Məhkəmə qərarları › İş №2-2(113)-3575/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-3575/2021

12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-3575/2021 12.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X1 qarşı 21.05.2019-cu il tarixində bağlanılmış icarə müqaviləsinin ləğv edilməsi, iddiaçıya vurulmuş 480.000 manat maddi ziyanın, 30,40 manat dövlət rüsumunun, 10.000 manat məbləğində mənəvi ziyanın, cəmi 490.030,40 manat həcmində məbləğin iddiaçıya ödənilməsi, cavabdehin ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən məcburi çıxarılması barədə iddia ərizəsinə dair kommersiya işinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı 21.05.2019-cu il tarixində bağlanılmış icarə müqaviləsinin ləğv edilməsi, iddiaçıya vurulmuş 480.000 manat maddi ziyanın, 30,40 manat dövlət rüsumunun, 10.000 manat məbləğində mənəvi ziyanın, cəmi 490.030,40 manat həcmində məbləğin iddiaçıya ödənilməsi, cavabdehin ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən məcburi çıxarılması barədə iddia ərizəsi ilə Lerik rayon Məhkəməsinə müraciət etmişdir. Lerik Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(048)-281/2021 saylı qərardadı ilə mülki işin baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil Lerik Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(048)-281/2021 saylı qərardadından vermiş olduğu 05.04.2021-ci il tarixli şikayət Lerik Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2(048)-281/2021 saylı qərardadı ilə təmin edilməmiş, ərazi aidiyyəti məsələsinin müzakirə edilməsi üçün şikayətin işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Məhkəmə Kollegiyasının 26 aprel 2021- ci il tarixli, 2(102)-3339/2021 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Lerik Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şirvan Kommersiya Məhkəməsi iddia ərizəsinə baxaraq, iddia ərizəsinin ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə 09.06.2021-ci il tarixli 2-2(121)-1004/2021 saylı Qərardad qəbul etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş ərazi aidiyyəti məsələsinin müəyyən olunması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Məhkəmə qeyd edir ki, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə hər hansı xüsusiyyətindən asılı olmayaraq yalnız MPM-in 39-cu maddəsində göstərilmiş məhkəmədə baxıla bilər. Həmin maddədə sadalanan işlər üzrə iddianın başqa məhkəmələrə verilməsinə yol verilmir. Müstəsna aidiyyət MPM-in şərh olunan maddəsində nəzərdə tutulmuş işlərin düzgün və vaxtında həlli üçün maksimum dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsində nəzərdə tutulmuş işlərə diqqət yetirdikdə aydın olur ki, həmin işlər üzrə icraatın taleyi mübahisə obyekti olan əmlakın yerində müayinəsindən, həmin əmlaka, habelə daşımalara dair sənədlərin vaxtında toplanmasından, şahidlərin hamısının cəlb edilərək dindirilməsindən asılıdır ki, bu hərəkətlər də qeyd olunan obyektlərin olduğu yerdə daha uğurla həyata keçirilə bilər. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən konkret hər hansı daşınmaz əmlakın cavabdehdən alınması barədə tələb irəli sürülməmiş, irəli sürülmüş tələblər müqavilənin ləğv edilməsi, maddi və mənəvi ziyanın tutulması barədədir, ümumiyyətlə mübahisə icarə müqaviləsindən irəli gələn icarə münasibətlərinə aid olduğuna görə qanunun göstərilən tələblərinə əsasən həmin mübahisənin aidiyyəti müstəsna aidiyyətin təsir dairəsinə düşmür və cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə aiddir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın 23.13-cü bəndinə əsasən Lerik rayonu Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən cavabdehin rəsmi qeydə alındığı yerə görə Şirvan Kommersiya Məhkəməsinə aid olduğu halda, Şirvan Kommersiya Məhkəməsi müstəsna aidiyyətə istinad etməklə daşınmaz əmlakın yerləşdiyi yeri əsas götürərək işi ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qənaətinə gəlmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinin əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Vasilesku Rumıniyaya qarşı iş üzrə 22 may 1998-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan «məhkəmə» anlayışının tələblərinə cavab vermiş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Çekniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin İ bəndinin tələblərini pozur. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə əsasən inzibati-iqtisadi məhkəmə birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş inzibati və iqtisadi mübahisələrə dair işlərə baxır. Həmin Qanunun 20-ci maddəsinə görə rayon (şəhər) məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət işlərinə, inzibati xətalara dair və digər işlərə baxır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Qeyd olunan daxili və beynəlxalq normaların mənasına görə, hər kəsin işinin qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən araşdırılması hüququ işə istənilən məhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən hərtərəfli və obyektiv baxılmasını nəzərdə tutur. Qanunvericiliyin tələblərinə əsasən məhkəmələr arasında aidiyyətlə bağlı mübahisəyə yol verilmədiyindən, Bakı Kommersiya Məhkəməsi tərəfindən iddia tələbinin aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi imkanı da mümkün deyildir. Bu səbəbdən də qanunverici məhkəmələr arasında məhkəmə aidiyyətinə görə fikir ayrılığı olduğu təqdirdə işə hansı məhkəmədə baxılmalı olmasının müəyyən edilməsi səlahiyyətini müvafiq yuxarı məhkəmə instansiyasına vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş ərazi aidiyyətinə görə hansı məhkəmədə baxılmalı olmasının müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh X1 qarşı 21.05.2019-cu il tarixində bağlanılmış icarə müqaviləsinin ləğv edilməsi, iddiaçıya vurulmuş 480.000 manat maddi ziyanın, 30,40 manat dövlət rüsumunun, 10.000 manat məbləğində mənəvi ziyanın, cəmi 490.030,40 manat həcmində məbləğin iddiaçıya ödənilməsi, cavabdehin ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən məcburi çıxarılması barədə iddia ərizəsinin ərazi aidiyyətinin müəyyən olunması üçün 2-2(113)-3575/2021 saylı kommersiya işi Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar