Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-3239/2022 05.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Şahıd oğlunun X7 qarşı "maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, X3 2730 manat maddi zərərin, 1000 manat mənəvi zərərin əvəzinin, dovlət rüsumu və vəkilə ödənilmiş xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 aprel 2022-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, qətnamə ləğv edilərək iş aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. İddia onunla əsaslandırılmışdır ki, 25 sentyabr 2019-cu il tarixdə 22 ton taxıl Cavabdeh satmışdır. Cavabdeh 22 ton taxılı qəbul etsə də, taxılın pulundan 2500 manatını ödəməyərək onu səhvən başqasına ödədiyini bildirmişdir. Bunun ona aidiyyatının olmadığını, səhvən məsuliyyətinin onun üzərinə düşdüyünü bildirsə də heç bir nəticəsi olmamışdır. Cavabdeh 2500 manatı ödəməkdən imtina edir. Maddi zərər 2500 manat əsas borcdan, pul öhdəliyinin icra edilməməsi səbəbindən 22 ay üçün 230 manat əldən çıxmış faydadan ibarətdir. Mənəvi zərərin vurulması cavabdehin öhdəliyini yerinə yetirməməsi iddiaçıya mənəvi iztirab verir, həmçinin səhhətinə mənfi təsir edir. O, qanunsuz əməli ilə mənəvi sarsıntı və iztirab keçirməyinə səbəb olmuşdur. Nəticədə ona mənəvi zərər vurulmuşdur. Cavabdehin törətdiyi hüquq pozuntusu üzrə ona vurulmuş mənəvi zərəri maddi ölçülərlə ifadə etmək əlbəttə ki, mümkün deyildir. Bununla belə hazırkı iddianın məqsədləri üçün vurulmuş mənəvi zərər 1000 manat həcmində qiymətləndirilir. İddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı özünə məxsus 22 ton taxılı 25 sentyabr 2019-cu il tarixdə Cavabdeh satmışdır. Aktla təsdiq olunur ki, tərəflər arasında alqı-satqı münasibəti mövcud olmuşdur. Əgər hazırda taxıl cavabdehdədirsə, dəyərini ödəmək öhdəliyi də cavabdeh tərəfindən yerinə yetirilməlidir. Taxılın Cavabdeh satılması və həmin taxılı qəbul etməsi işin mübahisəsiz halıdır. İddiaçı tərəfindən məhsul Cavabdeh yox, Ruslana göndərilmiş, daha sonra Ruslan tərəfindən həmin 22 ton məhsulun hamısı Cavabdeh təhvil verilmişdir. Tərəflərin imzaladığı aktda “Ruslana ödənilmiş 2500 manatı öz aramızda müzakirə edəcəyik” cümləsi də qeyd olunmuşdur. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, iddiaçı ilə cavabdeh arasında hər-hansı sövdələşmə olmamışdır. Cavabdeh, Ruslan və Musa adlı şəxslərlə razılaşmış, Musa, Fəxrəddinə zəng edib, taxıl satdığını bildirmiş, Fəxrəddin də nümunə istəmişdir. Onlar nümunə gətirdikdən sonra 22 ton taxılı, tonu 360 manata Fəxrəddinə satmağa, sonuncu isə həmin taxılı almağa razılaşmışdır. Danışılan vaxtda taxıl anbara gətirilmiş, malın təxminən yarısı boşalanda Ruslan təcili pul lazım olduğunu bildirərək 2500 manatın ödənilməsini tələb etmiş, mal boşaldıqdan sonra gəlib qalan məbləği də alacağını bildirilmişdir. Fəxrəddin də pulu Ruslana vermişdir. Həmin anda heç bir şübhəli vəziyyət olmamış, İlqar adlı şəxs 2-3 gün sonra polis bölməsində Fəxrəddini görmüşdür. Fəxrəddin vicdanlı adam kimi İlqarla orada razılaşıb, 3-4 gündən sonra malın pulunun qalan 5640 manat hissəsini İlqara vermişdir. İndi hansı səbəbdən həmin pulun Fəxrəddindən tələb edilməsi məlum deyil. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan: - Azərbaycan Respublikası DİN Bakı Şəhər BPİ-nin Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, X4 şikayət ərizəsi ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. - X10 və İddiaçı tərəfindən tərtib edilmiş aktda qeyd olunmuşdur ki, X2 adlı şəxslə bir tonu 360 manata razılaşaraq 22 ton buğda almağa razılıq vermişdir. Qeyd olunan mal anbara boşaldılan zaman 2500 manatı Ruslan adlı şəxsə malın dəyərinin bir hissəsi kimi ödəmişdir. Mal anbara boşaldılandan sonra məlum olmuşdur ki, malın sahibi X5r. 25 sentyabr 2019-cu il tarixdə İddiaçı Şahıd oğlu ilə bir tonu 350 manat razılığa gələrək, malın pulunun qalan hissəsini yəni 5640 manatı ona ödəmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Tərəflər arasında imzalanmış akta əsasən X6 İddiaçı bir tonu 350 manatdan razılığa gələrək, malın pulunun qalan hissəsini yəni 5640 manatı ödəməsi, eyni zamanda Ruslan adlı şəxs tərəfindən 2500 manat dəyərində malın X1 və onun sahibliyində olması işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilmədiyindən və işin halları ilə sübuta yetirildiyindən məhkəmə qeyd olunan xüsusatlara işin mübahisələndirilməyən halları kimi qiymət verir. İddia ərizəsinin məzmunundan və əsaslandırmasından görünür ki, borcun yaranması tərəflər arasında alqı – satqı müqaviləsi üzrə yaranmış öhdəliklərin yerinə yetirilməməsi, yəni, satılmış malın dəyərinin ödənilməməsi ilə əsaslandırılmışdır. Cavabdehin iddiaya etirazının əsasını 2500 manat məbləğində pulun Cavabdeh tərəfindən Ruslan adlı şəxsə ödənilməsi təşkil edir. Göründüyü kimi, iddiaçı ona məxsus olan taxılın ödənilməmiş dəyərini tələb etdiyindən, cavabdeh isə iddiaçıya məxsus malın 2500 manat dəyərində olan hissəsini Ruslan adlı şəxsə ödədiyini bildirdiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbləri baxımından tərəflər arasında alqı-satqı müqaviləsi üzrə taxılın təhvil verilməsini sübut etmək yükü iddiaçının üzərinə düşür. Məlum olduğu kimi, alqı-satqı müqaviləsi “öhdəlik müqaviləsi” təbiətində yaradıcı əqddir; alıcı və satıcının qarşılıqlı və bir-birinə uyğun iradələri ilə mübadilə (sinallaqma) əlaqəsi içərisində yer alan qarşılıqlı öhdəliklər meydana gətirir. Alıcının əsas vəzifəsi satış qiymətini ödəmək, satıcının əsas vəzifəsi isə malın təslim olunması və mülkiyyətinin ötürülməsi şəklində meydana çıxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. - 181.2-ci maddəsinə əsasən əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. - 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. - 389.1-i maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Sadalanan maddələrin dispozisiyasından aydın olur ki, müqavilənin bağlana bilməsi, hüquqi nəticələr doğurması üçün bəzi ünsürlərin (elementlərin) mövcud olması tələb edilir. Bu ünsürlər əsasən, müqavilənin tərəfləri, bir-birinə uyğun və qarşılıqlı iradə ifadələridir. Bu baxımdan müqavilənin bağlanması üçün tərəflərin müqavilənin mühüm şərtləri barədə lazımı formada razılığa gəlmələri tələb edilir. Bu tələb MM-in 405.1-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. - 570.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda, alqı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır. İddia tələbi üzrə mübahisənin yaranması üçün əsas olmuş və ilkin olaraq araşdırılmalı məqam ondan ibarətdir ki, alqı – satqı müqaviləsi üzrə münasibətlər yarandığı, yəni, X10 malı qəbul etdiyi zaman 22 ton taxılın dəyərini ödəmək öhdəliyinin 2500 manat məbləğində hissəsini Ruslan adlı şəxs, 5640 manat məbləğində hissəsini isə İddiaçı qarşısında icra etmişdir. Malın qəbul edildiyi vaxt İddiaçı ilə X10 arasında alqı – satqı müqaviləsi üzrə münasibətlər yaranmamışdır. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda iddiaçının qohumu X4 izahatında da qeyd olunmuşdur ki, taxılı özünü Ruslan kimi təqdim edən şəxsə satmağa razılaşmışlar və taxıl sonuncuya təhvil verilmişdir. Cavabdehlə alqı – satqı müqaviləsi üzrə münasibətlər Ruslan adlı şəxs arasında yaranmış və taxılın dəyərinin bir hissəsini - 2500 manat məbləğində pul vəsaitini ona ödəmişdir. Cavabdeh üzərinə düşən öhdəliyin bir hissəsini, səlahiyyətli, yəni, taxılı ona təhvil verən şəxs qarşısında icra etmişdir. Bundan sonra tərəflər arasında akt imzalandığı zaman İddiaçı taxılın ona məxsus olduğunu bildirdiyinə görə Cavabdeh qalan məbləği ona ödəmişdir. Aktın imzalanması ilə İddiaçı taxılın Cavabdeh qalması ilə razılaşmış və qalan pul vəsaitini sonuncudan qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 433.1 və 433.2-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. Beləliklə, işin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh alqı – satqı müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam icra etmişdir. Aktla bağlı bir məqamı da qeyd etmək lazımdır ki, aktda X2 adlı şəxslə bir tonu 360 manata razılaşaraq 22 ton buğda almağa razılıq verməsi, mal anbara boşaldılan zaman 2500 manatı Ruslan adlı şəxsə malın dəyərinin bir hissəsi kimi ödəməsi, mal anbara boşaldılandan sonra malın sahibinin X8 olmasının məlum olması, 25 sentyabr 2019-cu il tarixdə İddiaçı Şahıd oğlu ilə bir tonu 350 manat razılığa gələrək, malın pulunun qalan hissəsinin, yəni 5640 manatın ona ödənilməsi barədə hissələrinin qeyd olunduğu hissə hər 2 şəxs tərəfindən imzalanmışdır. Bundan sonra həmin aktda “Ruslana ödənilmiş 2500 manatı öz aramızda müzakirə edəcəyik” cümləsi də qeyd olunmuş və həmin hissə yalnız İddiaçı tərəfindən imzalanmışdır, yəni, həmin hissədə Cavabdeh hər hansı iradə ifadəsi mövcud deyildir. Məhkəmə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, X10 tərəfindən malın 5640 manat dəyərində olan hissəsini İddiaçı ödəməsi taxılın sahibi kimi tanımasını təsdiq etsə də, bu fakt onun 2500 manata alınmış taxıla münasibətdə vicdansız əldə edən sayılması üçün əsas yaratmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli qərarında qeyd olunmuşdur ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Məhkəmə iddianın 2730 manat məbləğində pul vəsaitinin ödənilməsi hissəsinin əsassız olması qənaətinə gəldiyinə görə mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı araşdırma aparmağa zərurət qalmır və buna görə də məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia rədd edilməli, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2-2(113)-3239/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-3239/2022
05.07.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver