Məhkəmə qərarları › İş №2-2(113)-404/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-404/2020

06.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-404/2020 06.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Vəkil, üçüncü şəxs Cavabdeh1 MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh2 ASC-yə və üçüncü şəxs Cavabdeh1 MMC-yə qarşı “dəzgah və qurğuların qanunsuz sahiblikdən geri tələb edilməsi və əldən çıxmış fayda” tələbinə dair kommersiya işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh1 MMC-yə qarşı “dəzgah qurğuların qaytarılması və pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı Cavabdeh1 MMC-ni əsl olan Cavabdeh2 ASC ilə əvəz edərək cavabdehdən iddiaçıya məxsus olan dəzgah və avadanlıqların qanunsuz sahiblikdən geri alınması və 3 aylıq məhsul satışından əldən çıxan 9000 manat gəlirin tutulmasını xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin qərardadı ilə ərizə icraata qəbul edilmiş, həmçinin Cavabdeh1” MMC müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-1807/2018 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-12765/2018 nömrəli qərardadı ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş baxılması üçün 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə göndərilmişdir. Həmin qərardaddan üçüncü şəxs kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)- 3542/2019 nömrəli qərarı ilə şikayət təmin edilməmişdir. İş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərildikdən sonra məhkəmənin xx.xx.2019-cu il tarixli, 2-2(82)-839/2019 nömrəli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı xx.xx.2019-cu il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(82)- 839/2019 nömrəli qərardadı ilə şikayət təmin edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən qeydə alınmış VÖEN ********** saylı xx xxxx 2016-cı il tarixli şəhadətnamə əsasında fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Sahibkarlıq fəaliyyətinin əsasını tibb müəssisələrində istifadə olunmaq üçün sterilizə olunmuş tibbi tənzif və bint istehsal edib alıcılara çatdırmaq olmuşdur. Bu məqsədlə dəzgah və qurğular alaraq istehsala başlamış və 2013-cü ildə Cavabdeh2 ASC-nin ünvan 1 ünvanında yerləşən binada qeyri-yaşayış sahəsinin icarəyə götürülməsi üçün müraciət etmişdir. Müqavilə hər il təzələnmişdir. Cəmiyyətin rəhbərliyi dəyişdikdən sonra yenidən xx xxx 2016-cı il tarixli 18 saylı qeyri-yaşayış binalarının icarəyə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən o, özünə məxsus olan dəzgah və avadanlıqları cavabdehdən icarəyə götürdüyü 60 kv.m qeyri-yaşayış sahəsinə yerləşdirmişdir. Müqavilənin 1-ci bəndinə əsasən hər kv.metri 3,3 manat olmaqla aylıq ödəniş icarə haqqı 200 manatdan 60 kv.m sahəni icarəyə götürmüşdür. O, müqavilədən irəli gələn bütün öhdəliklərini vicdanla yerinə yetirmişdir. 2017-ci ilin aprel ayında cavabdeh icarəyə götürdüyü sahəyə giriş qapılarının açarlarını dəyişdirərək onu sahəyə buraxmamışdır. O, Cavabdeh1 MMC-nin rəhbərliyinə müraciət etdikdən sonra icarəyə götürdüyü sahədə işini davam etdirmişdir. Cavabdeh xx xxxxxx 2017-ci il tarixdə heç bir qanuni əsas olmadan ondan icarəyə götürdüyü sahəni xx xxxxxx 2018-ci il tarixdən boşaltmasını tələb etmiş, əks təqdirdə xəbərdarlıq eləmədən avadanlıqları çölə tökəcəyini bildirmişdir. xx xxxxxx 2017-ci il tarixdə məcburiyyət qarşısında qalaraq sahəni boşaltmış və ona məxsus olan avadanlıqları sökdürüb maşına yükləmişdir. Lakin cavabdeh avadanlıqların ərazidən çıxarılmasına imkan verməmişdir. Cavabdeh heç bir əsas göstərmədən maşından avadanlıqları boşaldaraq onları yararsız vəziyyətə salmışdır. O, cavabdehdən qanunsuz hərəkətlərinə son qoymasını, avadanlıqların qaytarlmasını tələb etsə də, cavabdeh onun bu tələbinə məhəl qoymur və onun qanuni sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə maneçilik yaradır. Son 3 ay ərzində cavabdeh onun fəaliyyətini qanunsuz olaraq dayandırmaqla 9000 manat məbləğində ziyan vurmuşdur. Həmçinin cavabdeh müqavilə öhdəliklərini birtərəfli qaydada pozmaqla üzərinə götürdüyü öhdəliklərə əməl etməmişdir. Ona görə Cavabdeh2 ASC-dən iddaçıya məxsus olan dəzgah və avadanlıqların qanunsuz sahibliyindən geri alınması və 3 aylıq məhsul satışından əldən çıxan 9000 manat gəlirin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddiaya etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbinin dəlilləri əsassızdır, sübutetmə yükünün iddiaçının üzərinə düşməsinə baxmayaraq, iddia ərizəsinə dəzgah və avadanlıqların iddiaçıya məxsusluğunu, onların adını, markasını, alınma mənbəyini təsdiq edən sübutlar əlavə olunmamışdır və həmin ərizə yalnız iddiaçının təfəkkürünün uydurmasına uyğun olaraq tərtib edilmişdir. Əslində işin halları ondan ibarətdir ki, Cavabdeh2 X11 Cəmiyyəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx xxxxxxx 1998-ci il tarixdə 32 № ilə qeydiyyata alınmışdır. Həmin cəmiyyətin səhmdarları və onun əmlakının mülkiyyətçiləri Azərbaycan Respublikası “Mülk” Milli Depozit Mərkəzi tərəfindən xx xxxxxxx 1998-ci il tarixdə verilmiş səhmdarların reyestrlərdən çıxarışında göstərilən 103 (yüz üç) fiziki və 1 (bir) hüquqi şəxs Cavabdeh1 MMC-dir. Cavabdeh1 MMC-nin Cavabdeh2 ATSC üzrə xx xxxx 2013-cü il tarixli 01 №-li əmri ilə Cavabdeh2 ATSC-nin əməli fəaliyyətinin inkişaf etdirilməsi məqsədilə X3 xx xxxx 2013-cü il tarixdən Cavabdeh2 ATSC-nin icraçı direktoru təyin edilmiş və cəmiyyətə məxsus möhür və aidiyyatı olan rəsmi sənədlər təhvil-təslim edilərək ona verilməsi əmr edilmişdir. Cavabdeh2 X11 Cəmiyyətin əsas məqsədi mənfəət əldə etməkdir və əsas fəaliyyət növləri dərman peraparatlarının istehsalı və satışı, xarici ticarət və barter əməliyyatları, o cümlədən xarici ölkə müəssisələrilə birgə tibb sənaye və texnoloji avadanlıqların istehsalı və satışını təşkil etməkdir. xx xxxxxx 2011-ci il tarixdə Cavabdeh2 ATSC-nin əmlakının mülkiyyətçisi olan Cavabdeh1 MMC-yə məxsus MRT Tomoqrafıya DJ - ROZO; PTM 41 M3 №66 Tu 64-7-397-85 50 qts 380v 4 kvasterilzə aparatı; PTM 3024 № 48 Tu 64-7-209 1 83 50 qts 380 0,75 kva-sterilzə aparatı; SEİTZ ENZİNGER NOU PİLOT; TYP № 6119 BAUJAHR; SEİTZ ENZİNGER NOU; MASCHİNENBAU AO D-800 MANHEİM; BAD KREUZNACH; RHEİNLAND 20 Z 4552 1970; STİEFENOFER üçün divar peçi - 4 ədəd; ampulalar üçün qazan - 1 ədəd; İnzulin hazırlanması üçün qazan - 2 ədəd; SEİTZ WERKE ampulaların doldurulması aparatları - 2 ədəd; ampulaların ağzının bağlanması aparatları - 2 ədəd (MOSQORSOVNARXOZ); marla doğrayan mişar - 1 ədəd; marla rulonunu dolayan komplekt avadanlıq -1 ədəd, (boz rəngində); paketləmə ütüsü ayaq usulu - 1 ədəd, əl üsulu - 1 ədəd; presləmə aparatı - (SUPERCENERAL) - 1 ədəd; mikrob və bakteriaları öldürən Ulturabənövşəyi lampalar - 2 ədəd; ampulaların ağzını bağlayan aparatlar - 3 ədəd; İnsulin aparatı - 1 ədəd; əşyaların yuyulması üçün 2 gözlü vanna - 1 ədəd; dərman preparatlarının hazırlanması üçün balaca konveyer - 1 ədəd; tabletka qazanları - 4 ədəd; dərmanları makirovka etmə cihazları - 1 ədəd; hava təmizləyici avadanlıq - 1 ədəd; tərəzi - 1 ədəd; mikroskop - 1 ədəd; bir-birilə bağlı konveyer - 3 ədəd; ampulaların ağzını bağlayan aparat - 2 ədəd; ampullarm doldurma aparatları - 2 ədəd; paket ağzı açan - 1 ədəd; dəmir şkaf - 3 ədəd; manometr PH-340 - 1 ədəd; elektro fotometr SF-46 (LOMO) - 1 ədəd; mayetökmə aparatı - 1 ədəd; qurutma avadanlıqları - 4 ədəd; bakteridit stol - 1 ədəd; tibbi aparatların sterilzə peçi - 4 ədəd; maye dərmanların şüşə taralara tökülməsini tənzimləyən aparat - 1 ədəd; aparat BLEXMATİC - 2 ədəd; aparat TVALVE - 1 ədəd; aparat STATİC MERCURY DROPELECTRODE - 1 ədəd; şüşə qablı dərmanların ağzını bağlayan və etiket vuran avadanlıq - 3 ədəd; ampulanın sterilzə peçi - 1 ədəd; laboratoriya stolları - 19 ədəd; moyka - 2 ədəd; qurutma şkafı (09130 №) - 1 ədəd; qurutma peçi (09123 №) - 1 ədəd; qurutma peçi (404 №) - 1 ədəd; dərman preparatlarının dozasını tənzimləyən və dolduran avadanlıq - 1 ədəd dərman peraparatları və bint istehsalına aid avadanlıqlar cəmiyyətin komissiya üzvləri tərəfindən invertarlaşdırılmış və xx xxxx 2013-cü il tarixdə Cavabdeh2 ATSC-nin icraçı direktoru Feliks Bayramova təhvil verilmişdir. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən Cavabdeh2 ATSC-yə Sterilzə olunmuş tibbi bint istehsalı üçün verilmiş Uyğunluq Sertifikatı əsasında Cavabdeh2 ATSC xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək fəaliyyət göstərib və İddiaçı həmin dövrdə texniki işçi kimi işləmişdir. Sonradan İddiaçı özü sərbəst bint istehsalı ilə məşğul olması barədə Cavabdeh2 ATSC-nin icraçı direktoru Feliks Bayramova müraciət etmişdir. Lakin Cavabdeh2 ATSC-nin mülkiyyətçisi olan Cavabdeh1 MMC tərəfindən bint istehsalı ilə bağlı əmək fəaliyyətinin rəsmiləşdirilməsi ondan tələb edilmiş və tibbi bint istehsalı üçün nəzərdə tutulmuş Uyğunluq Sertifikatı alınaraq fəaliyyət göstərilməsi tövsiyyə edilmişdir. İddiaçı bu şərtlərlə razılaşdığı üçün onunla 60 kv.m boş qeyri-yaşayış sahəsi üzrə icarə müqaviləsi bağlanmışdır. Lakin İddiaçı pis niyyət göstərərək Uyğunluq Sertifikatı olmadan, həmçinin Cavabdeh1 MMC-yə məxsus dərman və bint istehsal edən avadanlıqları özbaşına istifadə etmək məqsədi güdərək fəaliyyət göstərmək istədiyindən Cavabdeh1 MMC- nin təsisçiləri tərəfindən xx xxxxxx 2017-ci il tarixdə növbədənkənar iclas keçirilmiş və Cavabdeh1 MMC-nin səhmdarı olduğu (94,1597%) Cavabdeh2 ASC-yə məxsus əmlakda İddiaçı tərəfindən sterilizə olunmuş bint istehsalında yaranan neqativ halların müzakirəsi aparılmış və yaranmış neqativ halların aradan qaldırılması İddiaçı diqqətinə çatdırılaraq ona müəyyən vaxt verilmişdir. Buna baxmayaraq İddiaçı öz pis niyyətini davam etdirərək Cavabdeh1 MMC-yə məxsus olan avadanlaqları gizlicə aparmağa cəhd göstərmişdir. Lakin həmin mənimsəmənin qarşısı vaxtında alınmış, İddiaçı qadın olduğundan onun bu qanunsuz hərəkətləri barədə aidiyyatı üzrə hüquq-mühafizə orqanlarına müraciət edilməmişdir və İddiaçı ciddi xəbərdarlıq edilmişdir. Lakin iddia ərizəsindən də göründüyü kimi, iddiaçı yenə də əsassız varlanmaq niyyətinə düşmüşdür. Üçüncü şəxsin nümayəndəsi iddiaya etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi tam əsassızdır. Cavabdeh2 X11 Cəmiyyəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx xxxxxxx 1998-ci il tarixdə 32 № ilə qeydiyyata alınmışdır. Həmin cəmiyyətin səhmdarları və onun əmlakının mülkiyyətçiləri Azərbaycan Respublikası “Mülk” Milli Depozit Mərkəzi tərəfindən xx xxxxxxx 1998-ci il tarixdə verilmiş səhmdarların reyestrlərdən çıxarışında göstərilən 103 (yüz üç) fiziki və 1 (bir) hüquqi şəxs Cavabdeh1 MMC-dir. Cavabdeh1 MMC-nin Cavabdeh2 ATSC üzrə xx xxxx 2013-cü il tarixli 01 №-li əmri ilə Cavabdeh2 ATSC-nin əməli fəaliyyətinin inkişaf etdirilməsi məqsədilə X3 xx xxxx 2013-cü il tarixdən Cavabdeh2 ATSC-nin icraçı direktoru təyin edilmiş və cəmiyyətə məxsus möhür və aidiyyatı olan rəsmi sənədlər təhvil-təslim edilərək ona verilməsi əmr edilmişdir. Cavabdeh2 X11 Cəmiyyətin əsas məqsədi mənfəət əldə etməkdir və əsas fəaliyyət növləri dərman peraparatlarının istehsalı və satışı, xarici ticarət və barter əməliyyatları, o cümlədən xarici ölkə müəssisələrilə birgə tibb sənaye və texnoloji avadanlıqların istehsalı və satışını təşkil etməkdir. xx xxxxxx 2011-ci il tarixdə Cavabdeh2 ATSC-nin əmlakının mülkiyyətçisi olan Cavabdeh1 MMC-yə məxsus dərman preparatları və bint istehsalına aid avadanlıqlar komissiya üzvləri tərəfindən invertarlaşdırılmış və xx xxxx 2013-cü il tarixdə Cavabdeh2 ATSC-nin icraçı direktoru Feliks Bayramova təhvil verilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbinə etiraz etmiş və məhkəmə təqdim etdiyi yazılı etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Üçüncü şəxs Cavabdeh1 MMC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbinə etiraz etmiş və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: Cavabdeh2 ASC (icarədar) ilə İddiaçı (icarəçi) arasında qeyri-yaşayış binalarının icarəyə verilməsinə dair xx xxx 2016-cı il tarixli, 18 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı Davud Aslan küçəsi 2 ünvanında yerləşən ümumi sahəsi 60 kv.m qeyri-yaşayış binasını ayda 200,0 manat icarə haqqı ödəməklə icarəyə götürmüşdür. Müqavilənin 12 bəndinə əsasən müqavilə 1 il müddətinə bağlanmış və əgər hər hansı tərəf müqavilənin xitam etməsini arzu etmədikdə həmin müddətə uzadılır. Cavabdeh1 MMC-nin təsisçilərinin xx xxxxxx 2017-ci il tarixli növbədənkənar iclasının protokol qərarına əsasən Cavabdeh2 ASC-yə məxsus Keşlə qəsəbəsi, Davud Aslan küçəsi 2 ünvanda yerləşən obyektdə İddiaçı tərəfindən bint istehsalı sexində yaranmış neqativ halların aradan qaldırılması İddiaçı nəzərinə çatdırılmaqla, 2017-ci ilin dekabr ayının sonuna kimi neqativ halların aradan qaldırılması üçün ona vaxt verilməsi, əks təqdirdə bint istehsalı sexinin bağlanması üçün tədbirlər görülməsi qərara alınmışdır. Həmin qərarın surəti xx.xx.2017-ci il tarixdə İddiaçı verilmişdir. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş B 020668 nömrəli Uyğunluq Sertifikatı ilə Cavabdeh2 ASC-yə sterilizə olunmuş tibbi bint istehsalı üçün xx xxxx 2013-cü il tarixdən xx xxxx 2014-cü il tarixədək sertifikat verilmişdir. Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi Davud Aslan 2 ünvanında yerləşən Cavabdeh2 ATSC-nin payçısı Cavabdeh1 MMC-yə məxsus dərman preparatlarının və bint istehsalına aid inzibati binada olan avadanlıqların invertarlaşdırılması keçirilmiş və göstərilən avadanlıqlar siyahı üzrə qeydiyyata alınmışdır: MRT Tomoqrafıya DJ - ROZO; PTM 41 M3 №66 Tu 64-7-397-85 50 qts 380v 4 kvasterilzə aparatı; PTM 3024 № 48 Tu 64-7-209 1 83 50 qts 380 0,75 kva-sterilzə aparatı; SEİTZ ENZİNGER NOU PİLOT; TYP № 6119 BAUJAHR; SEİTZ ENZİNGER NOU; MASCHİNENBAU AO D-800 MANHEİM; BAD KREUZNACH; RHEİNLAND 20 Z 4552 1970; STİEFENOFER üçün divar peçi - 4 ədəd; ampulalar üçün qazan - 1 ədəd; İnzulin hazırlanması üçün qazan - 2 ədəd; SEİTZ WERKE ampulaların doldurulması aparatları - 2 ədəd; ampulaların ağzının bağlanması aparatları - 2 ədəd (MOSQORSOVNARXOZ); marla doğrayan mişar - 1 ədəd; marla rulonunu dolayan komplekt avadanlıq -1 ədəd, (boz rəngində); paketləmə ütüsü ayaq usulu - 1 ədəd, əl üsulu - 1 ədəd; presləmə aparatı - (SUPERCENERAL) - 1 ədəd; mikrob və bakteriaları öldürən Ulturabənövşəyi lampalar - 2 ədəd; ampulaların ağzını bağlayan aparatlar - 3 ədəd; İnsulin aparatı - 1 ədəd; əşyaların yuyulması üçün 2 gözlü vanna - 1 ədəd; dərman preparatlarının hazırlanması üçün balaca konveyer - 1 ədəd; tabletka qazanları - 4 ədəd; dərmanları makirovka etmə cihazları - 1 ədəd; hava təmizləyici avadanlıq - 1 ədəd; tərəzi - 1 ədəd; mikroskop - 1 ədəd; bir-birilə bağlı konveyer - 3 ədəd; ampulaların ağzını bağlayan aparat - 2 ədəd; ampulların doldurma aparatları - 2 ədəd; paket ağzı açan - 1 ədəd; dəmir şkaf - 3 ədəd; manometr PH-340 - 1 ədəd; elektro fotometr SF-46 (LOMO) - 1 ədəd; mayetökmə aparatı - 1 ədəd; qurutma avadanlıqları - 4 ədəd; bakteridit stol - 1 ədəd; tibbi aparatların sterilzə peçi - 4 ədəd; maye dərmanların şüşə taralara tökülməsini tənzimləyən aparat - 1 ədəd; aparat BLEXMATİC - 2 ədəd; aparat TVALVE - 1 ədəd; aparat STATİC MERCURY DROPELECTRODE - 1 ədəd; şüşə qablı dərmanların ağzını bağlayan və etiket vuran avadanlıq - 3 ədəd; ampulanın sterilzə peçi - 1 ədəd; laboratoriya stolları - 19 ədəd; moyka - 2 ədəd; qurutma şkafı (09130 №) - 1 ədəd; qurutma peçi (09123 №) - 1 ədəd; qurutma peçi (404 №) - 1 ədəd; dərman preparatlarının dozasını tənzimləyən və dolduran avadanlıq - 1 ədəd. Bu barədə xx.xx.2011-ci il tarixdə Cavabdeh2 ATSC-nin payçısı olan Cavabdeh1 MMC-yə məxsus dərman preparatları və bint istehsalına aid avadanlıqların invertarlaşdırılması aktı tərtib edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsində keçirilmiş məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilən X5 ifadə verərək bildirmişdir ki, fərdi qaydada çilingərlik edir, müxtəlif təyinatlı texniki və digər avadanlaqların təmiri ilə məşğuldur. Kiməsə avadanlıq quraşdırmaq lazım olanda, həmin işləri görür. 2012-ci ilin əvvəllərində adını xatırlamadığı bir tanışı zəng edərək onu işə çağırmış, Keşlə qəsəbəsində yerləşən obyektə getmiş, köməkçisi ilə birlikdə avadanlıqları, onları xahiş edib çağıran adamın göstərişi ilə quraşdırmışdır. Onlar orada fəhlə-usta kimi işlərini görüb, pullarını alıb getmişlər. Orada baraban və digər xırım-xırda əşyalar olmuş, ən böyük əşya baraban olmuşdur. Avadanlıqlar köhnə olmuşdur, lakin onların hara istehsalı olduğuna baxmamışdır. Avadanlıqların kimin olduğunu soruşmamış və bilməmişdir. Avadanlıqları İddiaçı deyil, başqa bir şəxsin xahişi ilə quraşdırmış, zəhmət haqqı da həmin şəxs tərəfindən ödənilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsində keçirilmiş məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilən X2 ifadə verərək bildirmişdir ki, İddiaçı 1999cu ildən tanıyır, birlikdə işləmişlər. Nəzirə dərman üzrə işləmiş, sex ustası olmuşdur. Nəzirənin bint kəsən aparatı olmuş, lakin onu haradan aldığını bilməmişdir. Əvvəllər həmin mal orada olmamışdır. Nəzirə dəzgahları 2007-ci ildən orada işlətmişdir. Dəzgahlar zavodun olmamışdır, Nəzirənin səhvi onda olmuşdur ki, dəzgahları gətirib orada quraşdırmışdır. 2008-ci ildən sonra özü işdən çıxmışdır. Dəzgahların kimin olduğunu bilmir, bu, ona lazım da deyil. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh2 ASC arsında xx xxx 2016-cı il tarixdə müqavilə imzalanmış və iddiaçı tərəfindən Davud Aslan küçəsi 2 ünvanında yerləşən ümumi sahəsi 60 kv.m qeyri-yaşayış binasını ayda 200,0 manat icarə haqqı ödəməklə icarəyə götürülmüşdür. İddiaçı orada sterilizə olunmuş tibbi tənzif və bint istehsalı ilə məşğul olmuşdur. Sonradan tərəflər arasındakı münasibətlərə son qoyulmuşdur. İddiaçı tibbi tənzif və bint istehsalı üçün istifadə olunan dəzgah və avadanlıqların ona məxsus olduğunu qeyd edərək onların cavabdehdən alınaraq ona verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh2 ATSC-nin payçısı olan Cavabdeh1 MMC-yə məxsus dərman preparatlarının və bint istehsalına aid inzibati binada olan avadanlıqların invertarlaşdırılması keçirilmiş və müvafiq avadanlıqlar siyahı üzrə xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmış və bu barədə akt tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur. İddiaçı iddia tələbində ona məxsus dəzgah və avadanlıqların cavabdehin qanunsuz sahibliyindən geri alınmasını xahiş etsə də, həmin əmlakların ona məxsus olmasını və onların cavabdehin qanunsuz sahibliyində olduğunu təsdiq edən sübutlarını təqdim edə, həmin dəzgah və avadanlıqların adını, markasını, alınma mənbəyini göstərə bilməmişdir. Tibbi ləvazimatların istehsalı üçün uyğunluq sertifikatı İddiaçı deyil, Cavabdeh2 ASC-yə verilmişdir. İddiaçı sübut qismində həmçinin şahid ifadələrinə istinad etmişdir. Lakin həmin şahid ifadələri ilə də dəzgah və avadanlıqların iddiaçıya məxsus olması təsdiq olunmur. Belə ki, iş materiallarından görünür ki, şahidlərdən X5 ifadəsində usta kimi quraşdırdığı avadanlığın kimin olduğunu soruşmadığını və bilmədiyini, avadanlıqları iddiaçının deyil, başqa bir şəxsin xahişi ilə quraşdırdığını, zəhmət haqqının da həmin şəxs tərəfindən ödənildiyini göstərmişdir. Digər şahid X2 isə ifadəsində İddiaçı dəzgahları 2007ci ildən işlətdiyini, 2008-ci ildən sonra özünün işdən çıxdığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı dəzgah və avadanlıqların cavabdehin qanunsuz sahibliyindən geri alınması və 3 aylıq məhsul satışından əldən çıxan 9000 manat gəlirin tutulmasına dair iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilməsin. İddia verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar