Məhkəmə qərarları › İş №2-2(113)-485/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-485/2023

29.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-485/2023 29.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “öhdəliyin icra edilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: öhdəliyin icra edilməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən 270000 ABŞ dolları məbləğində borcun, həmin borcun 132 gün üçün illik 5 faizi olan 4993 ABŞ dollarının, 749 manat dövlət rüsumunun və 400 manat mediasiya xərcinin, cəmi 274993 ABŞ dollarının və 1149 manatın alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh qarşı cavabdehdən 270000 ABŞ dolları məbləğində borcun, həmin borcun 132 gün üçün illik 5 faizi olan 4993 ABŞ dollarının, 749 manat dövlət rüsumunun və 400 manat mediasiya xərcinin, cəmi 274993 ABŞ dollarının və 1149 manatın alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin iddiaçıya 270000 ABŞ dolları məbləğində borcu var. Bununla bağlı 400000 ABŞ dolları məbləğində borcun hissə-hissə ödənilməsi barədə 29 May 2020-ci il tarixdə birgə tanışları X4 şahidliyi ilə cavabdehlə anlaşma imzalamışlar. Həmin anlaşmaya əsasən cavabdeh 400000 ABŞ dolları məbləğində borcu 2020-ci il İyun ayından başlayaraq hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh 2020-ci il Avqust ayından etibarən 13 ay ərzində iddiaçıya hər ay 10000 ABŞ dolları olmaqla, cəmi 130000 ABŞ dolları qaytarmışdır. Sonuncu dəfə cavabdeh 2021-ci il Avqust ayında borcun 10000 ABŞ dolları hissəsini qaytarmış, lakin 2021-ci il Sentyabr ayından etibarən borcu qaytarmaqdan və aralarında imzalanmış anlaşmanı icra etməkdən boyun qaçırmışdır. Cavabdehin iddiaçıya qalan borc məbləği 270000 ABŞ dolları təşkil edir. Mübahisənin məhkəməyə qədər mediasiya vasitəsi ilə həll edilməsini və mediasiyaya dair xərclərin aralarında bərabər şəkildə bölünməsini təklif etsə də, cavabdeh borcu qaytarmaqdan imtina etmişdir. Buna görə də mediator ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə MŞİH-11384 saylı 6 yanvar 2021-ci il tarixli arayış təqdim etmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, tərəf borcun etirafı barədə razılaşma deyir. Qarşı tərəf özü etiraf edir ki, kimsə kiməsə pul ödəməyib. Həmçinin qarşı tərəf pulun 29 may 2020-ci il tarixədək hissə-hissə ödənilən borc olduğunu deyir. Borcun nə vaxtdan yaranmasını bilməyi lazımdır ki, iddia müddəti tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edə bilsin. Zavodda olan mallar hər iki tərəfin malıdır. İmza nümunələri ilə bağlı qeyd etmişdir ki, imza oxşuyur, amma əmin deyillər. İmzanı dandığı üçün yox, imzanın cavabdehin imzası olduğunu dəqiqləşdirmək üçün vəsatət təqdim etmişdir. Tərəflər şərik olublar. Onların ortaq nəvələri var, qohum olublar. Hər iki tərəfin orda şərik malları var. Pul ancaq orda olan mallara yönəldilə bilər. Bu məhkəmə iclasında yeni hal ortaya çıxdı ki, bu borc müqaviləsi deyil, mövcud borcun olması barədə razılaşmadır. Razılaşmaya diqqət edilsə burda söhbət onun gəliri olmadığı təqdirdə Cavabdeh payına yönəlməsindən gedir. Tərəf dvidentin alınmasını qeyd edir, lakin hər hansı sübut təqdim etmir. Gəlir olmadığı təqdirdə müqavilənin 4-cü bəndinə diqqət yönəldilməlidir. Hazırda Cavabdeh hesabına həbs qoyulub və həmin dövr ərzində heç bir gəlir hesaba oturmuyub. Əgər gəlir yoxdursa borc paya yönəlməlidir. Həmçinin anlaşmanı borcun etirafı olan müqavilə hesab etmir. İlqar müəllim həmin zavoda qoyduğu pulu kredit alaraq pul qoyub. İddiaçının nümayəndəsi və vəkilinin cavabdeh barəsində kredit borcları dediyi borclar həmin zavoda görə alınmış kreditdən ibarətdir. Razılaşmanı borcun etirafı barədə razılaşma olaraq qəbul etmir. Həmin razılaşmanın birinci səhifəsinə İlqar müəllim qol çəkməmişdir. O vaxt bu razılaşmanı etiraf kimi hesab edə bilərdi ki, qarşı tərəf həmin borca dair hər hansı yazılı sənəd təqdim edərdi. Lakin heç bir yazılı sənəd təqdim etməyib. Sonda cavabdehin nümayəndəsi və vəkili iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

8. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. İşdə olan xx.xx.2020-ci il tarixli Anlaşmadan görünür ki, bu anlaşma Əliyev Mamedin iştirakı və şahidliyi ilə İddiaçı (Şahin) və Cavabdeh arasında olan iş birliyindən, Küzdək Metal zavodundan və başqa bizneslərdən araşdırılaraq aşağıdakı razılıq və anlaşmaya gəlinir: 1) Şahinlə İlqar arasında olan biznes ortaqlığından, iş birliyindən İlqar Şahinə 400.000 ABŞ dolları verməyi öz öhdəsinə götürür. 2) Həmin məbləği, yəni 400.000 ABŞ dolları İlqar hər ay iyul 2020-ci il tarixdən başlayaraq 10.000 ABŞ dolları Şahinə qaytarır. 3) Zavodda (Kürzəkdə) malda olan İlqarın hissə faizi 35-40% olduqda, hər ay 10.000 ABŞ dolları, lakin İlqarın hissə faizi mal qalığında artıb 45-50% olarsa (qazancı), onda 15.000 və ya 20.000 ABŞ dolları hər ay Şahinə ödəyəcəkdir. 4) Əgər qazanc olmayan təqdirdə hər ay 10.000 ABŞ dolları İlqarın mal qalığından, yəni yerdə olan mal qalığı hissəsindən (ana puldan) çıxılaraq Şahinə ödəyəcəkdir. 5) 400.000 ABŞ dolları 3 və 4 il müddətindən gec olmayaraq Şahinə ödənməlidir.

10. Ödəniş cədvəlindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 2020-ci ilin iyun ayından 2021-ci ilin iyun ayınadək hər ay 10.000 ABŞ dolları ödəniş olmuş, 270.000 ABŞ dolları borc qalmışdır.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/830 saylı ekspert rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş, 170-ci vərəqəsində olan 30 noyabr 2020-ci il tarixli sənədin aşağı hissəsində 2-ci sətrdəki yazıların qarşısındakı imza, 171-ci vərəqəsində olan 03 mart 2023-cü il tarixli məktubun sonunda “Cavabdeh” sözlərinin qarşısındakı imza, 54-cü vərəqəsində olan 29 may 2020-ci il tarixli Anlaşmanın sonunda “2.” rəqəminin qarşısındakı imza - eyni şəxs Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 170ci vərəqəsində olan 30 noyabr 2020-ci il tarixli sənədin aşağı hissəsində 2-ci sətrdəki yazıların qarşısındakı imzada, 171-ci vərəqəsində olan 03 mart 2023-cü il tarixli məktubun sonunda “Cavabdeh” sözlərinin qarşısındakı imzada, 54-cü vərəqəsində olan 29 may 2020-ci il tarixli Anlaşmanın sonunda “2.” Rəqəminin qarşısındakı imzada - imzanın qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müşahidə olunmamışdır.

12. Hazırkı mübahisə tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli Anlaşmadan, yəni müqavilədən irəli gəlmişdir. Müqavilənin şərtlərinə əsasən cavabdeh biznes ortaqlığından, iş birliyindən iddiaçıya 400.000 ABŞ dollarını iyul 2020-ci il tarixdən başlayaraq hər ay 10.000 ABŞ dolları məbləğində verməyi öhdəsinə götürmüşdür.

13. Məhkəmə qeyd edir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddiaçı, cavabdehin onun xeyrinə müəyyən hərəkəti etməyi aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan xx.xx.2020-ci il tarixli müqaviləyə istinad edir. Hansı ki, həmin müqavilədə olan imzanın cavabdeh tərəfindən icra olunması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/830 saylı ekspert rəyi ilə təsdiq olunmuşdur.

14. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə cavabdeh 400.000 ABŞ dollarını iyul 2020-ci il tarixdən başlayaraq hər ay 10.000 ABŞ dolları məbləğində iddiaçıya qaytarmağı öhdəsinə götürmüş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh 2020-ci ilin iyun ayından 2021-ci ilin iyun ayınadək hər ay 10.000 ABŞ dolları iddiaçıya ödəmiş, qalan 270.000 ABŞ dolları məbləğ üzrə öhdəliyini yerinə yetirməmişdir.

15. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia 270000 ABŞ dolları məbləğində borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir.

16. Məhkəmə həmçinin hesab edir ki, borcun gecikdirilməsinə görə pulun tələb edilməsi hissəsində də, iddia əsaslıdır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir.

18. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər.

19. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir.

20. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir.

21. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir.

22. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.

23. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür.

24. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan göstərilən əsasa görə hesablanmış borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

25. Göstərilən iddia tələbi ilə bağlı məhkəmə əlavə olaraq qeyd edir ki, pulun ödənilməsinin gecikdirilməsinə görə faiz gecikdirilmiş günlərə münasibətdə hesablandıqda iddiada tələb olunan məbləğdən artıq müəyyən olunsa da, verilmiş tələblər üzrə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

26. Bundan başqa, iddiaçı tələbində göstərilən əsasa görə 132 gün üçün 4993 ABŞ dolları tələb etsə də, 132 gün üçün hesablandıqda həmin məbləğ 4993 ABŞ dolları deyil, 4882 ABŞ dolları təşkil edir ki, bu halda məhkəmkə hesab edir ki, iddia göstərilən hissədə sonuncu məbləğ cavabdehdən tutulmaqla qismən təmin edilməlidir.

27. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 270000 ABŞ dolları məbləğində borc, həmin borcun 132 gün üçün illik 5 faizi olan 4882 ABŞ dolları, 749 manat dövlət rüsumu və 400 manat mediasiya xərci, ümumilikdə 27488.2 ABŞ dolları ödənildiyi gün Azərbaycan manatı məzənnəsi ilə və 1149 manat alınaraq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir.

VI. Nəticə:

28. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh 270000 ABŞ dolları məbləğində borc, həmin borcun 132 gün üçün illik 5 faizi olan 4882 ABŞ dolları, 749 manat dövlət rüsumu və 400 manat mediasiya xərci, ümumilikdə 27488.2 ABŞ dolları ödənildiyi gün Azərbaycan manatı məzənnəsi ilə və 1149 manat alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 110 manat məbləğində ekspertiza xərcləri Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X2, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar