Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-673/2023 28.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İ. İddia ərizəsi üzrə tələbin mahiyyəti İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 770.000 manat borc pulun və 200.000 manat məbləğində mənəvi zərərin, eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin tələbinə əsasən hər gecikdirilən gün üçün Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsinə uyğun olaraq 100.000 manat məbləğində cərimə faizinin, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə ******* manat məbləğində pulun tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 10 ildən artıq müddətdir tanıyır. Cavabdeh uzun müddətdir ki, öz briqadası ilə təmir-tikinti işləri ilə məşğul olur. Tərəflərin arasında olan razılaşmaya əsasən cavabdeh iddiaçının Abşeron rayonunun Xırdalan qəsəbəsi ərazəsndə yerləşən 6, Bakı şəhərində isə yerləşən 1 evinin, həmçinin Cəlilabad şəhərində yerləşən restoranını tam təmir edib iddiaçıya təhvil verməli idi. Lakin cavabdeh tərəflərin razılaşdığı vaxtda götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə 2019-cu ilin təxminən ortalarında bütün əlaqələrini kəsdilər. Sonuncu haqq-hesablarına əsasən cavabdehin iddiaçıya 770000 manat borcu qalmış və Cavabdeh iddiaçıya söz verdi ki, bir ay ərzində bütün borcunu qaytaracaq. İddiaçı Cavabdeh ona olduğu borcunu ödəmədiyini görüb, ona şifahi xəbərdarlıq etmişdir. Lakin, bu xəbərdarlıqlar hər hansı bir nəticə verməmişdir. Bununla da cavabdeh iddiaçının pulunu əsassız olaraq özündə saxlayaraq, iddiaçının həmin puldan öz məqsədləri üçün istifadə etməyə maneçilik törətmiş və nəticədə iddiaçının gərgin əsəb və stress keçirtməyinə, həmçinin ayrı-ayrı şəxslərə (banklara) borclarının yaranmasına səbəb olmuşdur. Bunların nəticəsində iddiaçıya çox ağır mənəvi zərər də dəymişdir. Cavabdeh tərəfindən iddiaçıya vurulmuş mənəvi zərəri 200000 manat məbləğində qiymətləndirir. İddiaçı həmçinin hesab edir ki, cavabdeh həm də gecikdirilən hər üçün qanunvericiliklə nəzərdə tutulmuş cərimə faizləri də ödəməlidir. Buna görə də cavabdeh iddiaçıya vurduğu 770000 manat maddi ziyanın və 220000 amant məbləğində mənəvi ziyanın, eyni zamanda AR Mülki Məcəlləsinin 449-cu maddəsinin tələbinə əsasən hər gecikdirilən gün üçün Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsinə uyğun olaraq 100000 manat məbləğində cərimə faizinin əvəzinin ödənilməsi barədə qətnamə qəbul edilməlidir. İİ. İddiaçı və cavabdehin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edərək bildirmişdir ki, iddia tələbinin özündə borc pul tələbi yazılıb lakin tərəflər arasında mübahisə birbaşa şəxsə vurulmuş maddi ziyandır. İddia ərizəsinə baxdıqda MM-nin 21-ci maddəsinə istinad olunub, lakin iddia tələbinin nəticə hissəsində texniki səhv olaraq borc tələbi qeyd olunub. MM-nin 21-ci maddəsinə əsasən şəxsə vurulmuş ziyanın cavabdeh tərəfdən tutulub iddiaçı tərəfə ödənilməsi məhkəmədən xahiş olunur. Belə ki, iddia tələbinin əsaslı olması məhkəmə prosesində iştirak edən şahidlərin verdiyi ifadələr və məhkəməyə təqdim olunan qaimələrlə təsdiqini tapır. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi ilk növbədə qeyd edirdi ki, iddiaçı tərəflə heç bir iş görüşməsi olmayıb və pul alınmayıb. Daha sonra iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə verərək iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Həmin ərizə ilə cavabdeh bir növ iddianı qəbul edir.Cünki iddia tələbi qəbul edildiyi halda iddia müddətinin tətbiqi barədə ərizə verilir. Daha əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə izahatında qeyd etmişdir ki, 2015-ci ilin axırından 2021-ci ilə qədər Cavabdehlə birlikdə işlər görmüşlər. Aralarında razılaşma olmuşdur ki, öze evlər alıb ona təmir edilməsi üçün versin. Sonuncu dəfə “Access bankdan” kredit götürüb vermişdir ki, razılaşmaya uyğun olaraq işləri tamamlasın. “Access Bank”dan pul çıxarılan zaman Cavabdeh də onunla olmasını təsdiqləyən, həmin pulları ona verdiyini sübut edən video görüntülər mövcuddur. Bununla belə bütün işlər yarımçıq görülmüşdür. 2015-ci ildə ilk dəfə tanışlıqları Qızıldaşda sexdə olmuşdur. 2016-ci ildən bu günədək 500 maşına yaxın daş vermişdir. Cəlilabad rayonunda olan şadlıq evində yarımçıq işlər görülmüşdür. Eyni zamanda 300.000 manat vermişdir ki, 6 evi təmir edib satıb oradan gəlir əldə etsin. 6 evdən 2-si yarı təmin edilib, lakin digər 4 evdə təmir işləri demək olar ki, olmayıb. İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı Cavabdeh qarşı “borc müqaviləsi üzrə” iddia tələbinə dair məhkəməyə müraciət etmişdir. 2(011)-4512/2020 saylı mülki iş 16 noyabr 2020-ci il tarixdə qərardad çıxarılaraq baxılmamış saxlanılması qərara alınmışdır. İddiaçı Cavabdeh qarşı qaldırdığı iddia tələbini əsassız və qanunsuz hesab edir. Belə ki, iddia tələbi üzrə və heç bir müqavilə öhdəliyi olmamış və bununla bağlı hər hansı bir subutlar təqdim Bakı şəhəri Xətai Rayon Məkəməsinə təqdim edilməmişdir. Son 3-4 il ərzində iddiaçıyla cavabdeh arasında biznes münasibətləri olmamış və buna dair təqdim edilmiş qaimələr və digər sənədlər Banklar haqqında Azərbaycan Respublikasının Qanunun tələblərinə belə uyğun gəlmir. Görünən budur ki, mülki dövriyyəni əks etdirən heç bir mötəbər sənəd (sübut) mülki işə əlavə edilməmişdir. Mülki və kommersiya mübahisələri üzrə subutları tərəflər təqdim edir, hər kəs öz iddia tələbini əsaslandırmağa borcludur. Hazır ki iddia tələbinin müddəti iddiaçı tərəfindən ötürülmüşdür, belə ki, vaxtaşırı ödənişə görə 3 illik iddia müddətinə əməl etməmişdir. İddiaçının Bakı şəhəri, Xətai Rayon Məhkəməsinə təqdim etdiyi şahidlər hadisənin 2016-cı ildə baş verdiyinə dair izahatlar vermişdirlər. Həmin faktlar məhkəmə iclas protokolu ilə təsdiq edilir. İddiaçı tərəfindən məhkəmə iclasında dindirilmələri üçün dəvət edilmiş şahidlər 2016-cı il tarixdə tikinti məhsullarının aralarında ticarət əlaqəsi olduğunu təsdiq etmişdirlər, lakin öhdəliyin icrası ilə bağlı hər-hansı iş barədə məlumatları olmamışdır. Pul tələbinə dair (borcunun) real pul formasında deyil, tikinti işlərində istifadə olunan kubik-daşlarının götürdüyünü bildirsələr də sonunda podrat müqavilələrindən irəli gələn öhdəliyin icrasından yayındığını qeyd etmişdirlər. Belə ki, 2(011)-383/2022 saylı, xx.xx.2022-ci il tarixli Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X11 verdiyi ifadəsində göstərmişdir ki, o, İddiaçı 30-40 ildir ki, tanıyır. Ailəvi dostlar. Cavabdeh 2015-2016-cı ildən tanıyır. Belə ki, o, İddiaçı işlərinə nəzarət edirdi. Tərəflərin danışıqlarından bilir ki, Cəlilabadda görüləsi işləri indiyə kimi qalıb. Cavabdeh İddiaçı məxsus evin işində parketindən tutmuş kafel, metlax və evin içində görülən bütün işləri yerinə yetirməli idi. Cavabdeh əvvəl-əvvəl mallar göndərirdi, sonradan onu da kəsdi. O, həmin evdə 2015-cı ildən işləmişdi. Tərəflər arasında təxminən 700000 manatlıq borc barədə söhbətin şahidi olmuşdur. Onlar, Cavabdeh ilə 2016-cı ili əhatə edir. Cavabdeh tərəfindən təmir üçün göndərilən malları qəbul edirdi. İddiaçı pul verdiyi onun əvəzində tikinti məhsulları ilə təmin olunduğu qeyd edilirdi. Cavabdeh mal göndərirdi. Beləliklə də iddiaçı hələdə 1 200 000 AZN pul tələbinin mənbəyini göstərə bilmir. Qeyd edilən faktla bağlı şahid ifadələri ilə öz təsdiqini tapmamışdır. İdddiaçının bağ evində mühafizəçi vəzifəsində işləyən şahid izahatı və ona məxsus daş karyerində işləyən şəxsin izahatı işin faktiki hallarına və iddia tələbinin mahiyyətinə uyğun gəlmir və biri-biri ilə ziddiyyət təşkil edir. Yəni şahid qismində dəvət edilmiş şəxslə, hakim tərəfindən ünvanlanan suallara cavablandıra bilməyərək təhvil-təslim aktını və pulun verilməsinə dair qəbzin, sənədlərində imzanın nəyə görə, olmamasını göstərə bilməmişdirlər. Mülki işə hər hası mötəbər və işin hallarını təsdiq edən sənədlər əlavə edilməmişdir. İddiaçı tərəfindən təqdim olunan üç şahidin verdikləri cavablardan da bəlli oldu ki, bu şəxslərin hər biri iddiaçıdan asılıdır və pulun verilməsinin şəxsən şahidi olmamışlar. İddianın mahiyyətindən göründüyü kimi bu zərər vurma kimi deyil podrat müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi ilə bağlıdır. Digər tərəfdən isə iddiaçı digər iddia predmetini birləşdirərək borc mübahisələndirir. Qanunvericiliyə əsasən borc müqaviləsi notariat qaydada təsdiq olunmuş hallarda hüquqi qüvvəsini alır. Tərəfin dediklərindən də bilindi ki, əslində verilən pul məbləği borc kimi deyil müəyyən işlərin görülməsi üçün verilib. Burada konkret hansı məbləğdə pulun verilməsi, mühasibatlıq uçotu sənədləri və digər iddia tələbi ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim olunmayıb. İddia təsdiq edildiyi təqdirdə iddia müddətinin ötməsi halı baş vermişdir. Bu barədə Konstitusiya Məhkəməsinin qərarı vardır və orada göstərilməyib ki, iddia müddətinin tətbiq edilməsi barədə ərizə iddianın etirafı kimi qiymətləndirilməlidir. Müddət məsələsi prosessual və imperativ məsələdir. Cavabdehin nümayəndəsi və vəkili iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: İİİ. Sübutların tədqiqi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. İş materiallarında olan: MA seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil X5 mülkiyyətindədir. RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binası (şadlıq evi) X5 xüsusi mülkiyyətindədir. "xxxx" MMC və X8 arasında bağlanılmış xx.xx.2010-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən, MMC alıcıya Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində inşa edilən "xxxx" MMC-yə məxsus 3 saylı yaşayış binasında 24 saylı mənzili dəyəri tam ödənildikdən sonra təyin edilmiş vaxtda təhvil verməyi öhdəsinə götürür. 266996 nömrəli xx.xx.2011-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən mənzil 60.000 manata X1. Alğı-satqı müqaviləsi xx.xx.2011-ci il tarixində Bakı şəhəri 27 saylı notariat kontoru tərəfindən təsdiq edilmişdir. MŞB/6-7674 nömrəli xx.xx.2022-ci il tarixli Bakı 6 saylı Mediasiya Təşkilatının arayışından məlum olur ki, tərəflər arasında mediasiya sessiyası keçirilmiş, 400 manat mediasiya xərci ödənilmişdir. 2019-cu ildə müxtəlif tarixlərdə tərtib edilmiş İddiaçı və Cavabdeh adları qeyd edilmiş qaimə fakturalarda 89.700 manat dəyərində daşların “Əliyev” soyadlı şəxs tərəfindən təhvil alınması məlum olur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 məhkəməyə izahatında eyni zamanda verilmiş suallara cavablarında qeyd etmişdir ki, İddiaçılə işləyir, sürücüdür. Eldənizin borcu olduğunu bilir. Xırdalana təmir işləri üçün material daşımışdır. Cavabdeh nağd şəkildə pul verilərkən orada iştirak etməmişdir. Təmir edilən evlərə material apararkən ustaların həmin evlərdə işlədiyini görmüşdür. Cavabdeh həmin mənzillərə material apararkən görmüşdür. Təmir edilən evlər İddiaçı evləri olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 məhkəməyə izahatında eyni zamanda verilmiş suallara cavablarında qeyd etmişdir ki, daş karxanasında master işləyir. Həmin daş karxanası İddiaçı məxsusdur. X20 450 maşına yaxın daş göndərmişdir. Daşlar İddiaçı dediyi ünvanlara göndərilmişdir. Şirkətin adından göndərilən qaimələri kimin qəbul etməsini bilmir, sürücü daşları aparıb sex sahibinə verir. Göndərilən maşınlar müxtəlif dəyərlərdə olub. Standart deyildi. Qaimələri kimin hazırlamasından məlumatsızdır,2000-ci ildən işə başlamış, 2016-cı ildən də Cavabdeh daş göndərmişdir. Daşlar 2016-2021-ci illər aralığında göndərilmişdir. Tərəflərin aralarında pul söhbəti ilə bağlı narazılıqlar olduğunu bilir, lakin şəxsən yanında hər hansı pul söhbəti danışılmamışdır. Hər ay sonunda İddiaçıla hesabat aparılmış, lakin bu hesabata Cavabdeha verilmiş mallar daxil olmamamış, Cavabdeh və İddiaçı göndərilən daşlarla bağlı öz aralarında hesabat aparmış, lakin bu hesabatdan məlumatı olmamışdır. Daşların aparılmasını həyata keçirən 510 nömrəli maşınlar onlara məxsusdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 məhkəməyə izahatında qeyd etmişdir ki, İddiaçı qohumudur. Evlərin 6-sı da yoldaşının adınadır. Cavabdeh evi təmir etmək üçün 300.000 manat pul almışdır. Dəfələrlə təmir işlərinin qurtarılması üçün müraciət olunmuşdu, lakin evlər yarımçıq qalmışdı. 2 mənzildə 50 % işlər görülüb qalan 4 evdə sadəcə ev ağardılıb, işıq sistemi çəkilib daha sonra təmir yarımçıq qalıb. Binanın komendatı, elektrik çəkən ustalar hamısı Cavabdeh tanıyır və birgə olublar.Cavabdeh təxminən 61 yaşı olar.2016-ci ildən həmin şəxsi tanıyır. Pul Cavabdeh verilərkən orada iştirak etməmişdir.300.000 manat birdəfəlik verilməmişdir. Evlərdən 2 mənzilin divar üzlükləri vurulmuş, 4 mənzil tam yarımçıq qalmışdır. Ustalarla əlaqə saxlanılan zaman bildirilmişdir ki, Cavabdeh vəsait vermədiyindən işlər də görülmür. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-1095/2021 saylı qətnaməsi ilə "xxxx" QSC-nin cavabdehlər İddiaçı və X6 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, evdən çıxarılma və evin boşaldılması tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı və X3 müştərək qaydada xx.xx.2018-ci il tarixli müqavilə üzrə 50588.42 manat kredit borcu, 5423.89 manat faiz borcu, 5058 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 54569,81 manat əsas, 5454,12 manat faiz borcu, 5456 manat cərimə borcu, xx.xx.2019- cu il tarixli müqavilə üzrə 28283,92 manat əsas, 3416,65 manat faiz borcu, 2828 manat cərimə borcu, ümumilikdə 161078,81 (yüz altmış bir min yetmiş səkkiz manat səksən bir qəpik) manat borc, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 20 (iyirmi) manat dövlət rüsumu və 40 (qırx) manat xidmət haqqı, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 25,50 (iyirmi beş manat əlli qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulsun. X2 məxsus Abşeron rayonu Novxanı kəndi Bağlar massivi 0.01507 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı 92.3 kv.m yaşayış, 54.9 kv.m köməkçi sahədən ibarət bağ evinə və Abşeron rayonu Novxanı kəndi Bağlar massivi 0.0147 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 93.6 kv.m yaşayış 141.6 kv.m köməkçi sahədən ibarət bağ evinə yönəldilsin, həmin əmlaklar açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və bankın kredit tələbi realizə edilmiş əmlakların dəyərindən ödənilsin. Abşeron rayonu Novxanı kəndi Bağlar massivi 0.01507 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı 92.3 kv.m yaşayış, 54.9 kv.m köməkçi sahədən ibarət bağ evinin hərracda satılması üçün ilkin satış qiyməti 166748 manat məbləğində müəyyən edilsin. Abşeron rayonu Novxanı kəndi Bağlar massivi 0.0147 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 93.6 kv.m yaşayış 141.6 kv.m köməkçi sahədən ibarət bağ evinin hərracda satılması üçün ilkin satış qiyməti 207427 manat məbləğində müəyyən edilmiş, 500 (min beş yüz) manat məbləğində məhkəmə ekspertizasının dəyərinin 1275 (min iki yüz yetmiş beş) manatı cavabdehlər İddiaçı və X3, 225 (iki yüz iyirmi beş) manatı "xxxx" QSC-dən tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN **********, AZ08İBAZ**********9700555207, Kod 805614, Müxbir hesab AZ03NABZ********************, S.W.İ.F.T. Bik: İBAZAZ2X) ödənilsin. Abşeron rayonu Novxanı kəndi Bağlar massivi 0.01507 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı 92.3 kv.m yaşayış, 54.9 kv.m köməkçi sahədən ibarət bağ evi və Abşeron rayonu Novxanı kəndi Bağlar massivi 0.0147 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 93.6 kv.m yaşayış 141.6 kv.m köməkçi sahədən ibarət bağ evi satıldıqdan sonra X10 həmin bağ evlərindən çıxarılsın və bag evləri onun tərəfindən boşaldılması qət edilmişdir. İV. İşin müəyyən edilən halı: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehlə aralarında razılaşmanın olduğunu, bununla bağlı olaraq cavabdehin Xırdalan şəhərində 6, Bakı şəhərində 1 evin, Cəlilabad şəhərində yerləşən iddiaçıya məxsus olan restoranın tam təmir edilməsi öhdəliyini götürdüyünü,işlərin görülməsi üçün 770.000 manat ödənildiyini bildirmişdir. İddiaçı iddia ərizəsində 770.000 manat borcun, 200.000 manat mənəvi zərərin, 100.000 manat cərimə faizinin tutulmasını tələb etmişdir. Cavabdehin nümayəndəsi və vəkili iddia tələbinin sübuta yetirilmədiyini, eyni zamanda iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü qeyd etmiş, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. V. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən fziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 372.1 maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 752.1. maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Vİ. Məhkəmənin mövqeyi: Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını əsas götürərək hesab edir ki, iddia rədd edilməlidir. İddia ərizəsindən məlum olur ki, iddiaçı iddia tələbində 770.000 manat məbləğində borcun, 200.000 manat məbləğində mənəvi zərərin və Mülki Məcəllənin 449-cu maddəsinə uyğun olaraq 100.000 manat faizin ödənilməsini tələb etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Şəmsəddin oğlu ilə Cavabdeh arasında podrat müqaviləsinin bağlanıldığını, həmin müqavilə üzrə cavabdehin iddiaçı üçün Abşeron rayonunun Xırdalan qəsəbəsi ərazisində yerləşən 6, Bakı şəhərində isə yerləşən 1 evinin, həmçinin Cəlilabad şəhərində yerləşən restoranını tam təmir edib iddiaçıya təhvil verməyi öhdəsinə götürdüyünü, iddiaçı tərəfindən cavabdehə bu işlərin müqabilində iddiaçı əvvəlcədən 770000 manat məbləğində pul vəsaitinin ödənildiyi və daşların təqdim edildiyini iddia etsə, məhkəməyə istinad etdiyi halları sübut edəcək kifayət qədər mötəbər sübut təqdim etməmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qaimə-fakturalarında 89700 dəyərində daşın Cavabdeh təqdim edildiyi qeyd edilsə də, həmin daşların həqiqətən də cavabdeh tərəfindən və ya onun işçisi tərəfindən təhvil alındığı təsdiq edilmir. Qaiməfakturalarında daşların Əliyev soyadlı şəxs tərəfindən təhvil alındığı qeyd edildiyi halda, həmin şəxsin Cavabdeh ilə işlədiyi məhkəmə araşdırması zamanı təsdiq edilməmişdir. Cavabdehin vəkili məhkəmə iclaslarında həmin daşların onlar tərəfindən təhvil alındığı, tərəflər arasında bu cür razılaşmanın mövcud olduğunu inkar etmişdir. Digər tərəfdən məhkəmə prosesi zamanı iddiaçının vəsatəti əsasında dindirilmiş şahidlərin ifadələri də, iddiaçının istinad etdiyi halların sübuta yetirilməsi üçün kifayət hesab edilmir. Məhkəmə iddiaya Cavabdeh tərəfindən iddiaçıya borclu olduğu 770000 məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması hissəsində hesab edir ki, iddia qeyd edilən hissədə sübuta yetirilmədiyinə görə rədd edilməlidir. Məhkəmə iddiaya iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olaraq 200000 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə də əsassız hesab edilərək rədd edilməldir. Şəxsin mənəvi ziyanı ödəmək vəzifəsi o zaman yaranır ki, ziyan şəxsin törətdiyi təqsirli, hüquqa zidd əməli nəticəsində yaranmışdır. Lakin məhkəmə araşdırması zamanı iddiaçıya cavabdehin təqsirli, qanuna zidd hərəkətləri nəticəsində zərərin vurulduğu öz təsdiqini tapmamışdır. Odur ki, iddia mənəvi zərərin ödənilməsi hissəsində əsassız hesab edilərək rədd edilməldir. Məhkəmə iddiaya Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin tələbinə əsasən hər gecikdirilən gün üçün Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsinə uyğun olaraq 100000 manat məbləğində cərimə faizinin cavabdehdən iddiaçının xeyrinə ödənilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə də sübuta yetirilmədiyinə görə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus pul vəsaitinin qanunsuz saxladığı və ya, iddiaçının hesabına pul vəsaitinin əsassız əldə etdiyi məhkəmə araşdırnası zamanı sübuta yetirilmədiyinə görə iddia 10000 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində də rədd edilməlidir. Bundan başqa məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia müddətinin tətbiqi barədə ərizə verimiş, iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə tərəflər arasında mövcud olan hüquq münasibətlərinə, məhkəməyə təqdim edilmiş sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, hazırki iş üzrə iddia müddətinin ötürülməsi barədə ərizə əsassızdır və iddia müddəti ötürülməmişdir. Vİİ. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş 400 manat məbləğində mediasiya xərci və 30 manat dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 400 (bir yüz manat) manat məbləğində mediasiya xərci, 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Əliyeva
Məhkəmə qərarları › İş №2-2(113)-673/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-673/2023
28.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver