Məhkəmə qərarları › İş №2-2(113)-718/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-718/2020

13.02.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-718/2020 13.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Qasımov Fərrux Hüseynağa oğlu, İddiaçı Kiçik Müəssisəsinin Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı qanunsuz sökülmüş tikilinin bərpa edilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Kiçik Müəssisəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Təhsil Nazirliyi Cavabdeh2 MMC tərəfindən qanunsuz olaraq sökülmüş tikilinin yerində bərpa edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, maddi zərərin əvəzi olaraq 150000 manat, mənəvi zərərin əvəzi olaraq 50000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəyə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin maddənin məzmunundan göründüyü kimi kommersiya mübahisələri üzrə bütün sənədlər, o cümlədən iddia ərizələri yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən onun formasına dair MPM-nin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş tələblərin pozulması nəzərə alınmalı və MPM-nin 13.4-cü maddəsinə əsasən prosessual hüquq münasibətinə analogiya üzrə 152.1.1-ci maddəsi tətbiq olunmalıdır. Bundan başqa, iddia ərizəsinin nəzərdən keçirərkən görünür ki, tələb 2 cavabdehə - Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və Cavabdeh2 MMC-yə qarşı yönəlmişdir və tələbin predmetini cavabdehlərin üzərinə vəzifə qoyulması, qanunsuz hərəkət nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessaul Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. - 2.2, 2.2.3 və 2.2.7-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nın 9-cu bəndinə əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi inzibati orqanların siyahısına daxil edilmişdir. Yuxarıda göstərilən normaların təhlilindən belə nəticəyə gəlinir ki, tələbin Təhsil Nazirliyinə qarşı yönəlmiş hissəsinə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Həmin Məcəllənin 152.1, 152.1.1 və 152.1.7-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, həmçinin, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Kiçik Müəssisəsinin Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı qanunsuz sökülmüş tikilinin bərpa edilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar