Məhkəmə qərarları › İş №2-2(113)-4585/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-4585/2023

24.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-4585/2023 24.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçıların nümayəndəsi və vəkili X3, X4, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı xxxxna qarşı “torpaq sahəsinin üzərindəki tikililərlə geri alınması, təhvil verilməsi, sahiblik və istifadə hüququnun təmin edilməsi” tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Zəngəzur” İstehsalat Kommersiya firması, İddiaçı xxxxna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Zəngəzur” İstehsalat-Kommersiya firması tərəfindən ödənilmiş 2.000.000 (iki milyon) manat artıq pul vəsaitinin geri qaytarılaraq xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə xitam verilməsi, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin “X2 torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında” xx.xx.2005-ci il tarixli,1675/1 saylı qərarı ilə X6 adına sənədləşdirilmiş və hal-hazırda da onun adında olan 2,5 ha torpaq sahəsinin üzərindəki tikililərlə birlikdə cavabdehdən geri alınması və naturada İddiaçı təhvil verilməsi, İddiaçı sahiblik və istifadə hüquqlarının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 18avqust 2023-cü il tarixli qırardadı ilə iddiaçı “Zəngəzur” İstehsalat Kommersiya firması, İddiaçı xxxxna qarşı “artıq ödənilmiş vəsaitin geri qaytarılması və torpaq sahəsinin üzərindəki tikililərlə geri alınması, təhvil verilməsi, sahiblik və istifadə hüququnun təmin edilməsi” barədə iddia tələbindən iddiaçı “Zəngəzur” İstehsalat Kommersiya firması, İddiaçı “Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin “X2 torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında” xx.xx.2005-ci il tarixli,1675/1 saylı qərarı ilə X6 adına sənədləşdirilmiş və hal-hazırda da onun adında olan 2,5 ha torpaq sahəsinin üzərindəki tikililərlə birlikdə cavabdehdən geri alınması və naturada İddiaçı təhvil verilməsi, İddiaçı sahiblik və istifadə hüquqlarının təmin olunması” hissəsi ayrıca icraata ayrılmışdır. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, tərəfləri dinləyərək hesab edir ki, hazırki mübahisə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 44.2.2-ci madəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkmə işi başqa məhkəmədə baxılmağa verir. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, 10 saylı qərarına əsasən:

11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır;

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır;

13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir; Məhkəmə iş üzrə İddiaçı fərdi sahibkar statusuna malik olmaması və tərəflər arasında “torpaq sahəsinin üzərindəki tikililərlə geri alınması, təhvil verilməsi, sahiblik və istifadə hüququnun təmin edilməsi” ilə bağlı mübahisənin sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə olmamasını nəzərə alıb hesab edir ki, hazırkı işə məhkəmə aidiyyəti üzrə ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-nin 36.1-ci maddəsinə əsasən yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. İş materiallarından görünür ki, cavabdeh Bakı Şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 22L, 494-cü məhəllədə qeydiyyatdadır. Məhkəmə hesab edir ki, İddiaçı “Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin “X2 torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında” xx.xx.2005-ci il tarixli,1675/1 saylı qərarı ilə X6 adına sənədləşdirilmiş və hal-hazırda da onun adında olan 2,5 ha torpaq sahəsinin üzərindəki tikililərlə birlikdə cavabdehdən geri alınması və naturada İddiaçı təhvil verilməsi, İddiaçı sahiblik və istifadə hüquqlarının təmin olunması” tələbinə dair işə mülki məhkəmə icraatı qaydasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı “Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin “X2 torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında” xx.xx.2005-ci il tarixli,1675/1 saylı qərarı ilə X6 adına sənədləşdirilmiş və hal-hazırda da onun adında olan 2,5 ha torpaq sahəsinin üzərindəki tikililərlə birlikdə cavabdehdən geri alınması və naturada İddiaçı təhvil verilməsi, İddiaçı sahiblik və istifadə hüquqlarının təmin olunması” tələbinə dair mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar