Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-1/2020 17.11.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xİdmətinin Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin cavabdeh “Gəncə-Univermaq” əmlak kompleksinin mülkiyyətçisi X3 qarşı dövlətə məxsus torpaq sahəsində aparılmış əsaslı təmir-tikinti, yenidənqurma və quraşdırma işlərinin cavabdehin hesabına sökülməsi və torpağın əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi cavabdeh “xxxx” ASC-yə qarşı dövlətə məxsus torpaq sahəsində aparılmış əsaslı təmir-tikinti, yenidənqurma və quraşdırma işlərinin cavabdehin hesabına sökülməsi və torpağın əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC tərəfindən ( Gəncə şəhəri, Nizami rayonu, Nizami prospekti, 50 ünvanında yerləşən) istifadəsində olan dövlətə məxsus ümumi sahəsi 4199,9 kv.m olan torpaq sahəsinin 716 kv.m hissəsində aparılan əsaslı təmir-tikinti, yenidənqurma və quraşdırma işlərinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx xxx 2015-ci il tarixli 516 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”nin 4.0.2-ci bəndinə uyğun olaraq dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinə nəzarət məqsədi ilə aidiyyəti şöbə tərəfindən Gəncə şəhəri, Nizami rayonu ərazisində aparılan növbəti monitorinq zamanı Nizami rayonu, Nizami prospekti, 50 ünvanında yerləşən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin istifadəsində olan dövlətə məxsus ümumi sahəsi 4199,9 kv.m olan torpaq sahəsinin 716 kv.m hissəsində Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı olmadan əsaslı təmir-tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılması faktı aşkarlanmış və bu barədə şöbənin əməkdaşları tərəfindən müvafiq akt tərtib olunmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısı Nizami küçəsi, 50 №-li ünvanda “Ofis-mağazanın tikintisinə icazə verilməsi haqqında” xx.xx.2012ci il tarixli 550 nömrəli sərəncamla Gəncə şəhəri, M.Şəfi küçəsi, 43 № li evdə yaşayan X2 müraciətini və Gəncə Şəhər İcra Hakimiyyəti Başçısı aparatının Memarlıq və tikinti şöbəsinin rəyini nəzərə alaraq, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 57-ci maddəsinin 4-cü bəndini və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyəti haqqında” Əsasnamənin 6.8ci bəndini əsas tutaraq qeyd olunan ünvanda yerləşən, X3 məxsus “Gəncə Univermağı” nın istifadəsində olan 716,0 kv.m torpaq sahəsində razılaşdırılmış layihə əsasında 6 mərtəbəli ofis-mağazasının tikintisinə icazə vermişdir. Sərəncamın 3-cü bəndinə əsasən sifarişçinin nəzərinə çatdırılmışdır ki, bu sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələndirmə üçün əsasdır. Layihələndirmə başa çatdırıldıqdan, müvafiq qaydada razılaşdırılaraq təsdiq edildikdən sonra tikintiyə icazənin alınması üçün aidiyyatı üzrə müraciət olunmalıdır. Ancaq cavabdeh sərəncamın 3-cü bəndinin tələblərini kobud surətdə pozaraq müvafiq razılıq alınmadan göstərilən torpaq sahəsində əsaslı təmir-tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılmasını həyata keçirmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirlər ki, həmin özbaşına olaraq aparılmış əsaslı təmir-tikinti, yenidənqurma və quraşdırma işləri qanunsuz hesab edilməli və yenidənqurma işləri nəticəsində artırılmış hissələr sökülməlidir. Belə ki, “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”nin 3.0.8-ci bəndinə əsasən dövlət və özəlləşdirilən müəssisələrə məxsus torpaq sahələrinin zəbt olunması və qanunazidd formada istifadə olunması hallarının qarşısını almaq üçün tədbirlər görmək, bu məqsədlə aidiyyəti orqanlara məlumat vermək, o, cümlədən məhkəmə qarşısında iddia qaldırmaq, 3.0.9-cu bəndinə əsasən dövlət, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılmasına, onların təyinatının dəyişdirilməsinə razılıq vermək, dövlət və özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin təyinatı üzrə istifadə vəziyyətini araşdırmaq məqsədi ilə monitorinq aparmaq Agentliyin vəzifələrinə aid edilmişdir. Bundan əlavə həmin Əsasnamənin 3.0.10-cu bəndinə əsasən dövlət, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılması hallarını araşdırmaq və aşkar edilmiş pozuntu hallarının aradan qaldırılması üçün tədbirlər görmək, o cümlədən belə hallar barədə səlahiyyətli dövlət orqanlarına məlumat vermək kimi fəaliyyət istiqamətləri vardır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”nin 8.69-cu bəndinə əsasən öz səlahiyyətləri daxilində dövlət, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrinin başqa hüquqi və fiziki şəxslərə icarəyə və istifadəyə verilməsinə, həmin torpaq sahələrində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılmasına, onların təyinatının dəyişdirilməsinə razılıq vermək, dövlət və özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin təyinatı üzrə istifadəsi vəziyyətinin araşdırılması məqsədilə monitorinq aparmaq Komitənin vəzifələrindəndir. Göründüyü kimi, “xxxx” ASC tərəfindən torpaq sahəsini özəlləşdirmədən və komitənin razılıq məktubu olmadan dövlətə məxsus torpaq sahəsində apardığı əsaslı təmir-tikinti, yenidənqurma və quraşdırma işlərininin həyata keçirilməsi qanunamüvafiq deyil və aparılan tikinti işlərinə icazə alınmadığından həmin tikili özbaşına tikili sayılır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”nin 4.0.1-ci bəndinə əsasən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin təmin edilməsi məqsədi ilə tədbirlər həyata keçirmək, 4.0.2-ci bəndinə əsasən fəaliyyət istiqamətləri üzrə monitorinqlər və müşahidələr aparmaq, monitorinqlər və müşahidələr zamanı qanun pozuntuları aşkar edildikdə, hüquq mühafizə və digər dövlət orqanları ilə əlaqəli fəaliyyət göstərmək Agentliyin hüquqlarına aid edilmişdir. Daha sonra iddiaçının nümayəndəsinin ərizəsinə əsasən iş üzrə cavabdeh “xxxx” ASC əsl cavabdeh X4 ilə əvəz edilmişdir. Cavabdeh “Gəncə-Univermaq” əmlak kompleksinin mülkiyyətçisi X2 nümayəndəsi X7 məhkəməyə vəsatət təqdim edərək, Gəncə İnzibati-İqtisadi Məhkəməsində X2 iddiası üzrə məhkəmə prosesi başa çatana kimi 2-2(83)-76/2016 nömrəli iz üzrə məhkəmə prosesini dayandırılmasını xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2-2(83)-76/2016 saylı qərardadı ilə, iddiaçı “xxxx” əmlak kompleksinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı Gəncə şəhəri, Nizami 50 ünvanında yerləşən “xxxx” əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi tələbi barədə iddia ərizəsi üzrə 2-1(83)-335/2016 nömrəli inzibati mübahisəyə dair işə mahiyyəti üzrə baxılıb qurtaranadək iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətçisi X3 qarşı cavabdehin istifadəsində olan dövlətə məxsus ümumi sahəsi 4199,9 kv.m olan torpaq sahəsinin 716 kv.m hissəsində aparılan əsaslı təmir-tikinti, yenidənqurma və quraşdırma işlərinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması tələbi barədə 2-2(83)-76/2016 nömrəli iqtisadi mübahisəyə dair iş üzrə icraat dayandırılmışdır. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xİdmətinin Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2-1(104)-248/2019 nömrəli qərarı icra mərhələsində olmaqla, indiyə kimi icra olunmamışdır. Ona görə də, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh “Gəncə-Univermaq” əmlak kompleksinin mülkiyyətçisi X3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh “Gəncə-Univermaq” əmlak kompleksinin mülkiyyətçisi X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2012-ci il tarixli 550 nömrəli sərəncamından görünür ki, ünvan 7 nömrəli ünvanda yerləşən, X3 məxsus Gəncə Univermağının istifadəsində olan 716,0 kv.m torpaq sahəsində razılaşdırılmış layihə əsasında 6 mərtəbəli ofis-mağazanın tikintisinə icazə verilmişdir. İş materiallarına əlavə olunmuş Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 9 ünvanında yerləşən “Gəncə-Univermaq” əmlak kompleksi xüsusi mülkiyyət hüququ əsasında X3 məxsusdur. İş materiallarına əlavə olunmuş Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2-1(104)-248/2019 nömrəli qərarından görünür ki, iddiaçı “Gəncə-Univermaq” əmlak kompleksinin mülkiyyətçisi X2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı torpaq sahəsinin özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının təmin edilməməsinə dair Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2-l(83)-335/2016 nömrəli qərarı ləğv edilmiş və iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi təmin edilmiş, “Gəncə- Univermaq” əmlak kompleksinin yerləşdiyi 4199 m2 torpaq sahəsinin 1-ci zona əmsalının 5 olması nəzərə alınaraq alqı-satqı qiymətinin 18895,5 (on səkkiz min səkkiz yüz doxsan beş manat, 50 qəpik) manat məbləğində müəyyən edilməklə, torpaq sahəsinin “Gəncə- Univermaq” əmlak kompleksinin mülkiyyətçisi X1 (özəlləşdirilməsi) vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə qoyulmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(102)-2858/2019 nömrəli qərarından görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(104)-248/2019 saylı iş üzrə xx xxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-cü maddəsinin tələbinə görə əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradarsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. İşin faktiki hallarından göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə “Gəncə-Univermaq” əmlak kompleksinin yerləşdiyi 4199 m2 torpaq sahəsinin 1-ci zona əmsalının 5 olması nəzərə alınaraq alqı-satqı qiymətinin 18895,5 (on səkkiz min səkkiz yüz doxsan beş manat, 50 qəpik) manat məbləğində müəyyən edilməklə, torpaq sahəsinin “Gəncə-Univermaq” əmlak kompleksinin mülkiyyətçisi X1 (özəlləşdirilməsi) vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə qoyulmuşdur. Belə olan halda, cavabdehin dövlətə məxsus torpaq sahəsində aparılmış əsaslı təmir-tikinti, yenidənqurma və quraşdırma işlərinin cavabdehin hesabına sökülməsi və torpağın əvvəlki vəziyyətinə qaytarılması qanuni sayıla bilməz. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xİdmətinin Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin cavabdeh “Gəncə-Univermaq” əmlak kompleksinin mülkiyyətçisi X3 qarşı özbaşına inşa olunmuş tikililərin sökülməsi, onlara təklif olunan ərazilərə daşınması və cavabdehin torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xİdmətinin Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin cavabdeh “Gəncə-Univermaq” əmlak kompleksinin mülkiyyətçisi X3 qarşı dövlətə məxsus torpaq sahəsində aparılmış əsaslı təmir-tikinti, yenidənqurma və quraşdırma işlərinin cavabdehin hesabına sökülməsi və torpağın əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2-2(115)-1/2020
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-1/2020
17.11.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver