Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-349/2020 23.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, iddiaçı ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər “X9 Təsərrüfatı” MMC-yə və Cavabdeh2-yə qarşı borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” Kommersiya Bankı ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər “X9 Təsərrüfatı” MMC-yə və Cavabdeh2yə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, QSC “xxxxxxxxxxxxx” Kommersiya Bankı ilə “X9 Təsərrüfatı” MMC arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli, 171/02/34/14 saylı kredit müqaviləsi üzrə cavabdeh “X9 Təsərrüfatı” MMC-dən 350.000 manat məbləğində əsas borc, 10.427,86 manat məbləğində faiz borcu, 2.010,26 manat məbləğində cərimə borcu, ümumilikdə 362.538,12 manat məbləğində pulun, 30 manat məbləğində məhkəmə üçün və 30 manat məbləğində sonrakı ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 60 manat məbləğində dövlət rüsumunun tutulmasına, ipoteka predmetinin ilkin satış qiyməti 3.400.000 manat məbləğində müəyyən edilməklə cavabdeh “X9 Təsərrüfatı” MMC-dən tutulmalı olan məbləğin bank qarşısında ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Pirəkeşkül kəndində mülkiyyətində olan 120 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 4336 kv.m. olan əmlak kompleksi müəssisəsinə yönəldilməsinə və açıq hərracda satılmasına, əmlaka tutma yönəldikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2 qeyri-yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda məcburi qaydada çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bank ilə cavabdeh (müştəri kodu - 233629) arasında xx xxxxxxxx 2014-cü il tarixində kredit verilməsi haqqında 171/02/34/14 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə illik 6 faiz ödənilməsi şərti ilə 60 ay müddətinə 350.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 (tam mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu, Pirəkeşkül kəndində mülkiyyətində olan 1.20 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 4336 kv.m. olan əmlak kompleksi müəssisənin xx xxxxxx 2015-ci il tarixli, 171/02/34/14 saylı sonrakı ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü etmişdir (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış; seriya RX, ******* saylı, 1 saylı reyestr kitabında, 136 saylı vərəqdə, qeydiyyat nömrəsi **********, xx xxxxxx 2016-cı il). Lakin borclu şəxs hazırkı iş üzrə cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində onun banka 350.000 manat məbləğində əsas borc, 10.427,86 manat məbləğində faiz borcu, 2.010,26 manat məbləğində cərimə borcu, ümumilikdə isə 362.538,12 manat məbləğində borcu qalmışdır. xx xxxxxxxx 2014-cü il tarixli, 171/02/34/14 saylı kredit müqaviləsinin 5.1.6-cı bəndinin tələbinə görə kreditorun müqavilə şərtlərinin borclu tərəfindən pozulduğu hallarda vurulmuş zərərin əvəzinin və borcun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Həmin müqavilənin 5.4.5-ci bəndində isə göstərilir ki, alınmış krediti və ona hesablanmış faizləri vaxtlı-vaxtında ödəmək, ödənişləri vaxtında və tam həcmdə yerinə yetirmək borc alanın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehlərə xəbərdarlıq edilmişdir, lakin bundan sonra da qeyd olunan kredit müqaviləsinin şərtləri tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Cavabdeh tərəfindən pul məbləğinin ödənilməsinin gecikdirilməsi banka zərər dəyməsi ilə nəticələnir. Bu səbəbdən də öhdəliyin tam icra olunması gününədək hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Bundan başqa, bank ilə ipoteka qoyan arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 171/02/34/14 saylı sonrakı ipoteka müqaviləsinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəltmək hüququ vardır. Həmin müqavilənin 4.2.8-ci bəndində isə göstərilir ki, borc alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi təqdirdə, ipoteka saxlayanın ipoteka predmetinə ödəniş yönəltməsi üçün zəruri şəraitin təmin edilməsi və bunun icrası ilə bağlı bütün hərəkətlərin həyata keçirilməsi ipoteka qoyanın vəzifəsidir. Həmin müqavilənin 2.1 -ci bəndinə əsasən ipoteka predmetinin dəyəri 3.400.000 manat məbləğində müəyyən edilmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki: QSC “xxxxxxxxxxxxx” Kommersiya Bankı “Korporativ” filialı (kreditor) ilə “X9 Təsərrüfatı” MMC (borcalan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 171/02/34/14 saylı kredit müqaviləsinə əsasən borc alana 60 ay müddətinə illik 6 faiz ödəmək şərti ilə 350.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən borc alan bu müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmədikdə və ya lazimınca icra etmədikdə, o cümlədən icranı gecikdirdiyi halda əsas borc məbləğindən və faizlərdən əlavə ödənişinin gecikdirildiyi üçün “Kreditor”a vaxtında qaytarılmayan məbləğin illik 25%-i miqdarında cərimə ödəyir. Cərimə kredit məbləğinin qaytarılmalı olduğu gündən faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Borc alan kredit öhdəliklərinin icra edilməməsi və ya lazımi qaydada icra edilməməsi nəticəsində kreditora vurulan zərərə görə tam məsuliyyət daşıyır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Həmin müqaviləyə 1 saylı Əlavə Sazişlə tərəflər müqavilənin 6.2-ci yarımbəndinin aşağıdakı redaksiyada verilməsi barədə razılaşmışlar. 6.2. Borc alan bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədən icranı gecikdirdiyi halda əsas borc məbləğindən və faizlərdən əlavə ödənişin gecikdirildiyi üçün kreditora vaxtında qaytarılmayan məbləğin illik 26%-i miqdarında cərimə ödəyir. Cərimə kredit məbləğinin qaytrarılmalı olduğu gündən faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Borc alan kredit öhdəliklərinin icra edilməməsi və ya lazımi qaydada icra edilməməsi nəticəsində kreditora vurulan zərərə görə tam məsuliyyət daşıyır. Əlavə saziş hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Həmin kredit müqaviləsindən irəli gələn öhdəliyin təminatı üsulu kimi “X8 Təsərrüfatı” MMC (ipoteka qoyan), QSC “xxxxxxxxxxxxx” Kommersiya Bankı “Korporativ” filialı (ipoteka saxlayan) və “X9 Təsərrüfatı” MMC (borc alan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 171/02/34/14 saylı sonrakı ipoteka müqaviləsinə əsasən “X8 Təsərrüfatı” MMC-yə məxsus Abşeron rayonu, Pirəkeşkül kəndində mülkiyyətində ola 1.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4336.0 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə QSC “xxxxxxxxxxxxx” Kommersiya Bankı “Korporativ” filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən ipoteka predmetinin likvid dəyəri “X6” qiymətləndirmə şirkətinin xx.xx.2016-cı il tarixli, CEG-721 saylı aktına əsasən 3.400.000 manat məbləğində müəyyən edilmişdir. Sonrakı ipoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və yüklülüyün xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə ******* saylı reyestrdən çıxarış verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-4498/2016cı il tarixli qərarından müəyyən edilir ki, ərizəçi AR X3 Palatasının QSC “xxxxxxxxxxxxx” Kommersiya Bankının iflas prosedurunun başlanması barədə ərizəsi təmin edilmiş, QSC “xxxxxxxxxxxxx” Kommersiya Bankı müflis elan edilmiş və iflas proseduruna başlanılmışdır. Əmanətlərin Sığortalanması Fondu QSC “xxxxxxxxxxxxx” Kommersiya Bankının ləğvedicisi təyin edilmişdir. İddiaçı Ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən xx.xx.2018-ci ildə cavabdehlər “X9 Təsərrüfatı” MMC-yə və “X8 Təsərrüfatı” MMC-yə kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsinə dair bildiriş göndərilərək xx.xx.2014-cü il tarixli, 171/02/34/14 saylı kredit müqaviləsi üzrə borc məbləğinin 3 gün müddətində banka ödənilməsi tələb edilmiş, əks təqdirdə bank kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi və açıq hərracdan satılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2018-ci il tarixdə QSC “xxxxxxxxxxxxx” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi İdarəsinə müraciət edilərək ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2018-ci il tarixli bildirişin qeydiyyata alınması xahiş edilmişdir. Bildiriş qeydiyyata alınmışdır. xx.xx.2017-ci il tarixli 27 saylı, xx.xx.2017-ci il tarixli 7 saylı ödəniş tapşırıqlarından və “X9 Təsərrüfatı” MMC-nin hesabından çıxarışdan müəyyən edilir ki, “X9 Təsərrüfatı” MMC tərəfindən 171/02/34/14 saylı kredit müqaviləsi üzrə cəmi 200.000 manat məbləğində pul vəsaiti Sahibkarlığa Kömək Milli Fonduna ödənilmişdir. İddiaçı Ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş maliyyə arayışından görünür ki, “X9 Təsərrüfatı” MMC-nin xx.xx.2014-cü il tarixli, 171/02/34/14 saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə əsas borcu 350.000 manat, müqavilə müddəti üçün hesablanmış faiz borcu 10.427,86 manat, borcun gecikdirilməsinə görə hesablanmış cərimə 2.010,26 manat, ümumilikdə borcu 362.538,12 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış sənədləri və ekspert qarşısında qoyulmuş sualda qeyd olunan ödənişlər (xx xxxx 2017-ci il tarixdə 95.000 manat, xx xxxxx 2017-ci il tarixdə 5.000 manat və xx xxxx 2018-ci il tarixdə 100.000 manat məbləğində pul vəsaiti) hesablama zamanı nəzərə alınmaqla cavabdeh “X9 Təsərrüfatı” MMC-nin iddiaçı ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” Kommersiya Bankına sonuncu ödəniş aparılan tarixə, yəni xx.xx.2018-ci il tarixə olan cəmi borcu 171.092,35 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 171.092,35 manat, faiz borcu üzrə 0 manat. İş materiallarında olan hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanılmış kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə cavabdeh “X9 Təsərrüfatı” MMC-nin iddiaçı ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” Kommersiya Bankına xx.xx.2017-ci il tarixə (sonuncu ödəniş aparılan tarixə) olan cəmi borcu 353.813,21 manat məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 348.484,17 manat və faiz borcu üzrə 5.329,04 manat. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 9/1389 saylı ekspert rəyindən görünür ki, “X9 Təsərrüfatı” MMC-nin ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna xx.xx.2019-cu il tarixə əsas borcu 148.484,17 manat, faiz borcu 36.169,00 manat, xx.xx.2020-ci il tarixə əsas borcu 148.484,17 manat, faiz borcu 42306,35 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, QSC “xxxxxxxxxxxxx” Kommersiya Bankı “Korporativ” filialı ilə “X9 Təsərrüfatı” MMC arasında xx.xx.2014-cü il tarixli, 171/02/34/14 saylı kredit müqaviləsi bağlanmışdır. İddiaçı QSC “xxxxxxxxxxxxx” Kommersiya Bankı göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək kredit məbləğini cavabdeh “X9 Təsərrüfatı” MMC-nin mülkiyyətinə versə də, cavabdeh həmin müqavilədə müəyyən edilmiş müddətdə və qaydada əsas kredit borcu və ona hesablanmış faizləri iddiaçıya qaytarmamış, bununla kredit müqaviləsi üzrə öhdəlikləri pozmuşdur. Nəticədə kredit alanın kredit verənə əsas kredit məbləği və faizlər üzrə borcu yaranmışdır. Digər tərəfdən işin mübahisə edilməyən hallarından görünür ki, tərəflər arasında bağlanılmış mübahisəli kredit müqaviləsi üzrə kredit məbləği Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılmış vəsait hesabına müvəkkil bank (QSC “xxxxxxxxxxxxx” Kommersiya Bankı) vasitəsilə verilmişdir. QSC “xxxxxxxxxxxxx” KB-nuin iflas proseduruna başlanıldıqdan sonra kredit alan “X9 Təsərrüfatı” MMC tərəfindən cəmi 200.000 manat məbləğində ödənişlər birbaşa olaraq Sahibkarlığa Kömək Milli Fonduna ödənilmişdir. Kredit məbləği və faizlər üzrə borc məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və həmin ekspertizanın rəyi ilə “X9 Təsərrüfatı” MMC tərəfindən X1 ödənilmiş cəmi 200.000 manat məbləğində ödənişlər nəzərə alınmaqla QSC “xxxxxxxxxxxxx” Kommersiya Bankına sonuncu ödəniş aparılan tarixə, yəni xx.xx.2018-ci il tarixə olan cəmi borcu 171.092,35 manat məbləğində, o cümlədən əsas borc üzrə 171.092,35 manat, faiz borcu üzrə 0 manat məbləğində olması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, sözügedən ekspertiza keçirilərkən “X9 Təsərrüfatı” MMC tərəfindən Sahibkarlığa Kömək Milli Fonduna ödənilmiş məbləğlər Fonda ödənilməli olan əsas borc məbləğindən və illik 1 faiz məbləğində hesablanmış faizlərdən deyil, həmçinin iddiaçı QSC “xxxxxxxxxxxxx” Kommersiya Bankına ödənilməli olan faiz borcundan (illik 5%) də çıxılmış, nəticədə həmin ödənişlər nəzərə alınmaqla cavabdeh “X9 Təsərrüfatı” MMC-nin banka olan faiz borcunun olmadığı müəyyən edilmişdir. Halbuki mübahisəli kreditin götürüldüyü vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 oktyabr tarixli 162 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydalarının 6.2-ci bəndinə əsasən fondun kreditlərinin illik faiz dərəcələri aşağıdakı kimi müəyyən edilir: 6.2.1. kütləvi informasiya vasitələrinin inkişafı layihələrinin maliyyələşdirilməsi üçün - 0,5 faiz; 6.2.2. digər layihələrin maliyyələşdirilməsi üçün - 1 faiz. 6.3. Müvəkkil kredit təşkilatlarının Fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi bu Qaydaların 6.2-ci bəndində nəzərdə tutulmuş faizlər də daxil olmaqla, cəmi kredit məbləğinin 6 faizindən (kütləvi informasiya vasitələrinin inkişafı üzrə layihələrin maliyyələşdirilməsi üzrə kredit məbləğinin 4 faizindən) artıq olmamalıdır. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 224 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydasının 1.3-cü maddəsinə əsasən isə güzəştli kredit sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilən təyinatlı və ünvanlı vəsaitdir. Bu vəsaitlərin sahibkarlıq subyektlərinə çatdırılması müvəkkil banklar və bank olmayan kredit təşkilatları (bundan sonra – müvəkkil kredit təşkilatları) vasitəsilə onların öz adından və öz riskləri hesabına həyata keçirilir. Müvəkkil kredit təşkilatlarının Fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsi (4%-dək) istisna olmaqla, ayrılmış güzəştli kreditlər müvəkkil kredit təşkilatlarının aktivi hesab edilmir. Müvəkkil kredit təşkilatları ilə Fond arasında vəsaitdən istifadə şərtlərini nəzərdə tutan müqavilə imzalanır. Fond müvəkkil kredit təşkilatı ilə sahibkarlıq subyektləri arasında bağlanacaq müqavilədə məcburi şərtlərin olmasını tələb edə bilər. Yuxarıda göstərilən qanunvericilik normalarının məzmunundan göründüyü kimi cavabdeh “X9 Təsərrüfatı” MMC-yə ayrılmış kredit üzrə əsas kredit borcu və Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun kreditlərə tətbiq etdiyi illik 1 % dərəcəsi ilə hesablanmış faizlər Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun (Sahibkarlığa Kömək Milli Fondunun) aktivləri olduğu halda müvəkkil kredit təşkilatının (hazırkı halda QSC “xxxxxxxxxxxxx” Kommersiya Bankı) Fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsi (hazırkı halda illik 5%) ilə hesablanmış faizlər isə QSC “xxxxxxxxxxxxx” Kommersiya Bankının aktivləridir. Mübahisəli kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğləri müəyyən edilərkən göstərilən qanunvericilik normaları nəzərə alınması və müvafiq məbləğlər cavabdeh tərəfindən Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fonduna ödənilmiş məbləğlər müvəkkil bankın aktivlərindən deyil, Sahibkarlığa Kömək Milli Fondunun aktivlərindən çıxılmaqla hesablanması məqsədilə əlavə ekspetiza keçirilmiş və həmin ekpertizanın rəyi ilə “X9 Təsərrüfatı” MMC tərəfindən Sahibkarlığa Kömək Milli Fonduna x xxxx 2017-ci il tarixdə 95.000 manat, xx xxxxx 2017-ci il tarixdə 5.000 manat və x xxxx 2018-ci il tarixdə 100.000 manat məbləğində pul vəsaitlərinin ödənilməsi nəzərə alınmaqla və həmin məbləğlər kredit müqaviləsi üzrə əsas borcdan çıxılmaqla “X9 Təsərrüfatı” MMC-nin ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna mübahisəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə (müqavilənni müddətinin bitdiyi tarixə) əsas borcunun 148.484,17 manat, faiz borcunun 36.169 manat olması müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi keçirilmiş əlavə ekspertizanın rəyində müəyyən edilmiş borc məbləğləri ilə iddia tərəfin razılaşdığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Belə olan halda məhkəmə cavabdeh “X9 Təsərrüfatı” MMC-nin xx.xx.2014-cü il tarixli, 171/02/34/14 saylı kredit müqaviləsi üzrə QSC “xxxxxxxxxxxxx” Kommersiya Bankının qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin banka 148.484,17 manat məbləğində əsas, 36.169 manat məbləğində faiz borcunun yarandığını, iddiaçı QSC “xxxxxxxxxxxxx” Kommersiya Bankının isə həmin borcun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, “QSC “xxxxxxxxxxxxx” Kommersiya Bankının əsas və faiz borcun tutulmasına dair iddiası qismən təmin edilməli, 148.484,17 manat məbləğində əsas, 36.169 manat məbləğində faiz borc, cəmi 184.653,17 manat məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı Ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” Kommersiya Bankının 2010,26 manat məbləğində dəbbə pulun ödənilməsinə dair iddia tələbinə gəldikdə məhkəmə qeyd edir ki, cavabdeh X9 Təsərrüfatı” MMC-nin kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdeh X9 Təsərrüfatı” MMC-dən iddiaçının xeyrinə dəbbə pulu tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Eyni zamanda məhkəmə tutulması tələb olunan dəbbə pulunun məbləğinin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, iddiaçının cavbadehdən tutulmasını tələb etsdiyi dəbbə pulu məbləği tənasübsüz surətdə yüksək deyildir və onun azaldılması üçün qanunvericilikdə nəzərdə tuulmuş əsaslar yoxdur. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı Ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kredit müqaviləsinə əsasən borcun tutulması tələbi ilə yanaşı borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini də irəli sürmüşdür. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, mübahisəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq “X8 Təsərrüfatı” MMC (ipoteka qoyan), QSC “xxxxxxxxxxxxx” Kommersiya Bankı “Korporativ” filialı (ipoteka saxlayan) və “X9 Təsərrüfatı” MMC (borc alan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 171/02/34/14 saylı sonrakı ipoteka müqaviləsinə əsasən “X8 Təsərrüfatı” MMC-yə məxsus Abşeron rayonu, Pirəkeşkül kəndində mülkiyyətində ola 1.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4336.0 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə QSC “xxxxxxxxxxxxx” Kommersiya Bankının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı 7 gün müddətində müraciət edilmiş və bildiriş reyestrdə qeydiyyata alınmışdır. Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” Qanunun (bundan sonra – Qanun) 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. “İpoteka haqqında” qanunun 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma Cavabdeh2-yə məxsus Abşeron rayonu, Pirəkeşkül kəndində mülkiyyətində olan 1,20 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 4336 kv.m. olan əmlak kompleksi kimi müəssisəyə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalıdır. Əmlakın satışından əldə olunmuş vəsait hesabına ləğv prosesində olan “QSC “xxxxxxxxxxxxx” Kommersiya Bankının borc tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh2-yə qaytarılmalıdır. Bununla yanaşı məhkəmə hazırkı iş üzrə mübahisəli ipoteka müqaviləsinin sonrakı ipoteka müqaviləsi olmasını, yəni tutmanın yönəldilməsi qət edilən ipoteka predmetinin əvvəllər digər öhdəliklərin icra edilməsinin təminatı olaraq ipoteka ilə yüklü edildiyini nəzərə alaraq hesab edir ki, ipoteka predmetinə tutma yönəldilməsi və əmlakın açıq hərracdan satılması həyata keçirilərkən “İpoteka” haqqında Qanunun 9.3-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Belə ki, həmin maddəyə görə sonrakı ipoteka saxlayanın tələbləri onların icra müddətindən asılı olmayaraq əvvəlki ipoteka saxlayanın tələbləri tam ödənildikdən sonra növbəlilik qaydasında ipoteka predmetinin dəyərindən ödənilir. Bundan əlavə məhkəmə qeyd edir ki, “İpoteka” haqqında Qanunun 39.3-ci maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi, işə məhkəmədə baxılarkən müqavilədə müəyyən edilmiş ilkin satış qiyməti (likvid dəyəri) ipoteka qoyan və ya ipoteka saxlayan tərəfindən mübahisələndirilməmiş, belə olan halda isə məhkəmə ipoteka predmetinin likvid dəyərinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında ipoteka müqaviləsində müəyyən edilmiş dəyərdə - 3.400.000 manat məbləğində müəyyən edilməsini mümkün hesab etmişdir. İddiaçının ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin əmlaka tutma yönəldildikdən və o satıldıqdan sonra ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsində çıxmadıqda məcburi qaydada çıxarılması tələbinə münasibətdə məhkəmə qeyd edir ki, ipoteka qoyanın ipoteka qoyulmuş əmlak açıq hərracda satılanadək borcu ödəmək, eyni zamanda açıq hərracda ipoteka predmetini əldə etmək hüququ olduğundan, digər tərəfdən ipoteka predmeti olan əmlak açıq hərracdan satılaraq alqı-satqı rəsmiləşdirilənədək həmin əmlak üzrə mülkiyyət hüququ ipoteka qoyana məxsus olduğundan hazırkı mərhələdə məhkəmə qətnaməsi ilə ipoteka qoyanın qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılmasının qət edilməsi hazırkı iş üzrə Cavabdeh2-nin qanunla qorunan hüquqlarını pozur, buna görə də həmin hissədə iddia əsassız olmaqla rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 290 (iki yüz doxsan) manat pul məbləğinin 145 (yüz qırx beş) manat hissəsi iddiaçı ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” Kommersiya Bankından, qalan 145 (yüz qırx beş) manat hissəsi isə cavabdehlər X9 Təsərrüfatı” MMC-dən və Cavabdeh2-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinədarlığı Agentliyi, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh “X9 Təsərrüfatı” MMC-dən 148.484,17 manat məbləğində əsas borc, 36.169 manat faiz borcu, 2010,26 manat məbləğində dəbbə pulu, cəmi 186.663,43 manat, eləcə də ipotekaya tutma yönəldilməsi barədə bildirişin qeydə alınmasına və iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumlarının əvəzi olaraq 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” Kommersiya Bankına ödənilməli, tələb üzrə tutma Cavabdeh2-yə məxsus Abşeron rayonu, Pirəkeşkül kəndində mülkiyyətində olan 1,20 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 4336 kv.m. olan əmlak kompleksi kimi müəssisəyə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın ilkin satış qiyməti 3.400.000 manat məbləğində müəyyən edilməli, əmlakın satışından əldə olunmuş vəsait hesabına ləğv prosesində olan “QSC “xxxxxxxxxxxxx” Kommersiya Bankının borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh2-yə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “X9 Təsərrüfatı” MMC-dən 148.484,17 (yüz qırx səkkiz min dörd yüz səksən dörd manat on yeddi qəpik) məbləğində əsas borc, 36.169 manat (otuz altı min yüz altmış doqquz) məbləğində faiz borcu, 2010,26 manat (iki min on manat iyirmi altı qəpik) məbləğində dəbbə pulu, cəmi 186.663,43 manat (yüz səksən altı min altı yüz altmış üç manat qırx üç qəpik), eləcə də ipotekaya tutma yönəldilməsi barədə bildirişin qeydə alınmasına və iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumlarının əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti tutularaq ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” Kommersiya Bankına ödənilsin. Tələb üzrə tutma Cavabdeh2-yə məxsus Abşeron rayonu, Pirəkeşkül kəndində mülkiyyətində olan 1,20 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 4336 kv.m. olan əmlak kompleksi kimi müəssisəyə yönəldilsin. Həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 3.400.000 manat məbləğində müəyyən edilsin. Əmlakın satışından əldə olunmuş vəsait hesabına ləğv prosesində olan “QSC “xxxxxxxxxxxxx” Kommersiya Bankının borc tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh2-yə qaytarılsın. Eyni zamanda keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 290 (iki yüz doxsan) manat pul məbləğinin 145 (yüz qırx beş) manat hissəsi iddiaçı ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” Kommersiya Bankından, qalan 145 (yüz qırx beş) manat hissəsi isə cavabdehlər X9 Təsərrüfatı” MMC-dən və Cavabdeh2-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinədarlığı Agentliyi, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-2(113)-349/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-349/2020
23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver