Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-621/2025 06.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehsinə qarşı “borc müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borc müqaviləsi, müqavilənin təfsiri, beh haqqında razılaşma, müqavilənin icra edilməməsi üçün məsuliyyət) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə iştirakları ilə İddiaçı Cavabdehsinə qarşı “borc müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehsinə qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli borc müqaviləsi üzrə 5000 manat əsas borc, 500 manat gecikdirilmiş faiz məbləğinin və ödənilmiş 75 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı 29 sentyabr 2022-ci il tarixində cavabdehin direktoru Qanuni nümayəndə borc məqsədilə 5000 manat pul vermiş, borc münasibətini rəsmiləşdirmək üçün xx.xx.2022-ci il tarixində Bakı şəhərində qarşılıqlı razılıq əsasında borc müqaviləsi bağlanmışdır. Borc məbləği həmin tarixdə cavabdehin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialındakı bank hesabına köçürülmüşdür. Həmin müqaviləyə əsasən cavabdeh 3 ay müddətində həmin pulu qaytarmaq öhdəliyi götürmüşdür. Müqavilə bağlayandan sonra cavabdeh ödənişdə müəyyən çətinliklərinin olmasını bildirmiş və xahiş etmişdir ki, 5000 manat borc məbləğini hər ayda 1700 manat olmaqla 3 ay ərzində qaytarılmasına icazə verilsin. İddiaçı güzəştə gedərək onunla razılaşmış və borc müqaviləsinə xx.xx.2022-ci il tarixli əlavə razılaşma bağlanmışdır. Eyni zamanda cavabdehin direktoru Qanuni nümayəndə öz əl yazısı ilə iltizam da yazmışdır ki, həmin məbləği ayda 1700 manatdan hissəvi şəkildə qaytaracaq. Bundan sonra, cavabdeh uzun müddət ödəniş etməmişdir. Dəfələrlə cavabdehlə əlaqə saxlanmış, şifahi və yazılı xəbərdarlıq edilmiş, lakin müsbət bir nəticə olmamışdır. Son vaxtlar iddiaçı cavabdehdən borcunu qaytarmasını tələb edəndə məlum olmuşdur ki, onun ciddi maliyyə problemləri var və borcu qaytarmaq istəmir. Adıçəkilən müqavilənin 1.1 və 3.1-ci bəndlərinə görə cavabdeh müqavilə üzrə müəyyən edilən 5000 manat borc pulu 3 ay müddətində borcverənə tam həcmdə qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda müqavilənin şərtlərinə görə, tərəflər arasındakı mübahisələr qarşılıqlı razılıq əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Cavabdeh öz borcunu müqavilə ilə müəyyən edilmiş müddətdə ödənilməsini təmin etmir. Belə ki, cavabdehin borcunun məbləği əsas borc üzrə 5000 manat və gecikdirilmiş faizlərə görə 500 manat olmaqla cəmi 5500 manat təşkil edir.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 386, 445.1, 739-cu və s. maddələri göstərilmişdir.
4. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)- 3535/2024 nömrəli qərardadı ilə işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. İş materialları xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
6. İddiaçı iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, taxıl yığımı ilə məşğuldur və obyekti mövcuddur. Xaricdən un məmulatları gətirmək üçün depozit məbləğinə ehtiyac var idi. Yəni həmin məbləğ depozit məbləği kimi veriləcək, xaricdən mal gətiriləcək və satılacaqdı. Köçürmə yolu ilə 5000 manat məbləğində pul cavabdehə ödənilsə də, pul məbləği qaytarılmamışdır. Cavabdehlə birgə əməkdaşlıq edilməli idi, münasibətlər borc müqaviləsi ilə rəsmiləşdirilmişdir.
7. Məhkəmənin suallarına cavab olaraq iddiaçı qeyd etdi ki, cavabdeh malların anbarında olduğunu, malları verəcəklərini bildirsə də, malları təqdim etməmişdir.
8. Cavabdehin nümayəndəsi - qanuni təmsilçisi Qanuni nümayəndə məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdi və eyni zamanda göstərdi ki, depozit ödənilməsindən əvvəl iddiaçı və cavabdeh arasında danışıqlar olmuş, iddiaçı ilə gələn digər şəxs də 500 000 manat məbləğində pulun veriləcəyini vəd etmişdir. Lakin qeyd olunan məbləğdə pul verilməmişdir. Daha sonra cavabdeh iddiaçıya müəyyən malları götürməsi və satmasını, bununla əldə edəcəyi gəlirlə verdiyi 5000 manat məbləğində pulun ödənilməsini təklif etsə də, iddiaçı bununla razılaşmamışdır.
9. Məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi - qanuni təmsilçisi göstərdi ki, 5000 manat məbləğində pulun bir hissəsi iddiaçının nəqliyyat vasitəsinin təmirinə, yemək, kirayə xərclərinə, 1000 manat ofis xərclərinə görə xərclənmiş, 2500 manatı isə çıxarıb Qasımov Quluya vermişdir. Lakin bununla bağlı sübutları yoxdur.
III. Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Borc müqaviləsi üzrə pulun tutulması tələbləri ilə bağlı
11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
13. İş materiallarında olan sübutlar əsasında işin müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə borc müqaviləsi bağlanmış, iddiaçı 5000 manat məbləğində pulu cavabdehin bank hesabına köçürməyi, cavabdeh isə götürmüş olduğu borc məbləğini 3 ay müddətinə hər ay ümumi məbləğə 0,5 faiz hesablanmaqla geri qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli mədaxil qəbzi ilə 5000 manat məbləğində pul iddiaçı tərəfindən “xx.xx.2022-ci il tarixli borc müqaviləsinə əsasən fiziki şəxs İddiaçı tərəfindən verilən borcun mədaxili” təyinatı ilə cavabdehin "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan bank hesabına köçürülmüşdür. Adıçəkilən müqaviləyə xx.xx.2022-ci il tarixli əlavə ilə tərəflər arasında bağlanmış borc müqaviləsinin 1 və 2-ci bəndləri dəyişdirilmədən saxlanılmaqla müqavilənin müddəti 3 ay müddətinə uzadılmış, həmçinin müqavilədə göstərilmiş öhdəliyin həmin müddət ərzində hər ayın sonunda karta ödənilmək şərtilə iddiaçının hesabına hər ay 1700 manat hesab ilə ödənilməsi şərtləşdirilmişdir. xx.xx.2022-ci il tarixli əlavəyə əsasən cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə itizam verərək hər ay 1700 manat məbləğində pulu borc qaytarılana qədər köçürməyi öhdəsinə götürmüşdür.
14. İddiaçı həmin müqaviləyə istinad etməklə 5000 manat məbləğində pulun və 500 manat məbləğində gecikdirmə üçün faizlərin tutulmasını tələb edir.
15. Cavabdeh iddiaya etiraz edərək, həmin pul məbləğinin iddiaçının nəqliyyat vasitəsinin təmirinə, yemək, kirayə xərclərinə, ofisə xərcləndiyini, bir hissəsinin isə Qasımov Quluya verildiyini qeyd edir.
16. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
17. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə “borc müqaviləsi” adlansa da, faktiki olaraq tərəflər arasında birgə fəaliyyətin həyata keçirilməsi ilə bağlı münasibətlər yaranmış, iddiaçı cavabdehə 5000 manat məbləğində depozit verməyi, cavabdeh isə xaricdən mal gətirərək iddiaçı ilə birgə sahibkarlıq fəaliyyətini həyata keçirməyi öhdəsinə götürmüş, lakin bu fəaliyyət baş tutmamışdır. Belə ki, iddiaçı və cavabdeh arasında birgə fəaliyyətin baş tutmaması mübahisəsiz haldır.
18. Məhkəmə iclasında şahid kimi dindirilən cavabdehin təsisçisi Bədəlov Sultanəli Vəkil oğlu da işlərin görülməsi üçün iddiaçının pul qoyduğunu, həmin məbləğin ilkin ödəniş kimi müəssisənin xərcləri, sənədləşmə işlərinə xərclənməli olduğunu bildirdi.
19. Göründüyü kimi, tərəflər arasında gələcək öhdəlik birgə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmuş, həmin fəaliyyətin icra edilməsi məqsədilə iddiaçı tərəfindən 5000 manat məbləğində pul cavabdehə verilmiş, lakin birgə fəaliyyət baş tutmamışdır.
20. Nəzərə alınmalıdır ki, tərəflər arasında müqavilədən irəli gələn mübahisə mövcud olduqda mübahisə tərəflərin razılaşdığı müqavilə şərtləri əsas götürülməklə həll edilməlidir. Lakin əks yanaşma ya müvafiq müqavilənin etibarsızlığından, ya da hər iki tərəfin iradə ifadəsi, müqavilədən irəli gələn işgüzar praktika ilə müqavilə şərtlərinin təfsirindən qaynaqlana bilər.
21. Belə ki, Mülki Məcəllənin 404.1 – 404.2-ci maddələrinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
22. Qeyd edilməlidir ki, mülki dövriyyənin iştirakçıları təcrübədə bəzən daxil olduqları hüquq münasibətlərini onların həqiqi məzmununa uyğun olaraq lazımi qaydada yazılı şəkildə rəsmiləşdirmirlər (və ya rəsmiləşdirə bilmirlər), yaxud bunu bir neçə hüquqi əməliyyatla edirlər. Bu səbəbdən məhkəmə əqdə əsaslanan və ya əqdin etibarsızlığının təsbit olunmasına dair tələblərə baxarkən yalnız formal tələbləri (müqavilənin adını, onun hərfi mənasını, müqavilədə tərəfin iradəsinin ifadə olunmasını, əqdin yazılı və ya notarial formasına əməl olunmasını və s.) yoxlamaqla kifayətlənməməli, bəyan edilmiş iradənin formalaşmasına əsas olmuş şəraiti, niyyəti, tərəflər arasında müqaviləyə qədərki və sonrakı danışıqları və hərəkətləri nəzərə almalı, mübahisəli hüquq münasibətinə qiymət vermək tələb olunduqda, iradə ifadəsinin həqiqi məzmununu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
23. Qeyd edilənləri hazırkı işin hallarına tətbiq etdikdə görünür ki, hər iki tərəf 5000 manat məbləğinə depozit məbləği kimi istinad edir, hər iki tərəf həmin məbləğin xaricdən un gətirilməsi yolu ilə birgə fəaliyyətin həyata keçirilməsi üçün xərclənməli olduğunu qəbul edir, hər iki tərəf fəaliyyətin baş tutmadığını təsdiq edir. Beləliklə, məhkəmə xx.xx.2022-ci il tarixli müqavilənin borc müqaviləsi deyil, birgə fəaliyyətlə bağlı müqaviləni təsdiq etmək və icrasını təmin etmək məqsədilə bağlanan beh müqaviləsi olması qənaətinə gəlir.
24. Mülki Məcəllənin 491.1 – 491.2-ci maddələrinə əsasən, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. 491.3-cü maddəsinə əsasən, müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.
25. Hazırkı halda birgə fəaliyyət baş tutmadığından iddiaçının tələbinə məhz Mülki Məcəllənin 492-ci maddəsinə müvafiq olaraq qiymət verilməlidir.
26. Belə ki, Mülki Məcəllənin 492-ci maddəsinə əsasən, öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur.
27. Hazırda birgə fəaliyyətlə bağlı müqavilənin iddiaçının və ya cavabdehin təqsiri ilə bağlı icra edilmədiyi sübut edilmədiyindən məhkəmə behin tam qaytarılması qənaətinə gəlir.
28. Cavabdeh 5000 manat məbləğində pulun bir hissəsinin qaytarıldığını-iddiaçıya xərcləndiyini bildirsə də, qeyd edilən halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki həmin halı – 5000 manat məbləğində pulun bir hissəsini qaytarıldığını iddiaçı mübahisələndirdiyindən sübutetmə vəzifəsini məhz cavabdeh daşıyır.
29. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
30. Digər tərəfdən isə cavabdeh 2500 manat pulu Qasımov Quluya verdiyini, ofis üçün xərcləndiyini bildirir. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh qeyd olunan halı təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən isə cavabdeh pulun anbar üçün üçüncü şəxsə verildiyini bildirsə də, şahid qismində dindirilmiş Bədəlov Sultanəli Vəkil oğlu pulun çıxarılaraq Qasımov Quluya verildiyini, həmin şəxsin pulu müvafiq istiqamətlər üzrə payladığını bildirmişdir. Məhkəmə bildirir ki, iddiaçı birgə fəaliyyət üçün müəyyən məbləğdə vəsaiti cavabdehin sərəncamına vermiş, həmin vəsaitin xərclənməsində ixtiyarlı şəxs məhz cavabdeh olmuşdur. Belə olan halda, cavabdehin sərəncamında olan pulun bir hissəsini üçüncü şəxsə təqdim etməyinə, ofis üçün xərcləməyinə istinad etməklə iddiaya etiraz etməsi əsassızdır.
31. Göstərilənlərə əsasən, cavabdeh sübutetmə vəzifəsini yerinə yetirə bilməmiş, 5000 manat məbləğində pulun qaytarılmasını təsdiq edə bilməmişdir.
32. İddiaçının 500 manat məbləğində faiz tələbinin qaytarılması tələbinə münasibətdə isə məhkəmə göstərir ki, müqavilənin icra edilməməsi nəticəsində beh məbləğindən artıq pulun tələb edilməsi üçün mülki qanunvericiliyin yuxarıda qeyd edilən normasına əsasən, müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşımalıdır. Hazırda isə iddiaçı qeyd edilən halla bağlı hər hansı sübut təqdim etməmişdir.
33. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, iddiaçının tələbi qeyd edilən hissədə rədd edilməlidir.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, 5000 manat məbləğində pul Cavabdehsindən tutularaq İddiaçı ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
35. İddiaçı həmçinin ödənilmiş 75 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
36. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, 75 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
37. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
38. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
39. Beləliklə, iddia ərizəsinin qismən təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 manat məbləğində pul Cavabdehsindən tutularaq İddiaçı ödənilməlidir.
V. Nəticə:
40. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehsindən 5000 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 manat məbləğində pul Cavabdehsindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova