Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-812/2020 17.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X3 Bağman qızının katibliyi ilə, İddiaçı, Cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə əsassız olaraq hesablanmış 1684 manat cərimə borcunun və istismara yararsız hesab olunmuş sayğacın dəyərinə görə 235,88 manat pulun silinməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə əsassız olaraq hesablanmış 1684 manat cərimə borcunun və istismara yararsız hesab olunmuş sayğacın dəyərinə görə 235,88 manat pulun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi iddiaçıya məxsusdur. Sözügedən qeyri-yaşayış sahəsində təbii qazdan istehlakçı kimi X6 qeydiyyata alınmışdır. xx.xx.2014-cü il tarixdə C.Orucov vəfat etmişdir. Qeyriyaşayış sahəsində təbii qazdan istifadəyə görə vaxtı-vaxtında ödənişlər aparılmışdır. İstifadədə olan smart tipli qaz sayğacı xx.xx.2018-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən iddiaçının iştirakı olmadan yeni sayğacla əvəz edilmişdir. Bu barədə tərtib edilmiş ******* saylı aktdan da göründüyü kimi köhnə sayğac çıxarılarkən sayğacın bütövlülüyü pozulmamışdır. Belə ki, sayğacın üzərindəki bütün möhürlər yerində olmuşdur. İddiaçı yeni sayğacdan qısa bir müddət istifadə etdikdən sonra smart kartdan pul tutulmalarının aparıldığını görmüşdür. Bununla bağlı yerli qaz idarəsinə getdikdə iddiaçıya bildirmişlər ki, istifadədə olmuş qaz sayğacına guya vəfat etmiş C.Orucov tərəfindən müdaxilə olunduğu üçün yəni sayğacın daxilində yerləşən çıxış plastmas borusu deşildiyi üçün iddiaçıya 1684 manat məbləğində cərimə hesablanmış və bundan başqa istismara yararsız hesab edilən qaz sayğacının dəyəri olan 235,88 manat puluda ödəməlidir. İddiaçının vəfat etmiş şəxs barədə saxta akt nə zaman və kim tərəfindən tərtib olunduğundan məlumatı yoxdur. Sayğac qeyri-yaşayış sahəsindən kənarda, yol tərəfdə quraşdırılmışdır. Sayğac çıxarılarkən bütün möhürləri üzərində olmuş və belə olan halda sayğacın daxilinə müdaxilə etmək mümkün deyildir. Qaz sayğacına hər ay cavabdehin əməkdaşları tərəfindən baxış keçirilirmiş, əgər qaz sayğacına hər hansı bir müdaxilə olunsaydı dərhal xəbərləri olardı. Abonent saldosundan da göründüyü kimi hər ay istehlak edilən qazın dəyəri artıqlaması ilə ödənilmişdir. Cərimənin hesablanması heç bir məntiqə, qanuna, hüquqi akta əsaslanmadan həyata keçirilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddiaya etiraz edərək izahatında bildirdi ki, iddia əsassızdır. Şəxsin ölməsi müqavilənin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, abonent ölmüşdürsə, bu barədə cavabdehə məlumat verilməli idi. Məlumat verilmədiyindən cərimə əvvəlki istehlakçının adına hesablanmışdır. Yoxlama, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: xx xxxxxx 2013-cü il tarixli RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası iddiaçının mülkiyyətindədir. AZ-İ seriyalı 686432 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxx 2014-cü il tarixdə ölmüşdür. xx xxxxxx 2019-cu il tarixli AMX-9021/19 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin surətindən görünür ki, iddiaçı, cavabdehi keyfiyyətli qazla təmin etməyi, cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq iddiaçının hesabına ödəməyi öhdələrinə götürmüşlər. xx xxx 2018-ci il tarixli ******* nömrəli “Təbii qazın istifadə qaydalarının pozulması haqqında” Aktdan görünür ki, “Cavabdeh” İstehsalat Birliyinin əməkdaşları tərəfindən ünvan 1 ünvanda yerləşən iddiaçıya məxsus obyektə yoxlama keçirilən zaman sayğacın membranının deşik olması aşkar olunmuşdur. X1 adına tərtib olunmuşdur. xx xxx 2018-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, X6 tərəfindən ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsində cavabdehə dəymiş ziyan 8420 kub.metr (8420 x 0,20 (1 m3 qazın dəyəri) = 1684 manat) müəyyən edilmişdir. Abonentin saldosundan görünür ki, cavabdeh tərəfindən iddiaçıya aktlar üzrə 2018ci ilin may ayına 1684 manat borc hesablanmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaqismən təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, ünvan 2 ünvanında yerləşən qeyriyaşayış binası RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. “Cavabdeh” İstehsalat Birliyinin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektə yoxlama keçirilən zaman sayğacın membranının deşik olması aşkar olunaraq xx xxx 2018-ci il tarixli ******* nömrəli akt tərtib edilmiş və X1 adına tərtib olunmuşdur. Nəticədə cavabdeh tərəfindən iddiaçıya məxsus obyektə X5 adına tərtib olunmuş akta əsasən 1684 manat məbləğində borc hesablanmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya məxsus obyektə dair tərtib olunmuş X1 adına tərtib olunmuşdur ki, X6 xx xxxx 2014-cü il tarixdə ölmüşdür. Bundan başqa, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus obyekt üzrə keçirilmiş yoxlama yuxarıda qeyd olunanlara əsasən qanunsuz olduğundan həmin yoxlama nəticəsində tərtib edilmiş xx xxx 2018-ci il tarixli ******* nömrəli Akt əsasında hesablanmış 1684 manat məbləğində borc silinməlidir. İddia tələbinin sayğacın dəyərinə görə hesablanmış pulun silinməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2 və 4.9-cu bəndlərinin tələblərinə əsasən sayğacın dəyəri iddiaçı tərəfindən ödənilməli olduğundan iddia həmin hissədə təmin edilə bilməz. Belə ki, qeyd olunan Qaydaların göstərilən bəndlərinə əsasən sənaye qaz qurğularının istifadəsi üçün qaz sayğacı istehlakçının vəsaiti hesabına dəyişdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, hazırki iddia istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar olduğuna görə və iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 15 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. «Cavabdeh» İstehsalat Birliyi tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına hesablanmış 1684 manat cərimə borc silinsin. Dövlət büdcəsinin nəfinə 15 manat məbləğində dövlət rüsumu «Cavabdeh» İstehsalat Birliyindən tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №2-2(113)-812/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-812/2020
17.06.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver