Məhkəmə qərarları › İş №2-2(113)-98/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-98/2021

19.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-98/2021 19.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış xx xxx 2019-cu il tarixli, 2019/00147-01 saylı Kredit Müqaviləsinin ləğv edilməsi, Cavabdeh onun xeyrinə xx xxxxxx 2019-cu il tarixə yaranmış, 39950 ABŞ dolları məbləğində qalıq, ona hesablamış 5272,74 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6831,45 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 52054,19 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Zeynalov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 39950 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 5272,74 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6831,45 ABŞ dolları məbləğinə dəbbə pulu, cəmi 52054,19 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun ona edilməsi və ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx xxx 2019-cu il tarixli, 2019/00147-01 №-li kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə dövriyyə vəsaitinin artırılması məqsədi ilə 60 ay müddətinə illik 24% hesablanmaq şərti ilə 39950 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Zeynalov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evini ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə xx xxx 2019-cu il tarixli, 2019/00147-01İP №-li X1 bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2019-cu il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. Cavabdeh tərəfindən kredit üzrə ödənişlər aparılmamışdır. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlər ödənilməmişdir. Bunlara baxmayaraq BOKT tərəfindən cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmiş, bu barədə bildiriş məktubu göndərilmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər hal –hazıra kimi ödənilməmişdir. Sonradan İddiaçı BOKT ASC iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış xx xxx 2019-cu il tarixli, 2019/00147-01 saylı Kredit Müqaviləsinin ləğv edilməsi, Cavabdeh onun xeyrinə 39950 ABŞ dolları məbləğində qalıq, ona hesablamış 16937,02 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 24609,2 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 81496,22 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Zeynalov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 81496,22 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun ona edilməsi və ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsində göstərilənləri təsdiq etdiyini, iddianı müdafiə etdiyini bildirdi və əlavə olaraq izahatında göstərdi ki, ekspert rəyinə əsasən köçürmə ərizəsində olan imzanın Cavabdeh məxsus olmadığı müəyyən edilsə də, kreditin təyinatının onun İddiaçı BOKT ASC-yə yaranmış borcunun restrukturizasiyası üçün olduğu müqavilədə əksini tapmışdır. Müqavilənin şərtinə uyğun olaraq 39950 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehin borcunun restrukturizasiyasına yönəldilmiş və onun əvvəlki borcları bağlanmışdır. Müqavilənin şərtində kreditin təyinatının borcun restrukturizasiyası üçün olduğu nəzərdə tutulduğuna görə köçürmə ərizəsinin əhəmiyyəti yoxdur. Bundan başqa, həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh notariat kontorunda ipoteka müqaviləsi də bağlamışdır. Bütün bunlar onu təsdiq edir ki, 39950 ABŞ dolları məbləğində pul vəsaitinin borcun restrukturizasiyasına yönəldilməsi Cavabdeh razılığı ilə olmuşdur. Cavabdehin nümayəndəsi Vəkil iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, tərəflər arasında kredit müqaviləsi bağlansa da, müqavilədə göstərilən pul vəsaiti Cavabdeh verilməmiş və həmin pul vəsaitinin “xxxx” ASC tərəfindən İddiaçı BOKT ASC-yə köçürülməsi üçün əsas olmuş ərizə sonuncu tərəfindən imzalanmamışdır. İmzanın Cavabdeh məxsus olmadığı ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Mülki iş materiallarında olan: - xx xxx 2019-cu il tarixli, 2019/00147-01 saylı kredit müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı BOKT ASC Cavabdeh kreditin restrukturizasiyası üçün 39950 ABŞ dolları məbləğində kredit verməyi, sonuncu isə illik 24% hesablanmaqla 60 ay müddətində həmin krediti qaytarmağı öhdəsinə götürmüşdür. - xx xxx 2019-cu il tarixli, 2019/00147-01İP №-li X1nin surətindən görünür ki, xx xxx 2019-cu il tarixli, 2019/00147-01 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Zeynalov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. - xx xxx 2019-cu il tarixli, 21 №-li köçürmə ərizəsinin surətindən görünür ki, Cavabdeh ərizəsinə əsasən 39950 ABŞ dolları məbləğində pul vəsaiti “xxxx” ASC tərəfindən İddiaçı BOKT ASC-yə köçürülmüşdür. - xx xxxxxx 2021-ci il tarixli borc haqqında arayışdan görünür ki, Cavabdeh həmin tarixə İddiaçı BOKT ASC-yə olan borcu 39950 ABŞ dolları əsas, 16937,02 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 24609,2 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla ümumilikdə 81496,22 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Tərəflər arasında bağlanmış xx xxx 2019-cu il tarixli, 2019/00147-01 saylı kredit müqaviləsininin 2.1, 2.1.1, 2.2, 2.2.1 və 2.2.2-ci bəndlərində aşağıdakılar qeyd olunmuşdur: 2.1. Borc verən aşağdakıları öz öhdəsinə götürür: 2.1.1. Bu müqavilənin 1.2 bəndində göstərilən müddətdə və qaydada krediti borc alan verməyi. 2.2. Borc alan aşağıdakıları öz öhdəsinə götürür: 2.2.1. Kreditdən bu müqavilənin 1.4 bəndində göstərilən məqsəd üçün istifadə etməyi; 2.2.2. Bu müqavilə üzrə bütün ödənişləri vaxtında həyata keçirməyi (faizlərin ödənilməsi, kreditin əsas məbləğinin qaytarılması, dəbbə pulunun ödənilməsi) (Borc alanın öhdəliyi müvafiq pul vəsaitinin borc verənin kassasına və ya hesabına daxil edilməsindən sonra yerinə yetirilmiş hesab edilir) İşin hallarından görünür ki, İddiaçı BOKT ASC tərəfindən 39950 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh “xxxx” ASC-də olan hesabına köçürülmüşdür. Lakin sonradan həmin pul vəsaitinin Cavabdeh hesabından İddiaçı BOKT ASC-yə köçürülməsi üçün həmin pul məbləği ya sonuncuya nağd şəkildə verilməli, ya da onun ərizəsi əsasında həyata keçirilməli idi. Məhkəmə araşdırması zamanı xx xxx 2019-cu il tarixli, 2019/00147-01 saylı kredit müqaviləsinə əsasən 39950 ABŞ dolları məbləğində pul vəsaitinin AZ- 43AZRT**********002612401 saylı hesabdan alıcı Cavabdeh tərəfindən çıxarılıbçıxarılmaması, qeyd olunan hesabdan həmin pul məbləği çıxarıldığı təqdirdə kim tərəfindən çıxarılması barədə məlumatın və buna dair təsdiqedici sənədlər “xxxx” ASC tərəfindən Bakı Kommersiya Məhkəməsinə təqdim edilməsi barədə qərardad qəbul olunmuşdur. “xxxx” ASC tərəfindən verilmiş məlumatda köçürmənin Cavabdeh xx xxx 2019-cu il tarixli, 21 №-li köçürmə ərizəsi əsasında aparıldığı qeyd edilmiş, həmin ərizənin əsli məhkəməyə təqdim olunmuşdur. xx xxx 2019-cu il tarixli, 21 №-li köçürmə ərizəsindəki imzanın Cavabdeh məxsus olmadığı mübahisələndirildiyinə görə məhkəmənin qərardadına əsasın məhkəmə – xətşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə – xətşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 4/814 №-li rəyində qeyd olunmuşdur ki, ekspertizaya təqdim edilmiş, xx xxx 2019-cu il tarixli, 21 saylı köçürmə ərizəsinin aşağı sol hissəsində “Birinci imza” qrafasındakı imza – Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur, imzada – imzanın qəsdən dəyişdirilmiş xətlə icra olunmasını xarakterizə edən əlamətlər müşahidə olunmadı, imzada Cavabdeh imzasına oxşadılmaqla icra olunma əlamətləri müşahidə olundu. Araşdırılmış sübutlarla təsdiq olunur ki, 39950 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh hesabına köçürülsə də, ona verilməmiş, razılığı olmadan yenidən İddiaçı BOKT ASC-yə köçürülmüş və pul vəsaitinin köçürülməsində onun iradə ifadəsi mövcud olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh həmin pul vəsaitini almadığına və onun razılığı olmadan yenidən borc verənə qaytarıldığına görə həmin müqavilə üzrə öhdəlikləri yaranmadığından iddia rədd olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, məhkəmə – xətşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 126 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi barədə iddiası rədd edilsin. Məhkəmə – xətşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 126 manat məbləğində pul vəsaiti İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar