Məhkəmə qərarları › İş №2-2(113)-7145/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-7145/2024

05.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-7145/2024 05.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borc müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 49000 manat əsas borcun, 12375 manat faiz məbləğinin, cəmi 61375 manat pul vəsaitinin, habelə vəkil xidmətinə görə 320 manat, məhkəməyə iddia verilməsinə görə 274,15 manat və müvəqqəti təminat tədbiri seçilməsi məsələsinə baxılmaq üçün ödənilmiş 27,42 manat dövlət rüsumunun, etibarnamənin təsdiqi üçün ödənilmiş 17,25 manat olmaqla, cəmi 638,82 manat məhkəmə xərclərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2019-cu ilin oktyabr ayında Cavabdeh biznesinə kömək üçün iddiaçıdan 77000 manat borc almışdır. Borcun qaytarılma müddəti müəyyən edilməmişdi. Yəni iddiaçı nə vaxt istəsə, cavabdeh pulu qaytarmalı idi. Eyni zamanda o pulun onda qaldığı müddətdə əldə etdiyi qazancından iddiaçıya pay verməli idi. İlk aylar cavabdeh bir neçə ay qazancından iddiaçıya pul vermiş, bir müddət sonra koronavirus pandemiyası ilə əlaqədar qazanc olmadığı üçün pul verilməsi dayandırılmışdır. İddiaçı buna görə heç nə tələb etməmiş, daha sonra cavabdehin pulu qaytarmaqdan yayındığını düşünüb pulu qaytarmasını tələb etmişdir. 2021-ci ilin iyun ayının 11-də cavabdeh iddiaçının cib dəftərçəsində ona 77000 manat borcunun olduğunu və həmin borcu 2022-ci ilin yanvar-fevral aylarında qaytaracağını öhdəsinə götürdüyü barədə yazılı iltizam verib imzası ilə təsdiq etmişdir. Bundan sonra cavabdeh iddiaçıdan birlikdə işləməyi davam etdirməyi və birlikdə gəlir əldə etməyə davam etmələrini xahiş etmişdir. Ceyhun adlı şəxsi ona qardaşı kimi tanıtmış, borcu hissə-hissə qaytaracağını və qazancından pay verəcəyini bildirmişdir. İddiaçı bu təkliflə razılaşmasa da, cavabdeh 2021-ci ilin dekabr ayından başlayaraq ona bəzən iki ayda bir dəfə 1000 manatdan 2000 manata qədər pul vermiş, həmin pulun hansıl hissəsinin borc, hansının isə qazancdan pay olduğu açıqlanmamışdır. İddiaçı bu ödənişləri borc kimi qəbul edir. Beləliklə cavabdeh 2021-ci ilin dekabr ayından 2023-cü ilin may ayına kimi cavabdehə 28000 manat pul qaytarmış, 49000 manat borcu qalmışdır. Cavabdeh 2023-cü ili may ayından sonra heç bir ödəniş etməmiş, müxtəlif bəhanələrlə bundan yayınmışdır.

3. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən verilmiş 77000 manat mayanın, habelə vəkil xidmətinə görə 320 manat, məhkəməyə iddia verilməsinə görə 321,15 manat və müvəqqəti təminat tədbiri seçilməsi məsələsinə baxılmaq üçün ödənilmiş 27,42 manat dövlət rüsumunun, etibarnamənin təsdiqi üçün ödənilmiş 17,25 manat olmaqla, cəmi 685,82 manat məhkəmə xərclərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək xx.xx.2024-cü il tarixdə verdiyi iddia ərizəsinə dair əlavənin təmin edilməsi, cavabdehdən 77000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, pulu cavabdehə gəlir əldə etməsi üçün vermişdir və hazırda faiz borcu ilə bağlı ilkin tələbini müdafiə etmir. İzahatında göstərdi ki, 2019-cu ildə cavabdeh ondan 77000 manat pulu borc olaraq almış, həmin vəsaitdən fərdi sahibkar kimi istifadə edib qazanc əldə edəcəyini, əldə edəcəyi qazancdan ona da vəsait ödəniləcəyini bildirmiş, o həmin təkliflə razılaşmış, cavabdeh bir müddət ona qazanc adı ilə müxtəlif məbləğlərdə vəsaitlər ödəmişdir. Lakin daha sonra cavabdeh ona hər hansı qazanc ödəməyi dayandırmış, bu səbəbdən o, cavabdehdən 77000 manat pulun birdəfəlik qaytarılmasını tələb etmiş, cavabdehə pulun qaytarılacağı ilə bağlı notarial qaydada müqavilə bağlanmasını təklif etmiş, cavabdeh bunun əvəzində öz əli ilə iddiaçıya məxsus olan kitabçaya borc kimi aldığı 77000 manat pulun hamısını 2022-ci ilin yanvar və fevral ayında qaytarmağı üzərinə götürməsi ilə bağlı qeyd yazmışdır. Həmin iltizamdan sonra cavabdeh ona ümumilikdə 30000 manat pul qaytarmış, qalan 47000 manat pulu qaytarmamışdır. Bu səbəbdən ilkin olaraq həmin 47000 manat pulun qaytarılması barədə iddia ərizəsi vermiş, daha sonra ödənilmiş həmin 30000 manat pulun qazanc kimi qiymətləndirilməli olduğu üçün 77000 manat əsas vəsaitin geri qaytarılması barədə qətnamə qəbul edilməsini hazırda məhkəmədən xahiş edir. Belə ki, 2019-cu ildə 77000 manat pul verilmiş, hazırda həmin tarixdən 5 il keçmişdir. Bu müddət ərzində pulun dəyəri düşdüyü üçün iltizamdan sonra qaytarılmış 30000 manat pul qazanc adı ilə ödənilmiş vəsaitlər kimi qiymətləndirilməlidir. Tələbin həcminin artırılması barədə ərizə verdikdən sonra cavabdehdən əlavə olaraq 12375 manat faiz borcunun tutulması ilə bağlı tələbini müdafiə etmir.

5. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili M.Meybulla iddia ərizəsini müdafiə edib təmin edilməsini, cavabdehdən 77000 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

6. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraz edib iddia tələbini 18400 manat məbləğində qəbul etdiklərini nəzərə alıb iddianın qalan hissədə rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh 2019cu ildə iddiaçıdan 77000 manat borc pul götürmüş, həmin ilin oktyabr ayından 5 ay müddətində iddiaçıya 1100 manat olmaqla ümumilikdə 5500 manat pul ödəmiş, 2020-ci ilin mart, aprel və may aylarında pandemiyaya görə iş olmadığı üçün ödəniş edə bilməmiş, 2020-ci ilin iyun ayından hər ay 800 manat olmaqla 2021-ci ilin noyabr ayınadək ümumilikdə 13600 manat ödəniş etmişdir. 2021-ci ilin dekabr ayında xx.xx.2023-cü ilə qədər cəmi 32500 manat məbləğində ödəniş olunmuşdur. Daha sonra xx.xx.2021-ci ildə 1000 manat, xx.xx.2022-ci ildə 1000 manat, xx.xx.2022-ci ildə 1500 manat, xx.xx.2022-ci ildə 1500 manat, xx.xx.2022-ci ildə 1500 manat, xx.xx.2022-ci ildə 2000 manat, xx.xx.2022-ci ildə 2000 manat, xx.xx.2022-ci ildə 2000 manat, xx.xx.2022-ci ildə 2000 manat, xx.xx.2022-ci ildə 2000 manat, xx.xx.2022-ci ildə 2000 manat, xx.xx.2022-ci ildə 2000 manat, xx.xx.2022-ci ildə 2000 manat, xx.xx.2023-cü ildə 2000 manat, xx.xx.2023-cü ildə 2000 manat, xx.xx.2023-cü ildə 2000 manat, xx.xx.2023-cü ildə 2000 manat, xx.xx.2023-cü ildə 2000 manat daha sonra son olaraq 2023-cü ilin avqust ayında 2000 manat vəsait ödənilib. Sonuncu ödənişi iddiaçı özü də etiraf edir. Ümumilikdə 77000 manat pul vəsaitindən 58600 manat qaytarılmış, qalıq borc 18400 manat qaytarılmamışdır. İddiaçının 30000 manat vəsaitdən öncə cavabdehin ödəmiş olduğu vəsaitlərin razılaşma əsasında qazanc kimi qiymətləndirilməli olması barədə dəlili əsassızdır.

7. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh, habelə onun nümayəndəsi və vəkili məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

8. Sonuncu məhkəmə iclasının cavabdeh tərəfin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. Cavabdeh tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli yazılı iltizama görə, cavabdeh iddiaçıdan 77000 manat pulu götürdüyünü və həmin məbləği ona 2022-ci ilin yanvar və fevral aylarında qaytaracağını öhdəsinə götürmüşdür (göstərilən sənədin əslinə xx.xx.2024-cü il tarixli məhkəmə iclasında baxış keçirilmişdir).

11. İddiaçı tərəfindən tərtib edilmiş və iddia ərizəsinə əlavə edilmiş ödənişlər barədə cədvəldən görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2023cü il tarixə qədər ümumilikdə 28000 manat vəsait ödənilmişdir.

12. İddiaçı, onun nümayəndəsi və vəkili məhkəmə iclaslarında verdikləri izahatlarında həmin siyahıda göstərilənlərdən əlavə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə də iddiaçıya 2000 manat ödənildiyini təsdiq etmişlər.

13. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

14. İşin məhkəmə tərəfindən sübutlar və izahatlar əsasında müəyyən edilmiş hallarından görünür ki, iş üzrə hər iki tərəf fərdi sahibkardır və bir müddət birgə biznes fəaliyyətləri olmuşdur. Belə ki, iddia ərizəsindən, iddiaçının, habelə cavabdehin nümayəndəsinin izahatlarından məlum olmuşdur ki, iddiaçı tərəfindən cavabdehə 2019-cu ildə 77000 manat vəsait ödənilmiş, həmin vəsait iddiaçı tərəfindən cavabdehə birgə qazanc əldə edilməsi məqsədilə verilmiş, ödənilən vəsaitlərin müqabilində cavabdeh tərəfindən iddiaçıya müəyyən ödənişlər də edilmişdir. İddiaçı həmin razılaşmanın tələbləri cavabdeh tərəfindən pozulduğu üçün 2021-ci il tarixdə tərəflər arasında olan şifahi razılaşmadan birtərəfli qaydada imtina edərək 77000 manat pulun bütünlüklə geri qaytarılmasını cavabdehdən tələb etmiş, cavabdeh həmin vəsaiti 2022-ci ilin yanvar və fevral aylarında tam həcmdə qaytarmağı öz öhdəsinə götürmüşdür.

15. İddiaçı tərəfindən tərtib edilmiş və iddia ərizəsinə əlavə edilmiş ödənişlər barədə cədvəldən görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2023cü il tarixə qədər ümumilikdə 28000 manat vəsait ödənilmiş, iddiaçı, onun nümayəndəsi və vəkili məhkəmə iclaslarında verdikləri izahatlarında həmin siyahıda göstərilənlərdən əlavə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçıya əlavə olaraq 2000 manat ödənildiyini təsdiq etmişlər.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

17. Cavabdeh qalıq borcun hazırda 18400 manat olmasını iddia etsə də, tərəfindən məhkəməyə xx.xx.2021-ci il tarixli aktı imza etdikdən sonra iddiaçının qaytarılmasını etiraf etdiyi ödənişlərdən əlavə ödənişlər edildiyini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.

18. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh tərəfindən iddiaçıya qaytarılmalı olan 77000 manat vəsaitdən 30000 manat qaytarıldığı nəzərə alınmaqla qalan 47000 manat (77000 manat – 30000 manat) məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

19. Məhkəmə iddianın faktiki əsasını təşkil edən müqaviləyə biznes ortaqları olmuş sahibkarlar arasında korporativ hüquq münasibətləri çərçivəsində bağlanmış və Mülki Məcəllədə nəzərdə tutulmuş hər hansı müqavilə növünə uyğun gəlməyən müqavilə kimi hüquqi qiymət verir.

20. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

22. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

24. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər.

25. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

26. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 47000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

27. Bundan başqa iddia ərizəsində 320 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən çəkilmiş həmin xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

28. Belə ki, xx.xx.2021-cü il tarixli, 25822 nömrəli qəbzə əsasən, hüquqi yardımın göstərilməsi üçün iddiaçı tərəfindən vəkilə 320 manat hüquqi xidmət haqqı ödənilmişdir.

29. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 231 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan məhkəmə xərcləri (454,82 manat dövlət rüsumu) iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 47000 manat məbləğində pul, 231 manat dövlət rüsumu, 320 manat vəkil xərci, ümumilikdə 47551 (qırx yeddi min beş yüz əlli bir) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qalan məhkəmə xərcləri (454,82 manat dövlət rüsumu) İddiaçı özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar