Məhkəmə qərarları › İş №2-2(113)-474/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-474/2021

10.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-474/2021 10.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçı/cavabdehin nümayəndəsi X2, Cavabdeh/iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi, icarə haqqının və maddi ziyanın ödənilməsi” tələbi, habelə iddiaçı Cavabdeh İddiaçı qarşı "pul" tələbinə dair iddia ərizələri ilə bağlı kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış 01 iyun 2017-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, 3000 manat icarə haqqının və 10000 manat maddi ziyanın cavabdehdən tutulması və Cavabdeh iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 232,2 kv/m olan qeyri yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən obyektin təmir iddiaçı tərəfindən sərf edilmiş 40000 (qırx min) manat və bağlanmış 01 iyun 2017-ci i tarixli müqavilənin tələblərini pozmadan obyektdən əsassız və haqsız olaraq çıxarılmaqla orada işləyib, hər ay qazanacağı və onu faktiki olaraq məhrum etdiyi 24000 (iyirmi dörd min) manat, ümumilikdə isə 64000 (altımış dörd min) manat vəsaitin və ödənilmiş 30 manat dövlət rüsmunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-2934/2020 nömrəli qərardadı ilə qeyd olunan işlər üzrə icraat bir iş icraatda birləşdirilərək mülki işə 2(006)-1397/2020 nömrəsi verilmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, 1 iyun 2017 ci il tarixdə iddiaçı ilə Cavabdeh arasında icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinə əsasən iddiaçı şəxsi mülkiyyətində olan və ünvan 2 ünvanıda yerləşən ümumi sahəsi 232.2 kv/m olan qeyri yaşayış sahəsini Cavabdeh icarəyə vermişdir. Bu icarə müqaviləsi 41 saylı notariat kontoru tərəfindən təsdiqlənmişdir. Tərəflər arasında bağlanmıış razılaşmaya görə cavabdeh hər ay iddiaçıya 2500 manat aylıq icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Ancaq notariat kontorunda icarə haqqını 500 manat göstərərək iddiaçıya verginin onun tərəfindən artıq ödəniləcəyindən iddiaçıya isə əslində 2500 manatı verəcəyini bildirmişdir. Həmin dövrdən 6 ay keçdikdən sonra Cavabdeh tərəfindən həmin qeyri yaşayış sahəsini hissələrə bölərək digər şəxslərə icarəyə verildiyi və ümumən hər ay 9500 manat qazanc əldə etdiyi ona məlum olmuşdur. İddiaçı bu barədə etirazını cavabdehə bildirmiş və bu halın onun tərəfindən icarə şərtlərini pozduğunu qeyd etmişdir. Cavabdeh tərəfindən qeyriyaşayış sahəsində taxta fanerkalardan arakəsmələr bərkidilmiş, təmir cox pis vəziyyətə salınmış, natəmiz şəraitdə saxlanılmışdır. Cavabdeh iddiaçıya bu halların tezliklə aradan qaldırılacağını və obyektin əvvəlki halına qaytaracağına əmin etmişdir. Lakin cavabdeh tərəfindən qeyd olunana vəədlər yerinə yetirilməmişdir. Ondan əlavə isə cavabdeh icarə haqqını vaxtında ödəməkdən boyun qaçırmışdır. Tərəflər arasında bağlanmış 01 iyun 2017 ci il tarixli icarə müqaviləsinin 6-cı bəndinə əsasən icarəçi götürdüyü əmlakı ikinci əldən icarəyə verə bilməz. Həmin Müqavilənin 8-ci bəndinə əsasən İcarəci icarə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir tikinti işləri apara bilməz. Cavabdeh icarə müqaviləsinin şərtlərini kobud surətdə pozmuşdur. İddiaçıya məxsus qeyri yaşayış sahəsini faktiki zəbt etmiş, 2019 cu ilin sentyabr ayının 27 dən bu yana icarə haqqı ödəməmişdir. İddiaçı 2019 cu ilin oktyabr ayında icarə müqaviləsini ləğv edilməsi niyyətini bildiriş göndərməklə cavabdehi xəbərdar etmişdir. Birləşdirilmiş iddia üzrə iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı ilə Cavabdeh arasında olan qarşılıqlı razılaşmaya əsasən Bakı şəhəri, Ş.Bədəlbəyli küçəsi- 106 ünvanında yerləşən ümumi sahəsi 232,2 kv/m olan qeyri-yaşayış sahəsinin 200 kv/mni 2014-cü ilin dekabr ayının ortalarından etibarən icarəyə götürülmüşdür. Həmin obyektin qalan hissəsi isə Amil Rüstəmovun qardaşı oğlu İddiaçı tərəfindən ofis kimi istifadə olunur. Amil Rüstəmovla qarşılıqlı razılaşma əsasında bir il ərzində hər ay ona icarə haqqı kimi 2500 manat pul vermək şərti ilə 15 dekabr 2016-cı il tarixdə rəsmi müqavilə bağlanmışdır. Müqavilənin müddəti 2 (iki) il, yəni 2016-cı ilin dekabr ayının 15-dək müəyyən edilmişdir. Cavabdeh 15 yanvar 2015-ci il tarixdən obyekti icarə əsasında işlədərək mobil telefon aksesuarlarının satışı ilə məşğul olmuşdur. X5 icarə müqaviləsində icarə haqqı kimi cəmi 500 (beş yüz) manat olaraq qeyd olunması və beləliklə icarə haqqının vergisini Cavabdeh özü ödəyəcəyini qeyd etmişdir. Müqavilənin müddəti başa çatdıqdan sonra 5 ay yarım müddət ərzində yeni müqavilə bağlanmamışdır və 15 yanvar 2016-cı il tarixdən etibarən icarə pulunu hər ay 3000 manat olmaqla Amil Rüstəmova, yaxud qardaşı oğlu İddiaçı nağd olaraq ödəməyə başlamışdır. 17 fevral 2017-ci il tarixdə həmin obyekt İddiaçı adına rəsmiləşdirildi və onun xahişinə əsasən tərəflər 01 iyun 2017-ci il tarixdə üç il müddətinə yeni müqavilə bağlamışdır. Belə ki, İddiaçı bankdan kredit götürmək istədiyini, bundan ötrü ona icarə müqaviləsinin lazım olduğunu bildirmişdir. Müqavilənin 4-cü bəndinə əsasən iddiaçı tərəfindən hər ay İddiaçı 500 (beş yüz) manat ödəməli olduğu halda qarşılıqlı razılaşmaya əsasən ona da hər ay 3000 (üç min) manat nağd şəkildə ödəmişdir. Əvəzində İddiaçı aylıq icarə haqqından qanunla müəyyən olunmuş qaydada hər ay vergi ödəyirdi. İddiaçı 2018-ci ilin avqust ayının əvəlindən etibarən obyektin arxa tərəfini təmir etməyə başlamışdır. Bundan əvvəl təmir aparacağı ərazinin fotoşəkillərini çəkmişdir. Apardığı təmir işləri 2018-ci ilin avqust ayının əvvəllərindən 2019-cu ilin fevral ayının ortalarınadək davam etmiş. İddiaçı ofisi ona məxsus obyektdən 10-15 metr aralıda olduğu üçün sonuncu aparılmış bülün təmir işlərinin şahidi olmuşdur. Eləcə də yaxınlıqda yaşayan şəxslər (qonşular) da iddiaçı tərəfindən həmin obyektin təmirinə xeyli vəsait sərf etdiyini görmüşlər. Təmir işləri obyektin demək olar ki, tən yarısını, yəni 100 kv/m hissəsti əhatə etdi. Çünki təmirdən əvvəl iddiaçı obyektin yarısından istifadə edirdi. Təmir zamanı obyektin qabaq tərəfindəki giriş pilləkənlərini genişləndirilmiş, arxa tərəfindəki pilləkənlərin metlaqlarını dəyişdirilmiş, obyektin divarlarını daxildən qaşıyaraq rənglənmiş, ayaqyolunun metlaqlarını yenisi ilə əvəz edilmiş, divarlarını rənglətdirərək tam təmir etmişdir. Bundan başqa obyektin elektirik xətlərini və işıq sisteminin avadanlıqlarını, havalandırma sisteminin qurğularını, daxildəki və qurunt sularının içəri daxil olmasının qarşısını almaq məqsədilə bayırdakı kanalizasiya sistemini tam halda dəyişdirərək yenisi ilə əvəz edilmiş və bu kimi digər işlər görülmüşdür. Qeyd olunan təmirin edilməsi üçün iddiaçı tərəfindən 40000 (qırx min) manatadək vəsait sərf edilmişdir. Təmir başa çatdıqdan sonra, konkret olaraq 2019-cu ilin aprel ayının sonlarında İddiaçıdan aylıq icarə pulunu artıq 3000 manat deyil, 4000 manat verilməli olduğunu bildirmiş. Obyekti yeni təmir etdiyi üçün iddiaçı məcbur olub, onun tələbi ilə razılaşmışdır. Lakin may ayının əvvələrində İddiaçıdan ona məxsus obyektdən çıxmağını tələb etmişdir. İddiaçı tərəflər arasında bağlanmış icarə müqaviləsinin 01 iyun 2020-ci il tarixdə başa çatacağını xatırladaraq :əklif etdim ki, həmin dövrədək məni obyektdən çıxarmamasını xahiş etmişdir. 10 sentyabr 2019-cu il tarixdə Amil Rüstəmov obyektə gələrək oradan çıxıb getməyimi tələb etdi. Bu müddət ərzində İddiaçı, eləcə də onun Amil adlı əmisi və Vidadi adlı dayısına obyektin təmirinə sərf edilmiş 40000 (qırx min) manat pulumu vermələrini dəfələrlə xahiş etsə də, onlar ziyanı ödəməkdən qəti olaraq imtina etmşlər. Bundan başqa İddiaçı və yaxın qohumları heç bir təqsiri olmadan bağlanmış 01 iyun 2017-ci il tarixli müqavilənin tələblərini pozulmadığı halda iddiaçını obyektdən əsassız və haqsız olaraq çıxarmış, orada işləməklə hər ay qazanacağı gəlirdən onu faktiki olaraq məhrum etmişlər. Belə ki, iddiaçı cavabdeh İddiaçı məxsus obyekti müvafiq icarə müqaviləsi əsasında işlətməklə orta hesabla hər ay 3000 (üç min) manat gəlir əldə edirdi. 2019-cu ilin sentyabr ayından müqavilənin müddəti bitənədək, yəni 8 (səkkiz) ay ərzində iddiaçı ümumilikdə 24000 (iyirmi dörd min) manat gəlir əldə edə bilərdi. Qeyd olunanlara görə İddiaçı qanunsuz hərəkətləri ilə ona məxsus obyektin təmirinə sərf edilmiş 40000 manat və tərəflər arasında bağlanmış icarə müqaviləsinin başa çatmasınadək olan müddət ərzində əldə edə biləcəyi 24000 manat əldə çıxmış faydadan məhrum etməklə iddiaçıya ümumilikdə 64000 (altımış dörd min) manat məbləğində zərər vurulmuşdur. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı nümayəndəsi X3 ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi, icarə haqqının və maddi ziyanın ödənilməsi” tələbi üzrə mülki işdə iddia tələbindən imtina etdiklərini bildirmiş və müvafiq ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı nümayəndəsinin ilkin iddia tələbi üzrə işə xitam verilməsi barədə ərizəsinə etiraz etmədiyini bildirərək birləşdirilmiş iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh nümayəndəsi ilkin iddia tələbi üzrə işə xitam verilməsi barədə ərizəyə etiraz etmədiyini bildirərək birləşdirilmiş iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş, 01 iyun 2017-ci il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanıda yerləşən ümumi sahəsi 232.2 kv/m olan qeyri yaşayış sahəsini Cavabdeh icarəyə verilmişdir. Həmin Müqavilənin 4-cü bəndinə əsasən icarəyə götürən Cavabdeh icarəyə verən İddiaçı aylıq 500 manat icarə haqqı ödəyir. Həmin Müqavilənin 7-ci bəndinə əsasən Müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Həmin Müqavilənin 8-ci bəndinə əsasən "İcarəçi” "icarəyə verən"nin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. İş materiallarına əlavə edilmiş icarə müqaviləsinin xitamı barədə 13.09.2019-cu il tarixli bildirişdən görünür ki, İddiaçı tərəfindən icraə müqaviləsinin 7-ci maddəsini rəhbər tutaraq İcarəçi Cavabdeh ilə bağlanmış 01.06.2017-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi barədə bildiriş təqdim edilmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbinə dair iş üzrə icraata xitam verilməli, birləşdirilmiş iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında ünvan 2 ünvanıda yerləşən ümumi sahəsi 232.2 kv/m olan qeyri yaşayış sahəsinin icarəyə verilməsinə dair müqavilə bağlanmışdır. İlkin iddia tələbi üzrə iddiaçı tərəfindən tərəflər arasında bağlanmış müqavilənin 7-ci bəndinə əsasən icarə müqaviləsinə xitam verilməsi barədə bildiriş göndərilmişdir. Lakin ilkin iddia üzrə cavabdeh tərəfindən qeyri-yaşayış sahəsi vaxtında boşaldılmamış, eyni zamanda tərəflər arasında müəyyən edilmiş icarə haqqı ödənilmədiyindən ilkin iddia üzrə iddiaçı tərəfindən icarə haqqı, maddi ziyan və qeyri-yaşayış sahəsinin boşaldılması barədə iddia qaldırılmışdır. İlkin iddia üzrə cavabdeh tərəfindən məhkəməyə tərəflər arasında bağlanmış icarə müqaviləsinin predmeti olan obyektə aparılmış təmir xərclərinin birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi, habelə əldən çıxmış fayda üzrə ziyanın qarşılanması tələb olunmuşdur. Göründüyü kimi hazırda məhkəmə araşdırması iki mülki tələb üzrə aparılır. Belə olan halda məhkəmə qənaət prinsipinə əsasən ilk öncə ilkin tələb üzrə işin hallarına qiymət verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə ilkin iddia üzrə iddiaçının nümayəndəsi tərəfindən verilmiş iddiadan imtina barədə ərizəsinin qanunauyğun olduğunu nəzərə alaraq hesab edir ki, ilkin iddia tələbi dair iş üzrə icraata xitam verilməlidir. Məhkəmə birşdirilmiş iddia tələbinə münasibətdə qeyd edir ki, hazırda iddiaçı tərəfindən bir iddiada iki ayrı ziyan tələbi irəli sürülmüşdür. Həmin tələblər icarə obyektinə birləşdirilmiş iddia üzrə iddiaçı tərəfindən çəkilən xərclərin qaytarılması və icarə obyektində istifadə etməməsi səbəbindən iddiaçının məhrum olduğu qazancın qaytarılmasından ibarətdir. Məhkəmə qeyd olunan tələblər üzrə məhkəmə araşdırmasında qənaət prinsipinə əsaslanaraq ilk növbədə iddiaçının icarə obyektindən istifadə etməməsi səbəbindən məhrum olduğu qazanca dair ziyan tələbinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən mülki hüquq münasibətlərinin iştirakçılarına yaranan münasibətləri müvafiq qaydada müəyyən edərək şərtləri razılaşdırmaq hüquqları tanınmışdır. Hazırki iş üzrə tərəflər arasında 01 iyun 2017ci il tarixli icarə müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Eyni zamanda tərəflər arasında bağlanmış icarə müqaviləsi yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə uyğun bağlandığından tərəflər arasında yaranan mübahisəli məqamlara hüquqi qiymət verilməsi üçün həmin müqavilənin bəndlərinə əsasən həll edilməsi zəruridir. Tərəflər arasında bağlanmış 01 iyun 2017-ci il tarixli icarə müqaviləsinin tələblərindən göründüyü kimi, müqavilənin 7-ci bəndinə əsasən tərəflərin 1 ay qabaqcadan yazılı ərizə ilə digər tərəfə müraciət edərək müqaviləni bir tərəfli qaydada ləğv etmək hüquqları vardır. Birləşdirilmiş iddia üzrə cavabdeh İddiaçı tərəfindən iddiaçı Cavabdeh ünvanlanmış 13.09.2019-cu il tarixli bildirişlə tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi barədə məlumat verilmişdir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi birləşdirilmiş iddia üzrə cavabdeh tərəfindən müqavilə şərtlərinə tam əməl olunmuşdur. Belə ki iddiaçı tərəfindən qeyd olunan ziyan tələbinin əsasını onun icarə hüququnun cavabdeh tərəfindən qanunsuz məhdudlaşdırılması təşkil etmişdir. Lakin müəyyən olunmuş hallardan göründüyü kimi cavabdeh tərəflər arasında bağlanmış müqavilə üzrə əvvəlcədən razılaşdırılmış müddəaları üzrə hərəkət edərək tam qanuni əsasla iddiaçı ilə olan icarə münasibətlərini sonlandırmışdır. Belə olan halda birləşdirilmiş iddia üzrə iddiaçının icarə obyektində istifadə etməməsinin tərəflər arasında bağlanmış müqavilənin icarəyəverən tərəfindən bir tərəfli qaydada ləğv edilməsi olmuşdur ki, bu halın icarəyəverənin tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun razılaşdırılmış hüququ əsasında həyata keçirilmişdir. Bu səbəbdən də hazırda birləşdirilmiş tələb üzrə iddiaçı Cavabdeh icarə obyektindən istifadə etmədiyi aylar üzrə qazancının itirilməsi tələbi üzrə iddiası əsassızdır. Məhkəmə birləşdirilmiş iddia tələbi üzrə icarə obyektində Cavabdeh tərəfindən aparılmış təmir xərclərinin ödənilməsinə görə dəymiş ziyanın ödənilməsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 8-ci bəndinə əsasən icarə obyektində aparılan təmir işlərinin əvvəlcədən icarəyəverənin razılığının olması müəyyən olunmuşdur. Lakin birləşdirilmiş iddia üzrə iddiaçı tərəfindən belə bir razılığın olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda iddiaçı tərəfindən aparılmış təmir işlərinin icarə müqaviləsinə zidd şəkildə həyata keçirilməsi müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablamalarla, sübutlarla təsdiq olunmalıdır. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmuş və ya öhdəlik yaranmır. Bu hallar olmayanda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyən etmək olmur. Qeyd olunan maddi hüquq normalarının imperativ şərtlərindən görünür ki, şəxsin ziyan tələbinin əsaslılığının yaranması üçün baş vermiş hadisə müvafiq şətləri ödəməlidir. Yəni ilk növbədə şəxsin qanunla qorunan hüququnun pozulması halı baş verməlidir. Lakin həm iş materiallarından həmdə məhkəmə araşdırması zamanı birləşdirilmiş iddia üzrə iddiaçının hər hansı hüququnun pozulmasını təsdiq edən hal aşkar olunmamışdır. Göründüyü kimi birləşdirilimiş iddia üzrə iddiaçı tərəfindən göstərilən ziyan tələblərinin əsasını təşkil edən hallar tərəflər arasında bağlanmış icarə müqaviləsinin tələblərini əhatə edir. Belə olan halda birləşdirilmiş iddia üzrə iddiaçı tərəfindən cavabdehə qarşı yönəlmiş hər iki ziyan tələbinin əsassız olması təsdiq olunur. Bundan başqa iddiaçı tərəfindən təmir işlərinin miqyas və miqdarına dair məhkəməyə təqdim edilmiş materiallara (fotoşəkil və qaimələr) münasibətdə məhkəmə qeyd edir ki, qeyd olunan materialların araşdırlması tərəflər arasında yaranmış mübahisənin həlli istiqamətində hər-hansı nəticə verməyəcək. Belə ki, birləşdirilmiş iddia üzrə cavabdeh tərəfindən iddiaçıya qarşı qanusuz əməlin törədilməsi məhkəmə araşdırması zamanı təsdiq olunduğu halda sonuncu tərəfindən məhkəməyə təqdim edilmiş qaimələr və fotoşəkillər təmir xərclərinin müəyyən edilməsində məhkəmə araşdırması zamanı sübut kimi qəbul edilə bilərdi. Hazır ki, vəziyyətdə qeyd olunan materiallar icarə obyektində yalnız təmir işlərinin aparılmasını təsdiq eden sübutlardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə həmçinin qeyd edir ki, maddi zərərin əvəzinin ödənilməsində məqsəd hüquq pozuntusu baş verməmişdən əvvəlki vəziyyətinin bərpa olunmasından, başqa sözlə, restitutio in integrum prinsipindən ibarətdir. Bu, həm faktiki olaraq baş vermiş real zərər (damnum emergens), həm də əldən çıxmış fayda (lucrum cessans) üzrə təzminatı əhatə edə bilər. Hazırki iş üzrə iddiaçı çəkdiyi xərclərin cavabdehdən tutulmasını tələb etsə də, zərərin miqdarını və ya dəyərini sübut etmək üçün müvafiq sənədlər təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən,qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sadalanan qanunvericilik normalarını, məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallara tətbiq edərək bildirir ki, iddiaçı tərəfindən iddia tələbi üzrə tələb edilən hallara dair sübutlar təqdim edilməmişdir. Halbuki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlkin iddia tələbinə dair iş üzrə icraata xitam verildiyindən ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçının özünə aid edilməlidir. Birləşdirilmiş iddia üzrə iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsümu iddiaçının özünə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı tərəflər bağlanmış 01 iyun 2017-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, 3000 manat icarə haqqının və 10000 manat maddi ziyanın cavabdehdən tutulması və Cavabdeh iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 232,2 kv/m olan qeyri yaşayış sahəsindən çıxarılması tələbinə dair iş üzrə icraata xitam verilməli, birləşdirilmiş iddia üzrə, iddia tələbi əsassız olduğundan iddiaçı Cavabdeh İddiaçı qarşı cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən obyektin təmir iddiaçı tərəfindən sərf edilmiş 40000 (qırx min) manat və bağlanmış 01 iyun 2017-ci i tarixli müqavilənin tələblərini pozmadan obyektdən əsassız və haqsız olaraq çıxarılmaqla orada işləyib, hər ay qazanacağı və onu faktiki olaraq məhrum etdiyi 24000 (iyirmi dörd min) manat, ümumilikdə isə 64000 (altımış dörd min) manat vəsaitin və ödənilmiş 30 manat dövlət rüsmunun cavabdehdən iddiaçının xeyrinə tutulması tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi, icarə haqqının və maddi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı "pul" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar