Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-4263/2025 01.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borc müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, Cavabdehin nümayəndələri Nümayəndə və X2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra – iddiaçılar) Cavabdeh MMC-yə (bundan sonra-cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ******* ABŞ dolları və 30459 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı1 və 933069 ABŞ dolları və 544604 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2002-ci il tarixdə təsis edilərək dövlət qeydiyyatına alınmışdır. xx.xx.2010-cu il tarixdən xx.xx.2025-ci il tarixədək İddiaçı1 tərəfindən Cavabdehnə borc olaraq ümumilikdə ******* ABŞ dolları və 30459 manat, İddiaçı2 tərəfindən isə 933069 ABŞ dolları və 544604 manat pul vəsaiti verilmişdir və bu barədə sübutlar mövcuddur. Dəfələrlə, Cavabdehndən qeyd olunan borc məbləği tələb edilsə də, cavabdeh tərəfindən bugünədək həmin borc məbləği üzrə heç bir ödəniş aparılmamışdır.
3. İddiaçılar daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə verib cavabdehdən 2 388 275 (iki milyon üç yüz səksən səkkiz min iki yüz yetmiş beş) ABŞ dolları və 459 (dörd yüz əlli doqquz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı1 və 1 073 069 (bir milyon yetmiş üç min altmış doqquz) ABŞ dolları və 374 604 (üç yüz yetmiş dörd min altı yüz dörd) manat məbləğində pul vəsaitinin İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişlər.
4. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4263/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırkı kommersiya mübahisəsi üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.
5. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir.
6. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçılar ərizələrində qeyd edirlər ki, "xxxx" MMC xx.xx.2002-ci il tarixdə təsis edilərək dövlət qeydiyyatına alınmışdır. xx.xx.2010-cu il tarixdən xx.xx.2025- ci il tarixədək İddiaçı1 tərəfindən "xxxx" MMC-yə borc olaraq ümumilikdə 2.511.102,00 ABŞ dolları və 30.459,00 manat, İddiaçı2 tərəfindən isə 933.069,00 ABŞ dolları və 544.604,00 manat pul vəsaiti verilmişdir. Qeyd olunan borc dəfələrlə "xxxx" MMC-dən tələb edilsə də cavabdeh tərəfindən bu günədək həmin borc məbləği üzrə heç bir ödəniş edilməmişdir. İddiaçılar tərəfindən sübut qismində məhkəməyə bir sıra sənədlər (ekspert rəyi, borc müqavilələri, ödəniş tapşırıqları) təqdim edilmişdir. Eyni zamanda cavabdeh "xxxx" MMC-nin direktoru məhkəməyə məktub ünvanlayaraq iddia tələbini qəbul etmiş, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi ilə razı olduğunu bildirmişdir. Borcun verilməsinin sübutu olaraq məhkəməyə aşağıdakı sənədlər təqdim edilmişdir: • Dörd ədəd borc müqavilələri; • "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəyi. Bildiririk ki, məhkəməyə təqdim olunan dörd ədəd müqavilə sadəcə tərəflərin imzası ilə təsdiqlənmişdir. Qeyd etməliyik ki, belə formada müqavilə təkcə 2021-2024-cü il üçün deyil, istənilən illər üçün tərtib edilərək imzalana bilər. Lakin bu o demək deyil ki, həqiqətən bir tərəf digər tərəfə borc vermişdir. Müqavilənin mötəbərliyi sübut olunmaq üçün həmin müqavilə notarial qaydada təsdiqlənməli idi. Hazırkı halda bu məzmunda yüzlərlə müqavilə tərtib edib imzalamaq mümkündür. Başqa sözlə desək notarial qaydada təsdiqlənməmiş borc müqaviləsi mötəbər sübut deyil və əsli ilə eyniləşdirilməsi imkanı mövcud deyil. Məhkəməyə sübut qismində təqdim olunan digər bir sənəd ekspert rəyi və ona qoşulmuş sənədlər mənbəyi naməlum olduğundan, eləcə qanunla belə bir borcun verilməsini sübut edən sənəd qismində çıxış etməsi nəzərdə tutulmadığından borcun verilməsi faktını təsdiq edə bilməz. Ekspert rəyinə qoşulmuş və ekspertin əsaslandığı “Ər-Riyad” ticarət mərkəzində yerləşən mağaza sahiblərinə qaytarılması üçün "xxxx" MMC-yə xx.xx.2010-cu il tarixdən, xx.xx.2022-cü il tarixədək dövr ərzində verilən investisiya vəsaitlərinin hərəkəti cədvəli də mötəbər sübut kimi nəzərə alınma bilməz. Belə ki, həmin hərəkət cədvəlindəki məlumatlar qanunla nəzərdə tutulan formaya uyğun ilkin sənədlər, ilkin uçot sənədləri ilə təsdiqini tapmalıdır. Eyni zamanda, bu cədvəldə əks etdirilmiş məlumatların mötəbərliyi təsdiq olunarsa belə bu ödənişlərin böyük hissəsi iddiaçılar və cavabdeh arasında bağlanmış borc müqaviləsindən, 2021-2024-cü illərdən əvvəl icra edildiyindən borcun verilməsi faktını təsdiq edə bilməz. Bildiririk ki, bu halda borcun verilməsi yalnız banka verilən və üzərində təyinatı göstərilən ödəniş tapşırıqları ilə sübut oluna bilərdi. Başqa sözlə desək borcun verilməsi zamanı icra olunan ödənişlər bank köçürmələri və bank ödəniş sənədləri ilə sübut oluna bilər. İddiaçı isə məhkəməyə belə bir sübut təqdim etməmişdir. Digər tərəfdən qeyd olunmalıdır ki, borcu qarşı tərəf etiraf edir və məlum olur ki, aralarında borc barədə hər hansı bir mübahisə yoxdur. O zaman sual olunur ki, mübahisə olmadığı halda nəyə görə məhkəmədə iddia qaldırılıb. Mübahisədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs olaraq bildiririk ki, hazırkı məhkəmə işi üzrə iddia tələbinin təmin edilməsi vergi orqanlarının qanuni mənafeyinə ziddir və iddiaçı tərəfindən belə bir iddianın qaldırılması son nəticədə təsisçisi olduğu cavabdeh müəssisənin vergi öhdəliklərinin icrasından yayınmağa şərait yaradacaqdır. Bildiririk ki, aparılmış araşdırma zamanı aşağıdakı riskli hallar müəyyən edilmişdir: 1. Borclar qısa müddətli (3-6 ay) olmamışdır. Maliyyə (likvidlik) dəstəyi üçün borcların adətən 1 ildən az müddətdə geri qaytarılması nəzərdə tutulur. 2. Müqavilədə borcların geri ödənilməməsinə görə faizlərin hesablanması nəzərdə tutulmamışdır. Hansı ki, bu tip müqavilələrdə vəsaitin geri qaytarılmasını təşviq etmək üçün faiz hesablanması alətindən istifadə edilməsi məqsədəuyğun hesab edilir. 3. Belə müqavilələr təkrar-təkrar bağlanılmışdır. 4. Müəssisənin faktiki nizamnamə kapitalı təsisçilər tərəfindən verilən borclardan dəfələrlə azdır. Bu isə müəssisənin maliyyə sabitliyinin olmaması deməkdir. Hansı ki, maliyyə vəziyyəti bu cür olan bir şirkətə borc vermək məqsədəuyğun hesab edilmir. Qeyd edilən hallar müvafiq vəsaitlərin borc məbləği kimi deyil, müəssisənin nizamnamə kapitalı kimi hərəkət etdiyini deməyə əsas verir. Belə olan halda isə təsisçilərin şirkətə qoyduğu pul borc yox, kapital kimi qəbul oluna bilər və bu zaman həmin vəsaitlərin geri qaytarılması dividend vergisinin yaranmasına səbəb ola bilər. Məlum olduğu kimi, Vergi Məcəlləsinin 122.4-cü maddəsinə əsasən cəmiyyətin fəaliyyəti zamanı əldə edilmiş aktivlərin, o cümlədən pul vəsaitlərinin (təsisçiyə borcların verilməsi və ya alınmış borcların əvəzinin qaytarılması istisna olmaqla) təsərrüfat fəaliyyətinin məqsədlərindən kənar digər məqsədlər üçün təsisçiyə verilməsi, habelə təsisçinin digər şəxslərə olan borclarının əvəzinin ödənilməsi vergitutma məqsədləri üçün dividend ödəmələrinə bərabər hesab edilir və bu zaman bu Məcəllənin 122.1-ci maddəsi ilə ödəmə mənbəyində vergi tutulur.
II. Tərəflərin mövqeləri:
7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi A.Quliyev iddia tələblərini qəbul etdiklərini, iddianın təmin edilməsinə etiraz etmədiklərini bildirdi. Əlavə olaraq göstərdi ki, yazılı borc müqavilələri üzrə İddiaçı1 tərəfindən 819954 ABŞ dolları, İddiaçı2 tərəfindən isə 692489,20 ABŞ dolları vəsait köçürmə yolu ilə cavabdehə verilmişdir. Qalan tələb edilən borclar isə 2010-cu ildən 2021-ci il tarixədək olan dövrdə şifahi borc müqavilələri əsasında cavabdeh MMC-yə nağd qaydada ödənilmişdir. Həmin ödənişləri təsdiq edən hər hansı yazılı sübut olmasa da, materiallarda olan mütəxəssis rəyi ilə həmin borcların cavabdeh MMC-yə verildiyi öz təsdiqini tapmışdır.
8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələblərini qəbul etdiklərini, iddianın təmin edilməsinə etiraz etmədiklərini bildirdi.
9. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi R.Abbasov iddia ərizəsinə etiraz edib yazılı etirazlarının məzmununa uyğun izahat verib iddianın təmin edilməməsini xahiş etdi.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçılara lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, yazılı ərizələr verib iclasların iştirakları olmadan keçirilməsini xahiş etmişlər.
11. Məhkəmə iclasının iddiaçıların iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
12. Məhkəmə baxışının hədləri:
13. Mülki Prosessual Məcəllənin:
14. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
15. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
18. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
19. İddiaçı2 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli borc müqaviləsinə əsasən “Borc verən” fərdi şəxs İddiaçı2 500000 manat məbləğində pul vəsaitinin mülkiyyət hüququnu (bundan sonra “Borc” adlandırılacaq) “Borc alana” verməyi, “Borc alan” isə “Borcu” müqavilənin şərtlərinə uyğun olaraq Borc verənə geri qaytarmağı öhdəsinə götürmüşdür.
20. Müqavilənin 2.2.1-ci bəndinə əsasən borc məbləğini xx.xx.2025-ci il tarixədək tam həcmdə geri qaytarmaq borc alanın öhdəliyidir.
21. İddiaçı tərəfindən təqdim edilmiş ödəniş tapşırıqlarına əsasən xx.xx.2021-ci il tarixli borc müqaviləsi üzrə cavabdehə ümumilikdə 680.000 manat (400.000 ABŞ dolları) vəsait ödənilmişdir.
22. İddiaçı2 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsinə əsasən “Borc verən” fərdi şəxs İddiaçı2 170000 (yüz yetmiş min) manat (Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2023-cü il tarixə olan ABŞ Dolları məzənnəsi 1,70 AZN olmaqla 100000 ABŞ Dolları ekvivalentində) məbləğində pul vəsaitinin mülkiyyət hüququnu (bundan sonra “Borc” adlandırılacaq) “Borc alana” verməyi, “Borc alan” isə “Borcu” müqavilənin şərtlərinə uyğun olaraq Borc verənə geri qaytarmağı öhdəsinə götürür.
23. Müqavilənin 2.2.1-ci bəndinə əsasən borc məbləğini xx.xx.2024-cü il tarixədək tam həcmdə geri qaytarmaq borc alanın öhdəliyidir.
24. İddiaçı tərəfindən təqdim edilmiş ödəniş tapşırıqlarına əsasən xx.xx.2023-cü il tarixli borc müqaviləsi üzrə cavabdehə 170.000 manat (100.000 ABŞ dolları) vəsait ödənilmişdir.
25. İddiaçı2 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsinə əsasən “Borc verən” fərdi şəxs İddiaçı2 170000 manat (Azərbaycan Respublikası Mərkəzi Bankının ABŞ Dolları məzənnəsi 1,70 AZN olmaqla 100000 ABŞ Dolları ekvivalentində) məbləğində pul vəsaitinin mülkiyyət hüququnu (bundan sonra “Borc” adlandırılacaq) “Borc alana” verməyi, “Borc alan” isə “Borcu” müqavilənin şərtlərinə uyğun olaraq Borc verənə geri qaytarmağı öhdəsinə götürür.
26. Müqavilənin 2.2.1-ci bəndinə əsasən borc məbləğini xx.xx.2025-ci il tarixədək tam həcmdə geri qaytarmaq borc alanın öhdəliyidir.
27. İddiaçı tərəfindən təqdim edilmiş ödəniş tapşırıqlarına əsasən xx.xx.2024-cü il tarixli borc müqaviləsi üzrə cavabdehə 170.000 manat (100.000 ABŞ dolları) vəsait ödənilmişdir.
28. İddiaçı2 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsinə əsasən “Borc verən” fərdi şəxs İddiaçı2 157231,64 manat (Azərbaycan Respublikası Mərkəzi Bankının ABŞ Dolları məzənnəsi 1,70 AZN olmaqla 92489,20 ABŞ Dolları ekvivalentində) məbləğində pul vəsaitinin mülkiyyət hüququnu (bundan sonra “Borc” adlandırılacaq) “Borc alana” verməyi, “Borc alan” isə “Borcu” müqavilənin şərtlərinə uyğun olaraq Borc verənə geri qaytarmağı öhdəsinə götürür.
29. Müqavilənin 2.2.1-ci bəndinə əsasən borc məbləğini xx.xx.2025-ci il tarixədək tam həcmdə geri qaytarmaq borc alanın öhdəliyidir.
30. İddiaçı tərəfindən təqdim edilmiş ödəniş tapşırıqlarına əsasən xx.xx.2024-cü il tarixli borc müqaviləsi üzrə cavabdehə 157231,64 manat (92.489,20 ABŞ dolları) vəsait ödənilmişdir.
31. İddiaçı1 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli borc müqaviləsinə əsasən “Borc verən” fərdi şəxs İddiaçı1 500000 manat məbləğində pul vəsaitinin mülkiyyət hüququnu (bundan sonra “Borc” adlandırılacaq) “Borc alana” verməyi, “Borc alan” isə “Borcu” müqavilənin şərtlərinə uyğun olaraq Borc verənə geri qaytarmağı öhdəsinə götürmüşdür.
32. Müqavilənin 2.2.1-ci bəndinə əsasən borc məbləğini xx.xx.2024-cü il tarixədək tam həcmdə geri qaytarmaq borc alanın öhdəliyidir.
33. İddiaçı tərəfindən təqdim edilmiş ödəniş tapşırıqlarına əsasən xx.xx.2021-ci il tarixli borc müqaviləsi üzrə cavabdehə ümumilikdə 935.000 manat (550.000 ABŞ dolları) vəsait ödənilmişdir.
34. İddiaçı1 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsinə əsasən “Borc verən” fərdi şəxs İddiaçı1 170000 manat məbləğində pul vəsaitinin mülkiyyət hüququnu (bundan sonra “Borc” adlandırılacaq) “Borc alana” verməyi, “Borc alan” isə “Borcu” müqavilənin şərtlərinə uyğun olaraq Borc verənə geri qaytarmağı öhdəsinə götürmüşdür.
35. Müqavilənin 2.2.1-ci bəndinə əsasən borc məbləğini xx.xx.2024-cü il tarixədək tam həcmdə geri qaytarmaq borc alanın öhdəliyidir.
36. İddiaçı tərəfindən təqdim edilmiş ödəniş tapşırıqlarına əsasən xx.xx.2023-cü il tarixli borc müqaviləsi üzrə cavabdehə 170.000 manat (100.000 ABŞ dolları) vəsait ödənilmişdir.
37. İddiaçı1 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsinə əsasən “Borc verən” fərdi şəxs İddiaçı1 170000 manat məbləğində pul vəsaitinin mülkiyyət hüququnu (bundan sonra “Borc” adlandırılacaq) “Borc alana” verməyi, “Borc alan” isə “Borcu” müqavilənin şərtlərinə uyğun olaraq Borc verənə geri qaytarmağı öhdəsinə götürmüşdür.
38. Müqavilənin 2.2.1-ci bəndinə əsasən borc məbləğini xx.xx.2025-ci il tarixədək tam həcmdə geri qaytarmaq borc alanın öhdəliyidir.
39. İddiaçı tərəfindən təqdim edilmiş ödəniş tapşırıqlarına əsasən xx.xx.2024-cü il tarixli borc müqaviləsi üzrə cavabdehə 170.000 manat (100.000 ABŞ dolları) vəsait ödənilmişdir.
40. İddiaçı1 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsinə əsasən “Borc verən” fərdi şəxs İddiaçı1 69954 ABŞ dolları (yəni 118921,80 manat) məbləğində pul vəsaitinin mülkiyyət hüququnu (bundan sonra “Borc” adlandırılacaq) “Borc alana” verməyi, “Borc alan” isə “Borcu” müqavilənin şərtlərinə uyğun olaraq Borc verənə geri qaytarmağı öhdəsinə götürmüşdür.
41. Müqavilənin 2.2.1-ci bəndinə əsasən borc məbləğini xx.xx.2025-ci il tarixədək tam həcmdə geri qaytarmaq borc alanın öhdəliyidir.
42. İddiaçı tərəfindən təqdim edilmiş ödəniş tapşırıqlarına əsasən xx.xx.2024-cü il tarixli borc müqaviləsi üzrə cavabdehə 118921,80 manat (69954 ABŞ dolları) vəsait ödənilmişdir.
43. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.
44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
45. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
46. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
47. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
48. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
49. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı2lə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə borc müqavilələri bağlanmış, həmin müqavilələr üzrə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 692489,20 ABŞ dolları məbləğində vəsait nağdsız qaydada təqdim edilmişdir.
50. Həmin müqavilələr üzrə İddiaçı2 tərəfindən verilmiş borclar hazırkı günədək cavabdeh tərəfindən geri qaytarılmamışdır.
51. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı2 hazırda göstərilən vəsaiti tələb etməklə haqlıdır.
52. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı1la cavabdeh arasında xx.xx.2021-ci il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə borc müqavilələri bağlanmış, həmin müqavilələr üzrə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 819954 ABŞ dolları məbləğində vəsait nağdsız qaydada təqdim edilmişdir.
53. Həmin müqavilələr üzrə İddiaçı1 tərəfindən verilmiş borclar hazırkı günədək cavabdeh tərəfindən geri qaytarılmamışdır.
54. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı1 hazırda göstərilən vəsaiti tələb etməklə haqlıdır.
55. Məhkəmə İddiaçı2 iddia tələbini qalan 380579,80 ABŞ dolları, 374604 manat məbləğində pulun, İddiaçı1 iddia tələbini isə qalan ******* ABŞ dolları, 459 manat məbləğində pulun geri qaytarılması hissəsində əsassız hesab edir.
56. Belə ki, iddiaçılar iddia ərizəsində göstərilən vəsaitlərin də cavabdehə təqdim edildiyini göstərsələr də, məhkəməyə həmin vəsaitlərin cavabdehə təqdim edildiyini, cavabdeh MMC-nin hesabına daxil olduğu təsdiq edən hər hansı sübut təqdim etməmişlər.
57. İddiaçılar bununla bağlı yalnız "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, H-065/22 saylı mütəxəssis rəyini təqdim etmişlər.
58. Belə ki, həmin rəyin nəticə hissəsinə görə Cavabdeh MMC-nin təsisçisi-investor İddiaçı1 tərəfindən Cavabdeh MMC-nin mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərinin inzibati ərazisində “Ər-Riyad” ticarət mərkəzində yerləşən mağaza sahiblərinə qaytarılması üçün Cavabdeh MMC-yə xx.xx.2010-cu il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövrdə verilən investisiya vəsaitlərinin ümumi miqdarı 1568321,00 ABŞ dolları və 459,00 AZN, investor İddiaçı2 tərəfindən Cavabdeh MMC-nin mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərinin inzibati ərazisində “Ər-Riyad” ticarət mərkəzində yerləşən mağaza sahiblərinə qaytarılması üçün Cavabdeh MMC-yə xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə verilən investisiya vəsaitlərinin ümumi miqdarı 380580,00 ABŞ dolları və 374604,00 AZN-ə bərabər olmaqla Cavabdeh MMC-nin təsisçisi-investor İddiaçı1 və investor İddiaçı2 tərəfindən Cavabdeh MMC-nin mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərinin inzibati ərazisində “Ər-Riyad” ticarət mərkəzində yerləşən mağaza sahiblərinə qaytarılması üçün Cavabdeh MMC-yə xx.xx.2010-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə verilən investisiya vəsaitlərinin ümumi miqdarı 1948901,00 ABŞ dolları və 375063 AZN təşkil edir.
59. Lakin həmin rəy İddiaçı2 tərəfindən cavabdeh MMC-yə 380579,80 ABŞ dolları və 374604 manat məbləğində pulun, İddiaçı1 tərəfindən cavabdeh MMC-yə ******* ABŞ dolları və 459 manat məbləğində pulun verildiyini tədiq edən mötəbər və təkzibedilməz sübut qismində qəbul edilə bilməz.
60. Belə ki, həmin rəydə göstərilən məbləğlər cavabdeh MMC tərəfindən müxtəlif şəxslərə ödənilmiş vəsaitlərlə bağlı tərtib edilmiş kassa məxaric orderlərində göstərilmiş məbləğlər nəzərə alınmaqla müəyyən edilmişdir.
61. Məhkəmə qeyd edir ki, materiallarda olan rəydəki fotoşəkillərdən (c.1, i.v. 116- 146) görünür ki, həmin kassa məxaric orderlərində göstərilmiş vəsaitlər cavabdeh MMC tərəfindən ödənilmiş, həmin vəsaitlərin iddiaçılar tərəfindən təqdim edilməsi isə müəyyən edilmir.
62. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbləri göstərilən vəsaitlərin tutulması hissəsində təmin edilməməlidir.
63. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 819954 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) tutularaq İddiaçı1, cavabdehdən 692489,20 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) tutularaq İddiaçı2 ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
65. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən cavabdehdən 1486,96 manat dövlət rüsumu tutularaq İddiaçı1, 1378,62 manat dövlət rüsumu tutularaq İddiaçı2 ödənilməli, iddia ərizəsi verilərkən ödənilmiş qalan 481,38 manat dövlət rüsumu İddiaçı2 özünə, 1458,04 manat dövlət rüsumu isə İddiaçı1 özünə aid edilməlidir.
V. Nəticə:
66. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 819954 (səkkiz yüz on doqquz min doqquz yüz əlli dörd) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) və 1486,96 (bir min dörd yüz səksən altı manat doxsan altı qəpik) dövlət rüsumu tutularaq İddiaçı1 ödənilsin. Cavabdeh MMC-dən 692489,20 (altı yüz doxsan iki min dörd yüz səksən doqquz dollar iyirmi sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) və 1378,62 (bir min üç yüz yetmiş səkkiz manat altmış iki qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş qalan 481,38 manat dövlət rüsumu İddiaçı2 özünə aid edilsin. İddia ərizəsi verilərkən ödənilmiş qalan 1458,04 manat dövlət rüsumu İddiaçı1 özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova