Məhkəmə qərarları › İş №2-2(113)-6343/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-6343/2025

05.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-6343/2025 05.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı vurulmuş “borcun ödənilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “əldən çıxmış faydanın tutulması və s.” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, əldən çəxmış fayda) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi Heydərova Mülayim Akif qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddiaçı üzrə cavabdeh, qarşılıqlı iddia üzrə Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “əldən çıxmış faydanın tutulması və s.” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya mübahisəsinə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Yasamal rayon məhkəməsinə müraciət edərək, ödənilməmiş 11.000 manat xidmət haqqı ödənişinin, 15.000 manat mənəvi zərərin və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 168 manat dövlət rüsumunun, ümumilikdə 26.168 manat pul vəsaitinin cavabdeh “Azeronline LTD" Birgə Müəssisəsindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İlkin iddia onunla əsaslandırılmışdır ki, o, 2022-ci il 1 dekabr tarixdən etibarən “Azeronline LTD’’ Birgə Müəssisəsi ilə razılıq əldə edərək həmin müəssisədə telekommunikasiya xidmətləri üzrə texnik kimi çalışmağa başlamışdır. İşi isə modern avadanlıqlarını cavabdehdən alıb Qazax rayonu üzrə rayon və kənd ərazisi üzrə çəkilməsindən ibarət olmuş, internet xəttinin çəkilməsi üzrə hər evdən ona 10,0 manat və ya 10,50 manat xidmət haqqı verilmişdir. Bir müddət ödənişin verilməsi bu formada davam etmiş, daha sonra ona məlum olmuşdur ki, Cavabdeh onu xidmət müqaviləsi bağlaması ilə əlaqədar aldadaraq işlətmiş, müqavilə tərəfindən imzalanmamış, yalnız formal xarakter daşımış və nəticədə isə əməyindən istifadə etmişdir. Sonda isə müəyyən bir bəhanəylə onu qovmuş və toplanmış aylıq ödənişlərini etməmişdir. AR ƏƏSMN yanında X3 Bakı Şəhər İdarəsindən ünvanlanmış məktubdan da görünür ki, imzaları və möhür olmadığından 01 dekabr 2022-ci il tarixli müəssisəyə məxsus telekommunikasiya xidmətləri göstərilməsi üzrə xidmət müqaviləsinin heç bir hüquqi qüvvəsi olmadığı müəyyən edilmişdir. 2022-ci il tarixdən etibarən müqavilə üzrə öhdəliyini layiqincə və vaxtıvaxtında icra etmişdir. Rayon və kənd əhalisindən hər hansı bir şikayət, irad və s. daxil olmamışdır. İşə başladıqdan bir müddət sonra cavabdeh ona iş çox olduğuna görə texnik köməkçisi kimi kiminsə yanında çalışa biləcəyini demiş, o da bundan sonra həmkəndlisi X2 öz xahişi ilə yanında işə götürmüşdür. Yanında işə başladıqdan sonra ona dəfələrlə bildirmişdir ki, abonentlərdən işlədiyinə görə əlavə haqq almasın, ona gündəlik işləməsinə görə haqq verəcəkdir, belə şeylərə şirkət tərəfindən yol verilmir. Bundan sonra Qazax rayonu və kəndlərində abonent sayı çoxaldığı üçün işlər çoxalmışdır. Kamran ona bu zaman bildirmişdir ki, ona əlavə material versin qrup yaratsın və işləri daha sürətlə görsünlər. Bir müddət sonra bölgə müdiri Vüsal Ramazanov ona bildirmişdir ki, abonentlərdən əlavə pul alır, o nə qədər həqiqəti diqqətlərinə çatdırsa da, ona inanmamışlar. Daha sonra araşdırdıqdan sonra məlum olmuşdur ki, Kamran Abdullayevdan kənd əhalisindən əlavə pul almış, bu səbəbdən verdiyi materialları ondan təhvil alıb yanından qovmuşdur. Bundan sonra cavabdeh ona bildirmişdir ki, qeyd edilən hallara görə onunla olan müqavilə ləğv olunmalıdır. Aradan bir müddət keçdikdən sonra öyrənmişdir ki, bölgə müdiri V.Ramazanov sonra Kamran adlı həmin şəxslə rəsmi müqavilə bağlayaraq hal-hazırda da birlikdə çalışırlar. Belə görünür ki, ikisi ona oyun edib onun işdən çıxmağını razılaşdırıblar, hətta onda olan modemlərin miqdarını da az göstərməklə haqqına düşən məbləği verməkdən yayınırlar. Digər tərəfdən də Kamran adlı şəxsin abonentlərdən artıq aldığı 750 manat vəsaiti gündəlik onlara verilən məbləğə vuraraq ona 7500 manat borc hesablayırlar. Bildirirlər ki, ona verməli olduqları məbləğdən 7500 də çıxacaqlar, buradan da ziyana səbəb olan şəxslə rəsmi müqavilə bağlayırlar. Bu da etdikləri qanunsuzluqların bariz nümunəsidir. Belə ki, cavabdeh tərəfindən ona haqsız yerə xidmət ödənişi verilməmiş və həmin ödəniş bugün 11.000 manat təşkil edir. Bildirdikləri də tam yalandır, o həmişə vicdanla çalışmış, onda ancaq 197 modern var, haqqına düşən xidmət ödənişi verilərsə, qaytaracaqdır. Sadəcə ona qarşı yenə qanunsuzluqlar edərlər, ödənişini verməzlər deyə qaytara bilmir. İndi isə AR-nın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə ünvanlanmış məktuba cavab olaraq cavabdeh yalandan bildirir ki, qarşılıqlı razılıq əsasında aralarında olan müqavilə münasibətlərinə xitam verilmişdir, həmçinin ona ONT tipli modern routerlər təhvil verilmiş, onların 228 ədədi istifadə edilməmiş və tərəfindən qanunsuz saxlanılmaqdadır. Qeyd edir ki, bildirdikləri tam yalandır, onda cəmi 197 ONT tipli modern routerlər var. Tərəflərindən yekun xidmət haqqının ödənişindən imtina edilmədiyi bildirilsə də, yalan vədlərinə inanmır, qaldığı ədalətsiz, qanunsuz və hüquqsuz hərəkətlərindən sonra həmin avadanlıqları təhvil verməmişdir. Ona qarşılaşdığı bu qanunsuzluqla bağlı nəinki 11 000 maddi ziyan, həm bu 3 illik müddət ərzində yaşadığı sarsıntıya, şər və böhtanlara görə mənəvi ziyan da ödənilməlidir. O, AR-nın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət etdikdən sonra Nazirliyin 2 nəfər əməkdaşı gəlib yoxlama aparmış və məlum oldu ki, o haqlıdır və göstərdiyi xidmətdən heç kim narazı deyildir. Lakin həmin sənədlər cavabdehdə saxlanılır və ona verilmir. Onu hədələyirlər ki, modernləri qaytarmasa, onu hüquq-mühafizə orqanlarına şikayət edəcəklər. Yazdığı müraciətlər müvafiq olaraq cavabdehə ünvanlandıqda isə ona şər ataraq fəaliyyətində nöqsanlara yol verdiyi, haqlı narazılıqların olduğunu qeyd etsələr də, kənd sakinlərindən təhvil alınmış akt sübut edir ki, dedikləri tam yalandır, bildikləri iddialar heç ağlabatan və məntiqli deyildir. 11 iyul 2023-cü il tarixli, 004478 nömrəli, 05 iyul 2023-cü il tarixli, 004442 nömrəli, 20 fevral 2023-cü il tarixli, 002188 nömrəli, 27 dekabr 2022-ci il tarixli, 002120 nömrəli, 22 iyun 2023-cü il tarixli, 004393 nömrəli, 11 iyul 2023-cü il tarixli, 004483 nömrəli, 22 may 2023-cü il tarixli, 004122 nömrəli, 08 iyun 2023-cü il tarixli, 004233 nömrəli, 01 may 2023-cü il tarixli, 003856 nömrəli, 02 mart 2023-cü il tarixli, 003010 nömrəli, 13 mart 2023-cü il tarixli 003220 nömrəli, 03 aprel 2023-cü il tarixli, 003353 nömrəli, 11 yanvar 2023-cü il tarixli, 002335 nömrəli, 11 iyul 2023-cü il tarixli, 004483 nömrəli, 09 fevral 2023-cü il tarixli, 002161 nömrəli, 11 yanvar 2023-cü il tarixli, 002335 nömrəli, 25 yanvar 2023-cü il tarixli, 001592 nömrəli, 23 dekabr 2022-ci il tarixi, 002283 nömrəli, 09 dekabr 2022-ci il tarixli, 001323 nömrəli, 24 iyul 2023-cü il tarixli, 004752 nömrəli, 11 iyul 2023-cü il tarixli 004478 nömrəli Cavabdeh (VÖEN: **********) tərəfindən X1 Qaimə-Fakturasının surətlərindən görünür ki, ona müxtəlif vaxtlarda modern avadanlıqları təhvil alınmışdır (Balaxanı anbarından Ağstafa rayon anbarına). Həmçinin 01 fevral 2023- cü il tarixli, 05 yanvar 2023-cü il tarixli, 01 may 2023-cü il tarixli, 01 mart 2023-cü il tarixli, 01 sentyabr 2023-cü il, 03 iyul 2023-cü il tarixli, 03 aprel 2023-cü il tarixli, 01 avqust 2023- cü il tarixli aktların surətindən görünür ki, tərəfindən götürülmüş öhdəliklər icra edilərək FTT bağlantısı ilə əlaqədar tələb olunan xidmət göstərilmişdir. 26 aprel 2024-cü il tarixli Qazax rayon, Kosalar kənd sakinləri, 26 aprel 2024-cü il tarixli Qazax rayonu, Alpoud kənd sakinləri, 26 aprel 2024-cü il tarixli Qazax rayon Abbasbəyli kənd sakinləri, 26 aprel 2024-cü il tarixli Qazax rayon Fərəhli kənd sakinləri, 26 aprel 2024-cü il tarixli Qazax rayon Ağköynək kənd sakinləri tərəfindən tərtib edilmiş aktlardan görünür ki, Azeronline internet xətti çəkmək üçün Azeronline şirkətinə sifarişi ilə gəlmiş və həmin şirkətin Qazax rayon üzrə texniki olaraq tərəfindən həmin evlərə internet xətti çəkilmiş və çəkilmiş xətlə bağlı kənd sakinlərinin heç bir şikayətlərinin olmadığı qeyd edilmişdir. Tərəfindən qarşılaşdığı ədalətsizliklə bağlı AR-nın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, AR ƏƏSMN yanında X3 Bakı Şəhər İdarəsinə, AR Dövlət Təhlükəsizliyi Xidmətinə, AR İnsan Hüquqları üzrə Müvəkkilinə, AR Baş Prokrurluğuna müraciət edilmişdir və müvafiq cavab məktublarından da məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Bununla yanaşı, Qazax rayonu, həmçinin yaşadığı Ağköynək kəndində əksəriyyət əhali onu tanıyır, cavabdeh tərəfindən ona qarşı törədilən bu qanunsuz hərəkət nəticəsində işlədiyi müəssisədə və yaşadığı kənddə gözdən salınaraq mənəvi sarsıntı keçirməyinə səbəb olmuşdur. Cavabdehin qanunsuz əməlləri onun peşəkar bacarıqlarına dair inamını dərindən sarsmış, özünü dəyərsiz hiss etməyinə gətirib çıxartmışdır. Eləcə də, insult xəstəsi xəstə yaşlı anası var (sənədlər qoşmaya əlavə edilib), onun da qayğısına qalmalıdır. Bir oğul kimi maddi çətinliklər içərisində ananın qarşısında zəif və çarəsiz hiss edir və onun səhhəti barəsində qeyri-müəyyənliklər içərisindədir. Yeganə gəlir mənbəyi həmin iş yeridir, işləmədiyi müddət ərzində heç bir yerdən maddi gəliri olmadığı üçün maddi vəziyyəti olduqca çətinləşmişdir. Yeganə gəlir yerini itirməyi onun və anasının məişət vəziyyətini pisləşdirmiş və hüquqlarını zədələnmişdir.

3. Bakı şəhəri Yasamal rayon məhkəsinin 2(004)-3526/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(004)- 3526/2025 nömrəli mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.

4. Daha sonra Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı 197 ədəd ONT tipli modem routerin və əldən çıxmış faydaya görə 86.877 manat məbləğinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı 197 ədəd ONT tipli modem routerin və əldən çıxmış faydaya görə 86.877 manat məbləğinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı ilə Cavabdeh arasında 2022-ci il 01 dekabr tarixli Xidmət göstərilməsinə dair müqavilə imzalanmışdır. Müqaviləyə əsasən İddiaçı Müəssisənin abunəçilərinə təqdim tdiyi internet və əlaqəli xidmətlərin təşkili üzrə texniki və digər əlaqəli xidmətlərin göstərilməsi ilə bağlı xidmətlər göstərməli Müəssisə isə bu xidmətlərin dəyərini ödəməlidir. Müqavilənin 4.1.4-cü maddəsi ilə razılaşdırılmışdır ki, bu Müqavilədə nəzərdə tutulan xidmətlərin göstərilməsi üçün ona verilmiş avadanlıq və cihazların, həmçinin materialların saz vəziyyətdə və keyfiyyətdə qalmasını X. Rzayev təmin etməlidir. Müqavilənin 4.1.8-ci və 4.1.9-cu maddələrində nəzərdə tutulmuşdur ki, bu Müqavilədə nəzərdə tutulan xidmətlərin göstərilməsi üçün “Sifarişçi”nin zəruri olan cari tapşırıqlarını yerinə yetirilməsini təmin etmək və xidmətlərin göstərilməsi prosesində “Sifarişçi”dən daxil olan yazılı və (və ya) şifahi sorğuları 1 (bir) iş günü ərzində cavablandırmaq “İcraçı” olaraq X. Rzayevin öhdəliyidir. Həmçinin Müqavilənin 4.1.15-ci maddəsinə əsasən, “Sifarişçi” tərəfindən təqdim edilən və şəxsi istismarda olan avadanlıqların işlək vəziyyətdə saxlanılmasını, həmçinin Xidmətin göstərilməsi üçün “Sifarişçi”nin “İcraçı”ya təqdim etdiyi avadanlıqların qorunub saxlanmasını təmin etməyi “İcraçı” olaraq X. Rzayev öz öhdəsinə götürmüşdür.İddiaçı Müqavilənin yuxarıda qeyd edilən şərtlərini pozaraq Müəssisədən təhvil aldığı 197 (bir yüz doxsan yeddi) ədəd ONT tipli modern routerı heç bir hüquqi əsas olmadan özündə saxlamış və Müəssisəyə geri qaytarmaqdan imtina etmişdir. Bu hal hətta İddiaçı Məhkəməyə təqdim etdiyi iddia ərizəsinin 3-cü abzasındakı “...məndə cəmi 197 ONT tipli modern routerlar var. ...həmin avadanlıqları təhvil verməmişəm” cümləsi ilə öz təsdiqini tapır. Yəni X. Rzayev iddia ərizəsi ilə etiraf edir ki, Müəssisəyə aid 197 ədəd ONT tipli modern router məhz onun qanunsuz sahibliyindədir. Bildiririk ki, Müəssisə internet xidmətləri göstərir, qanunvericiliyin tələblərinə uyğun olaraq internet provayder kimi uçota alınmışdır. (Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 00015 nömrəli bildirişi ərizəyə əlavə edilir) Müştərilər fiber optik xətt üzərindən internet xidmətindən istifadə etmək üçün ONT tipli modern routerlardan istifadə etməlidirlər. Müəssisənin təqdim etdiyi internet xidmətinə qoşulmaq istəyən müştərilərə istifadə edə bilmələri üçün ONT tipli modern routerlar Müəssisə tərəfindən təqdim edilir.X. Rzayev tərəfindən Müqavilənin tələblərinin kobud şəkildə pozulması nəticəsində Müəssisə özünə aid olan ONT tipli modern routerları müştərilərinə təqdim edə bilməmiş və potensial müştərilərinin internet xidmətinə qoşmaq imkanından məhrum olmuşdur. Əgər İddiaçı Müqavilə ilə öhdəsinə götürdüyü vəzifələri icra etsəydi və ya ona təqdim edilmiş ONT tipli modern routerları Müəssisəyə geri qaytarsaydı, Müəssisə 197 nəfər müştərini öz internet xidmətinə qoşa və həmin müştərilərdən abunə haqqı alaraq mənfəət əldə edə bilərdi. Müəssisənin bölgələrdə fərdi abunəçilərə təqdim etdiyi minimum tarif üzrə internet xidmətlərinin 01 sentyabr 2023-cü il və 15 avqust 2024-cü il tarixləri arasında abunə haqqının 15 (on beş) manat, 15 avqust 2024-cü il tarixindən etibarən 25 (iyirmi beş) manat olmuşdur, (müvafiq tarif əmrləri ərizəyə əlavə edilir)Qeyd edilən tarifləri nəzərə alaraq bildiririk ki, X. Rzayev Müəssisə tərəfindən 2023-cü ilin avqust ayında ondan ilk dəfə tələb edildiyi anda 197 (bir yüz doxsan yeddi) ədəd ONT tipli modern routerları Müəssisəyə geri təhvil versəydi, Müəssisə 197 müştərini internet xidmətinə qoşa bilərdi. Həmin müştərilərdən 2023-cü ilin sentyabr ayından 2025-ci ilin iyun ayına qədər toplamda 84,710.00 AZN (səksən dörd min yeddi yüz on manat, sıfır qəpik) məbləğində abunə haqqı (197 müştəri x 12ay x 15 azn = 35,460.00 azn, 197 müştəri x 10 ay x 25 azn = 49,250.00 azn, 35,460.00 azn + 49,250.00 azn = 84,710.00 azn) gəliri əldə edə bilərdi. X. Rzayev Müqavilə ilə nəzərdə tutulan öhdəliklərini vicdanla yerinə yetirsəydi və Müəssisənin hüquqlarını pozmasaydı, Müəssisə adi mülki dövriyyə şəraitində ən azı 86,877.00 AZN (səksən altı min səkkiz yüz yetmiş yeddi manat, sıfır qəpik) məbləğində gəlir (əldən çıxmış fayda) əldə edə bilərdi. Müqavilənin 6.1-ci maddəsində razılaşdırılmışdır ki, bir tərəf təqsirli olaraq digər tərəfə vurduğu zərərə və bu Müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin tam və ya lazımınca yerinə yetirilməməsinə görə digər tərəf qarşısında tam məsuliyyət daşıyır.

6. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-6343/2025 saylı 08 sentyabr 2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh İddiaçı qarşı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi və ilk iddia ilə birlikdə baxılması qərara alınmışdır.

II. Tərəflərin mövqeləri:

7. Məhkəmə iclasında iştirak edən İddiaçı ilkin iddianın məzmununa uyğun izahat verərək, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə ilkin iddiaya etiraz edərək rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

11. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia qismən təmin olunmalı, qarşılıqlı iddia isə əldən çıxmış faydanın tələb edilməsi hissəsində rədd olunmalıdır.

12. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli ilk növbədə İddiaçı iddiasına münasibət bildirilməsini zəruri hesab edir.

13. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Cavabdeh (sifarişçi) ilə İddiaçı (icraçı) arasında 01 dekabr 2022-ci il tarixli, xidmət göstərilməsinə dair müqavilə bağlanmışdır.

14. Müqavilənin 1.1-ci bəndində əsasən bu müqavilənin predmetini müxtəlif texnologiyalar əsasında sifarişçinin abunəçilərinə təqdim etdiyi internet və əlaqəli xidmətlərin təşkili üzrə icraçı tərəfindən sifarişçiyə texniki və digər əlaqəli xidmətlərin göstərilməsi ilə bağlı tərəflər arasında yaranan münasibətlərin tənzimlənməsi təşkil edir.

15. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə xidmət haqqı və ödəniş qaydaları tərəflər arasında qarşılıqlı imzalanacaq Əlavə saziş ilə müəyyən edilir.

16. Tərəflər Xidmət göstərilməsi haqqında müqaviləyə xx.xx.2022-ci il tarixli 1 saylı Əlavə Sazişlə sifarişçi tərəfindən icraçıya ödəniləcək xidmət haqqının məbləği barədə, 2 saylı Əlavə Sazişlə avadanlıqların təhvili barədə, 3 saylı Əlavə Sazişlə ilə təmirquraşdırma barədə, xx.xx.2023-cü il tarixli 4 saylı Əlavə sazişlə xidmət haqqı barədə razılığa gəlmişlər.

17. Müqavilə və Əlavə Sazişlər tərəflərin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir.

18. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin məzmununa və tərəflər arasında formalaşmış olan işgüzar münasibətlərə nəzər yetirildiyində aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, müqavilə otel qonaqlama xidmətlərinin göstərilməsi ilə bağlı olmuşdur. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.

19. Ona görə də, Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.

20. Qanunun tələbindən görünür ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.

21. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.

22. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında da qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.

23. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

24. Hazırda ilkin iddiaçı tərəfindən görülmüş işlərə yəni evlərə internetin çəkilməsi görə 11.000 manat məbləğində xidmət haqqının və ona dəymiş 15.000 manat məbləğində mənəvi zərərin ödənilməsini məhkəmədən tələb edir.

25. Məhkəmənin hazırlıq iclaslarında iştirak edən Cavabdeh İddiaçı tərəfindən 2023-cü ilin iyun, iyul və avqust ayları üçün 10.383,50 manat dəyərində xidmət göstərildiyini, lakin göstərilmiş xidmətlərə görə təhvil-təslim aktlarının, hesab-fakturaların, elektron qaimələrin təqdim edilmədiyinə görə ödəniş edilmədiyini bildirmişdir.

26. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilərək, 10.383,50 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı verilməlidir.

27. Məhkəmə, həmçinin hesab edir ki, iddia mənəvi ziyanın əvəzi olaraq 15.000 manat məbləğində pulun tələb edilməsi hissəsində də təmin edilməməlidir.

28. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd etmiş olduğu hüquqi mövqe ondan ibarətdir ki, “Mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

29. Hazırda da, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələbi baxımından dəymiş mənəvi ziyanın nədən olmasını əsaslandıra bilməmişdir.

30. Bundan başqa, Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraqiddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 121,15 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir.

31. Məhkəmə Cavabdeh qarşılıqlı iddiasının əldən çıxmış faydanın tələb edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir.

32. Cavabdeh hazırda İddiaçı tərəfindən saxlanılan 197 ədəd ONT tipli modem routerlar qaytarılmadığı üçün 86,877 manat məbləğində əldən çıxmış faydanın ödənilməsini tələb edir.

33. Məhkəmə hesab edir ki, qarılıqlı iddia əldə çıxmış faydanın əvəzi olaraq 86,877 manat məbləğində pulun tələb edilməsi hissəsində təmin edilə bilməz.

34. Məhkəmə ilk növbədə qeyd edir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə).

35. Məhkəmə qeyd edir ki, hazırda göründüyü kimi, icraçı yəni, İddiaçı, tərəflər arasında bağlanmış olan xidmət müqaviləsi üzrə icra edilmiş öhdəliklər üzrə xidmət haqqı ona ödənilmədiyindən qarşılıqlı iddiaçı tərəfindən ona verilmiş 197 ədəd ONT tipli modem routerların üzərində girov hüququndan istifadə etmişdir.

36. Həmçinin də, qeyd edilməlidir ki, bütün bu müddət ərzində qarşılıqlı iddiaçı tərəf, İddiaçı 197 ədəd ONT tipli modem routerlarını tələb etməmişdir. Bu isə o nəticəyə gəlmək üçün əsas verir ki, qarşılıqılı iddiaçı, İddiaçı girov hüququndan istifadə etməsini qəbul etmişdir.

37. Beləliklə, ilkin iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın isə əldən çıxmış faydanın tələb edilməsi hissəsində rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

38. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İlkin iddia qismən təmin edilsin. 10.385 (on min üç yüz səksən beş) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 121 (bir yüz iyirmi bir) manat 15 (on beş) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia əldən çıxmış faydanın tələb edilməsi hissəsində rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar