Məhkəmə qərarları › İş №2-2(113)-5371/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-5371/2024

24.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-5371/2024 24.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlu Ərizəçi İddiaçı tərəfindən verilmiş “müflis elan edilmə” barədə ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, müflis elan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin maddənin məzmunundan göründüyü kimi kommersiya mübahisələri üzrə bütün sənədlər, o cümlədən ərizələr yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərilə bilər. Hazırki işdən isə görünür ki, iddiaçı məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət etməmiş, ərizəni kağız formasında təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Əlavə olaraq qeyd edilməlidir ki, ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə tərəflər qismində yalnız özünün adı əks edilmiş, kreditorlar barədə məlumat qeyd olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində öz əksini tapmalıdır. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanunun 4-cü maddəsinə əsasən: İflas haqqında məhkəməyə verilən ərizədə aşağıdakılar göstərilməlidir: a) ərizənin verildiyi məhkəmənin adı; b) borclunun adı (fərdi borclunun və ya onun nümayəndəsinin adı, atasının adı, soyadı) və ünvanı; c) bütün məlum kreditorların (adları, atalarının adları, soyadları), poçt ünvanı və onların borcluya qarşı irəli sürdüyü tələblərin məbləğləri; ç) borclu iflas haqqında məhkəməyə ərizə verdikdən sonra bir il ərzində onun vaxtı çatacaq borc öhdəliklərinə dair məlumat; d) bu Qanuna müvafiq surətdə borclunun ödəmə qabiliyyətsizliyinin özü tərəfindən təsdiq edilməsi və ya sübut olunması; e) borclunun ərizəsinə qoşulan sənədlərin siyahısı; ə) borclunun fikrincə, iş üzrə məhkəmə baxışı üçün məhkəməyə lazım ola bilən hər hansı başqa məlumat, o cümlədən fərdi borcluya aid halda müəyyən aktivlərin borclunun əmlakından çıxarılmasına dair onun tələbini təsdiq edən müfəssəl məlumat, habelə qanunvericiliklə nəzərdə tutulmuş digər məlumatlar. AR MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalı, ərizəçiyə qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməli və ödənilmiş dövlət rüsumu geri qaytarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi İddiaçı tərəfindən verilmiş “müflis elan edilmə” ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş dövlət rüsumu geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar