Məhkəmə qərarları › İş №2-2(113)-342/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-342/2020

11.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-342/2020 11.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “kredit borcu” tələbinə dair iqtisadi mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh MMC-yə qarşı “kredit borcu” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək (Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamı ilə həmin İnzibati-İqtisadi Məhkəmələr ləğv edilərək, İnzibati və Kommersiya Məhkəmələri təşkil edilmişdir.), xx xxxxxx 2014-cü il tarixli 03 saylı kredit müqaviləsinə əsasən 1.397.767,89 manat əsas və 684.957,52 manat faiz borcu və 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-nin Nərimanov filialı ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 03 saylı kredit müqaviləsinə əsasən 1375267.89 manat əsas, kredit müqaviləsinin müdətinin başa çatdığı xx.xx.2017-ci il tarixə 343787.4 manat faiz borcu, müqavilənin bitdiyi tarixdən sonra illik 5 faizlə hesablanmış 235651 manat əldən çıxmış fayda olmaqla 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC-nin Nərimanov filialı ilə Cavabdeh MMC arasında bağlanmışxx xxxxxx 2014-cü il tarixli 03 saylı Kredit müqaviləsi əsasında Cəmiyyətə 3 ay müddətinə illik 13 faiz olmaqla ******* manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin müddəti başa çatsa da, cavabdeh bank qarşısında olan borc öhdəliyini yerinə yetirməmişdir. Buna görə də kredit müqaviləsinə xx.xx.2015-ci il tarixdə razılaşma əlavə edilərək, qalıq borc məbləği 1899694.73 manat olmaqla müqavilənin müddəti xx.xx.2017-ci il tarixədək uzadılmışdır. Hal-Hazırda kredit müqaviləsinin müddətinin başa çatmasına baxmayaraq cavabdeh bank qarşısında olan borc öhdəliyini təkrar olaraq yerinə yetirməmişdir. Qeyd olunan kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə cavabdehin banka olan borcu 1397767.89 manat əsas borc, 684957.52 manat faiz borcu qalmışdır. Eyni zamanda cavabdehin xx xxxxxx 2014-cü il tarixli 03 saylı kredit müqaviləsinə əsasən 1375267.89 manat əsas, kredit müqaviləsinin müdətinin başa çatdığı xx.xx.2017-ci il tarixə 343787.4 manat faiz borcu, müqavilənin bitdiyi tarixdən sonra illik 5 faizlə hesablanmış 167651.64 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümyəndələrinin izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı ASC-nin “Rabitə” filialı və Cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 03 saylı kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq Borcalana müəyyən müddətə, məqsədli istifadə, qaytarılmaq, faizlər ödənilmək və təminatlılıq şərti ilə ******* manat məbləğində kredit verilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 1.1-ci maddəsinə əsasən, Borcalan aldığı krediti və kredit üzrə hesablanacaq faizləri bu Müqavilədə göstərilən müddətə və qaydada Kreditora qaydatmağı öhdəsinə götürür. Müqavilənin 1.3-cü maddəsinə əsasən, Kredit Borcalana dövriyyə vəsaitlərinin artırılması məqsədilə verilir. Müqavilənin 1.4-cü maddəsinə əsasən, kredit 3 ay müddətinə verilir. Müddət kreditin faktiki verildiyi tarixdən hesablanır. Müqavilənin 1.7-ci bəndinə əsasən, kreditdən istifadəyə görə Borcalan illik 13% ödəməyi öhdəsinə götürür. -xx xxxxxx 2014-cü il tarixli 03 saylı kredit müqaviləsinə əlavədən görünür ki, xx.xx.2014-cu il tarixdə ödəniş məbləğ 24266.67 manat, faiz ödənişi 24266.67 manat, xx.xx.2015-ci il tarixdə 21233.33 manat ödəniş məbləği, 21233.33 manat faiz ödənişi və xx.xx.2015-ci il tarixdə ******* manat ödəniş məbləği, 22750 faiz ödənişi olmaqla, cəmi ******* manat Cavabdeh MMC tərəfindən “xxxx” ASC-yə ödənilməli idi. - xx xxxxxx 2014-cü il tarixli 03 saylı müqaviləyə xx.xx.2015-ci il tarixli 1 nömrəli əlavədən görünür ki, qeyd olunan tarixdə tərəflər arasında bağlanmış razılaşmaya əsasən müqavilənin 1.4, 1.5, 1.9 və 1.11 ci bəndləri dəyişdirlərək tərəflər arasında kredit müqaviləsinin müddəti uzadılaraq 18 ay müəyyən edilmişdir. Həmin razılaşmanın 1.5-ci bəndinə əsasən Cavabdeh MMC verilmiş 1899694.73 manat və cari günə hesablanmış cərimə faizinin müəyyən edilmişdir. Həmin razılaşmanın 1.11-ci bəndinə əsasən aylıq 213000 manat məbləğində vəsait ilk növbədə Cavabdeh MMC-nin kredit borcunun ödənilməsinə yönəldilməsi, xx.xx.2015-ci il tarixədək kreditin illik faizi 13 hesabı ilə ödənilməsi, əgər xx.xx.2015-ci il tarixinə müştəri tərəfindən ******* manat məbləğində vəsait ödənilməzsə, belə halda bu tarixdən kredit üzrə illik faiz 16 həcmində müəyyən edilsin. -İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2017-ci il tarixli 1701/6628 bildirişdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 03 saylı Kredit müqaviləsi üzrə xx xxxxxx 2017-ci il tarixə olan 1397767.89 manat əsas, 658865,86 faiz borcunun 7 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq hüquqi tədbirlərin görülməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - İddiaçı ASC-nin xx.xx.2018-ci il tarixli 1701/87 nömrəli maliyyə arayışından görünür ki, xx xxxxxx 2014-cü il tarixli 03 saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2018-ci il tarixə Cavabdeh MMC-nin banka 1397767.89 manat əsas, 684957.52 manat faiz borcu var. - İddiaçı ASC-nin xx.xx.2018-ci il tarixli 1701/1291 nömrəli maliyyə arayışından görünür ki, xx xxxxxx 2014-cü il tarixli 03 saylı kredit müqaviləsi üzrə xx xxxx 2018-ci il tarixə Cavabdeh MMC-nin banka 1397767.89 manat əsas, 343787.40 manat faiz borcu və kredit müqaviləsinin müdətinin başa çatdığı tarixdən illik 5 faizlə hesablanmış əldən çıxmış fayda isə 83607.49 manat təşkil edir. - xx.xx.2015-ci il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2018-ci il tarixli və xx.xx.2017-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, tərəflər arasında imzalanmış xx.xx.2015-ci il tarixli 1899694.7 manat kredit borcu üzrə razılaşmadan sonra Cavabdeh MMC tərəfindən İddiaçı ASC-yə əsas borc üzrə 595437.1 manat faiz borcu üzrə 46494.87 manat olmaqla 641932 manat ödəniş edilmişdir. - İddiaçı ASC-nin xx.xx.2019-cu il tarixli 135000/1860 nömrəli maliyyə arayışından görünür ki, xx xxxxxx 2014-cü il tarixli 03 saylı kredit müqaviləsi üzrə xx xxxx 2019-cu il tarixə Cavabdeh MMC-nin banka 1375267.89 manat əsas, kredit müqaviləsinin müdətinin başa çatdığı xx.xx.2017-ci il tarixə 343787.40 manat faiz borcu və kredit müqaviləsinin müdətinin başa çatdığı tarixdən illik 5 faizlə hesablanmış əldən çıxmış fayda isə 167651.64 manat təşkil edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2019-cu il tarixli 13779 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən xx xxxxxx 2014cü il tarixli 03 saylı kredit müqaviləsi və hmin müqaviləyə dəyişiklik edilməsinə dair tərəflər arasında xx.xx.2015-ci il tarixdə imzalanmış razılaşmanın şərtləri, xx.xx.2018-ci il tarixədək edilən ödənişlər nəzərə alınmaqla Cavabdeh MMC-nin İddiaçı ASC olan əsas borcu 1304527,62 manat, faiz borcu 261929.36 manat olmaqla ümumilikdə 1566186.98 manat təşkil edir. Eyni zamanda qeyd edilir ki, təqdim edilmiş materiallarda olan bank tərəfindən tərtib edilmiş çıxarış məlumatlarında istifadə edilmiş kredit məbləği 1972081.08 manat göstərilsə də, iş materiallarında həmin məbləği təsdiq edən sənədlərdə öz əksini tapmamışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 20750 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən xx xxxxxx 2014cü il tarixli 03 saylı kredit müqaviləsi və hmin müqaviləyə dəyişiklik edilməsinə dair tərəflər arasında xx.xx.2015-ci il tarixdə imzalanmış razılaşmanın şərtləri (o cümlədən 1.11-ci bəndi də nəzərə alınmaqla) və eyni zamanda xx.xx.2018-ci il tarixədək edilən ödənişlər nəzərə alınmaqla Cavabdeh MMC-nin İddiaçı ASC olan əsas borcu 1305966.12 manat, faiz borcu 322732.24 manat olmaqla ümumilikdə 1628698.36 manat təşkil edir. Eyni zamanda qeyd edilir ki, təqdim edilmiş materiallarda olan bank tərəfindən tərtib edilmiş çıxarış məlumatlarında istifadə edilmiş kredit məbləği 1972081.08 manat göstərilsə də, iş materiallarında həmin məbləği təsdiq edən sənədlərdə öz əksini tapmamışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli 9/184 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən xx xxxxxx 2014-cü il tarixli 03 saylı kredit müqaviləsi və hmin müqaviləyə dəyişiklik edilməsinə dair tərəflər arasında xx.xx.2015-ci il tarixdə imzalanmış razılaşmanın şərtləri (o cümlədən 1.11-ci bəndi də nəzərə alınmaqla) və eyni zamanda xx.xx.2018-ci il tarixədək edilən ödənişlər nəzərə alınmaqla Cavabdeh MMC-nin İddiaçı ASC olan əsas borcu 1305966.12 manat, faiz borcu 322732.24 manat olmaqla ümumilikdə 1628698.36 manat təşkil edir. Eyni zamanda (Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-342/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərardadı ilə) ekspert qarşısında qoyulmuş 2-ci, 3-cü və 4-cü suallar üzrə bildirilmişdir ki, təqdim edilmiş iş materiallarında olan çıxarış məlumatlarında xx.xx.2015-ci il tarixində bank tərəfindən cavabdehin kredit hesabının debet hissəsində görsənmiş vəsaiti təsdiq edən kassa mədaxil qəbzlərinin təqdim edilməsi ilə bağlı sonuncu ekspert rəyindən də göründüyü kimi, vəsatət verilmiş, həmin vəsatətə cavab olaraq qeyd edilən cavabdehin kredit hesabının debet hissəsində görsənmiş 1899694,73 manat məbləği özündə əks etdirən ödəniş qəbzləri (kassa mədaxil qəbzləri) təqdim edilməmişdir. Bildirilir ki, məhkəmə-mühasibat ekspertizası ilkin sənədlərin məlumatları əsasında aparılan tədqiqatdır. Qeyd etmək lazımdır ki, mühasibat uçotu - mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyətəsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır (“Mühasibat uçotu haqqında” AR Qanunu, maddə 2.1.6). İlkin uçot sənədlərinin rəşmiləşdirilməsinə dair tələblər mühasibatuçotu sahəsini tənzimləyən normativ –hüquqi aktlarda müəyyən edilmişdir. Bu sənədlər təsərrüfat əməliyyatları haqqında etibarlı məlumatları əks etdirməli və həmin əməliyyatlaın həyata keşirildiyi andan zəruri rekvizitlər doldurulmaqla nümunəvi formalı blanklarda tərtib edilməlidir. İlkin uçot sənədləri özündə sənədin (formanın) adı, nömrəsi, kodu, tərtib edilmə yeri, tarixi, sənədi tərtib edən mühasibat uçotu subyektinin adı, təsərrüfat əməliyyatlarının məzmunu, məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları kimi zəruri rekvizitlər əks etdirir. Əməliyyatların xarakterindən və mühasibat uçotu subyektinin fəaliyyətinin xüsusiyyətindən asılı olaraq ilkin uçot sənədlərinə digər əlavə rekvizitlərin daxil edilməsinə yol verilir. İlkin uçot sənədləri əməliyyatların baş verdiyi anda, bu mümkün olmadıqda isə əməliyyatlar başa çatdıqdan sonra tərtib edilməlidir. Sənədlərin keyfiyyətli tərtibatı, onların vaxtında mühasibat uçotunda əks etdirilməsi üçün müəyyən edilmiş müddətlərdə təqdim edilməsi, sənədlərdəki məlumatların doğruluğu həmin sənədləri tərtib etmiş və imzalamış şəxslər tərəfindən təmin edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iş materiallarında olan çıxarış məlumatlarında xx.xx.2015-ci il tarixində bank tərəfindən cavabdehin kredit hesabının debet hissəsində görsənmiş məbləğin təyinatının konkret olaraq xx xxxxxx 2014-cü il tarixli, 03 saylı kredit müqaviləsi və həmin müqaviləyə dəyişiklik edilməsinə dair tərəflər arasında xx xxxxxx 2015-ci il tarixdə imzalanmış razılaşma üzrə olub-olmadığı, eyni zamanda hansı əsaslarla həmin hesaba köçürüldüyü və Bank tərəfindən həmin debet hesaba köçürülmüş vəsaitin hara silindiyini hazırki tədqiqatla müəyyən etməkmümkün olmadı. Bundan başqa qeyd edilir ki, təqdim edilmiş materiallarda olan bank tərəfindən tərtib edilmiş çıxarış məlumatlarında istifadə edilmiş kredit məbləği 1972081.08 manat göstərilsə də, iş materiallarında həmin məbləği təsdiq edən sənədlər (əlavə razılaşma) öz əksini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC-nin Nərimnov filialı və Cavabdeh MMC arasında xx xxxxxx 2014-cü il tarixli 03 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, bank tərəfindən borcalan 3 ay müddətinə illik 13 faiz ödənilməsi şərti ilə ******* manat məbləğində kredit verilməsi razılaşdırılmışdır. Tərəflər arasında xx xxxxxx 2014-cü il tarixli 03 saylı kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli 1 nömrəli əlavə imzalanmış. Qeyd olunan tarixdə tərəflər arasında bağlanmış razılaşmaya əsasən müqavilənin 1.4, 1.5, 1.9 və 1.11 ci bəndləri dəyişdirlərək tərəflər arasında kredit müqaviləsinin müddəti uzadılaraq 18 ay müəyyən edilmişdir. Qeyd olunan kredit borcu üzrə xx.xx.2015-ci il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2018-ci il tarixli və xx.xx.2017-ci il tarixli ödəniş qəbzlərinə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı ASC-yə əsas borc üzrə 595437.1 manat faiz borcu üzrə 46494.87 manat olmaqla 641932 manat ödəniş edilmişdir. Lakin İddiaçı ASC-nin xx.xx.2019-cu il tarixli 135000/1860 nömrəli maliyyə arayışına əsasən xx xxxxxx 2014-cü il tarixli 03 saylı kredit müqaviləsi üzrə xx xxxx 2019-cu il tarixə Cavabdeh MMC-nin banka 1375267.89 manat əsas, kredit müqaviləsinin müdətinin başa çatdığı xx.xx.2017-ci il tarixə 343787.40 manat faiz borcu və kredit müqaviləsinin müdətinin başa çatdığı tarixdən illik 5 faizlə hesablanmış əldən çıxmış fayda isə 167651.64 manat təşkil etmişdir. Bundan əlavə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli 9/184 nömrəli nömrəli ekspert rəyində xx xxxxxx 2014-cü il tarixli 03 saylı kredit müqaviləsi üzrə Cavabdeh MMC-nin əsas borcu 1305966.12 manat, faiz borcu 322732.24 manat olmaqla ümumilikdə 1628698.36 manat borcu olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 03 saylı kredit müqaviləsi üzrə cavabdeh öhdəliklərini tam icra etməmiş və banka borcu qalmışdır. İş üzrə təyin edilmiş ekspert rəyinə əsasən, Cavabdeh MMC-nin İddiaçı ASC-yə əsas borcu 1305966.12 manat, faiz borcu 322732.24 manat olmaqla ümumilikdə 1628698.36 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 131.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iddia tələbinin faiz borcunun ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, həm iddiaçı tərəfindən məhkəmyə təqdim edilmiş sübutlarla, habelə iş üzrə təyin edilmiş məhkəmə ekspertizasının nəticələrindən cavabdehin əsas kredit borcu üzrə faiz borcunun 343787.4 manat olmasını təsdiq edilməmişdir. Odur ki, məhkəmə mübahisə predmeti olan xx xxxxxx 2014-cü il tarixli 03 saylı kredit müqaviləsi habelə həmin müqaviləyə edilmiş xx.xx.2015-ci il tarixli 1 nömrəli əlavə üzrə cavabdehin kredit borcu üzrə faiz borcunun ekspet rəyində göstərilən 322732.24 manat olması qənaətinə gəlir. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, hazırki iş üzrə keçirilmiş ekspertizalar xərci olaraq 200 manat ekspertiza xərci cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-dən 1305966.12 manat əsas borc, 322732.24 manat faiz borcu, müqavilənin müddəti bitdikdən sonra illik 5% lə hesablanmış 235651 manat əldən çıxmış fayda və 30 manat dövlət rüsumunun olmaqla ümumilikdə 1864379.36 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, hərtərəfli, qərəzsiz və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən 1305966.12 manat əsas borc, 322732.24 manat faiz borcu, müqavilənin müddəti bitdikdən sonra illik 5% lə hesablanmış 235651 manat əldən çıxmış fayda və 30 manat dövlət rüsumunun olmaqla ümumilikdə 1864379.36 manat pulun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Cavabdeh MMC-dən 350 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ((hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar