Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-3423/2024 30.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: qazın alqı-satqı müqaviləsi, borcun silinməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı X2 Cavabdehnə (Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktın ləğv edilməsi və akt əsasında əsassız hesablanmış 3196,80 manat borc məbləğinin hesab kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu ünvanında iddiaçıya məxsus fermada küçədə qaz xətti üzərində quraşdırılmış G-4 markalı, 1602AZ**********67 saylı qaz sayğacına və qaz təsərrüfatına baxış keçirilmişdir. Baxış zamanı iddiaçının iştirakı olmadan sayğacda nöqsanın olmaması, lakin qaz cihazlarında sərfiyyatın uyğun gəlməməsi barədə 546552 saylı akt tərtib olunmuşdur. xx.xx.2018-ci il tarixdə ”Azəriqaz“ İB-nin nümayəndələri tərəfindən iddiaçının imzası olmadan ******* saylı akt tərtib edilərək 3 ay müddət üçün 3196,80 manat məbləğində itirilmiş təbii qaza görə dəymiş ziyan hesablanmışdır. Dəymiş ziyanla bağlı hesablanmış akt tam əsassız və qanunsuzdur. Belə ki, Cavabdeh İB-nin ərazi üzrə nümayəndələri tərəfindən təlimata əsasən qaz sayğaclarına hər ay baxış keçrilir, orada olan göstərici kompüter bazasına işlənilir. Buradan belə sual meydana çıxır ki, həmin aylar ərzində 'Cavabdeh İB tərəfindən təhkim edilmiş nəzarətçi tərəfindən sayğacın sərfiyyata uyğun olmaması görülməmişdirmi? Qeyd edilən ünvana dair arayışından göründuyü kimi, 2018-ci ilin mart ayında 114 manat, aprel ayında 67 manat, may ayında 156 manat hər ay karta pul vurularaq təbii qazdan istifadə olunmuşdur. Eyni zamanda lahiyədə bütün cihazlar olduğu və müqavilə bağlandıqda qaz ehtiyatlarının sərfiyyata uyğun olmaması barədə rəsmi olaraq Cavabdeh İB tərəfindən xəbərdarlıq olunmamışdır. Həmin ərazidə obyektin qaz təhcizatı əhali xəttinə qoşulduğundan orada qaz təzyiqi həmişə aşağı olmuşdur. Buna görə də eyni zamanda bütün qaz cihazlarını işləmək qeyri-mümkündür. Qeyd edilir ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən xəbərdarlıq olunmadan qaz xətti kəsilmiş və bunun nəticəsində istilik olmadığından təsərrüfata xeyli miqdarda maddi ziyan dəymişdir. Aktın ləğvi, cərimənin silinməsi ilə bağlı iddiaçı tərəfindən Cavabdeh İB-yə yazılı və şifahi müraciət edilmiş, lakin heç bir nəticə olmamış, tutulmalar dayanmamış və qanunsuz hesablanmış 3196,80 manat borc məbləği silinməmişdir. Qaydalara əsasən hesablanmış qazın dəyərinin ödənilməsi vaxtı istehlakçı tərəfindən qazdan istifadə qaydalarının pozulması aşkar olunan günə qədər ödənilmiş qazın dəyəri nəzərə alınmalı, yəni həmin məbləğ hesablanmış dəyərdən çıxarılmalıdır. Buradan göründüyü kimi, Cavabdeh İB karta ödənilmiş məbləğləri nəzərə almamışdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarına istinad olunmuşdur.
4. İddiaçı X2 məhkəməyə ərizə ilə müraciət edərək, iddiaçının əsl İddiaçı ilə əvəz edilməsini xahiş etmiş və ərizə təmin edilərək, iddiaçı X2 əsl İddiaçı ilə əvəz edilmişdir. Eyni zamanda İddiaçı X1 əsl iddiaçı olan MMC ilə əvəz olunmasını xahiş etmişdir.
5. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, Cavabdeh İB tərəfindən hesablanmış 3196,80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
7. Cavabdeh İB-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
8. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
9. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında işitrak edən zaman iddianı qəbul etməyərək rədd edilməsini xahiş etmiş, eyni zamanda bildirmişdir ki, 2018-cü ilin iyul ayında tərtib olunmuş akt üzrə hesablanmış 3196,80 manat borcdan 2979,30 manat ödənilməmiş qalmışdır.
10. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, paylayıcı qismində Cavabdeh İB ilə istehlakçı qismində İddiaçı MMC arasında xx.xx.2024-cü il tarixli, AMX-3140/24 saylı “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür.
11. İş materiallarına iddiaçı tərəfindən İddiaçı MMC ilə Cavabdeh İB arasında tərtib edilmiş qaz paylayıcısı və istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi barədə akt təqdim edilmişdir.
12. Cavabdeh tərəfindən qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında tərtib edilmiş xx.xx.2018-ci il tarixli, ******* saylı aktda qeyd edilmişdir ki, sayğaca baxış keçirilmiş, nöqsan yoxdur, cihazların saatlıq qaz sərfi 13,4 m3, sərfiyyatı 7,4 m3 keçir.
13. “Azərqaz” İB tərəfindən tərtib olunmuş ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda qeyd edilmişdir ki, G-4 markalı sayğaca qoşulmuş qaz cihazları saatlıq sərfiyyatı 7,4 m3 keçir, cihazların ümumi qaz sərfi 13,4 m3 olduğu aşkar edilmişdir.
14. Cavabdeh İB tərəfindən xx.xx.2018-ci il tarixdə qəbul olunmuş dəymiş ziyanın bərpasına dair tələbnamədə qeyd edilmişdir ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğ 15984 m3 müəyyən edilmişdir.
15. **********00090 saylı abonentin saldosundan müəyyən olunur ki, həmin abonent kodu üzrə 2018-cü ilin iyul ayında akt üzrə 3196,80 manat məbləğində borc hesablanmışdır.
Tətbiq edilən hüquq
16. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarının 2.10-cu bəndinə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir; 2.11-1-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
17. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
18. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; 1.5-ci bəndinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.
Məhkəmənin mövqeyi
20. İddia tələbi Cavabdeh İB tərəfindən hesablanmış 3196,80 manat məbləğində borcun silinməsindən ibarətdir.
21. İşin faktiki hallarından göründüyü kimi, yuxarıda qeyd olunan abonent kodu üzrə obyektə baxış keçirilmiş, baxış zamanı qeyri-qanuni qazdan istifadə edildiyi aşkar edilmişdir. Nəticədə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğ 15984 m3 müəyyən edilmişdir. 2018-ci ilin iyul ayında akt üzrə 3196,80 manat məbləğində borc hesablanmışdır.
22. Qeyd olunmalıdır ki, cavabdeh tərəfindən keçirilmiş yoxlamanın aparılması üçün qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş, aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.
23. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv hüquqi qiymət verərək, iddiaçı tərəfindən bir sıra ödənişlər edilərək, borcun 2979,30 manata (abonentin saldosundan 2023-cü ilin avqust ayı) kimi azaldığını (cavabdehin nümayəndəsi də həmin məbləğin ödənilməmiş qaldığını bildirmişdir) nəzərə alaraq hesab edir ki, borcun silinməsinə dair iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən hesablanmış 2979,30 manat (iki min doqquz yüz yetmiş doqquz manat otuz qəpik) məbləğində borc İddiaçı MMC-nin **********00090 saylı abonent hesabından silinməli, iddia qalan hissədə təmin olunmamalıdır.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 2979,30 manat (iki min doqquz yüz yetmiş doqquz manat otuz qəpik) məbləğində borc İddiaçı abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova