Məhkəmə qərarları › İş №2-2(113)-4392/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-4392/2022

03.08.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-4392/2022 03.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əhmədova Nərmin Məzahir qızı, İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pul məbləğinin tutulması tələbi”nə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı (bundan sonra İddiaçı MMC”) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 11860,55 manat gecikdirilmiş əsas borc, 1000 manat məbləğində dəbbə pulu, son bir il ərzində indeksasiya üçün ümumi məbləğin 10%-i həcmində, yəni 1186 manat və dövlət rüsumu üçün ödənilmiş 200 manat olmaqla cəmi 14246,55 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə dəftərxana vasitəsi ilə yazılı şəkildə daxil olmuş, iddia ərizəsinə əlavədə qeyd olunan sənədlər ərizəyə əlavə edilməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin maddənin məzmunundan göründüyü kimi kommersiya mübahisələri üzrə bütün sənədlər, o cümlədən iddia ərizələri yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1. və 152.1.10.-cu maddəsinə əsasən hakim kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10- 1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa məhkəmə həmçinin qeyd edir ki, yazılı formada verilmiş iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd, MPM-nin Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq cavabdeh tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd, tərəflərin mediasiya prosesində iştirakı ilə bağlı sənəd də əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (150.1.2.), MPM-nin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd (150.1.4.), “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd (150.1.7.) əlavə edilir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: - 3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələrinə (xarici elementli mübahisələr də daxil olmaqla) mediasiya tətbiq edilir. - 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. - 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. - 29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanmış qanun normalarının tələblərindən görünür ki, bütün növ kommersiya mübahisələri üzrə tərəflərin mediasiya prosesində iştirakı məcburidir. Kommersiya mübahisəsi üzrə tərəflər yalnız müvafiq mediasiya prosesində iştirak etdikdən sonra mediator tərəfindən tərtib edilmiş sənədi əlavə etməklə məhkəməyə müraciət edə bilər. Hazırkı halda iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl tərəflərin mediasiya prosesində iştirakı ilə bağlı iddiaya hər hansı bir sənəd əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.-ci maddəsinə əsasən hakim iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə (152.1.1.), kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə (152.1.4.), müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə (152.1.5.), “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə (152.1.6-1.) iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 3, 10-1.3, 151-152 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pul məbləğinin tutulması tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı MMC-yə geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar