Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-6645/2022 28.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehdən iddiaçının xeyrinə ******* manat məbləğində əsas borcun, 475000 manat faiz borcunun, 500000 manat əldən çıxmış faydanın, ******* manat 5% dərəcəsi ilə hesablanmış faiz borcunun və 31 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 5.000.000 manat məbləğində borc pulun, 475.000 manat faiz borcunun, 500.000 manat əldən çıxmış fayda pulunun və 31 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə ******* manat məbləğində əsas borcun, 475000 manat faiz borcunun, 500000 manat əldən çıxmış faydanın, ******* manat 5% dərəcəsi ilə hesablanmış faiz borcunun və 31 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 26 oktyabr 2015-ci il tarixli, B001/15 saylı “borc müqaviləsinə” əsasən, iddiaçı cavabdehə 5.000.000 manat məbləğində borc pul verilmişdir. Sözügedən müqavilənin 1.3-cü bəndinə əsasən, borcun illik 6 (altı) faiz üzrə verilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 2.2.1-ci bəndinə əsasən, borc alan borc məbləğinin 01 may 2016-cı il tarixinədək tam həcmdə geri qaytarılmasını üzərinə öhdəlik götürmüşdür. Lakin həmin tarixdən bu günə kimi cavabdeh müqavilə öhdəliyi üzrə vəzifələrini kobud şəkildə pozaraq ödəməli olduğu pulun ödənilməsinə dair öhdəliyi yerinə yetirməmiş, qeyd edilən borc məbləğini və hesablanmış faiz borcunu ödəməmişdir. Müqavilənin 4-cü maddəsinə əsasən, bütün mübahisələr tərəflər arasında aparılan danışıqlar yolu ilə həll edilir, razılaşmanın əldə olunması mümkün olmadığı halda mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəmə tərəfindən həll edilir. İddiaçı müqavilədə nəzərdə tutulmuş pretenziya qaydasına əməl edərək, 12 aprel 2016-cı il tarixində, 01 iyul 2016-cı il tarixində, 06 ferval 2017-ci il taixində, 16 iyun 2017-ci il tarixində və 08 dekabr 2017-ci il tarixində məktublarla cavabdehə müraciət edərək, 5.000.000 manat məbləğində borc pul və 475.000 manat faiz borcunun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının rəsmi məktublarına heç bir cavab verilməmişdir. Eyni zamanda cavabdeh 5.000.000 manat məbləğində pulu 01 may 2016-cı il tarixindən indiyə kimi ödəmədiyindən, iddiaçının mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər, yəni əldən çıxmış fayda 500.000 manat təşkil edir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsinin və iddia tələbinin həcminin artırılması barədə ərizənin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddianı qismən etiraf edərək, izahatında bildirdi ki, cavabdeh əldən çıxmış fayda və cərimə faizi ilə razı deyildir, 5.000.000 manat bağlı hissəni qəbul edir, qalan məbləğlərə etiraz edir. Sonda cavabdehin nümayəndəsi və vəkili iddianın qismən, 5.000.000 manat hissəsində təmin edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış 26 oktyabr 2015-ci il tarixli, B001/15 saylı Borc müqaviləsindən görünür ki, iddiaçı 5.000.000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu cavabdehə verməyi, cavabdeh isə borcu müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya geri qaytarmağı öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli pretenziya məktublarından görünür ki, iddiaçı 5.000.000 manat məbləğində borc pulun və 475.000 manat məbləğində faiz borcunun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmiş, lakin cavabdeh tərəfindən məktuba cavab verilməmişdir. Məhkəmə tərəflərin nümayəndələri və vəkillərinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən Bank - fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində banklar və bank olmayan kredit təşkilatları bank fəaliyyətini maliyyə bazarlarına nəzarət orqanının verdiyi xüsusi razılıq (lisenziya) əsasında həyata keçirə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 26 oktyabr 2015-ci il tarixli, B001/15 saylı Borc müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı 5.000.000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu cavabdehə verməyi, cavabdeh isə borcu müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya geri qaytarmağı öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən borc müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə baxmayaraq, cavabdeh keçən müddət ərzində öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, borcun qaytarılmasını təmin etməmişdir. İddiaçı tərəfindən cavabdehə xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017ci il tarixli və xx.xx.2017-ci il tarixli pretenziya məktubları ilə 5.000.000 manat məbləğində borc pulun və 475.000 manat məbləğində faiz borcunun ödənilməsini tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmiş, lakin cavabdeh tərəfindən məktuba cavab verilməmişdir. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də borc müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. İddiaçı cavabdehə borc pul verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan borc müqaviləsinə istinad edir. Məhkəmə tədqiqatı zamanı cavabdehin iddiaçıya olan 26 oktyabr 2015-ci il tarixli, B001/15 saylı Borc müqaviləsi üzrə 5.000.000 manat məbləğində əsas kredit borcu iş materialları ilə təsdiq olunduğundan, eyni zamanda cavabdeh tərəfindən həmin borc məbləği mübahisələndirilmədiyindən həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin əldən çıxmış fayda hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddiaçı həmin əsasa görə cavabdehdən 500.000 manat pul tələb etsə də, tələbi əsaslandıran hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə əsaslı olmadığından təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. İddiaçı iddia tələbinin 475.000 manat faiz borcunun tutulması hissəsi üzrə tələbin əsası kimi tərəflər arasında bağlanmış borc müqaviləsinin 1.3-cü bəndinə istinad etmişdir. Həmin bəndə əsasən borcun illik 6 (altı) faiz üzrə verilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, borc, yəni kredit verilmiş pul vəsaitindən faizlərin tutulması “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən bank fəaliyyətinə aid olmaqla xüsusi razılıq (lisenziya) əsasında həyata keçirə bilən fəaliyyətdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının fəaliyyəti bank fəaliyyəti olmadığından, onun tərəfindən verilmiş borca görə hesablanmış faiz tələb edə bilməz və odur ki, iddia göstərilən hissədə təmin oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Göstərilən faizin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış borc müqaviləsinin 2.2.1-ci bəndinə əsasən borc məbləğini 01 may 2016-cı il tarixədək tam həcmdə geri qaytarmağı cavabdeh üzərinə öhdəlik götürmüşdür. Yəni cavabdehin borcu tam qaytarmaq öhdəliyi 01 may 2016-cı il tarixdən yaranmışdır ki, bu halda gecikdirilmiş vaxt üçün illik beş faizin hesablanması həmin tarixdən başlanmalı, iddia tələbinin həcminin artırıldığı noyabr ayınadək hesablanmalıdır. Beləliklə, cavabdehin iddiaçıya ödəməli olduğu gecikdirilmiş vaxt üçün illik beş faizin məbləği 1.625.000 manat (5.000.000 x 5% : 12 ay x 78 ay = 1.625.000 manat) təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, iddia göstərilən hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 5.000.000 manat məbləğində borc və ******* manat 5% dərəcəsi ilə hesablanmış faiz borcu tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsinin iddia tələbinin 87,17 faizini təşkil etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun 27,02 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 3,98 manat məbləği iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 5.000.000 manat məbləğində borc və ******* manat 5% dərəcəsi ilə hesablanmış faiz borcu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 31 manat dövlət rüsumunun 27,02 manat məbləği Cavabdehndən tutularaq İddiaçınə ödənilsin, qalan 3,98 manat məbləği İddiaçınə aid edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №2-2(113)-6645/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-6645/2022
28.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver