Məhkəmə qərarları › İş №2-2(113)-6521/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-6521/2025

22.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-6521/2025 22.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra-iddiaçı) cavabdeh Qanuni nümayəndə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 6400 (altı min dörd yüz) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, uzun müddətdir ki, cavabdeh Qanuni nümayəndə uzun müddətdir ki, tamıyır. Cavabdeh Qanuni nümayəndə müqavilə əsasında iddiaçıya məxsus “Kamaz” markalı avtomobilini özünə məxsus "xxxx" MMC-də işlədərək, müqavilə əsasında hər ay müəyyən edilmiş ödənişi ilk vaxtlar etsə də, sonradan iddiaçıya heç bir ödəniş etməmişdir. Bu səbəbdən də hazırda cavabdehin bu günə iddiaçıya 6400 manat borcu qalmışdır. Sonradan cavabdeh Qanuni nümayəndə ilə aralarında olan razılaşmaya əməl etmədiyi üçün cavabdehdən iddiaçıya borclu olduğu 6400 manat məbləği qaytarmasını xahiş etsə də həmin vaxtdan bu günə qədər xeyli müddət keçməyinə və eyni zamanda dəfələrlə etdiyi xahişlərə, tələblərə baxmayaraq cavabdeh Qanuni nümayəndə iddiaçıya olan 6400 manat borc məbləğini müxtəlif bəhanələrlə bu günədə qaytarmamışdır. İddiaçı cavabdeh Qanuni nümayəndə ona borclu olduğu məbləği ala bilmədiyi üçün Yevlax RPŞ-yə şikayət etmiş, lakin orada şikayətin mülki xarakterli olduğu üçün məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur.

3. Yevlax Rayon Məhkəməsinin 2(039)-1289/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Qanuni nümayəndə qarşı pul tələbinə dair iş üzrə cavabdeh Qanuni nümayəndə əsl cavabdeh "xxxx" MMC ilə əvəz edilmişdir.

4. Yevlax Rayon Məhkəməsinin 2(039)-1289/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.

II. Tərəflərin mövqeləri:

5. Əvvəlki məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edib iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 2021-ci ildə özünə məxsus KAMAZ markalı nəqliyyat vasitəsi ilə cavabdehə xidmət göstərmiş, ona müəyyən ödənişlər edilsə də, qalıq 6400 manat ödənilməmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişdir. Məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

8. Məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. İddiaçı (icraçı) və cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SHB/İ-002 nömrəli xidmət müqaviləsinə görə icraçı müqavilənin imzalandığı tarixdən etibarən 31 dekabr 2021-ci il tarixinədək sifarişçinin müəyyən etdiyi ərazi(lər)də özünə məxsus texnika vasitəsi ilə torpaq işlərinin yerinə yetirilməsi (yükləmə) və Sifarişçiyə təhvil verilməsini öz öhdəsinə götürür.

11. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə üzrə icraçıya ödənilən xidmət haqqının məbləği bu müqavilənin müvafiq əlavəsi ilə müəyyən edilir.

12. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yevlax Rayon Polis şöbəsinin tədqiqatçısı polis kapitanı Murad Həsənova ünvanlanmış xx.xx.2024-cü il tarixli,11/K nömrəli, cavabdehin direktorunun imzası və cavabdehin möhürü ilə təsdiq olunmuş izahata əsasən iddiaçı ümumilikdə 19385 manat məbləğində xidmət göstərmiş, 12985 manat ödəniş edilmiş, cavabdehin iddiaçıya 6400 manat məbləğində qalıq borcu qalmışdır. Ödənişin 2024-cü ilin noyabr və dekabr aylarında ediləcəyi göstərilmişdir.

13. AD N 439632 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 66BL577 dövlət qeydiyyat nişanlı, Kamaz 53212 Yük markalı, buraxılış ili 1993cü il olan nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir.

14. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

15. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin iddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SHB/İ-002 saylı xidmət müqaviləsindən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.

16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

19. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

20. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

22. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

23. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

24. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

25. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.

26. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin xx.xx.2021-ci il tarixli, SHB/İ-002 saylı xidmət müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 6400 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, cavabdehdən 6400 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan və iddia təmin edildiyindən 84 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

V. Nəticə:

32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 6400 (altı min dörd yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh MMC-dən 84 (səksən dörd) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar