Məhkəmə qərarları › İş №2-2(113)-30/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-30/2020

11.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-30/2020 11.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi X3 Cavabdeh1nə (Cavabdeh1 MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2012-ci il tarixli, 04 saylı kredit müqaviləsinə əsasən 681159,09 manat əsas borc, 85144,89 manat faiz borcu, 2648,96 manat cərimə borcu olmaqla, cəmi 768952,94 manat məbləğində pul, xx.xx.2016-cı il tarixli, 04/2 saylı kredit müqaviləsinə əsasən ******* manat əsas borc, 214880,73 manat faiz borcu olmaqla, cəmi 2267880,73 manat məbləğində pul, həmçinin odənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı1 ASC-nin xeyrinə tutulması, tutmanın xx.xx.2012-ci il tarixli, 04 saylı kredit müqaviləsinin təminatı kimi bağlanmış xx.xx.2012-ci il tarixli, 04 saylı girov müqaviləsinə əsasən girov qoyulmuş istehsal avadanlıqlarına yönəldilməsi, bu avadanlıqların açıq bazarda satılması və satışdan əldə olunmuş məbləğin, həmçinin xx.xx.2016-cı il tarixli, 04/2 saylı kredit müqaviləsinin təminatı kimi bağlanmış xx.xx.2016-cı il tarixli, 04/2saylı ipoteka müqaviləsinə əsasən tutmanın ipotekaya qoyulmuş, Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən 702.0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, binanın hərracda və ya açıq bazarda satılması və satışdan əldə olunmuş məbləğin borcun ödənilməsi üçün ləğv prosesində olan İddiaçı1 ASC-nin hesabına keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfdən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verilərək Cavabdeh1 MMC-dən xx.xx.2012-ci il tarixli, 04 saylı kredit müqaviləsi üzrə 681159,09 manat (altı yüz səksən bir min yüz əlli doqquz manat doqquz qəpik) əsas borc, müqavilə müddəti üçün hesablanmış 15590,95 manat (on beş min beş yüz doxsan manat doxsan beş qəpik) faiz borcu, 115797,07 manat (bir yüz on beş min yeddi yüz doxsan yeddi manat yeddi qəpik) cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5% hesablanan 87230,42 manat (səksən yeddi min iki yüz otuz manat qırx iki qəpik) borc olmaqla, cəmi 899777,53 manat (səkkiz yüz doxsan doqquz min yeddi yüz yetmiş yeddi manat əlli üç qəpik) məbləğində borcun, xx.xx.2016-cı il tarixli, 04/2 saylı kredit müqaviləsi üzrə ******* manat (iki milyon əlli üç min) əsas borc, müqavilə müddəti üçün hesablanmış 351405,16 manat (üç yüz əlli bir min dörd yüz beş manat on altı qəpik) faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5% hesablanan 14827,28 manat (on dörd min səkkiz yüz iyirmi yeddi manat iyirmi səkkiz qəpik) borc olmaqla, cəmi 2419232,44 manat (iki milyon dörd yüz on doqquz min iki yüz otuz iki manat qırx dörd qəpik) məbləğində borc və odənilmiş 30 (otuz) manat dövlət rüsumunun ləğv prosesində olan İddiaçı1 ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən 702.0 kv.m sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, bu əmlakların açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ləğv prosesində olan İddiaçı1 ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "İddiaçı1" X7 ilə "Cavabdeh1" MMC arasında bağlanılmış xx.xx.2012-ci il tarixli, 04 saylı Kredit müqaviləsinə əsasən sonuncuya 48 (qırx səkkiz) ay müddətinə illik 8 (səkkiz) faiz dərəcəsi olmaqla, 700000 manat (yeddi yüz min) məbləğində kredit verilmişdir. Müvafiq kreditin təminatı olaraq xx.xx.2012-ci il tarixli, 04 saylı girov müqaviləsi bağlanmışdır və bu müqaviləyə əsasən istehsal avadanlıqları girov predmeti olaraq təqdim olunmuşdur. Həmçinin "İddiaçı1" X7 ilə "Cavabdeh1" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli 04/2 saylı kredit müqaviləsinə əsasən "Cavabdeh1" MMC-yə 36 (otuz altı) ay müddətinə, illik 6% (altı) faiz dərəcəsi olmaqla, ******* manat (üç milyon iki yüz min) kredit verilmişdir. Müvafiq kredit müqaviləsinin təminatı olaraq "İddiaçı1" ASC ilə Borcalan "Cavabdeh1" MMC və ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 04/02 saylı sonrakı ipoteka müqaviləsinə uyğun olaraq sonrakı ipoteka predmeti kimi Azərbaycan Respublikası Mərkəzi Bank ilə bağlanmış ipoteka müqaviləsinə əsasən yüklü edilmiş, Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən 702 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binası təqdim olunmuşdur. Kredit müqaviləsinə əsasən öhdəliklər borc alan tərəfindən yerinə yetirilmədikdə, borc verən xəbərdarlıq etməklə cari müqaviləni vaxtından əvvəl dayandırmaq və habelə borc alana kreditin və ya onun bir hissəsinin geri ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Bundan əlavə müqaviləyə əsasən borc alan tərəfindən öhdəliyin icra edilməməsi nəticəsində vaxtından əvvəl tələbetmə hallarında kreditin verilməsini dayandırmaq və yaxud kreditə hesablanmış, lakin ödənilməmiş faizlərlə birlikdə borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək bankın hüququdur. Cavabdeh kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun ləğv prosesində olan İddiaçı1 ASC-yə yuxarıda göstərilən məbləğdə borcu yaranmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(81)-102/2019 nömrəli qərardadı ilə Cavabdeh2 əlavə cavabdeh qismində işə cəlb edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizədə göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı1 ASC (borc verən) ilə Cavabdeh1 MMC (borc alan) arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli, 04 saylı kredit müqaviləsinə əsasən bank borc alana 48 ay müddətinə illik 8 faiz dərəcəsi ilə 700000 manat məbləğində kredit verməyi, borc alan isə krediti qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kredtin məbləğini və ona hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. İddiaçı1 ASC (borc verən) ilə Cavabdeh1 MMC (borc alan) arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli, 04 saylı girov müqaviləsinə əsasən müvafiq kredit müqaviləsinin təminatı olaraq həmin müqaviləyə əsasən istehsal avadanlıqları girov predmeti olmuşdur. İddiaçı1 ASC (borc verən) ilə Cavabdeh1 MMC (borc alan) arasında bağlanmış xx xxx 2016-cı il tarixli, 04/2 saylı kredit müqaviləsinə əsasən bank borc alana 36 ay müddətinə illik 6 faiz dərəcəsi ilə ******* manat məbləğində kredit verməyi, borc alan isə krediti qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kredtin məbləğini və ona hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. İddiaçı1 ASC (borc verən), Cavabdeh1 MMC (borc alan) və Cavabdeh2 arasında bağlanmış xx xxx 2016-cı il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən sonrakı İpoteka saxlayanla borcalan arasında bağlanmış xx xxx 2016-cı il tarixli Kredit müqaviləsinə əsasən ******* manat məbləğində xx xxx 2019-cu il tarixə qədər və xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən 700000 manat məbləğində xx xxxxxx 2016-cı il tarixə qədər verilən kreditlərin və onlara hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər bu müqavilə ilə müəyyən edilmiş əmlakın ipotekaya qoyulması barədə razılığa gəlmişlər. Həmin müqaviləyə əsasən sonrakı ipoteka predmeti Azərbaycan Respublikası Mərkəzi Bank ilə bağlanmış ipoteka müqaviləsinə əsasən yüklü edilmiş Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 33 ünvanında yerləşən 702 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasıdır (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışı, seriya RX № 0756706, reyestr №**********05-06301 qeydiyyat №**********). xx xxxx 2019-cu il tarixli maliyyə arayışı ilə müəyyən edilir ki, Cavabdeh1 MMC-nin xx xxxxxx 2012-ci il tarixli, 04 saylı kredit müqaviləsi üzrə İddiaçı1 ASC-yə xx xxxx 2019cu il tarixə kredit öhdəliyi üzrə əsas borcu 681159,09 manat, müqavilə müddəti üçün hesablanmış faiz borcu 15590,95 manat, cərimə 115797,07 manat, AR MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün 5 %-lə hesablanmış borcu 87230,42 manat, cəmi borc 899777,53 manat təşkil edir. xx xxxx 2019-cu il tarixli maliyyə arayışı ilə müəyyən edilir ki, Cavabdeh1 MMC-nin xx xxx 2016-cı il tarixli, 04/02 saylı kredit müqaviləsi üzrə İddiaçı1 ASC-yə xx xxxx 2019cu il tarixə kredit öhdəliyi üzrə əsas borcu ******* manat, müqavilə müddəti üçün hesablanmış faiz borcu 313424,66 manat, cərimə borcu 0,00 manat, AR MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün 5 %-lə hesablanmış borcu 14827,28 manat, cəmi borcu 2381251,94 manat təşkil edir. xx xxxxxx 2018-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 MMC-yə yuxarıda qeyd olunan müqavilələr üzrə borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. xx xxxxx 2018-ci il tarixli, **********492 saylı pretenziya məktubundan görünür ki, xx.xx.2012-ci il tarixli, 04 saylı və xx.xx.2016-cı il tarixli, 04/2 saylı kredit müqaviləsi üzrə borcun 5 gün müddətində LPO İddiaçı1 ASC-yə tam ödənilməsi tələb olunmuşdur. xx.xx.2012-ci il tarixli, 04 saylı Kredit müqaviləsinə Əlavədən (kredit və ona hesablanmış faizlərin ödəniş cədvəli) görünür ki, Cavabdeh1 MMC xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək əsas borc ******* manat, faiz borcu 576000 manat olmaqla, cəmi ******* manat məbləğində borcu İddiaçı1 ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2016-cı il tarixli, 04/2 saylı Kredit müqaviləsinə Əlavədən (kredit və ona hesablanmış faizlərin ödəniş cədvəli) görünür ki, Cavabdeh1 MMC xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək əsas borc 700000 manat, faiz borcu 224000 manat olmaqla, cəmi 924000 manat məbləğində borcu İddiaçı1 ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli Qərarından görünür ki, X3 xx.xx.2016-cı il tarixdən etibarən İddiaçı1 ASC-nin ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 5504 saylı ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanmış 04 saylı, xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 MMC-nin İddiaçı1 ASC-yə xx.xx.2016-cı il tarixə olan cəmi borcu 696437,46 manat (əsas borc 681001,42 manat, faiz borcu 15436,03 manat) məbləğində, xx xxxxxxxx 2018-ci il tarixə (qərardadın tarixinə) olan cəmi borcu isə 757349,25 manat (əsas borc 681001,42 manat, faiz borcu 76347,83 manat) məbləğində müəyyən olunmuşdur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanmış 04/2 saylı, xx xxx 2016-cı il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 MMC-nin İddiaçı1 ASCyə xx.xx.2019-cu il tarixə olan cəmi borcu 2404405,13 manat (əsas borc 2052999,97 manat, faiz borcu 351405,16 manat) məbləğində müəyyən olunmuşdur. “xxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə A- 04/341 saylı, xx xxxx 2020-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən 702.0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına baxış keçirilməsi üçün şərait yaradılmadığından və dəfələrlə baxış keçirilməsi üçün sahibkara müraciətlər olunsa da, müraciətlər rədd olunduğundan əmlak müqayisəli şəkildə qiymətləndirilmiş və daşınmaz əmlakın xx xxx 2020-ci il tarixə ilkin satış (likvid) qiyməti ******* manat təşkil etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh1 MMC ilə İddiaçı1 ASC arasında xx.xx.2012-ci il tarixli, 04 saylı və xx.xx.2016-cı il tarixli, 04/02 saylı kredit müqavilələri bağlanmışdır. İddiaçı1 ASC göstərilən müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh kredit məbləğini müqavilələrdə müəyyən edilmiş müddətdə və qaydada iddiaçıya qaytarmamış, bununla kredit müqavilələri üzrə öhdəlikləri pozmuşdur. Nəticədə xx.xx.2012-ci il tarixli, 04 saylı kredit müqaviləsi üzrə 681001,42 manat əsas, 15436,03 manat faiz borcu, xx.xx.2016-cı il tarixli 04/2 saylı kredit müqaviləsi üzrə 2052999,97 manat əsas, 351405,16 manat faiz borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi X3 iddia tələbində xx.xx.2012-ci il tarixli, 04 saylı kredit müqaviləsi üzrə 681159,09 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 15590,95 manat faiz borcu və xx.xx.2016-cı il tarixli 04/2 saylı kredit müqaviləsi üzrə ******* manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 351405,16 manat faiz borcunun cavabdehdən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 5504 saylı ekspert rəyi ilə 04 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc 681001,42 manat, faiz borcu 15436,03 manat və xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə isə əsas borc 2052999,97 manat, faiz borcu 351405,16 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi ekspert rəyinə uyğun olaraq xx.xx.2012-ci il tarixli, 04 saylı kredit müqaviləsi üzrə əsas və faiz borcun tutulması hissəsində qismən (əsas borc 681001,42 manat, faiz borcu 15436,03 manat məbləğində), xx.xx.2016-cı il tarixli 04/2 saylı kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində qismən (2052999,97 manat məbləğində) faiz borcun tutulması hissəsində tam (351405,16 manat məbləğində) təmin edilməlidir. Müqavilə müddəti bitdikdən sonrakı dövr üçün hər iki müqavilə üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5 faiz olmaqla hesablanmış 87230,42 manat və 14827,28 manat faiz tutulması barədə iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxx 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi, bank kreditin verilmə müddəti bitdikdən sonrakı dövr üçün borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% hesabı ilə faiz tələb etmək hüququna malik olduğundan həmin hissədə idda təmin edilməli, iddiaçı tərəfindən hər iki müqavilə üzrə müqavilə müddəti bitdikdən sonrakı dövr üçün borcun ödənillməsinin gecikdirildiyi müddət üzrə müvafiq olaraq hesablanmış 87230,42 manat və 14827,28 manat məbləğində faizlər Cavabdeh1 MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin xx.xx.2012-ci il tarixli, 04 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsinin gecikdirilməsinə görə 115797,07 manat cərimənin cavabdehdən tutulması tələbini irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 20000 manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bununla yanaşı iş materiallardan görünür ki, iddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi X3 kredit müqaviləsinə əsasən borcun tutulması tələbi ilə yanaşı borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini də irəli sürmüşdür. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, kredit müqavilələri üzrə öhdəliklərin icrasının təminatı olaraq xx.xx.2016-cı il tarixli, 04/2 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən 702 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi İddiaçı1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” Qanunun (bundan sonra – Qanun) 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. “İpoteka haqqında” qanunun 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, Cavabdeh1 MMC-nin xx.xx.2012-ci il tarixli, 04 saylı və xx.xx.2016-cı il tarixli 04/2 saylı kredit müqavilələri üzrə banka olan borcu üzrə tutma Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən 702 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, satışdan artıq qalan məbləğ Cavabdeh2 qaytarılmalıdır. Bundan əlavə, “İpoteka” haqqında Qanunun 39.3-ci maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə tərəfindən ipoteka predmetinin bazar dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi alınmışdır. Həmin rəyə əsasən ipoteka predmeti olan əmlak kompleksinin ilkin satış dəyərinin ******* manat olması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən anbar təyinatlı, 702 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti ******* manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə münasib olaraq iddiaçı tərəfindən iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğin 01 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 29 manat pul Cavabdeh1 MMC-dən tutularaq iddiaçıya ödənilməli, eyni zamanda cavabdehdən ekspertiza tədqiqatının dəyəri olan 145 manat tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1ndən xx.xx.2012-ci il tarixli, 04 saylı kredit müqaviləsinə əsasən 681001,42 manat (altı yüz səksən bir min bir manat qırx iki qəpik) əsas borc, 15436,03 manat (on beş min dörd yüz otuz altı manat üç qəpik) faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5% hesablanan 87230,42 manat (səksən yeddi min iki yüz otuz manat qırx iki qəpik) borc, 20000 (iyirmi min) manat cərimə borcu olmaqla, cəmi 803667,87 manat (səkkiz yüz üç min altı yüz altmış yeddi manat səksən yeddi qəpik), xx.xx.2016-cı il tarixli 04/2 saylı kredit müqaviləsi üzrə 2052999,97 manat (iki milyon əlli iki min doqquz yüz doxsan doqquz manat doxsan yeddi qəpik) əsas borc, 351405,16 manat (üç yüz əlli bir min dörd yüz beş manat on altı qəpik) faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5% hesablanan 14827,28 manat (on dörd min səkkiz yüz iyirmi yeddi manat iyirmi səkkiz qəpik) borc olmaqla, cəmi 2419232,41 manat (iki milyon dörd yüz on doqquz min iki yüz otuz iki manat qırx bir qəpik) məbləğində pul və 29 (iyirmi doqquz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 3222929,28 manat (üç milyon iki yüz iyirmi iki min doqquz yüz iyirmi doqquz manat iyirmi səkkiz qəpik) məbləğində pul ləğv prosesində olan İddiaçı1 X6 xeyrinə tutulsun. Tutma ipoteka predmeti olan, Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən 702.0 kv.m sahədən ibarət qeyriyaşayış binasına yönəldilsin. Həmin əmlak açıq hərracda satılsın. Əmlakın satışından əldə olunmuş vəsait hesabına ləğv prosesində olan İddiaçı1 ASC-yə olan borc ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda həmin məbləğ Cavabdeh2 qaytarılsın. Əmlakın ilkin satış qiyməti ******* (yeddi milyon iyirmi min) manat məbləğində müəyyən edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat pul Cavabdeh1 MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. İddia verilərkən ödənilmiş dövlət rüsumunun 1 (bir) manat hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar