2.1-ci bənd). Kredit alan kredit üzrə faizlərini aylıq (rüblük), ayın (rübün axrıncı ayının) 02-dən gec olmayaraq və əsas kredit məbləğini onun alındığı gündən 2 il ərzində ödəməyi öhdəsinə götürür. Faiz hesablanarkən illik 360, aylıq 30 gün qəbul edilir (3.1-ci bənd). Kredit alan aldığı krediti vaxtında ödəməzsə, bank ödəmə vaxtı keçmiş kreditə illik 30% hesablayır (4.1-ci bənd). Faiz borclarının vaxtında ödənilməsi təmin olunmasa, bank tərəfindən hər gecikdirilmiş gün üçün 0,2% müamilə hesablayır (4.2-ci bənd).

11. Tərəflər arasında bağlanmış 02 may 2006-cı il tarixli, 06 nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavə və dəyişikliklərin edilməsi haqqında xx.xx.2008-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən kredit müqaviləsinin 2.1-ci bəndində aşağıdakı əlavə və dəyişiliklər edilsin: Kredit alan kreditin və ona hesablanacaq faizlərin ödənilməsi üçün “məssisənin aktivlərini girov qoyur” sözləri, 06 dekabr 2006-cı il tarixli 961-180 06 saylı ipoteka müqaviləsi ilə Milli Bankda yüklü edilmiş X1 məxsus Bakı şəhəri, Neftçilər prospekti 91 ünvanda yerləşən 71,7 kv.m ümumi, 62,2 kv.m əsas, 12,5 kv.m köməkçi sahədən ibarət olan qeyri-yaşayış sahəsini girov qoyur” sözləri ilə ilə əvəz edilsin. Girovun dəyəri 900000 (doqquz yüz min) manat qiymətləndirilsin. Kredit müqaviləsinin diqər şərtləri dəyişilmədən öz qüvvəsində saxlanılsın. Bu müqavilə imzalandığı gündən qüvvəyə minir.

12. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(103)- 258/2018 saylı qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ərizəsi təmin edilmiş, Ləğv prosesində olan “X2” ASC-nin ləğvedicisi "xxxx" MMC-nin ləğvedici kimi fəaliyyətinə xitam verilmiş və Əmanətlərin Sığortalanması Fondu “X2” ASC-nin yeni ləğvedicisi təyin edilmiş, bankın əmlak vəziyyətinə, habelə, ləğv planına dair rüblük hesabatların verilməsi Əmanətlərin Sığortalanması Fondunun səlahiyyətlərinə aid edilmişdir.

13. İddiaçı1 X3 Səhmdar Cəmiyyətinin ləğvedicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilən maliyyə arayışında qeyd edilmişdir ki, İddiaçı1 X3 Səhmdar Cəmiyyətinin Cavabdeh MMC ilə bağladığı 02 may 2006-cı il tarixli, 06 saylı kredit müqaviləsi üzrə 11 mart 2014-cü il tarixinə 486998 (dörd yüz səksən altı min doqquz yüz doxsan səkkiz) manat əsas borcu, 466575,61 (dörd yüz altmış altı min beş yüz yetmiş beş manat altmış bir qəpik) manat əsas borca hesablanmış faiz borcu olmaqla, cəmi 953573,61 (doqquz yüz əlli üç min beş yüz yetmiş üç manat altmış bir qəpik) manat borcu mövcuddur.

14. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(81)-3323/2010 saylı qərarından müəyyən olunur ki, həmin qərar əsasında "xxxx" ASC müflis elan edilrək müəssisənin iflas prosesinə başlanılmış, "xxxx" ASC-yə ləğvedici qismində "xxxx" MMC təyin edilmişdir.

15. İddiaçı1 X3 Səhmdar Cəmiyyətinin ləğvedicisi "xxxx" MMC-nin Cavabdeh MMCyə ünvanladığı xx.xx.2014-cü il tarixli xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, borcun 5 (beş) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə borcun tutulması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

16. Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən verilən 14 avqust 2024-cü il tarixli, 6-1-1/2-214/2024 saylı məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə (bundan sonra - MDM) daxil olmuş 01 avqust 2024-cü il tarixli, e-2-2(113)-2850/2024 nömrəli müraciətinizə qanunvericiliyə uyğun olaraq baxılmış, sorğunuza cavab olaraq bildirilir ki, MDM-in uçot sistemindəki məlumatlara əsasən Cavabdeh MMC-nin adına depozitar sistemində hesab açılmamışdır və həmin cəmiyyətin qiymətli kağızlara sahibliyi barədə məlumat mövcud deyildir.

17. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən 30 avqust 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Sizin e-2-2(113)-2850/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubunuza baxılmış, bununla əlaqədar olaraq bildirilir ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 91 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin “X2” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsinə dair məlumat aşkar edilməmişdir

18. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən 29 noyabr 2024-cü il tarixli, 3-21-3-30/2-48156/2024 saylı məktubda qeyd edilmişdir ki, Sizin e-2-2(113)-2850/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubunuza baxılmış, bununla əlaqədar olaraq bildirilir ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 91 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin “X2” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsinə dair məlumat aşkar edilməmişdir. Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı). Məhkəmənin mövqeyi

22. İddia tələbini Cavabdeh MMC-dən ləğvetmədə olan İddiaçı1 X3 Səhmdar Cəmiyyətinin xeyrinə 486998 manat əsas, 466575,61 manat əsas borca hesablanmış faiz borcu olmaqla, cəmi 953573,61 manat borcun tutulması təşkil edir.

23. Cavabdeh iddaya etiraz edərək, iddiaçıya hər hansı borcun olmadığını bildirmişdir.

24. Cavabdehə müvafiq sübutları məhkəməyə təqdim etmək təklif olunsa da, iddia tələbini təsdiq edən sübutlar (kassa məxaric orderi, hesabdan çıxarış, ödəniş cədvəli, ödəniş qəbzləri və s.) məhkəməyə təqdim olunmamış, ona görə də hazırkı iş üzrə mühasibatlıq ekspertizası da təyin edilməmişdir.

25. Məhkəmə icraatının gedişində iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş və iddia tələbi ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir.

26. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericilikdə məhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti bir sıra normalarla tənzimlənir. Bunların sırasında sübutetmə vəzifəsini, sübutların təqdim edilməsi və tələb olunmasını xüsusilə qeyd etmək olar.

27. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88ci maddələri).

28. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallarla mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

29. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

30. Bundan başqa, Cavabdeh MMC həmçinin hazırkı işə məhkəmədə baxılarkən iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddia müddətinin ötürüldüyünü də bildirərək, iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Qeyd olunur ki, kredit müqaviləsi xx.xx.2006-cı il tarixində iki illik müddətə bağlanmış, müqavilənin müddəti xx.xx.2008-ci ildə bitmişdir. Ona görə də istənilən halda müqavilə tələbləri üzrə qanunla müəyyən edilmiş müddət ötürülmüşdür.

31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir.

32. İddia rədd edildiyindən, ödənilmiş dövlət rüsumu da iddiaçıya aid olmalıdır.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar