Məhkəmə qərarları › İş №2-2(113)-3109/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-3109/2025

23.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-3109/2025 23.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi və əsassız hesablanmış pul vəsaitinin geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: akt üzrə borcun silinməsi, ödənişin geri qaytarılması və dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi və əsassız hesablanmış pul vəsaitinin geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ondan asılı olmayan səbəblərdən dolayı, kənar müdaxilələr olmadan, quraşdırıldıqdan bir təqvim ili keçməmiş əriyərək sıradan çıxan köhnə elektron sayğacın dəyişdirilmə əvəz pulu olaraq borc kimi üzərinə tərtib edilən 185.19 AZN (yüz səksən beş manat 19 manat) və həmçinin 70 günlük sayğac müddəti üçün hesablanan 813.12 Azn (səkkiz yüz on üçün manat, 12 qəpik) borc məbləğlərinin silinməsi və borc göstərildiyi müddət tarixindən etibarən karta yüklənən məbləğlərdən borca çıxılmış ödənişlərin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, səlahiyyətində olan Nəsimi rayonu, 07/76/155 abonent kodlu və köhnə aptek adı ilə fəaliyyətini davam etdirən ticarət obyektinin ünvanında xx.xx.2024 tarixində- axşam 23:00- radələrində bir neçə dəfə qısaqapanlar baş vermiş və X3 rayonu şöbəsi tərəfindən quraşdırılmış elektron sayğac əriyərək sıradan çıxmışdır. Xüsusi bunu vurğulayır ki, sayğaç əriməsi zamarnı obyektdə olan kondisioner cihazı təmamilə istismara yararsız halda sıradan çıxmış yenisi ilə əvəz olunmuş və həmçinin bir neçə məişət avadanlaqlarına zərər dəymişdir. Həmçinin bunu da vurğulamaq istəyir ki, əriyərək sıradan çıxmış sayğaç köhnə mexaniki sayğacla dəyişdirlmə müddəti 1 ili tamamlamamışdır. Ərimiş sağyac 2023-cü ilin Oktyabr aylarında mexaniki sayğac təvhil alınaraq quraşdırılmışdır. Daha öncələr uzun müddət sabit şəkildə mexaniki tipli sayğac qüsursuz şəkildə və avadanlıqlara zərər vermədən istismara davam etmişdir. Lakin Azərişıq sahə əməkdaşlarının verdiyi məlumata əsasən mexaniki tipli sayğaclar yeni elektron tipli sayğaclarla əvəzolunması labüdlüyü səbəbi ilə daha öncədən heç bir nasazlıq baş verməyən mexaniki sayğac bəhs etdiyi elektron sayğaca dəyişdirilərək yenilənmişdi. On səkkiz iyun (xx.xx.2024) tarixində əriyərək sıradan çıxan sayğaca onun müraciəti əsasında xx.xx.2024 tarixində baxış keçirilmiş, sayğacın istismara yararsız olduğu müəyyənləşmiş və xx.xx.2024 tarixində akt tərtib olunaraq sayğac yuvasından təhvil alınaraq yaxın bir neçə gün ərzində yeni sayğacla əvəzlənəcəyi bildilrmişdi. Qeyd edir ki, ərimiş sayğac təhvil alındığı zaman obyektdə elektrik kəsintisi baş verməsin deyə yeni sayğac quraşdırılana qədər sayğac naqilləri Azərişıq əməkdaşları tərəfindən bir-başa elektrik qovşaq xəttinə birləşdirilmişdi. Bir neçə günə yeni sayğacla əvəz olunacağı bildirilsə də yeni SMARTKART tipli sayğac tam 70 gün sonra 29.08.24-cü ildə quraşdırılmış və akt tərtib edilmişdir. Bunu da xüsusi qeyd etmək istəyir ki, bu sayğac yenilənmələri zamanı Azərişıq əməkdaşları ilə arasında heç bir konillikt və ya narazılıqlar baş verməmiş əksinə hər bir hal isti münasibət, mehribanlıq və anlayışa əsasən yürüdülmüşdür. Yetmiş gün ərzində o bir neçə dəfə sahə əməkdaşlarına sayğacın niyə gec quraşdırılması ilə bağlı müraciətlər ünvanlamışdır. Lakin hər dəfəsində “səbrli olun, yaxın zamanda quraşdırılacaqdır” deyilmişdir. Bunu da qeyd edir ki, sayğac sıradan çıxdığı gün xx.xx.20224 tarixində o tərəfdən elektron sayğaca 50 AZN ödəniş edilmişdir. Lakin gec saatları olduğundan dolayı ödəniş xx.xx.2024 tarixində qeydiyyata düşmüşdür. Sayğac əriyib sıradan çıxdığı zaman isə sayğac ekranında ödəniş qalığı ilə bağlı heç bir məlumat göstərilməmiş və sayğac sönülü vəziyyətdə qalmışdır. Otuz Avqust tarixində yeni sayğac quraşdırıldığı zaman Azərişıq əməkdaşı tərəfindən bir neçə günə köhnə ödənişlərin yeni sayğacda hesablanacağı və bərabərləşdirələcəyi bildirilmişdi. Smartkart tipli sayğac quraşdırılına qədər onlar hər ay obyekt daxili hesablayıcı sayğaclarla nə qədər elektrik enerjisi sərf etdiyini qeyd edirmişlər. Yeni SmartCart tipli sayğac quraşdırıldıqdan sonra o obyekt daxili hesablayıcı sayğacın verdiyi məlumatlara əsasən və həmçinin əlavə borc yaranmasın deyə sayğacsız qalan müddətin təxmini yarana biləcək borcunu müəyyən ödənişlərlərlə etməyə başlamışdır. Köhnə elektron sayğac əridiyi gün xx.xx.2024 yüklədiyim 50 Azn-dən əlavə 30 Avqust tarixində yeni smartkart tipli sayğac quraşdırıldığı gündən etibarən 20 Azn (iyirmi azn) (0.40 qəpik komissiya xidmətləri ilə hesablanmışdır), Otuz bir Avqust tarixində 10 Azn (On azn) (0.20 qəp komissiya), xx.xx.2024 tarixində 20 Azn (İyirmi azn) (0.40 komissiya), kiçik-kiçik ödənişlər etdi. Həmçinin xx.xx.2024 tarixində 240.10 Azn (İki yüz qırx manat 10 qəpik) məbləğində daha qabarıq ödənişlər etməyə başlamışdır. Əlavə olaraq xx.xx.2024 tarixində 159.74 (yüz əlli doqquz manat 74 qəpik) ödəniş etmişdir. Sayğac sıradan çıxdığı gün yüklənən 50 Aznlə bərabər son qeyd etdiyim tarixə qədər toplam 498.84 AZN (dörd yüz doğsan səkkiz manat 84 qəpik) ödənişlər etmişdir. Köhnə sayğacın sıradan çıxdığı gün ödənilən 50 AZN istisna olmaqla yeni sayğac quraşdırıldığı gündən etibarən xx.xx.2024 tarixinə qədər etdiyim bütün ödəniş məbləğləri sərfıyyat olaraq tam şəkildə smartcartda qeyd olunur və kartdan bir başa sayğaca yüklənirdi. Lakin bir neçə gün sonra ödəniş terminalarında yenidən ödəniş etmək istədiyi zaman külli miqdarca borcun yarandığı görmüşdür. Bununla bağlı X3 rayonuna müraciət etmişdir. Orada ona xx.xx.2024 tarixli faktura ilə 813.12 Azn (Səkkiz yüz on iki manat on iki qəpik) borcunun qüvvəyə mindiyini bildirdilər. Bundan əlavə sayğac alınması və quraşdırılına tipli akta əsasən xx.xx.2024 tarixli faktura ilə 185.19 Azn (Yüz səksən beş manat 19 qəpik) əlavə borcunun yarandığı bildirildi. Sayğacsız sərfıyyat borcu və dəyişdirilmə aktı ili bərabər toplam 998.31 Azn (Doqquz yüz doğsan səkkiz manat otuz bir qəpik) borcunun olduğu bildirildi. Bu borclarla razılaşmayacağını və etiraz ərizəsi yazacağını bildirmişdir. Əlavə olaraq bunu da qeyd edir ki, sayğacda borc yarandıqdan sonra Smart kart tipli sayğac hər yüklənən ödənişə görə 50 faiz miqdarında ödənişin borca çıxıldığı göstərilir. Yəni örnək olaraq əgər o 20 Azn smart kart sayğaca ödəniş edirsə, 50 faiz borc və komissiya miqdarı çıxıldıqdan sonra 9.6 azn karta yüklənir. Borc məbləğinin yüksək olmasından dolayından və karta yüklənən ödənişin 50 faiz miqdarı borca çıxıldığından onlar elektrik enerjisi istifadə etməkdə çox çətinlik çəkirlər. Bu şəkildə onlar ticarət obyektini sayğacda Ödəniş bitdiyi zaman elektrik kəsilmə ehtmalından dolayı rahat istifadə edə bilmirlər. İstehlakçı və kiçik biznes sahibkarı olaraq istehlak fəalliyətlərində ciddi şəkildə geriləmələr baş verir. Bu problemlərdən dolayı o bu ilin Noyabr ayında Azərişıq ASC Müştəri Xidmətləri Baş ofisinə ərizə yazaraq müraciət etmişdir. Müraciətində 70 günlük sayğacsızlıq dövrünün düzgün hesablanılmadığını, həmçinin sayğacın gec quraşdırılmasının səbəblərinin ondan qaynaqlanmadığını bildirmişdir. xx.xx.2024-cü il bildiriş məktubuna əsassən müraciətimə baxılaraq sadəcə 98.67 Azn (doğsan səkkiz manat 67 qəpik) göstərilən borcdan silinərək dürüstləşmə aparıldığı bildirilmişdir. Lakin mən bu dürüstləşmə məbləği ilə razılaşmayaraq yenidən müraciət ünvanlamışdır. Qeyd edir ki, borc fakturası tərtib olunduğu tarixlərdən etibarən xx.xx.2024 tarixində 101.92 Azn (yüz bir manat 92 qəpik), xx.xx.2024 tarixində 19.6 Azn (on doqquz manat 60 qəpik), xx.xx.2024 tarixində 39.20 Azn (otuz doqquz manat 20 qəpik), xx.xx.2024 tarixində 19.6 Azn (on doqquz manat 60 qəp), xx.xx.2024 tarixində 19.60 Azn (on doqquz manat 60 qəpik), xx.xx.2024 tarixində 49 Azn (qırx doqquz manat) və bir neçə gün öncə yenidən 49 azn (qırx doqquz) ödəniş edilmişdir. Bütün bu ödənişlər komissiya xidməti daxil invoys hesabında göstərilmişdir.

3. 18.06.2025-ci il tarxində iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh Azərişıq ASC tərəfindən ona təqdim olunmuş aşağıdakı borcların əsassız və qeyri-dəqiq hesablandığını bildirir və tam məbləğdə silinməsini xahiş edir: 1. Sərfiyyat borcu: 813.12 AZN - İlk iddia ərizəsində qeyd etdiyi kimi Azərişıq ASC baş ofis və müştəri xidmətlərinə etdiyi müraciətlər əsasında Cavabdeh tərəfindən bu borcun 98.67 AZN-i silinmişdir və bununla bağlı ona bildiriş göndərilmişdir. Silinmə bildirişi və qaiməni daha öncədən elektron və surəti şəklində təqdim etmişdir. Hazırda qalıq borc: 714.45 AZN, tələbi: 714.45 AZN borcun tam şəkildə silinməsi 2. Sayğac dəyişdirilmə borcu: 185.19 AZN , tələbi: Bu borcun da tam şəkildə silinməsi nəticə olaraq, ümumi 899.64 (səkkiz yüz doxsan doqquz manat 64 qəpik) məbləğində borcun əsassız olduğu və silinməsini xahiş etmişdir.

4. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə verərək, cavabdeh tərəfindən ümumi 899.64 (səkkiz yüz doxsan doqquz manat 64 qəpik) məbləğində yazılmış borcun əsassız hesab olunaraq silinməsini və həmçinin zərurətdən dolayı ödədiyi 899.64 azn məbləğin ona geri qaytarılması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbinə dair cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı Mirkərim oğlu cavabdeh aktın ləğv edilməsi, borcun silinməsi və əsassız hesablanmış pul vəsaitinin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə əsasən bildirimişdir ki, iddianı Cəmiyyət qəbul etmir. Bildirir ki, xx.xx.2024-cü il tarixdə "xxxx" ASCnin əməkdaşları tərəfindən 07/76/155 (aptek) saylı abunə kodu üzrə sayğaca baxış keçirən zaman məlum olmuşdur ki, qeyri-yaşayış sahəsinə məxsus elektrik sayğacının alt birləşmə qrifləri yanaraq sıradan çıxmışdır, işlədicilər şəbəkəyə birbaşa qoşulmuşdur. Baxış zamanı xx.xx.2024-cü il tarixli NİQ001593 nömrəli akt tərtib edilmişdir. İcra vərəqəsinə əsasən: 8.8 kvt x 12 saat x x70 gün = 7392 kvts Tarif (0,11 man)- 7392 kVt.s x 0,11 man = 813 manat Tərtib edilmiş akt və icra vərəqəsindən göründüyü kimi akt qanuni və əsalı tərtib edilmişdir. Akt əsasında hesablanmış məbləğ cərimə deyil iddiaçının ay üzrə elektrik enerjisindən istifadəyə görə yaranmış və ödənilməmiş borc məbləğidir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı maddəsinə əsasən İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh Azərişıq ASC tərəfindən ona yazılmış 813,12 AZN məbləğində sərfiyyat borcu olan Azərişıq ASC baş ofis və müştəri xidmətlərinə etdiyi müraciətlər əsasında cavabdeh tərəfindən bu borcun 98.67 AZN-i silinmişdir və bununla bağlı ona bildiriş göndərilmişdir. Hazırda qalıq borc kimi görünən 714.45 AZN məbləğin, sayğac dəyişdirilmə ilə bağlı 185.19 AZN məbləğin, ümumilikdə 899.64 AZN məbləğində yazılmış borcun əsassız hesab olunaraq silinməsini və həmçinin zərurətdən dolayı ödədiyim bu 899.64 AZN məbləğin ona geri qaytarılması ilə bağlı qətnamə qəbul etməyinizi xahiş edir. Sonuncu dəqiqləşdirmə ərizəsinin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini xahiş edir.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsinə uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, yoxlama reyestrdə qeydiyyatdan keçməmişdir. Həmçinin iddiaçının sayğacın quraşdırılmasına görə ödədiyi 185,19 manat pulun geri qaytarılması ilə bağlı qeyd edir ki, bu tələb də əsassızdır, çünki sayğacın quraşdırılması xərci qeyri-əhali ilə bağlı abonentin özü tərəfindən ödənilir. Və abonent məlumatlarına əsasən iddiaçı tərəfindən aktlar üzrə bütün məbləğlər ödənilmişdir, borc yoxdur.

III.Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. 15.05.2024-cü il tarixli 324746 №-li Elerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsinə əsasən "xxxx" ASC ilə İddiaçı arasında elektik enerjsinin istehlakı və alqı-satqısı barədə müqavilə imzalanmışdır.

10. xx.xx.2024-cü il tarixli NİQ001593 nömrəli akta əsasən **********70000 abonent kodlu obyektdə (Aptek) yoxlama keçirilmiş və baxış zamanı məlum olub ki, qeyri yaşayış sahəsinə məxsus elektrik sayğacının alt birləşmə qrifləri yanaraq sıradan çıxmışdır, işlədicilər şəbəkəyə birbaşa qoşulmuşdur.

11. xx.xx.2024-cü il tarixli R064135 nömrəli akta əsasən **********70000 abonent kodlu Aptekə baxış keçirilən zaman məlum olub ki, sayğacın giriş qrifi ərimişdir.

12. 29.08.2024-cü il tarixli Sayğac Sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə Akta əsasən xx.xx.2024-cü il tarixli NİQ001593 nömrəli akta əsasən sayğac yenisi ilə əvəz edilmişdir.

13. xx.xx.2024-cü il tarixli hesab ödəniş vərəqinə əsasən 311892 №-li Sayğac Sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə Akta əsasən abonentçiyə 185,19 manat borc yazılmışdır.

14. xx.xx.2024-cü il tarixli "xxxx" ASC-nin akt komissiyasının sədrinin icra vərəqəsi ilə **********70000 abonent kodlu Aptek üçün xx.xx.2024-cü il tarixli NİQ001593 nömrəli akt əsasında 813 manat borc hesablanmışdır.

15. 23.11.2024-cü il tarixli "xxxx" ASC tərəfindən X1 müraciətinə cavab olaraq bildirilmişdir ki, 07/76/155 nömrəli abunə kodu üzrə qeyri-yaşayış sahəsinin elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunmuş, xx.xx.2024-cü il tarixində "xxxx" ASC-nin nəznində fəaliyyət göstərən komisiyada protokol tərtib olunaraq, kompüter məlumatlar bazasında 897 kVt.s (98,67 manat) elektrik enerjisinin dəyərində dürüstləşmə aparılmışdır.

16. **********70000 abonent kodlu Aptekin abunə haqqında məlumatdan görünür ki, sayğacın alınması və quraşdırılması üçün xx.xx.2024-cü il tarixində abonentçiyə - 185,19 manat, NİQ001593 saylı akt üzrə isə 813,12 manat borc yaranmışdır. Daha sonra 813,12 manat borcdan 98,67 manat azalma aparılmışdır.

17. Məhkəmə iş materiallarını nəzərdən keçirərək və tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

18. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.

19. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

20. İş materiallarından göründüyü kimi iddiaçı ona məxsus Aptekdə keçirilmiş yoxlama nəticəsində hesablanmış borcun əsassız hesab edilərək silinməsini və həmin akt üzrə ödədiyi 714,45 manatın və sayğacın dəyişdirilməsinə görə ödədiyi 185,19 manat geri qaytarılmasını xahiş edir.

21. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2024-cü il tarixli NİQ001593 nömrəli akta əsasən **********70000 abonent kodlu obyektdə yoxlama keçirilmiş və baxış zamanı məlum olur ki, qeyri yaşayış sahəsinə məxsus elektrik sayğacının alt birləşmə qrifləri yanaraq sıradan çıxmışdır, işlədicilər şəbəkəyə birbaşa qoşulmuşdur. Həmin yoxlama nəticəsində qeyri-yaşayış sahəsinə son olaraq 714,45 manat borc hesablanmışdır. Aktda hər-hansı müdaxilənin mövcudluğu qeyd edilməmişdir. Cavabdehin nümayəndəsinin izahatına əsasən keçirilmiş yoxlama reyestrdə qeydiyyata alınmamışdır. Həmçinin məhkəmə iclasında iştirak edən cavabadehin nümayəndəsi bildirmişdir ki, iddiaçı bütün borcunu ödəmişdir.

22. Həmçinin 311892 №-li Sayğac Sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə Akta əsasən sayğac yenisi ilə əvəz edilmiş və sayğacın alınması və quraşdırılmasına görə **********70000 abonent kodlu Aptekə 185,19 manat borc hesablanmışdır. Cavabdehin nümayəndəsinin izahatına əsasən həmin məbləğ də iddiaçı tərəfindən ödənilmişdir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın:

24. 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir.

25. 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadə zamanı pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini də məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir. Bu izahatlar və mülahizələr akta əlavə olunur.

26. 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır.

27. 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir.

28. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun:

29. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

30. 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlıqda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsinə aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər.

31. 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir.

32. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin:

33. 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

34. 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

35. 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır.

36. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Bundan əlavə, yoxlama zamanı sayğacda müəyyən edilən qüsurların iddiaçının təqsiri, hər-hansı müdaxiləsi nəticəsində əmələ gəlməsi məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmadı.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

38. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı məxsus Apteka xx.xx.2024-cü il tarixli NİQ001593 nömrəli Akta əsasən hesablanmış 714,45 manat borc əsassız hesab edilərək **********70000 kodlu abonent hesabından silinməli və həmin Akt üzrə iddiaçı tərəfindən cavabdehə ödənilmiş 714,45 manat pul vəsaiti cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı geri ödənilməlidir.

39. Həmçinin iddiaçı 311892 №-li Sayğac Sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə Akta əsasən yeni sayğacın alınması və quraşdırılmasına görə ödədiyi 185,19 manat məbləğin geri qaytarılmasını tələb edir. Məhkəmə iddia tələbini bu hissədə əsassız hesab edir.

40. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən “İstilik enerjisindən istifadə qaydaları”nın təsdiq edilməsi haqqında qanunun 3.3-cü maddəsinə əsasən istehlakçıların sayğacla təchiz edilməsi, onun quraşdırılması və dəyişdirilməsi əhali qrupuna aid olan istehlakçılara münasibətdə bu Qaydaların 3.4-cü bəndində nəzərdə tutulan hallar istisna olmaqla, Müəssisənin vəsaiti hesabına, qeyri-əhali qrupuna aid olan istehlakçılara münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir.

41. Belə ki, **********70000 kodlu Aptek qeyri-əhalı kateroriyasina aid olduğuna görə sayğacla təchiz edilməsi, onun quraşdırılması və dəyişdirilməsi abonentçinin öz vəsaiti hesabına aparılmalıdır. Odur ki, iddia ərizəsi həmin hissədə rədd edilməlidir.

42. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya xx.xx.2024-cü il tarixli NİQ001593 nömrəli Akta əsasən əsassız olaraq hesablanmış 714,45 manat borc **********70000 kodlu abonent hesabından silinməli və həmin Akt üzrə iddiaçı tərəfindən cavabdehə ödənilmiş 714,45 manat pul vəsaiti cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı geri ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.

43. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

44. Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

45. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı məxsus Apteka xx.xx.2024-cü il tarixli NİQ001593 nömrəli Akta əsasən əsassız olaraq hesablanmış 714,45 manat borc **********70000 kodlu abonent hesabından silinsin və həmin Akt üzrə iddiaçı tərəfindən cavabdehə ödənilmiş 714,45 manat pul vəsaiti cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı geri ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 30 manat pul vəsaiti cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar