Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-3531/2025 18.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızı İddiaçı Cavabdehnə qarşı “hərəkətsizliyin qanunsuz hesab edilməsi, öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, cavabdehin üzərinə XXXX müəssisəsinin qanuni təmsilçisi və direktoru vəzifəsindən iddiaçının çıxarılması haqqında dəyişikliyi vergi orqanında qeydə aldırması öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1994-cü ildə cavabdehin qərarı ilə XXXX müəssisəsi təsis edilmiş, 1994-cü ildə iddiaçı həmin müəssisənin direktoru təyin edilmiş və buna uyğun olaraq 2011-ci ildə əmək müqaviləsi bağlamışdır. İddiaçı 2011-ci ildən 2021-ci ilə qədər XXXXnin direktoru vəzifəsində işləmiş, sonra ərizə ilə müəssisəyə müraciət edərək direktor vəzifəsindən azad edilməyi xahiş etmişdir. Göründüyü kimi, 2021-ci ildə əmək müqaviləsi pozulmuş, iddiaçı 2021-ci ildən adıçəkilən müəssisənin işçisi deyildir. Lakin iddiaçını hələ də müəssisənin müxtəlif məsələlərinə görə narahat edirlər. İddiaçıya daha sonra məlum olmuşdur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin sistemində iddiaçı XXXX müəssisəsinin direktoru və qanuni təmsilçisi vəzifəsində qeydiyyatdadır. Bu səbəbdən o, vergi orqanına ərizə ilə müraciət etmiş və artıq müəssisənin işçisi olmadığını və əmək müqaviləsinin pozulduğunu bildirməklə, həm direktor, həm də qanuni təmsilçi vəzifəsindən azad edilməsini xahiş etmişdir. Lakin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi cavab olaraq bildirmişdir ki, yeni rəhbər təyin olunduqdan və onun qeydiyyatından sonra iddiaçının adı XXXX müəssisəsinin qanuni təmsilçisi vəzifəsindən azad edilə biləcəkdir. Bundan sonra İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin hərəkətindən Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi verilərək iddiaçının portaldan çıxarılması xahiş edilmiş, lakin iş Bakı İnzibati Məhkəməsinin hakimi Aysev Almazovanın icraatında 2-1(112)-11434/2024-003 nömrəli iş kimi olmuş və nəticədə şifahi olaraq bildirilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsini yox, Cavabdehnə müraciət olunmalıdır, mənfi cavab olduğu halda, məhkəməyə müraciət olunmalıdır. İddiaçı cavabdehə xx.xx.2024-cü il tarixində müraciət etmiş, lakin bu günə qədər heç bir cavab verilməmişdir. Cavabdeh bu hərəkətlə iddiaçının insan və vətəndaş hüquq və azadlıqlarını kobud surətdə pozmuş, hazırda XXXXnin qanuni təmsilçisi və direktoru olmadığı halda, cavabdeh onun barəsində İnternet Vergi İdarəsində elektron portalda həqiqətə uyğun olmayan məlumatın saxlanılmasına davam etməklə ərizəçinin hüquqlarını kobud surətdə pozmuşdur. İddiaçı hazırkı ərizə ilə Bakı Kommersiya Məhkəməsinə də müraciət etmiş, lakin məhkəmə ümumi məhkəmə müraciət edilməsini izah etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-1353/2025 nömrəli qərardadı ilə işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin məzmunu və əlavə olunmuş sənədlərdən məlum olur ki, iddiaçı, Cavabdehndə (XXXX) direktor qismində çalışmışdır. Tələb cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi və direktor vəzifəsindən çıxarılması öhdəliyinin qoyulması ilə bağlı korporativ tələbdir. Bu səbəbdən iddia tələbinə kommersiya məhkəməsində baxılmalıdır. Belə olan halda, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi cəlb edilməklə Cavabdehnə qarşı “öhdəliyin icra edilməsi” tələbinə dair iddiası üzrə işə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-1353/2025 nömrəli qərardadında hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26-cı və s. maddələrinə istinad edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı iddiaya kommersiya məhkəməsində baxılmalı deyil. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. - 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. - 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 11-ci bəndində qeyd olunmuşdur ki, MPM-nin 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin Qərarın 18-ci bəndinə əsasən, işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailə-nikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı 14 saylı X1 rəisi vəzifəsindən xx.xx.2021-ci il tarixində azad edilmiş, lakin kommersiya qurumlarının reyestrində qanuni təmsilçi kimi qalmaqda davam edir. Hazırkı iş üzrə iddiaçının tələbi əmək münasibətlərindən irəli gələn tələblər kateqoriyasına aiddir və həmin növdən olan mübahisələrə kommersiya məhkəmələrində baxılması istisna edilmişdir. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 saylı Qərarının 19-cu bəndinə əsasən, MPMin 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, çoğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər) üzrə işlərə də aid edilməlidir. Göründüyü kimi, Qərarda müqavilədən irəli gələn mübahisələr və korporativ mübahisələr subyekt tərkibi baxımından fərqləndirilmiş, müqavilədən irəli gələn mübahisələr üçün tərəflərin hər bir halda sahibkarlıq fəaliyyəti subyekti olması tələbi müəyyən olunduğu halda, kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrinin öz təbiəti etibarilə sahibkarlıq fəaliyyətin irəli gəldiyi, həmin mübahisələrin kommersiya məhkəmələrinin müstəsna baxış predmeti olduğu nəzərə alınaraq, subyekt tərkibindən asılı olmayaraq işin kommersiya məhkəməsi aidiyyəti müəyyən olunmuşdur. Korporativ tələblər təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan 1) hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından və ya 2) səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər olmaqla mübahisə tərəflərinin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrdən doğurlar. Kommersiya hüquqi şəxsləri qanunla qadağan edilməyən istənilən fəaliyyət növlərini həyata keçirmək üçün zəruri mülki hüquqlara malik ola və mülki vəzifələr daşıya bilərlər. Lakin onlar fəaliyyət qabiliyyətlərini öz orqanları vasitəsilə realizə edirlər. Bu orqanlar hüquqi şəxsin iradəsini yaradır, formalaşdırır və ifadə edir. Hazırkı tələb isə hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, yəni hüquqi şəxsin iradəsinin yaradılması, həyata keçirilməsindən irəli gəlməmişdir. Digər tərəfdən, korporativ mübahisələrə verilən anlayış çərçivəsində onların qəti olmayan siyahısını da vermək mümkündür: təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin yaradılması, yenidən təşkili, ləğvi ilə bağlı mübahisələr; hüquqi şəxsin iştirakçılarının hüquqi şəxsin ümumi yığıncağının çağrılması ilə bağlı mübahisələr; hüquqi şəxsin ümumi yığıncağının və ya idarəetmə orqanlarının qərarlarından şikayət üzrə mübahisələr; hüquqi şəxsin iştirakçılarının xalis mənfəət, dividendlərlə bağlı mübahisələri; hüquqi şəxsin iştirakçılarının hüquqi şəxslərin fəaliyyəti ilə tanış olmaq, müvafiq sənədlərin təqdim edilməsi ilə bağlı mübahisələr və s. Hazırkı tələb isə qeyd edilən siyahıda olan mübahisələrin heç birinə aid deyildir. Lakin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi nəzərə almamışdır ki, hazırkı mübahisə korporativ tələblə bağlı olmayıb əmək mübahisəsidir, əmək mübahisələri isə ümumi məhkəmələrin müstəsna baxış predmetidir və həmin mübahisələrə kommersiya məhkəmələrində baxılması istisna olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Məhkəmə belə qənaətə gəlir ki, hazırda məhkəmələr arasında məhkəmə aidiyyətinin müəyyən edilməsi barədə fikir ayrılığı yarandığından İddiaçı Cavabdehnə qarşı “hərəkətsizliyin qanunsuz hesab edilməsi, öhdəliyin qoyulması” tələbinə dair iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24-26, 32, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “hərəkətsizliyin qanunsuz hesab edilməsi, öhdəliyin qoyulması” tələbinə dair iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №2-2(113)-3531/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-3531/2025
18.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver