Məhkəmə qərarları › İş №2-2(113)-6302/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-6302/2023

24.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-6302/2023 24.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsinə qarşı istifadə edilməmiş əmək məzuniyyətinə görə pul kompensasiyasının ödənilməsi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadə edilməyən 1998, 1999, 2000, 2001, 2002, 2003 və 2004-cü məzuniyyət illərinə görə kompensasiyanın hesablanıb ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1987-ci ildən xx.xx.2009-cu ilə qədər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə xidmətində işləmiş, tutduğu vəzifədən asılı olaraq xidmət illərinin əsas hissəsini Azərbaycan dövlətinin müstəqilliyini əldə etdiyi dövr əhatə etmiş, dövlətçiliyin qorunmasında və inkişaf edərək möhkəmlənməsində müəyyən xidmətləri olmuşdur. Xidmət illərinin müəyyən dövründə Azərbaycan Respublikası ərazisində fövqəladə vəziyyət elan olunmuş və mürəkkəb əməliyyat şəraiti mövcud olmuşdur. Göstərilən vəziyyətlə əlaqədar digər əməkdaşlarla bərabər iddiaçı da müxtəlif əlavə tədbirlərə, o cümlədən döyüş bölgələrinə cəlb olunmuşdur. Qeyd olunanlarla əlaqədar əmək məzuniyyətlərindən istifadə edə bilməmişdir. Cavabdehdən 02.11 2023-cü il daxil olmuş məktubda 1998, 1999, 2000, 2001,2002, 2003, 2004-cu illərdə iddiaçının məzuniyyətdən istifadə etmədiyi bildirilsə də, istifadə olunmamış məzuniyyətə görə pul əvəzinin ödənilməsinin heç bir qanunvericilikdə nəzərdə tutulmadığı qeyd edilmişdir. Bu səbəbdən məhkəmə qaydasında həmin illər üçün kompensasiya ödənilməlidir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilməlidir. Məhkəmə əvvəlcə qeyd edir ki, məhkəməyə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Mülki prosessual qanunvericiliyə görə, iddia ərizəsi yalnız Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmçinin məhkəmələr mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələləri ərizənin icraata qəbul edilməsi zamanı yoxlamalıdırlar. Eyni zamanda ərizənin (mübahisənin, iddianın) mümkünlük şərtləri mülki məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Kommersiya məhkəmələrinin aidiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmişdir. Belə ki, həmin Məcəllənin 26-cı maddəsində göstərilmişdir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Digər tərəfdən, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 1-4-cü bəndlərinə əsasən, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Həmin Qərarın 12-ci bəndinə əsasən, inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Göründüyü kimi, işin məhkəmə aidiyyətini müəyyən etmək üçün iddiaçı və cavabdehin hüquqi statusu müəyyənləşdirilməlidir. “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 19-cu bəndinə əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və onun müvafiq idarələri inzibati orqan hesab olunur. Beləliklə, hazırkı iş üzrə cavabdeh inzibati orqan kimi çıxış etməklə, inzibati akt qəbul etmək səlahiyyətinə malikdir. Digər tərfədən, iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus əmək kitabçasından çıxarışdan görünür ki, iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2497/ş nömrəli xx.xx.2009-cu il tarixli əmri ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətindən “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 1-ci bəndinə əsasən xaric edilmişdir. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş polisdə və müvafiq icra hakimiyyəti orqanı sisteminə daxil olan digər orqan və hissələrdə xidmət keçmənin qaydalarını və şərtlərini, bu orqanların vəzifəli şəxslərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edən “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən, daxili işlər orqanlarında xidmət keçmə - bu orqanlarının funksiya, vəzifə və hüquqların öz peşə fəaliyyətləri ilə keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Həmin Əsasnamənin 10-1-ci maddəsinə əsasən, daxili işlər orqanlarında xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrə işə götürülən mülki işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Göründüyü kimi, həmin Əsasnamə xüsusi rütbələr nəzərdə tutulan dövlət qulluqçularına şamil edilir, mülki işçilərin əmək münasibətləri isə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Hazırda isə iddiaçı adıçəkilən Əsasnamənin müəyyən etdiyi qaydada xidmətdən xaric edilmişdir. Belə olan halda iddiaçı ilə cavabdeh arasında olan münasibət məhz inzibati orqanla dövlət qulluqçusu arasında əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri kimi başa düşülməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.3-cü maddələrinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Göründüyü kimi, hazırkı iddia inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi – kompensasiyanın ödənilməsi barədə iddiadır. İddiaçının cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini və ya inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini tələb etməsinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrində göstərilmişdir ki, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddiaya mülki mühakimə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı çərçivəsində baxılmalı olduğundan onun qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1 və 8.1.3-cü maddələrinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə qeyd edir ki, iddiaçı hazırkı iddia ilə səlahiyyətli inzibati məhkəməyə müraicət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsinə qarşı istifadə edilməmiş əmək məzuniyyətinə görə pul kompensasiyasının ödənilməsi barədə iddiasının yolverilməzliyinə görə qəbulundan imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı rəsmi qaydada verilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar