Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-3654/2023 19.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul və müqavilənin ləğvi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bağlanmış xx.xx.2028-ci il tarixli podrat müqaviləsinin ləğv edilməsi, podrat müqaviləsi üzrə dəymiş 9500 manat məbləğində maddi ziyanın, 5000 manat həcmində mənəvi zərərin, 500 manat hüquqi xidmətə görə ödənilən vəsaitin və tərəfindən pandemiyadan öncə məhkəməyə ödədiyi 30 manat dövlət rüsumunun, mediasiyaya ödənilmiş 100 manat dövlət rüsumunun, halhazırda məhkəməyə ödənilən 135 manat dövlət rüsumunun, cəmi 15265 manat pul vəsaitinin Cavabdeh alınaraq NİTSV Bahamas Limited MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin icraçı direktoru olaraq xx.xx.2018-ci il tarixdə cavabdehlə bağlanmış podrat müqaviləsinə əsasən 9500 manat pul vəsaiti ödəmişdir. Həmin müqaviləyə əsasən qarşı tərəf müqavilə şərtlərini pozmuş və nəticədə ona külli miqdarda ziyan vurmuşdur. 2019-cu il tarixdən başlanmış Covid 19 pandemiyası səbəbindən İran İslam Respublikası ilə Azərbaycan Respublikasının sərhədləri bağlanmışdır. Ölkəyə gələ bilmədiyindən Suraxanı rayon Məhkəməsinin icraatında olan iş baxılmamış saxlanılmışdır. Hal-hazırda vəkili tərəfindən təmsil edilir. Hazırda hazırki prosesdə vəkili tərəfindən təmsil olunduğundan icraatın təzələnərək cavabdehdən ona müqavilə üzrə vurmuş olduğu 9500 manatın, 5000 manat mənəvi ziyanın vəkilə və hüquqi xidmətə görə ödədiyi 500 manatın və ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Nəzərə alsaq ki, müqavilə bağlanılan andan etibarən fəaliyyəti nəticəsində kifayət qədər gəlir əldə etmişdir, deməli bundan sonra da fəaliyyətinə maneəsiz davam etsəydi hər il ən azı 5000 manat olmaqla 4 il ərzində 2021-ci ilədək kifayət qədər gəlir əldə etmiş olardı ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində o əldə edəcəyi gəlirdən (əldən çıxmış fayda) məhrum olmuşdur. Cavabdeh nümayəndəsi Vəkil məhkəmənin elektron sisteminə etiraz ərizəsi yükləmiş və bildirmişdir ki, icraatınızda iddiaçı NİTSV Bahamas LİMİTED MMC-nin İcraçı direktoru X3 Mir Mashoudun Cavabdeh Ələskər oğluna qarşı müqavilənin ləğv edilməsi, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddia ərizəsi vardır. Həmin iddianın əsasını tərəflər arasında bağlanmış 10 yanvar 2018-ci il tarixli podrat müqaviləsi təşkil edir. Həmin Müqaviləyə əsasən NİTSV Bahamas LİMİTED MMC Cavabdeh Abşeron rayonu, Quşçuluq sovxozu ərazisində 128 kv.m fərdi yaşayış evinin tikintisini sifariş vermiş, Cavabdeh həmin evi 30 dekabr 2018-ci il tarixinədək tikib başa çatdırmağı öhdəsinə götürmüşdür. Sonradan NİTSV Bahamas LİMİTED MMC həmin sifarişindən imtina etmiş, tikintini dayandırmağı və müqavilə üzrə ödənilmiş pulun geri qaytarılmasını xahiş etmişdir. Bununla əlaqədar tərəflər arasında 10 oktyabr 2018-ci il tarixli akt tərtib edilmiş, həmin akta əsasən Cavabdeh 12 ay müddətinə NİTSV Bahamas LİMİTED MMC tərəfindən ödənilmiş 6000 manat məbləğində pul vəsaitini qaytarması razılaşdırılmışdır. Bundan sonra Cavabdeh həmin pul vəsaitini geri qaytarmış, bu vaxta qədər iddiaçı həmin pul vəsaiti ilə əlaqədar heç bir iddia qaldırmamışdır. Belə ki, işin hallarından da görünür ki, 10 yanvar 2018-ci il tarixli podrat müqaviləsi üzrə icra müddəti 30 dekabr 2018-ci il tarixinədək müəyyən edilmiş, yəni həmin müqavilə üzrə iddia müddətinin axımı həmin tarixdən başlayır. Lakin tərəflər arasında imzalanmış 10 oktyabr 2018-ci il tarixli akta əsasən pulun qaytarılması üçün 12 ay müddət təyin edilmiş, yəni son müddət 10 oktyabr 2019-cu il müəyyən edilmişdir. Bundan sonra da, cavabdeh həmin pul vəsaitini ödəyə bilmədiyinə görə 22 noyabr 2019-cu il tarixdə bu barədə iddiaçıya bildiriş göndərərək həmin pul vəsaitini hər ay 500 manat olmaqla ödəməyi təklif etmiş, lakin iddiaçı bununla razılaşmayaraq iddia ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh iddiaçıya olan borcunu ödəmiş, Cavabdeh iddiaçı NİTSV Bahamas LİMİTED MMC-yə heç bir məbləğdə borcu qalmamışdır. Göründüyü kimi hal-hazırki iş üzrə iddia müddətinin axımı cavabdehin borcunu etiraf etdiyi 22 noyabr 2019-cu tarixdən başlamış və iddia müddəti 22 noyabr 2022-ci il tarixdə bitmişdir. Lakin iddiaçı NİTSV Bahamas LİMİTED MMC hazırki iddia ərizəsi ilə 23 yanvar 2023-cü il tarixdə məhkəməyə müraciət edərək iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçının da iddia ərizəsinə etirazının əsasını o təşkil edir ki, cavabdehin iddiaçıya heç bir məbləğdə borcu qalmamışdır. İddiaçı isə qanunla nəzərdə tutulmuş müddət ərzində ona qarşı iddia qaldırmamış, müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məkəməsinin 3 iyun 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil etirazda qeyd olunanlarla bağlı izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatın verilməsinə baxmayaraq İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ünvanladığı ərizə ilə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2018-ci il tarixli aktdan görünür ki, sifarişçi NİTSV Bahamas Limited MMC və podratçı Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci ildə podrat müqaviləsinin icrası tərəflərin razılığı ilə xx.xx.2018-ci ildə dayandırılır. Sifarişçi NİTSV Bahamas Limited MMCnin ödədiyi 6000 manat məbləğ 12 ay müddətinə geri qaytarılacaq. xx.xx.2018-ci il tarixli iddiaçı NİTSV Bahamas Limited MMC ilə Cavabdeh arasında bağlanmış podrat müqaviləsindən görünür ki, podratçı adlanacaq Cavabdeh Abşeron rayonu Abşeron quşçuluq sovxozu ərazisində 0.03 ha torpaq sahəsində cəmi sahəsi 128 m2 olan fərdi yaşayış evinin tam tikintisini öhdəsinə götürür. Podratçı qarşılıqlı razılaşmaya əsasən sifarişçi NİTSV Bahamas Limited MMC-nin sifarişi ilə əvvəlcədən yerinə yetiriləcək haqqını bu müqaviləyə əsasən müəyyən edir. Hər iki tərəf yerinə yetiriləcək (görüləcək) işlərin haqqının ödənilməsi ilə razılaşdıqdan sonra podratçı bu müqavilədə müəyyən olunmuş müddətə işləri keyfiyyətli yerinə yetirib sifarişçiyə təhvil verməyi, sifarişçi isə müqavilədə göstərilən məbləği podratçıya ödəməyi öz öhdəsinə götürür. Tikinti xx.xx.2018-ci il tarixində başa çatdırılır. xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh 6000 manat məbləği hər ay 500 və ya 600 manat olmaq şərti ilə ödəməyi təklif edir. xx.xx.2022-ci il tarixli A-16/2022 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, NİTSV Bahamas Limited MMC 100 manat mediasiya xərcini ödəmişdir. xx.xx.2019-cu il tarixli ********* saylı qəbzdən görünür ki, NİTSV Bahamas Limited MMC 30 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2023-cü il tarixli ********** saylı qəbzdən görünür ki, NİTSV Bahamas Limited MMC 135 manat dövlət rüsumu ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 373.3, 377.1, 379.1.6 və 752.1-ci maddələrinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 35.1 və 36.5-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, 10 yanvar 2018ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında qanunvericiliyə uyğun olaraq podrat müqaviləsi bağlanmış, İddiaçı MMC podratçıya, yəni Cavabdeh müqavilənin icrası məqsədilə pul ödəmiş, 10 oktyabr 2018-ci il tarixli akta əsasən isə həmin tarixdən müqavilənin icrası dayanmış, NİTSV Bahamas Limited” MMC-nin Cavabdeh ödədiyi 6000 manat məbləğində pulun 12 ay ərzində geri qaytarılması razılaşdırılmışdır. Daha sonra Cavabdeh 22 noyabr 2019-cu il tarixdə İddiaçı MMC-nin direktoru X1 bildiriş göndərərək ödənilmiş 6000 manat məbləği hər ay 500 və ya 600 manat olmaqla geri qaytarmağı təklif etmişdir. İddiaçı ərizəsində 9500 manat məbləğində pulun ödənilməsini qeyd etsə də, məhkəməyə 6000 manat məbləğində borcun mövcudluğunu əks etdirən sübut təqdim etmiş, cavabdeh isə 6000 manat məbləğində borcun ödənildiyini bildirsə də, məhkəməyə bununla bağlı mötəbər sübut təqdim etməmişdir. Cavabdeh nümayəndəsi Vəkil bildirişin 22 noyabr 2019-cu il tarixdə imzalandığını, iddiaçının isə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etdiyini, yəni 3 illik iddia müddətinin ötürüldüyü nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir (ərizə məhkəməyə təqdim edilib). Məhkəmə iddia müddətinin tətbiqinə dair ərizə ilə bağlı qeyd edir ki, Cavabdeh 22 noyabr 2019-cu il tarixdə İddiaçı MMC-yə 6000 manat borcu hər ay 500 və ya 600 manat olmaqla borcun geri qaytarılması ilə bağlı təklif göndərmiş, yəni Cavabdeh 12 ay ərzində hər ayın 22-dək, aşağıdakı qaydada: 2019-cu ilin dekabr 22-dək 500 manat, 2020-ci ilin yanvar ayının 22-dək 500 manat, 2020-ci ilin fevral ayının 22-dək 500 manat ...... 2020-ci ilin noyabr ayının 22-dək 500 manat cəmi 6000 manat məbləğində vəsaitin ödənilməsi öhdəliyini öz üzərinə götürmüş, iddiaçı isə hazırki tələblə məhkəməyə 23 yanvar 2023-cü il tarixdə müraciət etmişdir. Göründüyü kimi iddiaçı 2019-cu ilin dekabr 22-dək olan 500 manat tələblə bağlı iddia müddətini ötürsə də, növbəti 11 ay üçün 2020-ci ilin yanvar ayının 22-dək (22 yanvar 2022-ci il tarixdə mediasiya sessiyasının keçirilməməsi barədə arayışın verilməsini nəzərə alaraq iddia müddətinə 1 gün əlavə olunur) olan müddət daxil olmaqla ötürməmişdir. Belə ki, bildiriş 22 noyabr 2019-cu il tarixdə imzalansa da, hər ay vaxtaşırı olan 500 manat məbləğində ödənişlərin hər birinin ödəniş müddətləri növbəti ayının 22-dək müəyyən edilmiş və müddətin axımı hər ay ödəniləcək 500 manata müstəqil hesablanır. Odur ki, məhkəmə iddiaçının iddia ərizəsi ilə 23 yanvar 2023-cü il tarixdə məhkəməyə müraciət etməsini nəzərə alaraq hesab edir ki, 11 ay üçün tələb əsaslı olduğundan və hər ay 500 manat məbləğində vəsaitin ödəniləcəyini nəzərə alaraq iddia tələbi 5500 (6000 - 500) manat hissədə təmin edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbi 5500 manat əsas borc və 100 manat məbləğində mediasiya xərci hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə 5000 manat məbləğində mənəvi zərər və 500 manat hüquqi xidmətlə bağlı tələb ilə əlaqədar isə hesab edir ki, sözügedən tələblərlə bağlı iddiaçı tərəfindən mötəbər sübutlar təqdim edilmədiyindən iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçı məhkəmədən 135 manat dövlət rüsumunun ödənilməsini xahiş etsə də, məhkəmə qeyd edir ki, 100 manat məbləğində mediasiya xərci ödənildiyindən iddiaçı tərəfindən 135 manat dövlət rüsumundan 100 manat artıq ödənilmişdir. Məhkəmə 135 manat dövlət rüsumu tələbinin 35 manat hissəsi ilə bağlı isə qeyd edir ki, tələb 5500 manat hissədə təmin edildiyindən (iddia tələbin 36.66% təmin edilib) və həmin tələbə uyğun olaraq ödənilmiş dövlət rüsumunu təmin edilmiş mediasiya xərcini əhatə etdiyindən iddia 35 manat dövlət rüsumu hissəsində rədd edilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5500 manat məbləğində əsas borc və 100 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddia digər hissələrdə isə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5500 manat məbləğində əsas borc və 100 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia digər hissələrdə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №2-2(113)-3654/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-3654/2023
19.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver