Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-4799/2022 14.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh BOKT "xxxx" ASC-yə qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2, "xxxx" MMC-yə (hazırkı adı "xxxx" ASC) qarşı iddia ərizəsi ilə Tovuz rayon Məhkəməsinə müraciət edərək cavabdeh "xxxx" MMC ilə bağlanmış 285F4 nömrəli, xx.xx.2015- ci il tarixli kredit müqaviləsi üzrə 29 aprel 2019-cu il tarixə cavabdeh "xxxx" ASC-nin ləğv prosesində olan İddiaçı ASC qarşısında 91987 manat məbləğində əsas borc, 766,50 manat məbləğində faiz borcu, 4650,34 manat məbləğində cərimə borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən 5% ilə hesablanmış 13242,49 manat borc, 110.646,33 manat məbləğində borcun və ləğv prosesində olan İddiaçı ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 qəpik xidmət haqqının cavabdehdən tutulması və tutmanın girov predmetinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 285F4 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən "xxxx" MMC-yə 12 ay müddətinə 2 %-lə 400.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, 29 dekabr 2015-ci il tarixli 69 saylı proqressiv əmanət müqaviləsi üzrə İddiaçı ASC-nin 4 saylı filialında 4-140255-16 saylı əmanət hesabında olan pul vəsaiti girov qoyulmuşdur. Bu barədə Cavabdeh2 ilə 29 dekabr 2015-ci il tarixində, 285/8F4 nömrəli girov müqaviləsi bağlanmışdır. Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 13 yanvar 2016-cı il tarixli, 285/11F4 saylı girov müqaviləsinə əsasən İddiaçı ASC-nin 4-140255-22 saylı əmanət hesabında olan 91987 manat girov qoyulmuşdur. Cavabdeh2 Musa oğlu ilə İddiaçı ASC arasında bağlanmış 12 yanvar 2016-cı il tarixli, 285/10F4 saylı girov müqaviləsinə əsasən 4-140255-20 saylı əmanət hesabında olan 192187 manat girov qoyulmuşdur. Cavabdeh2 ilə “Bank of Azerbaijan” ASC arasında bağlanmış 07 yanvar 2016-cı il tarixli, 285/9F4 nömrəli girov müqaviləsinə əsasən 4-140255-18 saylı əmanət hesabında olan 212187 manat girov qoyulmuşdur. Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 23 dekabr 2015-ci il tarixli, 285/7F4 saylı girov müqaviləsinə əsasən 1-140255-14 saylı əmanət hesabında olan 234687 manat girov qoyulmuşdur. Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 07 sentyabr 2015-ci il tarixli, 285/6F4 saylı girov müqaviləsinə əsasən 4- 140255-12 saylı əmanət hesabında olan 264687 manat girov qoyulmuşdur. Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 02 sentyabr 2015-ci il tarixli, 285/5F4 saylı girov müqaviləsinə əsasən 4-140255-10 saylı əmanət hesabında olan 278925 manat girov qoyulmuşdur. Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 31 avqust 2015-ci il tarixli, 285/4F4 saylı girov müqaviləsinə əsasən 4-140255-8 saylı əmanət hesabında olan 289450 manat girov qoyulmuşdur. X2 ilə İddiaçı ASC arasında bağlanmış 27 avqust 2015ci il tarixli, 285/3F4 saylı girov müqaviləsinə əsasən 4-140255-6 saylı əmanət hesabında olan 300 000 (üç yüz min) manat girov qoyulmuşdur. Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 03 avqust 2015-ci il tarixli, 285/2F4 saylı girov müqaviləsinə əsasən 4-140255- 4 saylı əmanət hesabında olan 310 000 manat girov qoyulmuşdur. Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 12 iyun 2015-ci il tarixli, 285/1F4 saylı girov müqaviləsinə əsasən 4-140255-2 saylı əmanət hesabında olan 400 000 manat məbləğində pul girov qoyulmuşdur. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında münasibətlərin məhkəmədən kənar qaydada həll etmək məqsədilə iddiaçı tərəfindən cavabdeh "xxxx" MMC-ə “borcun qaytarılması tələbi ilə bağlı” xəbərdarlıq olunsa da, cavabdeh borcun qaytarılmasından yayınmışdır. İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 285F4 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə 29 aprel 2019-cu il tarixə cavabdeh "xxxx" MMCnin ləğv prosesində olan İddiaçı ASC qarşısında 91.987 manat əsas borc, 766,50 manat faiz borcu, 4650,34 manat cərimə borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən 5% ilə hesablanan borc 13.242,49 manat, cəmi 110.646,33 manat borcu yaranmışdır. 1 saylı Bakı İnzibati- İqtisadi məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1 (81 )-1404/2016 saylı qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərara əsasən Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh BOKT "xxxx" ASC ilə bağlanmış 285F4 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən hesablanmış 91.987 manat əsas borc, 914.69 manat faiz borcu, 3587,46 manat cərimə borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən 5% ilə hesablanan borc 27.528,12 manat, cəmi 124.017,27 manat pul vəsaitinin və ləğv prosesində olan İddiaçı ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqının cavabdeh BOKT "xxxx" ASCdən tutulması və tutmanın girov predmetinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli 2(062)-1297/2022 saylı qərardadı ilə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, "xxxx" ASC-yə qarşı pul tələbinə dair mülki iş aidiyyatı üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh BOKT "xxxx" ASC ilə bağlanmış 285F4 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən hesablanmış 91.987 manat əsas borc, 914.69 manat faiz borcu, 3587,46 manat cərimə borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən 5% ilə hesablanan borc 27.528,12 manat, cəmi 124.017,27 manat pul vəsaitinin ləğv prosesində olan İddiaçı ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqının cavabdeh BOKT "xxxx" ASC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(115)-1238/2022 saylı qərardadı ilə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi ərazi aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdeh BOKT "xxxx" ASC ilə bağlanmış 285F4 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə 29 aprel 2019-cu il tarixə cavabdeh BOKT "xxxx" ASC-nin ləğv prosesində olan İddiaçı ASC qarşısında 91.987 manat əsas, 914,69 manat fiaz borcu, 3587,46 manat cərimə borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən 5% ilə hesablanmış 27.528,12 manat faiz borcu, 124.017,27 manat borcun və ləğv prosesində olan İddiaçı ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin iddiadan imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdə cavabdehə müraciət olunaraq xahiş edilmişdir ki, xx.xx.2015-ci il tarixli, 285F4 saylı kredit müqaviləsi üzrə qalıq borc, kreditin təminatı kimi Cavabdeh2 depozit hesabındakı vəsaiti ilə əvəzləşdirilsin. İddiaçı tərəfindən cavabdehə xx.xx.2017-ci il tarixli məktub göndərilərək bildirilmişdir ki, iddiaçının xx.xx.2015-ci il tarixli, 285F4 saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə bank qarşısında öhdəliyi 93.959,53 manat təşkil edir və Cavabdeh2 depozit hesabında olan 91.987 manat tələbi 15 mart 2016-cı il tarixində 00640 nömrəsi ilə qeydiyyata alınıb kreditorların reyestrinə daxil edilmişdir. Tələb olunan məbləğ Banklar Haqqında Azərbaycan Respublikasının Qanununun 82-ci maddəsi ilə müəyyən olunmuş qaydada kredit borcu ilə əvəzləşdiriləcək. Bildirirlər ki, iddiaçı cavabdehin əmanətini kredit borcuna dərhal silməli idi. Çünki, 19 yanvar 2016-cı il tarixədək X1 Azərbaycan Respublikasının Qanununun 2.1.2.9 və 2.1.2.10-cu maddələrinə əsasən ödəniş müddətlərinin başa çatıb-çatmamasından asılı olmayaraq, əmanətçinin banka olan borcunun əsas məbləği və faizləri həcmində əmanəti; bank qarşısında öhdəliklərin təminatı olan əmanətlər qorunmayan əmanətlər sayılırdı. Lakin həmin tarixdə cənab prezident tərəfindən qanuna dəyişiklik edilərək qeyd olunan maddələr ləğv edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ-ci bəndində qeyd olunub: Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Belə olan halda cavabdehin əmanəti qorunan əmanət sayılmalı və iddiaçı dərhal cavabdehin kredit borcunu girov təminatı ilə əvəzləşdirilməli idi. Lakin cavabdeh həmin tarixdən bugünədək depozit hesabındakı pulu kredit borcuna silməmiş, əksinə cavabdehə faiz və cərimə borcları hesablamışdır. Göründüyü kimi, cavabdehin kredit borcunun hazırda mövcud olmasında iddiaçının təqsiri olmuşdur. İddiaçı məhkəməyə müraciət edərkən 3 il iddia müddətini ötürmüşdür. Belə ki, mübahisə predmeti olan kredit müqaviləsinin müddəti xx.xx.2015-ci il tarixdə bitmişdir. Lakin iddiaçı xx.xx.2019- cu il tarixdə Tovuz rayon məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, iddia müddəti xx.xx.2018-ci il tarixdə bitdiyi halda iddiaçı müddəti ötürərək 5 ay sonra məhkəmədə iddia qaldırmışdır. Həmin tarixdə cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və ərizə onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan kredit müqaviləsinin müddəti xx.xx.2015-ci il tarixdə bitmişdir. Lakin iddiaçı xx.xx.2019-cu il tarixdə Tovuz rayon məhkəməsinə müraciət etmişdir. İddia müddəti xx.xx.2018-ci il tarixdə bitdiyi halda iddiaçı müddəti ötürərək 5 ay sonra məhkəmədə iddia qaldırmışdır. xx.xx.2022-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə növbəti ərizə ilə məhkəməyə müraciət etmiş və cavabdeh BOKT "xxxx" ASC ilə bağlanmış 285F4 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə 11 may 2022-ci il tarixə cavabdeh BOKT "xxxx" ASC-nin ləğv prosesində olan İddiaçı ASC qarşısında 91.987 manat əsas, 914,69 manat faiz borcu, 3587,46 manat cərimə borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən 5% ilə hesablanan borc 27.528,12 manat, cəmi 124017,27 manat borcun və ləğv prosesində olan İddiaçı ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı iddia müddətinin tətbiqi barədə ərizənin əsassız hesab edilməsi ilə bağlı ərizə ilə müraciət edərək, xx.xx.2015-ci il tarixli 285F4 saylı kredit xətti müqaviləsinə edilmiş 6 saylı əlavəyə əsasən kredit müqaviləsinin tarixinin 6 ay müddətində uzadıldığını və sonuncu ödəmə tarixinin xx.xx.2016-cı il təyin edildiyini bildirmiş, bununlada iddia müddətinin xx.xx.2018-ci il tarixində yox, xx.xx.2019-cu il tarixində bitməsi və bank tərəfindən xx.xx.2019-cu il tarixində məhkəmədə iddia qaldırılması səbəbilə ərizənin əsassız hesab edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə cavabdehin nümayəndəsi və vəkili etiraza əlavə təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2016-cı il tarixədək yəni İddiaçı ASCnin ləğv olunduğu tarixədək kredit üzrə öhdəliyini gecikdirmədən, əksinə cədvəl üzrə aylıq ödəniş məbləğindən daha çox ödəniş edərək icra etmişdir. Çünki, borc məbləği həcmində digər cavabdehin depoziti olmuşdur və ödənişlər həmin depozit hesabına edilmişdir. Bu fakt iş materialında olan girov müqavilələri ilə də təsdiq olunur. Həmin müqavilələrdən aydın görünür ki, kredit ödənişləri həcmində depozit məbləği azaldılmışdır. Lakin, xx.xx.2016-cı il tarixdə İddiaçı ASC ləğv edildiyi üçün cavabdeh depozitini götürə bilməmiş və nəticədə kredit borcunu ödəyə bilməmişdir. Öhdəlik iddiaçının öz öhdəliyini gecikdirməsi nəticəsində icra edilə bilməmişdir. Kreditor müflis elan olunaraq fəaliyyəti dayandırılıb və bundan sonra onun borcludan əldə edəyəcəyi vəsaiti yenidən istifadə etmək imkanı yoxdur. Bu halda iddiaçının cavabdehdən əlavə faizlər tələb etmək hüququ da yoxdur. Eyni zamanda “Banklar Haqqında” Azərbaycan Respublikasının Qanununun 72-ci maddəsində bankın müflis olmasının nəticələri göstərilmişdir. Həmin maddədə müflis olarkən banka öhdəliklərini icra etməmək hüququ verilmir. Həmin qanunun 78-ci maddəsinə əsasən qanunun 82-ci maddəsinin tələbinə əməl edilməklə müflis bankla onun kreditoru arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər. Bu barədə cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdə iddiaçıya müraciət ünvanlanmışdır. İddiaçı həmin müraciətə xx.xx.2017-ci il tarixdə 2948 nömrəli məktubla cavab verərək bildirmişdir ki, tələb olunan depozit məbləği qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş qaydada kredit borcu ilə əvəzləşdiriləcək. Cavabdeh nəzərə alır ki, kreditin təminatı olan depozit hesabındakı məbləğ artmayacaq, ona görə sığorta hadisəsi baş verən tarixə mövcud borc ilə girov predmeti olan depozit məbləği arasında yaranmış fərqi iddiaçıya ödəməyə hazırdır. İddiaçı ona verilmiş girov predmetinin saxlanılması üçün məsuliyyət daşıyır. Əgər girov predmeti itirililmişsə o zaman girov qoyan dəymiş zərərin əvəzini tələb edə bilər. Girovla təmin edilmiş öhdəlik üzrə borclu olan girov qoyan girov predmetinin itirilməsi və ya zədələnməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi barədə girov qoyana verdiyi tələbi girovla təmin edilmiş öhdəliyin ödənilməsinə aid edə bilər. xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili etiraza etiraz ərizəsi ilə müraciət edərək, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışıdır ki, tərəflər arasında mülki hüquq münasibətlərini tənzimləyən yazılı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdehə kredit verilmiş, lakin sonuncu müqavilə şərtlərini pozaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, onun iddiaçıya əsas borc və faiz borcu ödənilməmiş qalmışdır. Cavabdehin etirazının dəlili ondan ibarətdir ki, borc alan cavabdeh tərəfindən dəfələrlə iddiaçıya, ləğv edildikdən sonra onun ləğvedicisinə yazılı müraciət edərək, yaranmış borcun girov qoyulmuş əmanət hesabına silinməsi xahiş edilsə də, iddiaçı borcunun tutulmasına dair iddia qaldırmış, həmin borcun pul vəsaiti şəklində olan girov predmetinə yönəldilməsini tələb etməmişdir. Mülki qanunvericiliyə görə borc öhdəliyinin onun təmini üsulu kimi girova yönəldilməsi kreditorun vəzifəsi deyil, hüququdur. Hazırkı halda, iddiaçı tərəfindən ona məxsus olan hüquqdan istifadə edilməməsi Mülki Məcəllənin tələblərinə zidd deyildir. Eyni zamanda cavabdeh tərəfindən verilmiş etirazda qeyd edilir ki, “Banklar Haqqında” Qanunun 82-ci maddəsinin tələbinə əməl edilməklə müflis bankla onun kreditoru arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər. Həmin qanunun 78-ci maddəsinin məzmunundan da göründüyü kimi, həmin norma imperativ deyil, dispozitiv xarakterli normadır, yəni həmin maddə ilə müflis elan olunmuş bankın üzərinə əvəzləşdirilmənin aparılması üçün öhdəlik qoyulmur, həmin əvəzləşdirmənin onun səlahiyyəti çərçivəsində olduğu və bu qanunun 82ci maddəsi ilə müəyyən edilmiş qaydada aparıla biləcəyi qeyd olunur. Həmçinin, cavabdeh tərəfindən verilmiş etirazdan da göründüyü kimi müflis bankla onun kreditoru arasında öhdəliklərin əvəzləşdirilməsi “Banklar Haqqında” Azərbaycan Respublikasının Qanununun 82-ci maddəsinin tələblərinə əsasən aparıla bilər. Həmin Qanunun 82-ci maddəsində isə ödənişlərin növbəliliyi qaydası müəyyən edilmişdir. Kredit müqaviləsi üzrə banka girov qoyulmuş əmanət təminatsız kreditor tələblərinə aiddir və həmin tələb üzrə kredit müqaviləsinə əsasən borc öhdəliyinin əvəzləşdirilməsi yalnız bu Qanunun tələblərinə əsasən növbəlilik qaydasında bankın ləğvedicisinin səlahiyyətləri çərçivəsində aparıla bilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil iddia müddətinin ötürüldüyünü, eləcə də cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin icrasının gecikdirilməsi iddiaçının təqsiri üzündən baş verdiyindən, eləcə də bank ləğv etmə prosesində olmaqla fəaliyətini dayandırdığından, yəni gəlir əldə edə bilmədiyindən ona faiz borcunun və müqavilə müddəti bitdiyi tarixdən sonrakı müddət üçün faizlərin hesablanmalı olmadığını bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ASC-nın 4-cü filialı (borc verən) ilə cavabdeh BOKT "xxxx" MMC (borc alan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli 285F4 təminatlı bərpa olunmayan kredit xətti müqaviləsindən görünür ki, borc verən borc alana 400.000 manat məbləğində xx.xx.2015ci il tarixinədək illik 2 faizlə kredit xəttinin açılmasını, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş, kredit xətti üzrə verilmiş vəsaitləri dövriyyə vəsaitlərinin artırılması üçün istifadə etməyi öhdəsinə götürür. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən kredit xətti üzrə verilmiş məbləğlər üzrə faizlər istifadə edilmiş günlərin sayına görə illik 2 (İki) faizlə hesablanır. Əsas kimi 1 (bir) ayda 30 (otuz) gün, 1 (bir) ildə isə 360 (üç yüz altmış) təqvim günü götürülür. 2.2-ci bəndinə əsasən kredit xətti üzrə faizlər ssuda hesabı üzrə borcun yarandığı gündən hesablanır. 5.1-ci bəndinə əsasən bu müqavilə üzrə borc alan üzərinə düşən öhdəlikləri icra etməməsinə və ya lazımınca icra etməməsinə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etməməsinə görə dəbbə pulu ödənməlidir. 5.2-ci bəndinə əsasən borc alan üzərinə düşən öhdəlikləri icrasını 7 (yeddi) bank günündən artıq müddətdə gecikdirdikdə, kredit və kredit üzrə hesablanmış faizlər üzrə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğə 0.01% miqdarında Borc verənə dəbbə pulu ödəməlidir. 5.3-cü bəndinə əsasən borc alan bu müqavilənin 3,6 bəndində göstərilən kredit vəsaitindən istifadə müddətinin birmə tarixinə kimi kredit vəsaiti tam şəkildə bağlanmadığı təqdirdə bu müqavilənin 1.1 bəndində qeyd olunan illik faiz dərəcəsi iki dəfə artırılır. 6.1-ci bəndinə əsasən bu müqavilə üzrə borc alanın öhdəliklərinin icrasının təminatı kimi İddiaçı ASC-nın 4 saylı filialı, Bank olmayan kredit təşkilatı "Union Kredit” MMC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 285/1F4 saylı girov müqaviləsinin predmeti Cavabdeh2 adına İddiaçı ASC-nın 4 saylı filialında depozit hesabında olan 400.000 manat məbləğində pul vəsaiti çıxış edir. 7.4.4-cü bəndinə əsasən borc alan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməyi öz öhdəsinə götürmüşdür. 7.4.10-cu bəndinə əsasən borc alan kredit üzrə öhdəliklər icra edilmədikdə dəbbə pulu və borc verənə dəymiş zərəri tam həcmdə ödəməyi öz öhdəsinə götürmüşdür. 14.1-ci bəndinə əsasən bu müqavilə girov/ipoteka müqaviləsi qüvvəyə mindiyi gündən qüvvəyə minir. Bu müqavilə, müddətsiz olaraq qüvvədə olacaq 10 və 11-ci bəndləri istisna olmaqla, Tərəflərin hazırki Müqavilə üzrə öhdəlikləri tam yerinə yetirilənədək qüvvədədir. Müqavilə borc verənin və borc alanın imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2015-ci il tarixdə İddiaçı ASC-nın 4-cü filialı (borc verən) ilə cavabdeh BOKT "xxxx" MMC (borc alan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli 285F4 təminatlı bərpa olunmayan kredit xətti müqaviləsinin 6 saylı əlavəsinin 2-ci bəndinə görə “Borcverən” ilə “Borcalan” arasında imzalanmış 12 iyun 2015-ci il tarixli 285F4 saylı təminatlı bərpa olunmayan kredit xətti müqaviləsinə uyğun olaraq Bank olmayan kredit təşkilatı ”Union Kredit” MMC-yə ayrılmış ilkin məbləği 400 000 manat, 264 687 manat qalıq məbləğindəki kredit xəttinin qaytarılma müddəti 6 ay müddətinə uzadılmış və kredit xəttinin son ödənilməsi tarixi 12 iyun 2016-cı il təyin olunmuşdur. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016cı il tarixli 2-1(81)-1404/2016 saylı qərarından görünür ki, İddiaçı ASC xx.xx.2016-cı il tarixə müflis elan edilmiş və iflas proseduruna başlanmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı ASC-nin “Biznes kreditlərin verilmə qaydalarına” 9 saylı əlavə olan müddətli öhdəlik sənədindən görünür ki, BOKT "xxxx" MMC aldığı ssuda üzrə İddiaçı ASC-nin 4 saylı filialına ödəmə müddəti xx.xx.2016-cı il olmaqla 91.987 manat məbləğində pul vəsaitinin ödənilməsi öhdəçiliyini öz üzrərinə götürmüş və öhdəliyin tam şəkildə bağlanma vaxtı çatdıqda bankda olan cari hesablarındaki vəsaitlər hesabına akseptisiz qaydada silinməsinə razılıq vermişdir. Müddətli öhdəlik haqqında sənəd BOKT "xxxx" ASC-nin imzası və möhrü ilə təsdiq edilmişdir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, BOKT "xxxx" ASC-nin xx.xx.2019-cı il tarixə dövrün sonuna qalıq əsas borcu 91987 manat, faiz borcu 914,69 manat, cərimə 3587,46 manat təşkil etmişdir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş sonuncu **********410 saylı, xx.xx.2022-ci il tarixli maliyyə arayışı ilə təsdiq edilir ki, BOKT "xxxx" ASC-nin İddiaçı ASC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 91987 manat məbləğində əsas, 914,69 manat məbləğində faiz borcu, 3587 manat məbləğində müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə, 27528 manat məbləğində gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi hesablanmış faiz borcu olmaqla, cəmi 124017 manat məbləğində kredit borcu vardır. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xəbərdarlıq məktubuna əsasən müəyyən edilir ki, ASC-dən yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC ilə cavabdeh BOKT "xxxx" ASC (əvvəlki adı "xxxx" MMC) arasında 12 iyun 2015-ci il tarixli 285F4 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Ləğv prosesində olan İddiaçı ASC cavabdeh BOKT "xxxx" ASC-yə müqavilədə müəyyən edilmiş şərtlərlə 400.000 manat məbləğində kreditin verilməsini, cavabdeh isə kredit məbləğini və faizləri ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə müqavilədə nəzərdə tutulmuş məbləğdə kredit verilsə də, cavabdeh kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə həmin müqavilə üzrə cavabdehin iddiaçıya 91.987 manat əsas, 914,69 manat faiz borcu olmaqla, cəmi 92.901,69 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Mübahisəli kredit müqaviləsi üzrə öhdəliklərini kreditorun öz öhdəliyinin icrasını gecikdirməsi nəticəsində icra edə bilməməsi, belə olan halda isə faiz borcunun, eləcə də dəbbə pulunun onlardan tutulmalı olmaması barədə cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı bank tərəfindən mübahisəli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının gecikdirilməsi və ümumiyyətlə həmin müqavilə üzrə öhdəliklərinin hər hansı bir pozuntusuna yol verilməsi iş materiallarına əsasən müəyyən edilmir. Əksinə iş materialları ilə öz təsdiqini tapır ki, iddiaçı bank cavabdehə kredit müqaviləsində göstərilən şərtlərlə və məbləğdə kredit verməklə, mübahisəli kredit müqaviləsi üzrə öhdəliklərini lazımi şəkildə icra etmişdir. Bank tərəfindən Cavabdeh2 məxsus əmanətin qaytarılmamasına gəldikdə isə qeyd edilməlidir ki, birincisi, bankın həmin əmanəti qaytarmaq öhdəliyi bank ilə Cavabdeh2 arasında bağlanmış bank əmanəti haqqında müqavilədən irəli gəlməklə həmin öhdəliyin bankın fərqli müqavilə - mübahisəli kredit müqaviləsi əsasında yaranmış kredit borcunun ödənilməsini tələb etmək hüququ ilə hər hansı bağlılığı və qarşılıqlı asılılığı yoxdur. Bundan əlavə bankın müflis elan edilməsi və Cavabdeh2 bankda olan əmanətin geri qaytarılmaması ilə cavabdehin mübahisəli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını gecikdirməsi arasında səbəbli əlaqənin mövcudluğu da müəyyən edilmir. Əksinə iş materiallarından görünür ki, mübahisəli kredit müqaviləsinin müddəti ilkin olaraq 6 ay olmuş və müqavilə müddətinin bitməsinə 4 gün qalmış cavabdehin kredit borcunun 264.687 manat hissəsi ödənilməmiş qaldığından müqavilənin müddəti 6 ay uzadılmışdır. Yuxarıda göstərilən hal isə ona dəlalət edir ki, bankın müflis elan edildiyi tarixdən əvvəlki dövrdə də cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərinin icrasının gecikdirilməsinə yol verilmişdir. Bank müflis olunduqdan sonrakı müddət üçün gecikdirilmiş borc məbləğinə faizlərin (həm müqavilə üzrə faizlərin, həm müqavilə müddəti bitdikdən sonrakı müddət üçün illik 5 % olmaqla hesablanmış faizlərin) hesablanmalı olmaması barədə cavabdehin dəlillərinə gəldikdə məhkəmə həmin dəlilləri də əsassız hesab edir. Belə ki, “Banklar haqqında” AR Qanununun 72.1-ci maddəsinə görə bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından 72.1.6-ci maddəsinə görə bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılır. Bu zaman bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir. Göstərilən normanın məzmunundan da göründüyü kimi bankın müflis elan olunmasına dair qərarın qüvvəyə minməsi bankın aktivlərinə faizlərin və digər haqların hesablanmasını dayandırmır. Cavabdeh BOKT "xxxx" ASC-yə hesablanmış dəbbə pulunun məbləğinə gəldikdə məhkəmə qeyd edir ki, gecikdirilmiş əsas borc məbləğinə hesablanmış 3587,46 manat məbləğində dəbbə pulu əsas borca nisbətən tənasübsüz surətdə yüksək deyildir və belə olan halda dəbbə pulunun məbləğinin Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən azaldılması üçün əsas yoxdur. Kreditin verilmə müddətinin bitdiyi tarixdən sonrakı müddət üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış faizlərin tutulmasına dair iddia tələbinə gəldikdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin sözügedən maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Həmin qərarda həmçinin göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Odur ki, kreditin verilmə müddətinin bitdiyi tarixdən sonrakı müddət üçün mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 27.528,12 manat məbləğində faizlərin tutulmasına dair hissədə də iddia əsaslıdır. Belə olan halda məhkəmə cavabdeh "xxxx" ASC-nin 285F4 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdeh "xxxx" ASC-nin banka əsas və faiz borcunun yarandığını, iddiaçı "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı cavabdehdən əsas borc üzrə 91.987 manat, faiz borcu üzrə 914,69 manat , dəbbə pulu üzrə 3587,46 manat, müqavilə müddəti bitdikdən sonrakı müddət üçün hesablanmış faiz borcu üzrə 27.528,12 manat olmaqla, cəmi 124.017,27 manat məbləğində borcun tutulmasını tələb etməkdə haqlıdır. Bununla yanaşı iş materiallarından göründüyü kimi cavabdeh tərəfindən mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 377.1, 377.2, 377.3-cü, 375.2-ci, 378 və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Göstərilən ərizəyə münasibətdə məhkəmə qeyd edir ki, hazırkı mübahisəli kredit müqaviləsi üzrə kreditin verilmə müddəti xx.xx.2016-ci ildə başa çatdığından və həmin müddətdən sonrakı dövrdə cavabdeh tərəfindən borcu etirafedici hərəkətlər edilmədiyindən mübahisəli kredit müqaviləsindən irəli gələn tələblər üzrə üç illik iddia müddətinin axımı xx.xx.2016-cı il tarixdən başlanmış və iddia müddəti xx.xx.2019-cı il tarixdə başa çatmışdır. Digər tərəfdən iş materiallarından görünür ki, hazırkı iddia ərizəsi xx.xx.2019-cu il tarixdə Tovuz rayon Məhkəməsində qeydiyyata alınsa da, iddiaçı tərəfindən hazırkı iddianın iddia müddəti buraxılmadan verilməsini sübuta yetirmək üçün xx.xx.2019-cu il tarixdə Tovuz rayon Məhkəməsinə məktub göndərilməsini təsdiq edən poçt qəbzi məhkəməyə təqdim edilmişdir. Məhkəmə digər hallarla yanaşı iddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzin də xx.xx.2019-cu il tarixli olduğunu, eləcə də şəhərlərarası poçt göndərişin 5-6 günə ünvana çatdırılmasının ağlabatan olmasını da nəzərə alaraq təqdim edilmiş qəbzi hazırkı iddia ərizəsinin xx.xx.2019-cu ildə poçta təqdim edilməsini təsdiq edən sübut kimi qiymətləndirir və göstərilən hal əsasında belə qənaətə gəlir ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi verilərkən iddia müddəti buraxılmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddia verilərkən dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti və işə baxılması ilə bağlı digər məsrəflərin əvəzi olaraq 0,40 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 91.987 manat məbləğində əsas, 914,69 manat məbləğində faiz borcu, 3587,46 manat məbləğində dəbbə pulu, müqavilə müddətinin bitdiyi tarixdən sonrakı müddət üçün illik 5 % olmaqla hesablanmış 27.528,12 manat məbləğində pul vəsaiti, cəmi 124.017,27 manat məbləğində pul vəsaiti, eləcə də dövlət rüsumunun əvəzi olaraq 30 manat, işə baxılması ilə bağlı digər məsrəflərin əvəzi olaraq 0,40 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-2(113)-4799/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-4799/2022
14.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver