Məhkəmə qərarları › İş №2-2(113)-40/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-40/2020

24.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-40/2020 24.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi K.X1 iştirakı ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdehnə qarşı borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “xxxx” ASC Cavabdehnə (Cavabdeh MMC) qarşı borcun tutulması tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2007-ci il tarixli, 131 saylı kredit müqaviləsi üzrə 19926,60 manat faiz borcu, xx.xx.2011-ci il tarixli, 295/11 saylı kredit müqaviləsi üzrə 150000 manat əsas, 27347,22 manat faiz, ümumilikdə 177347,22 manat, xx.xx.2012-ci il tarixli 022/12 saylı kredit müqaviləsi üzrə 100000 manat əsas, 17777,78 manat faiz, ümumilikdə 117777,78 manat borc və iddianin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2iqt(81)-508/2014 nömrəli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh MMC-nin nümayəndəsi xx.xx.2018-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qiyabi qətnamənin ləğv edilməsini xahiş etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2iqt(81)-508/2014 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, qiyabi qətnamə ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu xx.xx.2020-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiacının xeyrinə xx.xx.2007-ci il tarixli, 131 saylı kredit müqaviləsi üzrə 19926,60 manat faiz borcu, xx.xx.2011-ci il tarixli, 295/11 saylı kredit müqaviləsi üzrə 150000 əsas, 28847,34 manat faiz, 0.00 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 45784,34 manat borc, ümumilikdə 224631,68 manat, xx.xx.2012-ci il tarixli, 022/12 saylı kredit müqaviləsi üzrə 100000 manat əsas, 19972,40 manat faiz, 0.00 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 29932,95 manat borc olmaqla, ümumilikdə 149905,35 manat məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə Cavabdeh MMC arasında xx.xx.2007-ci il tarixli 131 saylı kredit müqaviləsinə əsasən Bank cavabdehə 12 ay müddətinə, illik 18 faizlə 100000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Bundan başqa, tərəflər arasında xx.xx.2011 -ci il tarixli 295/11 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə 24 ay müddətinə illik 10 faizlə 150000 manat məbləğində kredit vəsaiti verilmişdir. Daha sonra tərəflər arasında xx.xx.2012-ci il tarixli, 022/12 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə 24 ay müddətinə 10 faizlə 100000 manat məbləğində kredit vəsaiti verilmişdir. Cavabdeh kreditdən tam həcmdə istifadə etmiş, lakin müqavilələr üzrə yaranan borcu tam qaytarmamış, bununla da müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, borcun ödənilməsi təmin edilməmişdir. İddiaçının nümayəndəsi K.X2 məhkəmə iclasında ərizədə göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: “xxxx” ASC (borc verən) ilə Cavabdeh MMC (borc alan) arasında bağlanmış xx xxxx 2007-ci il tarixli, 131 saylı kredit müqaviləsinə əsasən bank borc alana 12 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 100000 manat məbləğində kredit verməyi, borc alan isə krediti qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kredtin məbləğini və ona hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 18 faizlə hesablanır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. xx xxxxxx 2013-cü il tarixli, 247/13 saylı maliyyə arayışı ilə müəyyən edilir ki, Cavabdeh MMC-nin xx xxxx 2007-ci il tarixli, 131 saylı kredit müqaviləsi üzrə “xxxx” ASCyə xx xxxxxx 2013-cü il tarixə müqavilə müddəti üçün hesablanmış faiz borcu 19926,60 manat təşkil edir. “xxxx” ASC (borc verən) ilə Cavabdeh MMC (borc alan) arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli, 295/11 saylı kredit müqaviləsinə əsasən bank borc alana 24 ay müddətinə illik 10 faiz dərəcəsi ilə 150000 manat məbləğində kredit verməyi, borc alan isə krediti qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kredtin məbləğini və ona hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 10 faizlə hesablanır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. xx xxxxxx 2020-ci il tarixli, **********201 saylı maliyyə arayışı ilə müəyyən edilir ki, Cavabdeh MMC-nin xx xxxxxx 2011-ci il tarixli, 295/11 saylı kredit müqaviləsi üzrə“xxxx” ASC-yə xx xxxxxx 2020-ci il tarixə əsas borcu 150000 manat, müqavilə müddəti üçün hesablanmış faiz borcu 28847,34 manat, müqavilə müddəti bitdikdən sonrakı dövr üçün illik 5% hesabı ilə hesablanmış faiz borcu 45784,34 manat olmaqla, ümumi borcu 224631,68 manat təşkil edir. “xxxx” ASC (borc verən) ilə Cavabdeh MMC (borc alan) arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli, 022/12 saylı kredit müqaviləsinə əsasən bank borc alana 24 ay müddətinə, illik 10 faiz dərəcəsi ilə, 100000 manat məbləğində kredit verməyi, borc alan isə krediti qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kredtin məbləğini və ona hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 10 faizlə hesablanır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. xx xxxxxx 2020-ci il tarixli, **********201 saylı maliyyə arayışı ilə müəyyən edilir ki, Cavabdeh MMC-nin xx xxxxxx 2012-ci il tarixli, 022/12 saylı kredit müqaviləsi üzrə“xxxx” ASC-yə xx xxxxxx 2020-ci il tarixə əsas borcu 100000 manat, müqavilə müddəti üçün hesablanmış faiz borcu 19972,40 manat, müqavilə müddəti bitdikdən sonrakı dövr üçün illik 5% hesabı ilə hesablanmış faiz borcu 29932,95 manat olmaqla, ümumi borcu 149905,35 manat təşkil edir. “xxxx” ASC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış bildirişlərdən görünür ki, sonuncuya kredit müqavilələri üzrə borcun banka ödənilməsi təklif edilmiş, borc ödənilmədiyi təqdirdə bank tərəfindən mülki qaydada kredit müqaviləsi üzrə borcun tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Cavabdeh MMC-nin nümayəndəsi xx.xx.2018-ci il tarixdıə ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq olunmasını və iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddianın rədd olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə kredit müqavilələri üzrə borcun müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 9675 saylı ekspert rəyi ilə Cavabdeh MMC-nin xx xxxx 2007-ci il tarixli, 131 saylı kredit müqaviləsi üzrə xx.xx.2013-cü il tarixə 19926,60 manat faiz borcu, xx xxxxxx 2011-ci il tarixli, 295/11 saylı kredit müqaviləsi üzrə xx.xx.2013-cü il tarixə 150000 manat əsas borc və 27347,22 manat faiz borcu olmaqla, 177347,22 manat ümumi borcu, xx xxxxxx 2012-ci il tarixli, 022/12 saylı kredit müqaviləsi üzrə xx.xx.2013-cü il tarixə 100000 manat əsas borc və 17777,78 manat faiz borcu olmaqla, 117777,78 manat ümumi borcu olduğu müəyyən edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh MMC ilə “xxxx” ASC arasında xx xxxx 2007-ci il tarixli, 131 saylı, xx xxxxxx 2011-ci il tarixli, 295/11 saylı və xx xxxxxx 2012-ci il tarixli, 022/12 saylı kredit müqavilələri bağlanmışdır. İddiaçı göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh kredit məbləğini müqavilədə müəyyən edilmiş müddətdə və qaydada iddiaçıya qaytarmamış, bununla kredit müqaviləsi üzrə öhdəlikləri pozmuşdur. Nəticədə xx xxxx 2007-ci il tarixli, 131 saylı kredit müqaviləsi üzrə 19926,60 manat faiz borcu, xx xxxxxx 2011-ci il tarixli, 295/11 saylı kredit müqaviləsi üzrə 150000 əsas, 28847,34 manat faiz borcu və xx xxxxxx 2012-ci il tarixli, 022/12 saylı kredit müqaviləsi üzrə 100000 manat əsas, 19972,40 manat faiz borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə cavabdehin iddiaçıya kredit müqavilələri üzrə borcunun olması müəyyən edildiyindən nəzərə alaraq hesab edir ki, iddiaçı cavabdehdən borcun tutulmasını tələb etməyə dair subyektiv hüquqa malikdir. Digər tərəfdən işin yuxarıda göstərilən hallarından göründüyü kimi Cavabdeh MMCnin nümayəndəsi hazırkı işə məhkəmədə baxılarkən iddia müddətinin tətbiqi barədə yazılı ərizə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» xx xxxxxx 2001ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qeyd olunanlara əsasən məhkəmə tərəflər arasında xx xxxx 2007-ci il tarixli, 131 saylı kredit müqaviləsinin müddətinin xx xxxx 2008-ci il tarixdə bitdiyini, cavabdeh tərəfindən həmin müqavilə üzrə sonuncu ödənişin xx.xx.2010-cu il tarixdə edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı xx.xx.2013-cü ildə, yəni iddia axımının başladığı tarixdən 3 ildən artıq müddət keçdikdən sonra iddia ilə məhkəməyə müraciət etməklə müqavilə tələbləri üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddətini buraxmışdır. İddiaçı tərəfindən xx xxxxxx 2011-ci il tarixli, 295/11 saylı və xx xxxxxx 2012-ci il tarixli, 022/12 saylı kredit müqavilələri üzrə iddia müddəti ötürülməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən, onun müddət keçdikdən sonra öhdəliyin icrasından imtina etmək hüququ olduğundan və iddia müddəti ötürüldüyündən iddia tələbi xx xxxx 2007-ci il tarixli, 131 saylı kredit müqaviləsi üzrə tələb edilən 19926,60 manat faiz borcuna münasibətdə rədd edilməlidir. Məhkəmə Cavabdeh MMC-nin xx xxxxxx 2011-ci il tarixli, 295/11 saylı və xx xxxxxx 2012-ci il tarixli, 022/12 saylı kredit müqavilələri üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin banka müvafiq olaraq 150000 əsas, 28847,34 manat faiz borcu və 100000 manat əsas, 19972,40 manat faiz borcunun yarandığını, iddiaçının isə həmin borcun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, əsas və faiz borcun tutulmasına dair iddiası tam təmin edilməlidir. Məhkəmə iddia tələbini faiz borcu hissəsində tam (maliyyə arayışlarına uyğun) təmin etmək barədə nəticəyə gələrkən nəzərə alır ki, müqavilə müddətlərinin müvafiq olaraq xx.xx.2013-cü il və xx.xx.2014-cü il tarixdə bitməsinə baxmayaraq, ekspert rəyində hər iki müqavilə üzrə faiz borcu xx.xx.2013-ci il tarixə olan müddətə hesablanmışdır (müvafiq olaraq 27347,22 və 17777,78 manat). Müqavilə müddəti bitdikdən sonrakı dövr üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5 faiz olmaqla hesablanmış 45784,32 manat və 29932,95 manat faiz tutulması barədə iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxx 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi Konstitusiya Məhkəməsinin Plenumunun qərarında ifadə edilmiş hüquqi mövqeyə görə bank kreditin verilmə müddəti bitdikdən sonrakı dövr üçün borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% hesabı ilə faiz tələb etmək hüququna malik olduğundan həmin hissədə idda təmin edilməli, iddiaçı tərəfindən müqavilə müddəti bitdikdən sonrakı dövr üçün borcun ödənillməsinin gecikdirildiyi müddət üzrə hesablanmış 45784,32 manat və 29932,95 manat məbləğində faizlər Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə münasib olaraq iddiaçı tərəfindən iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğin 1,5 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 28,50 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, eyni zamanda cavabdehdən ekspertiza tədqiqatının dəyəri olan 100 manat tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2011-ci il tarixli, 295/11 saylı kredit müqaviləsi üzrə150000 (yüz əlli min) əsas borc, 28847,34 (iyirmi səkkiz min səkkiz yüz qırx yeddi manat otuz dörd qəpik) manat faiz borcu, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz hesabı ilə 45784,34 (qırx beş min yeddi yüz səksən dörd manat otuz dörd qəpik) manat məbləğində pul olmaqla, ümumilikdə 224631,68 manat (iki yüz iyirmi dörd min altı yüz otuz bir manat altmış səkkiz qəpik), xx.xx.2012-ci il tarixli, 022/12 saylı kredit müqaviləsi üzrə 100000 (yüz min) manat əsas borc, 19972,40 (on doqquz min doqquz yüz yetmiş iki manat qırx qəpik) manat faiz borcu, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz hesabı ilə 29932,95 (iyirmi doqquz min doqquz yüz otuz iki manat doxsan beş qəpik) manat olmaqla, ümumilikdə 149905,35 manat (bir yüz qırx doqquz min doqquz yüz beş manat otuz beş qəpik) məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28,50 manat (iyirmi səkkiz manat əlli qəpik) olmaqla cəmi 374565,53 manat (üç yüz yetmiş dörd min beş yüz altmış beş manat əlli üç qəpik) məbləğində pul ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İddia verilərkən ödənilmiş dövlət rüsumunun 1,5 manat (bir manat əlli qəpik) hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar