Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-3274/2022 06.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Ləğv prosesində olan “X1” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi nun Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Ləğv prosesində olan “X1” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli 01 nömrəli kredit xətti müqaviləsi üzrə 108541,08 manat əsas borc, 46726,69 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 22369,39 manat cərimə, 6904,42 manat kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 184541,58 manat kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" X2 Səhmdar Cəmiyyəti ilə Cavabdeh MMC arasında bağlanmış 06 aprel 2015-ci il tarixli, 01 nömrəli kredit xətti müqaviləsinə əsasən MMC-yə 36 ay müddətinə illik 18% dərəcəsi ilə 300000 manat məbləğində kredit verilmişdir. Cavabdeh tərəfindən kredit müqavilələrinin 4.2, 4.5, 6.1 və 6.2-ci bəndlərinə əsasən kredit məbləğini və ona hesablanmış faizləri kredit müqavilələrinə əlavə olunmuş kreditin və faizin ödənilmə qrafikinə uyğun hər ay sabit məbləğində banka qaytarmaq barədə öhdəlik götürülməsinə baxmayaraq, MMC tərəfindən bu öhdəliklər lazımınca yerinə yetirilməmişdir. Kredit müqavilələrinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər edilməsinə, xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən kredit borclarının banka qaytarılması təmin edilməmişdir. Göründüyü kimi, bank tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, kredit müqaviləsində qeyd olunan pul məbləği cavabdehə verilməmişdir. Ona görə də cavabdehin borcu mövcud deyildir. Odur ki, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edir. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - “X1” Açıq Səhmdar Cəmiyyəti (bank) ilə Cavabdeh MMC (borc alan) arasında bağlanmış 06 aprel 2015-ci il tarixli, 01 saylı kredit xətti müqaviləsinə əsasən bank borc alana 36 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 300000 manat məbləğində kredit verməyi, borc alan isə krediti qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kredtin məbləğini və ona hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Kredit borc alanın fəaliyyətinin genişləndirilməsi məqsədi ilə verilmişdir. Müqaviləyə əsasən kredit üzrə faizlər kreditdən istifadə edildiyi tarixdən onun tam ödənildiyi tarixə qədər hesablanır. Kredit üzrə vaxtı keçmiş kredit borcu əmələ gəldikdə borc alan tərəfindən banka vaxtı keçmiş kredit borcunun yaranması tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək olan dövr üçün illik 36 %-lə hesablanan cərimə faizləri ödənilməlidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. - 20 iyun 2022-ci il tarixli, **********232 saylı maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin 06 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə “X1” ASC-yə xx.xx.2022-ci il tarixə əsas borcu 108541,08 manat, müqavilə müddəti üçün hesablanmış faiz borcu 46726,69 manat, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə 24690,32 manat, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu 22755,7 manat, ümümi borc isə 202713,79 manat təşkil edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 avqust 2022-ci il tarixli, 9/4892 saylı ekspert rəyindən müəyyən olunur ki, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış 06 aprel 2015-ci il tarixli, 01 saylı kredit müqaviləsinə əsasən ekspert qarşısında qoyulmuş sual üzrə müqavilə müddəti bitən 06 aprel 2018-ci il tarixinə və müqavilə müddəti bitən tarixdən 16 iyun 2022-ci il tarixinə illik 5%-lə hesablanmaqla Cavabdeh MMC-nin iddiaçı "Dekabank” Kommersiya Bankı ASC- yə olan borcu qeyd edilən tarixlər üzrə aşağıdakı kimi müəyyən edilir: 06 aprel 2018-ci il tarixinə (müqavilə müddəti bitən tarixə) əsas borc üzrə 111295,13 manat, faiz borcu üzrə 47925,46 manat; 16 iyun 2022-ci il tarixinə əsas borc üzrə 111295,13 manat, faiz borcu üzrə 47925,46 manat, illik 5%-lə hesablanan faiz borcu 23341,06 manat. Bundan başqa rəydə qeyd edilmişdir ki, təqdim edilmiş iş materiallarında iddiaçı bank tərəfindən 06 aprel 2015-ci il tarixli, 01 saylı kredit müqaviləsi üzrə cərimə borcunun hesablanmasını özndə əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırkı ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə (dəbbə) borcu hesablanmadı. - Ləğv prosesində olan “X1” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 10 iyul 2019-cu il tarixli, **********454 nömrəli xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, sonuncuya kredit müqaviləsi üzrə borcun 3 (üç) gün müddətində banka ödənilməsi təklif edilmiş, borc ödənilmədiyi təqdirdə bank tərəfindən borcun tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Nəticədə iddiaçının həmin öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququ yaranmışdır. İddia tələbinin bir hissəsini xx.xx.2015-ci il tarixli 01 nömrəli kredit xətti müqaviləsi üzrə 108541,08 manat əsas borcun və 46726,69 manat müqavilə müddəti üçün hesablanmış faiz borcunun cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə sadalanan qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi göstərilən, yəni cavabdehdən əsas və faiz borcunun tutulması hissəsində təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə 06 aprel 2015-ci il tarixli, 01 saylı kredit xətti müqaviləsi üzrə 108541,08 manat (yüz səkkiz min beş yüz qırx bir manat səkkiz qəpik) məbləğində əsas borc və 46726,69 manat (qırx altı min yeddi yüz iyirmi altı manat altmış doqquz qəpik) məbləğində faiz borcu tutulmalıdır. İddia tələbinin digər hissəsini cavabdehdən 22369,39 manat cərimə borcunun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən, müqavilə şərtləri nəzərə alınaraq iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 5000 (beş min) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddia tələbinin digər hissəsini 6904,42 manat kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcunun cavabdehdən tutulması təşkil edir. Müqavilə müddəti bitdikdən sonrakı dövr üçün müqavilə üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5 faiz olmaqla hesablanmış 6904,42 manat faiz tutulması barədə iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi, bank kreditin verilmə müddəti bitdikdən sonrakı dövr üçün borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% hesabı ilə faiz tələb etmək hüququna malik olduğundan həmin hissədə idda təmin edilməli, iddiaçı tərəfindən müqavilə üzrə müqavilə müddəti bitdikdən sonrakı dövr üçün borcun ödənillməsinin gecikdirildiyi müddət üzrə hesablanmış 6904,42 manat məbləğində faiz cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda qeyd olunmalıdır ki, ekspert rəyində borc məbləğləri tələbdə göstərilən məbləğlərdən daha artıq olsa da, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərini əsas götürmüşdür. Belə ki, həmin maddəyə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Eləcə də cavabdeh iddia tələbini qəbul etməsə də, izahatında göstərdiyi hallarla bağlı məhkəməyə sübut təqdim etməmişdir. İddiaçı həmçinin 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə münasib olaraq iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 27 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eləcə də iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Cavabdehndən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 06 aprel 2015-ci il tarixli, 01 saylı kredit xətti müqaviləsi üzrə 108541,08 manat (yüz səkkiz min beş yüz qırx bir manat səkkiz qəpik) məbləğində əsas borc, 46726,69 manat (qırx altı min yeddi yüz iyirmi altı manat altmış doqquz qəpik) məbləğində faiz borcu, 5000 (beş min) manat məbləğində cərimə, müqavilə müddəti bitdikdən sonrakı vaxt üçün hesablanmış 6904,42 manat (altı min doqquz yüz dörd manat qırx iki qəpik) məbləğində faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 27 (iyirmi yeddi) manat olmaqla, cəmi 167199,19 manat (yüz altmış yeddi min yüz doxsan doqquz manat on doqquz qəpik) məbləğində pul vəsaiti tutularaq ləğv prosesində olan “X1” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Cavabdehndən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №2-2(113)-3274/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-3274/2022
06.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver