Məhkəmə qərarları › İş №2-2(113)-4623/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-4623/2025

28.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-4623/2025 28.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC və LPO QSC “Bank Standard” Kommersiya Bankına qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC və LPO QSC “Bank Standard” Kommersiya Bankına qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC və LPO QSC “Bank Standard” Kommersiya Bankına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(105)- 34/2018 saylı qətnaməsinə əsasən tələbin yönəldildiyi ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, Abbas Səhhət küçəsindəki 2 saylı fərdi yaşayış evinin satılmasına dair keçirilmiş xx.xx.2019-cu il tarixli 31/06 saylı hərracın yekunlarına dair protokolun, alqı satqı müqaviləsinin, onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, QSC “Bank Standard” KB ilə xx.xx.2014-cü il tarixli 160/00/193/14 saylı kredit müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin təminatı olaraq Abşeron rayonu, Saray qəsəbəsi, Abbas Səhhət küçəsindəki 2 saylı fərdi yaşayış evini banka girov qoyulmuşdur. QSC "Bank Standard” KB ona qarşı Sumqayıt şəhər Məhkəməsinə iddia qaldırmış və cəmi 60.208,44 manat pul tələb etmişdir. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddia təmin olunmuş və tələb ipoteka predmeti olan evə yönəldilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)-5049/18 nömrəli qərarından görünür ki, kassasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sosial-iqtisadi vəziyyəti ağırlaşdığı üçün ödəmələri vaxtı-vaxtında ödəyə bilmədi. Sonradan banka olan borcunu tamamilə ödəmişdir. Hərrac Mərkəzi "Külək” MMC tərəfindən Abşeron rayon icra və Probasiya şöbəsinə, LPO QSC "Bank Standard" KB-yə, X1 və digərlərinə ünvanlanmış 19 aprel 2019-cu il tarixli 01/1416 nömrəli "açıq hərracın keçirilməsinə dair” bildirişdən görünür ki. Abşeron rayonu İcra və Probasiya Şöbəsinin sifariş məktubu əsasında kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 2(105)-34/18 saylı ica qeydi üzrə Abşeron rayonu, Saray qəsəbəsi, Abbas Səhhət küçəsindəki 2 saylı fərdi yaşayış evinin hərracda satılması, hərracın 06 may 2019-cu il tarixdə saat 11:00-da keçiriləcəyi bildirilmişdir. Hərrac Mərkəzi "Külək” MMC tərəfindən Abşeron rayon icra və Probasiya Şöbəsinə, LPO QSC "Bank Standard" KB-yə, X1 və digərlərinə ünvanlanmış 19 aprel 2019-cu il tarixli 01/1416 nömrəli “açıq hərracın keçirilməsinə dair” bildirişdən görünür ki, Abşeron ravonu İcra və Probasiya şöbəsinin sifariş məktubu əsasında kreditin təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 2(105)-34/18 saylı ica qeydi üzrə Abşeron rayonu, Saray qəsəbəsi, Abbas Səhhət küçəsindəki 2 saylı fərdi yaşayış evinin hərracda satılması, hərracın 29 may 2019-cu il tarixdə saat 11:00-da keçiriləcəyi bildirilmişdir. 27 iyun 2019-cu ildə № 31/06 nömrəli Hərracın yekunları barədə protokol tərtib edilərək mənzil 59.287,5 manat məbləğində qiymətləndirilmiş. Bundan sonra xx.xx.2022-ci il tarixdə QSC "Bank Standard" KB-nın adına DRX tərəfindən çıxarış verilmişdir. Göründüyü kimi qanunvericiliyin tələbinə zidd olaraq hərracın keçirilmə qaydası pozulmuşdur.

II. Tərəflərin mövqeləri:

3. İşdə iştirak edən şəxslər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

5. Məhkəmə belə qənaətə gəlir ki, işdə iştirak edən şəxslər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, iddiaçı və cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 415.2-ci maddəsinə görə qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. - 416.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. - 416.2-ci maddəsinə görə hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

9. “İpoteka haqqında” Qanunun: - 41-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Sifariş notariusun icra qeydi əsasında tərtib olunduqda müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər ipoteka saxlayan tərəfindən ödənilir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir; - 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir; - 43.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın; - 43.4 və 43.5-ci maddələrinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır; - 43.7-ci maddəsinə əsasən Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər; - 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

9. İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında 24 yanvar 2019-cu il tarixli, 2(105)-34/18 saylı icra vərəqəsi verilmişdir.

10. Qeyd edilmiş qətnamədən görünür ki, kredit müqaviləsi üzrə pulun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi qət edilmişdir.

11. Məhkəmə hazırlıq iclasında iştirak edən Bankın nümayəndəsi borcun tam ödənildiyini və iddia tələbi ilə razı olduğunu bildirmişdir.

12. İş materiallarına əlavə edilmiş LPO QSC “Bank Standard” Kommersiya Bankı tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı Əhəd qızı tərəfindən yuxarıda icra vərəqi verilmiş qətnamə üzrə tutulmuş pul, hərrac keçirilməmişdən öncə Banka ödənilmişdir.

13. Ancaq buna baxmayaraq müvafiq olaraq hərraclar keçirilmiş və ipoteka predmeti olmuş İddiaçı məxsus olmuş Abşeron rayonu, Saray qəsəbəsi, Abbas Səhhət küçəsindəki 2 saylı fərdi yaşayış evi barəsində xx.xx.2019-cu il tarixli 31/06 saylı hərracın yekunlarına dair protokol tərtib edilmiş və bankla müvafiq alqı satqı müqaviləsi bağlanmışdır. Bundan sonra da, qeyd edilmiş əmlak üzrə Banka çıxarış verilmişdir.

14. Bundan başqa da, hərracın keçirilməsinə ən geci otuz gün qalmış bildirişlərin verilməsi şərtinə də, əməl edilməmişdir.

15. Həmçinin Məhkəmə qeyd edir ki, keçirilmiş hərraclar barəsində İddiaçı bildirişi alıb-almaması və yaxud qəzetdə elanın verilib-verilməməsi barədə sənəd də, iş materiallarına cavabdehlər tərəfindən əlavə edilməmişdir.

16. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

V. Nəticə:

17. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Abşeron rayonu, Saray qəsəbəsi, Abbas Səhhət küçəsindəki 2 saylı fərdi yaşayış evi barəsində hərracın nəticələrinə dair xx.xx.2019-cu il tarixli, 31/06 nömrəli protokol, onun əsasında bağlanmış 27 iyun 3.19-cu il tarixli alqı-satqı müqaviləsi və xx.xx.2022-ci il qeydiyyat tarixli “Bank Standard” Kommersiya Bankına verilmiş çıxarış etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar