Məhkəmə qərarları › İş №2-2(113)-343/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-343/2020

18.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-343/2020 18.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 və Cavabdeh MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması FondununCavabdeh MMC (əvvəlki “xxxx” MMC) və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı kredit borcunun ödənilməsi “borc pulun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və digər” tələbi ilə bağlı kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən xx.xx.2014-cü il tarixli, KM 01 saylı kredit müqaviləsinə əsasən 3.000.000 manat əsas borcu, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə 118.208 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 178.750 manat faiz borcu, cəmi isə 3.296.958 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, xx.xx.2014-cü il tarixli, KM 01 saylı kredit müqaviləsi üzrə tutulacaq 3.296.958 manat borcunun xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmiş Cavabdeh MMC-yə məxsus xüsusi mülkiyyətdə olan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi – Lökbatan yolu 22A ünvanında yerləşən, ümumi sahəsi 4570,1 m2, 2 mərtəbəli qeyriyaşayış binasına yönəldilməsi, həmin əmlakların açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbinin həcminin artırılması barədə ərizələr təqdim edərək, yekun olaraq Cavabdeh MMC-dən 3.000.000 manat əsas, müqavilənin müddəti üzrə xx.xx.2016-cı il tarixinə 118.207,14 manat faiz, müqavilənin müddətinin bitdiyi tarixdən sonra gecikdirilmiş vaxt üçün əsas borca illik 5% hesablanmış 507 504,06 manat faiz borcunun, 495 000,47 manat cərimə borcunun, cəmi isə 4 120 711,67 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmiş Cavabdeh MMC-yə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi – Lökbatan yolu 22A ünvanında yerləşən, ümumi sahəsi 4570,1 m2, 2 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi, həmin daşınmaz əmlakın müəyyən edilmiş ilkin satış qiyməti ilə açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli, KM 01 saylı kredit müqaviləsinə əsasən, sonuncuya xx.xx.2015-ci il tarixinədək illik 5,5% olmaqla 3.000.000 manat məbləğində kredit verilmiş, xx.xx.2015-ci il tarixli 01 saylı kredit müqaviləsinə əlavəyə əsasən kreditin faizi 5% müəyyənləşdirilərək müddəti xx.xx.2016-cı il tarixinədək uzadılmışdır. xx.xx.2014-cü il tarixli, KM 01 saylı kredit müqaviləsinin təminatı olaraq bağlanılmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən “xxxx” MMC-yə məxsus xüsusi mülkiyyətdə olan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi – Lökbatan yolu 22A ünvanında yerləşən, ümumi sahəsi 4570,1 m2, 2 mərtəbəli qeyri-yaşayış binası İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bank tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə baxmayaraq, Cavabdeh MMC öz üzərinə düşən öhdəliklərini yerinə yetirməmiş, bu barədə dəfələrlə edilmiş xəbərdarlığa rəğmən borcun ödənilməsindən yayınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat vermiş, iddianı müdafiə etdiyini bildirərək, tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək izahatında tələbin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən, məhkəmə, işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankı hüquqlarının nəzərə alınması barədə ərizəsi ilə məhkəməyə (xx.xx.2019-cu il tarixli məhkəmə iclasında təqdim edilmişdir) müraciət edərək, hazırki iş üzrə iddia predmeti olan əmlakın ilkin ipoteka saxlayanı kimi çıxış edən AR Mərkəzi Bankın yekun məhkəmə aktı çıxarılan zaman hüquqlarının nəzərə alınmasını, yəni iddia təmin olunacağı təqdirdə əmlakın satışından əldə olunan vəsait hesabına ilk növbədə İddiaçı ASC-nin xx xxxxxx 2015-ci il tarixli,KBQ15-1786 nömrəli kredit müqaviləsi üzrə Mərkəzi Bank qarşısındakı 3 000 000 manat əsas, 55 750 manat faiz borcu olmaqla, ümumilikdə 3 055 750 manat kredit borcu ödənilməli, artıq vəsait qalarsa, Cavabdeh MMC-nin Ləğv prosesində olan İddiaçı ASC-yə qarşısındakı borcun ödənilməsinə yönəlməli olduğundan Mərkəzi Bankın ilkin ipoteka saxlayan kimi hüquqlarının ədalətli məhkəmə müdafiəsinin təmin olunmasını xahiş etmişdir. İş materiallarına olan: xx xxxxxx 2014-cü il tarixli, KM 01 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə xx xxxxxx 2015-ci il tarixinə qədər illik 5.5 (beş tam onda beş) faiz ödəmək şərti ilə 3 000 000 manat məbləğində kredit verilməsi barədə aralarında razılığa gəlmişlər. xx xxxxxx 2014-cü il tarixli KM 01 nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh MMC İddiaçı ASC-yə olan 3 000 000 manat əsas borcu 12 ay ərzində (xx.xx.2014-xx.xx.2015) ilk ayı 9625 manat aylıq 13750 manat olmaqla, 160 875 manat faiz borcu ilə birlikdə (ümumilikdə 3 160 875 manat olmaqla) ödəməlidir. xx xxxxxx 2014-cü il tarixli, KBQ14-1633 nömrəli kredit müqaviləsindən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İddiaçı ASC-yə 360 gün müddətində xx xxxxxx 2015-ci il tarixinə qədər tam ödənilməsi, illik 3,5 (üç tam onda beş) faiz ödəmək şərti ilə 3 000 000 manat məbləğində kredit verilməsi barədə aralarında razılığa gəlmişlər. xx xxxxxx 2014-cü il tarixli, İBQ14-1633 nömrəli (ipoteka saxlayan) Azərbaycan Respublikasının Mərkəzi Bankı, (ipoteka qoyan) Cavabdeh MMC və (borcalan) İddiaçı ASC ilə aralarında bağlanmış ipoteka müqaviləsindən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə İddiaçı ASC ilə arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, KBQ14-1633 nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh MMC-yə xüsusi mülkiyyət huququ ilə məxsus olan tərəflər arasında 4 000 000 (dörd milyon) manat məbləğində qiymətləndirilmiş Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi-Lökbatan yolu 22 A ünvanında yerləşən, ümumi sahəsi 4570,1 kv.m olan 2 mərtəbəli qeyri-yaşayış binası Azərbaycan Respublikası Mərkəzi Bankının xeyrinə ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. xx xxxxxx 2014-cü il tarixli, İM 01 nömrəli sonrakı ipoteka müqaviləsindən görünür ki, xx xxxxxx 2014-cü il tarixli, KM 01 nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh MMC-yə məxsus olan tərəflər arasında 4 000 000 (dörd milyon) manat məbləğində qiymətləndirilmiş Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi-Lökbatan yolu 22 A ünvanında yerləşən, ümumi sahəsi 4570,1 kv.m olan 2 mərtəbəli qeyri-yaşayış binası İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Cavabdeh MMC-yə xüsusi mülkiyyət hüquqi ilə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi-Lökbatan yolu 22 A ünvanında yerləşən qeyri-yaşayış binası KBQ14-1633 və KM 01 nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqavilələri əsasında Azərbaycan Respublikasının Mərkəzi Bankının xeyrinə, hüququn əvvəlki yüklülüyünün olmaması və yüklülüyün müddəti xx.xx.2015-ci il qeyd edilməklə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 60 nömrəli reyestr kitabının 5609 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Cavabdeh MMC-yə xüsusi mülkiyyət hüquqi ilə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi-Lökbatan yolu 22 A ünvanında yerləşən qeyri-yaşayış binası KM 01 nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi əsasında İddiaçı ASC-nin xeyrinə, hüququn əvvəlki yüklülüyü Azərbaycan Respublikasının Mərkəzi Bankı və yüklülüyün müddəti xx.xx.2015-ci il göstərilməklə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 60 nömrəli reyestr kitabının 5609 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə xx xxxxxx 2015-ci il tarixli 1 saylı əlavədən görünür ki, Cavabdeh MMC-yə verilmiş və kredit müqaviləsinə 1 saylı əlavəni imzalanma tarixinə qalan 3 000 000 manat həcmində kredit müqaviləsinin müddəti xx xxxxxx 2014-cü il tarixli, 01 saylı kredit müqaviləsinin 1.3 bəndində qeyd olunmuş faiz dərəcəsi dəyişilərək 5 faiz olmaqla və digər şərtlər qüvvədə qalmaqla xx.xx.2016-cı il tarixinə qədər uzadılmışdır. xx.xx.2015-ci il tarixli, İBQ15-1786 nömrəli (ipoteka saxlayan) Azərbaycan Respublikasının Mərkəzi Bankı, (ipoteka qoyan) Cavabdeh MMC və (borcalan) İddiaçı ASC ilə aralarında bağlanmış sonrakı ipoteka müqaviləsindən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə İddiaçı ASC ilə arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, KBQ15-1786 nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh MMC-yə xüsusi mülkiyyət huququ ilə məxsus olan tərəflər arasında 4 000 000 (dörd milyon) manat məbləğində qiymətləndirilmiş Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi-Lökbatan yolu 22 A ünvanında yerləşən, ümumi sahəsi 4570,1 kv.m olan 2 mərtəbəli qeyri-yaşayış binası Azərbaycan Respublikası Mərkəzi Bankının xeyrinə ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Cavabdeh MMC-yə xüsusi mülkiyyət hüquqi ilə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi-Lökbatan yolu 22 A ünvanında yerləşən qeyri-yaşayış binası KBQ15-1786 və KM 01 nömrəli, xx.xx.2015-cü il tarixli kredit müqavilələri əsasında Azərbaycan Respublikasının Mərkəzi Bankının xeyrinə, hüququn əvvəlki yüklülüyü Azərbaycan Respublikasının Mərkəzi Bankı və yüklülüyün müddəti xx.xx.2016-cı il qeyd edilməklə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 60 nömrəli reyestr kitabının 5609 nömrəli vərəqində xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Qurumunun Dövlət Qeydiyyatı Haqqında şəhadətnamədən görünür ki, VÖEN nömrəsi ********** olan Cavabdeh MMC xx.xx.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-1594/2016 nömrəli qərarından görünür ki, həmin qərara əsasən müflis elan edilmiş İddiaçı ASC-yə təyin olunmuş ləğvedicinin fəaliyyətinə xitam verilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. xx xxxx 2019-cu il tarixli 25232 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, Cavabdeh MMC-nin İddiaçı ASC-yə xx xxxxxx 2018-ci il tarixə olan borcu 3 000 000 manat əsas, 280 498 manat faiz borcu olmaqla ümumilkdə 3 280 498 manat məbləğində olmuşdur. Aparılmış tədqiqatın dəyəri 145 manatdır. xx xxxxx 2019-cu il tarixli, ƏEM/A 39-505/19 nömrəli X5 ekspert (qiymətləndirici) rəyindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi-Lökbatan yolu 22 A ünvanında yerləşən, ümumi sahəsi 4570,1 kv.m olan 2 mərtəbəli qeyri-yaşayış binasının xx xxxxx 2019-cu il tarixə bazar dəyəri 3 982 000 (üç milyon doqquz yüz səksən iki min) manat təşkil edir. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışından və xx.xx.2014cü il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövrü əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh MMC ilə İddiaçı ASC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, KM 01 nömrəli kredit müqaviləsinə əsasən (müqavilə müddəti xx.xx.2014xx.xx.2016) illik 5 faiz dərəcəsi ilə 3 000 000 manat məbləğində kredit verilmiş, verilmiş kredit üzrə 309 542,47 manat ödəniş aparılmış və xx.xx.2019-cu il tarixinə “xxxx” MMC-nin İddiaçı ASC-yə olan borcu 3 000 000 manat əsas, 118 207,14 manat faiz, 365 000,07 manat cərimə, borcun gecikdirilməsinə görə hesablanmış 370 836,30 manat faiz borcu olmaqla, cəmi 3 854 043,51 manat təşkil edir. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh MMC ilə İddiaçı ASC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, KM 01 nömrəli kredit müqaviləsinə əsasən (müqavilə müddəti xx.xx.2014-xx.xx.2016) illik 5 faiz dərəcəsi ilə 3 000 000 manat məbləğində kredit verilmiş, xx.xx.2020-ci il tarixinə Cavabdeh MMC-nin İddiaçı ASC-yə olan borcu 3 000 000 manat əsas, 217 790,94 manat faiz, 395 416,67 manat cərimə, borcun gecikdirilməsinə görə hesablanmış 507 504,06 manat faiz (bir günə 416 manat 67 qəpik faiz) borcu olmaqla, cəmi 4 120 711,67 manat təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-2(102)-250/2019 nömrəli qərarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2-2(82)-645/2017 nömrəli qətnaməsi ilə iddiaçı Azərbaycan Respbulikası Mərkəzi Bankının Cavabdeh MMC-yə qarşı (üçüncü şəxs: İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) “kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iqtisadi iş üzrə iddiaçının iddia tələbi qismən təmin edilərək, ləğv prosesində olan İddiaçı ASC ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı arasında bağlanmış kredit müqaviləsinə əsasən 3 000 000 manat əsas borc, 55 750 manat faiz borcu olmaqla 3 055 750 manat kredit borcunun ödənilməsi üçün tutmanın ipoteka predmeti olan cavabdehə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi-Lökbatan yolu 22 A ünvanında yerləşən, ümumi sahəsi 4570,1 kv.m olan 2 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracdan satışından əldə olunmuş pul vəsaitləri hesabına İddiaçı ASC-nin borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında tutulması qət edilmiş, həmin iş üzrə apelyasiya şikayətləri ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2018-ci il tarixli, 2-2(103)-65/2018 nömrəli qətnaməsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxanılmış və həmin iş üzrə kassasiya şikayətləri ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. (iş üzrə icraat ekspertiza təyin edilməklə dayandırılmışdır. mənbə -Vahid Məhkəmə Portalı xx.xx.2020) Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilən hüquq normalarına əsasən qismən təmin edilməlidir. Belə ki,Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci və 443.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2, 467 və 567-ci maddələrinə görə borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “İpoteka haqqında” Qanunun 1.0.4-cü maddəsinə əsasən, ipoteka qoyan - ipoteka predmeti olan əşyanı girov qoyan şəxsdir. İpoteka qoyan həm borclu, həm də üçüncü şəxs ola bilər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2. faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; 4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 9-cu maddəsinin (Sonrakı ipoteka) müddəalarına əsasən, qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka qoyan digər öhdəliklərini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuş əşyanı yenidən girov qoya bilər (sonrakı ipoteka) (9.1). “İpoteka haqqında” Qanunun 39.3, 39.3.3-cü maddələrinin tələbinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarından və qanunvericilik normalarından da göründüyü kimi kreditor və borclu arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2019-cu il tarixli, 25232 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2014-cü il tarixdən – xx.xx.2018-ci il tarixədək Cavabdeh MMC-nin banka olan əsas borc 3 000 000 manat, faiz borcu isə 280 498 manat kimi hesablanmış, halbuki iddiaçı faiz borcu 296 958 manat (xx.xx.2016-cı ilədək müqavilənin faizi, sonrakı dövr isə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5%) kimi hesablamışdır. Məhkəmə xx.xx.2018-ci il tarixədək olan kredit üzrə faiz borcun ekspertiza rəyində müəyyən edilən məbləği əsaslı hesab etsə də, ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə iddia həçminin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2018-ci il tarixdən – xx.xx.2020-ci il tarixədək dövr üçün əlavə 326 252,61 (783 gün x 416,67 manat) manat faiz borcu tələb etmiş, həmçinin cərimə üzrə vəsaiti 395416 manat 67 qəpiyədək artırmışdır. Məhkəmə iddia tələbinin (cərimə) dəbbə pulu hissəsi ilə əlaqədar qeyd edir ki, dəbbə pulu tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 249,39 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia həcminin artırılması barədə ərizəni nəzərə alaraq, hesab edir ki,iddia qismən təmin edilməlidir, Belə ki, əsas borc olan 3 000 000 manat məbləğində vəsait tam həcmdə cavabdehdən tutulmalıdır. Əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin etməmək üçün müqavilədə müəyyən edilmiş müddət üçün və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə olan faiz borcların aşağıdakı qaydada birləşdirməyi məqsədəmüvafiq hesab edir. Belə ki, xx.xx.2014-cü il tarixdən – xx.xx.2018-ci il tarixədək olan 280 498 manat (ekspert rəyi) və xx.xx.2018-ci il tarixdən – xx.xx.2020-ci il tarixədək olan 326 252,61 manat məbləğində olan vəsait toplanaraq xx.xx.2014-cü il tarixdən-xx.xx.2020ci il tarixədək cəmi 606 750,61 manat faiz borcu müəyyən edilməli və həmin vəsait, eləcə də 249,39 manat cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən deyil, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində çıxış etdiyinə görə məhkəmə isə iddia tələblərindən kənara çıxa bilmədiyindən Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsinə münasibət bildirə bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, Cavabdeh MMC ilə Azərbaycan Respublikası Mərkəzi Bankın arasında kredit öhdəliklə bağlı hər hansı müqavilənin olması məhkəmə gedişatında müəyyən edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, xx.xx.2014-cü il tarixli, İM 01 nömrəli sonrakı ipoteka müqaviləsi qüvvədə olduğuna görə tutmanın ipoteka predmetinə (kreditin təminatı) yönəldilməsi hissəsində iddia təmin edilməli daşınmaz əmlakın ipoteka müqaviləsində müəyyən edilən qiymətlə (4 000 000 manat) hərraca çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 87,5%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 87,5%-i, yəni 26,25 manatı cavabdehdən tutularaq iddiaçıya, məhkəmə ekspertizasının xərci olan 145 manat məbləğində pulun 126.88 manatı Cavabdeh MMC-dən, 18,12 manatı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən xx.xx.2014-cü il tarixli, KM 01 saylı kredit müqaviləsinə əsasən 3 000 000 manat əsas, 606 750,61 manat faiz borcu (xx.xx.2014-cü il tarixdən-xx.xx.2020-ci il tarixədək), 249,39 manat cərimə, cəmi 3 607 000 manat, həmçinin dövlət rüsumu kimi ödənilmiş 26,25 manat məbləğində pul tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, tutma ilkin satış qiyməti 4 000 000 (dörd milyon) manat olan Cavabdeh MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi-Lökbatan yolu 22 A ünvanında yerləşən, ümumi sahəsi 4570,1 kv.m olan 2 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satılmasından əldə edilmiş vəsaitdən Cavabdeh MMC-nin borcu ödənilməli, satışdan artıq qalan məbləğ Cavabdeh MMC-yə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2014-cü il tarixli, KM 01 saylı kredit müqaviləsinə əsasən 3 000 000 manat əsas, 606 750,61 manat faiz borcu (xx.xx.2014-cü il tarixdən-xx.xx.2020ci il tarixədək) və 249,39 manat cərimə, cəmi 3 607 000 manat, həmçinin dövlət rüsumu kimi ödənilmiş 26,25 manat məbləğində pul tutularaq ləğv prosesində olan İddiaçı ASCyə ödənilsin. Tutma ilkin satış qiyməti 4 000 000 (dörd milyon) manat olan Cavabdeh MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi-Lökbatan yolu 22 A ünvanında yerləşən, ümumi sahəsi 4570,1 kv.m olan 2 mərtəbəli qeyri-yaşayış binasına yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın satılmasından əldə edilmiş vəsaitin hesabına Cavabdeh MMC-nin borcu ödənilsin. Satışdan artıq qalan məbləğ Cavabdeh MMC-yə qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri 145 manat məbləğində pulun126,88 manatı Cavabdeh MMC-dən, 18,12 manatı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, m/h AZ 41 NABZ ******************** SWİFT BİK: CTREAZ22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar