Məhkəmə qərarları › İş №2-2(113)-3861/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-3861/2021

26.07.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-3861/2021 26.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı “X1” Bakı Filialının Cavabdeh-yə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X1” Bakı Filialı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 noyabr 2014-cü il tarixində “X1” Bakı filialına məxsus və 27 yanvar 2014-cü il tarixli, 1 nömrəli “Daşınmaz Əmlakın İcbari Sığortası Müqavilə”sinə və 28.01.2014-cü il tarixli RXA********** nömrəli Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsinə əsasən sığorta olunmuş ünvan 1 ünvanında yerləşən, iki mərtəbəli, təqribi 648,53 m2 ümumi sahəsi olan qeyriyaşayış binasının sökülməsi ilə baş vermiş sığorta hadisəsi nəticəsində vurulmuş zərərin (sığorta ödənişinin) məbləğinin müəyyən olunması və Cavabdeh-dən tutularaq “X1” Bakı filialına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı “X1” Bakı Filialının Cavabdeh-yə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələr üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmçinin iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə, pretenziya və iddia ərizəsinin cavabdeh tərəfindən almasını təsdiq edən sənədləri aşkar etməmişdir. Belə ki, iddia ərizəsinin cavabdehə göndərilməsi barədə qaimə əlavə edilsə də, sözügedən qaimədə iddia ərizəsinin cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən alınması barədə hər hansı qeyd aparılmamış, pretenziya isə ümumiyyətcə cavabdehə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 150.0.4-cü maddəsinə əsasən, iddia ərizəsinə kommersiya mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 150.0.7-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət etmədiyindən, eyni zamanda kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən pretenziya və iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd olmadığından iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı “X1” Bakı Filialının Cavabdeh-yə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən ********* nömrəli, 22.07.2021-ci il tarixli qəbz geri qaytarılsın. . İddiaçı “X1” Bakı Filialına izah edilsin ki, məhkəməyə iddia ərizəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət olunmalıdır. Həmçinin iddiaçı “X1” Bakı Filialına o da izah edilsin ki, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (poçt qəbzi və digər), eləcə də iddia ərizəsinin alınması barədə sübut (poçt qəbzi və digər) iddia ərizəsinə əlavə edildikdən sonra təkrarən məhkəməyə müraciət oluna bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar