Məhkəmə qərarları › İş №2-2(115)-100/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-100/2022

16.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-100/2022 16.02.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Gəncə Kommersiaya Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı nümayəndəsi X6 və vəkili Vəkil1, cavabdeh Kamilli Elsevər Elşad oğlunun və nümayəndəsi Vəkil2 iştirakları ilə. İddiaçı cavabdeh Kamilli Elsevər Elşad oğluna qarşı yayılmış məlumatların təkzib olunması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair kommersiya işinə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Kamilli Elsevər Elşad oğluna qarşı iddia ərizəsi ilə Şəmkir rayon Məhkəməsinə müraciət edərək cavabdehin “Aqroservis MMM”-nin əməkdaşlarından rəsmi olaraq üzr istəməsi, sosial şəbəkələrdə iddiaçıdan aldığı rally toxumunun saxta olmadığını və haqsızlıq edərək iddiaçıya böhtan atdığını etiraf edərək sosial şbəkə istifadəçilərindən üzr istəməsi, təxmini hesablamalara görə iddiaçıya vurduğu 100 000 manat maddi və işgüzar nüfuzuna vurduğu 1 000 000 manat mənəvi ziyanın cavabdeh tərəfindən iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Sonra isə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edilərək, cavabdeh tərəfindən "AQROSERVİS” X1 aldığı Rally pomidor toxumlarının saxta olması haqda işgüzar nüfuzunu ləkələyən məlumatların kütləvi informasiya vasitələri olan sosial şəbəkələrdə cavabı dərc edilməklə məhkəmə qaydasında təkzib olunması və əldən çıxmış faydaya görə 106279 (bir yüz altı min iki yüz yetmiş doqquz) manat maddi zərər və mənəvi zərərə görə ******* (bir milyon) manat pulun cavabdeh Kamilli Elsevər Elşad oğlundan alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 19 mart 2021-ci il tarixdə Aqroservis MMM-nin baş direktoru X4 telefonuna sms vasitəsilə müraciət edərək şirkətin əməkdaşı X6 ona saxta “Rally” pomidor toxumu satdığını və buna görə ona dəyən ziyanın ödənilməli olduğunu bildirmişdir. O, toxumların X11 firmasından idxal edildiyi və bütün təsdiqedici sertifikatların olduğu bildirilmiş, ondan bitkilərin istixanada şəkillərinin çəkilməsi istənilmiş, şəkillərə baxıldıqdan sonra pomidor bitkisində ola əlamətlərin “pişik sifəti” xəstəliyinin əlaməti olduğu bildirilmiş, bunun isə istixanada aşağı və kəskin temperaturun olması ilə əlaqəli olması qeyd olunmuş, bütün bunlara baxmayaraq cavabdeh “facebook” sosial şəbəkəsində iddiaçıya qarşı haqsız və böhtan xarakterli yazılar yazmış, onun yazısına iddiaçı tərəfindən yazılar cavabı isə silərək insanlara onun haqsız olduğunu öyrənməsinin qarşısını almışdır. KTN tərəfindən göndərilən mütəxəssislərin rəyində də qeyri-infeksion xəstəliyin səbəbi kimi toxumlar deyil, düzgün becərmə aparılmaması qeyd olunmuşdur. İddiaçı nümayəndəsi X8 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 məhkəmə iclasında izahat verərək iddia tələbi əsaslı olduğundan təmin edilməsini xahiş etmişdir. Cavabdeh Kamilli Elsevər Elşad oğlu məhkəmə iclasında izahat verərək iddia tələbini qəbul etmədiyi, Hüseynov Vaqifə aid mağazadan aldığı toxuma görə məhsul əldə edə bilmədiyini bildirmişdir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 izahat verərək iddia tələbini qəbul etmədiyini, habelə, cavabdeh tərəfindən İddiaçı MMM-yə aid heç bir məlumat yayılmadığını bildirmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X14 ifadə verərək bildirmişdir ki, Elsevərin həyətində pomidor çiçəklənən zaman çiçəklərin normal olmadığı müəyyən olunmuşdur, həmin məsələ ilə bağlı toxum satan Vaqifə müraciət olunmuşdur, Vaqif aqronom ilə əraziyə baxış keçirdikdən sonra bu problemin temperaturla bağlı olduğunu, bir ay ərzində aradan qaldıracaqlarını bildirmişlər. Bununla bağlı müvafiq dərman preparatları verilmişdir və temperaturun nəzarətdə saxlanılması üçün tez-tez müraciət edəcəklərini bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadə verərək bildirmişdir ki, toxumu qardaşı almış və onlar səpmişlər, pomidor çiçəklənən vaxt çiçəklərin normal olmadığı müəyyən olunmuşdur, bu barədə Vaqif müəllimə müraciət olunmuş, o isə aqronom ilə birlikdə əraziyə baxış keçirərək onlara pomidora düzgün qulluq olunmadığını və temperatura əməl olunmadığı bildirərək bunun gübrə və dərmanlar vasitəsi ilə həll ediləcəyini bildirmişlər, təxmini 15-20 gün onların dediyi kimi pomidora qulluq olunmuş, lakin heç bir nəticə əldə olunmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X9 bildirmişdir ki, cavabdeh onun qardaşı oğludur və ona toxumla bağlı müraciət etmiş, Vaqif müəllimdən toxum alıb cavabdehə vermişdir, həmin pomidor ştilləri çiçəklənən vaxt çiçəklərin qeyri-normal olduğu ona bildirilmiş, bununla bağlı Vaqif müəllimə zəng etmiş, onlar tərəfindən bildirilib ki, həmin əraziyə baxış keçirilib problem aradan qaldırılacaqdır, həmin vaxt Vaqif müəllimdən götürdüyü toxumu qardaşı oğluna, bir qismini isə bağqa şəxsə vermiş, digər şəxsdə də əvvəl oxşar problem olmuş, sonradan aradan qaldırılmışdır, həmçinin, Vaqif müəllimin satdığı toxumun hansı şirkətə məxsus olduğu barədə məlumatı olmamışdır. Azərbaycan Respublikası KTN tərəfindən 08 aprel 2021-ci il tarixdə verilmiş rəydə Şəmkir rayonu Qaracəmilli kəndində yerləşən Elsevər Kamilliyə aid istixanadakı pamidor əkinlərinin istifadə olunan toxumların keyfiyyəti ilə əlaqədar olmayan səbəbdən deformasiya olması qeyd olunmuşdur. İşin hallarından göründüyü kimi cavabdeh Kamilli Elsevər Elşad oğlu 21 aprel 2021-ci il tarixdə “Facebook” sosial şəbəkəsində “Şəmkirdə fəaliyyət göstərən Hüseynov Vaqifin mağazasından aldığı “RALLİ” pomidor toxumlarının saxta çıxması, bu səbəbdən məhsulun yetişməməsi və onun aldadılmış olması məzmunlu yazı yerləşdirmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, işgüzar nüfuz dedikdə fiziki və ya hüquqi şəxsin peşəkarlıq keyfiyyəti və iqtisadi fəaliyyəti haqqında cəmiyyətdə və sahibkarlıq sahəsində formalaşmış müsbət fikir, rəy başa düşülür. Hazırkı iş üzrə cavabdeh şəxs sosial şəbəkədə yazmış olduğu məlumatda Şəmkir rayonunda fəaliyyət göstərən Vaqif Hüseynov adlı şəxsə məxsus mağazadan özünün aldığı toxumların saxta olmasını bildirmişdir. Həmin yazıda İddiaçı MMM adını işlətməmiş, toxumları həmin hüquqi şəsxə aid olmasını qeyd etməmişdir. Yayılmış məlumatda həmin hüquqi şəxsin adı qeyd edilmədiyindən bu məlumat onun haqqında yayılmış hesab edilmir. Ona görə də həmin hüquqi şəxs barəsində mənfi rəy yarada bilməzdi. Təqdim edilmiş fotoşəkillərdən də göründüyü kimi X6 fəaliyyət göstərdiyi mağazanın üzərində olan lövhədə də İddiaçı MMM-yə məxsus malların həmin obyekdə satışının həyata keçirilməsini bildirən əlamətə rast gəlinmir. Belən olan vəziyyətdə İddiaçı MMM-nin işgüzar nüfuzuna xələl gətirməklə mənəvi zərərin vurulmasından söhbət gedə bilməz. Yayılan məlumatların “RALLİ” pomidor toxumlarının satışının azalmasına dolayısı yolla təsiri məsələsində isə, ilk növbədə azalma faktı və cavabdehin yazısı ilə məhsulun satışının azalması arasında səbəbli əlaqənin mövcud olması sübutlarla təsdiqni tapmalıdır. İddiçı tərəf bildirir ki, həmin toxunların istehsalçısı Niderlandda fəaliyyət göstərən Enza Zaden şirkətidir. Belə olduğu halda həm İddiaçı MMM, həm Vaqif Hüseynov həmin şirkətin məhsullarının satışını həyata keçirmiş sayılırlar. X8 vergi orqanından qeydiyyatdan keçməklə müstəqil fəaliyyət göstərən fərdi sahibkardır, ayrıca sahibkarlıq subyektidir. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh “RALLİ” pomidor toxumlarının bütünlüklə deyil, Şəmkirdə fəaliyyət göstərən Hüseynov Vaqifin mağazasından aldığı “RALLİ” pomidor toxumlarının saxta çıxmasını yazmışdır. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Güman və yaxud ehtimal edilən hadisə və hərəkətlər məsuliyyətin yaranması ilə nəticələnmir. Qanunvericiliyə əsasən öz üzərinə düşən vəzifədən irəli gələrək iddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallar barədə sübutları məhkəməyə təqdim etməyə borcludur. İddiaçı tərəfindən sübut etmə vəzifəsinin yerinə yetirilməməsi iddia tələbinin təmin edilməməsinə səbəb olur. Hazırkı iş üzrə cavabdehin yazmış olduğu məlumat İddiaçı MMM-nin işgüzar nüfuzuna toxunmadığından onun mənəvi zərərə məruz qalması, həmçinin cavabdehin hərəkətlərinin dolayısı ilə iddiaçının gəlirin azalması səbəb olması sübutlarla təsdiqini tapmadığından onun maddi zərərə məruz qalması barədə iddiaları əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” qərarında Konstitusiya Məhkəməsinin mövqeyi kimi qeyd olunmuşdur ki, zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Göstərilənlərdən görünür ki, Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər. Zərərlə bağlı müddəalar Mülki Məcəllənin ümumi hissəsinin digər normalarında da nəzərdə tutulmuşdur. Məcəllənin 23.4-cü maddəsində şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Bu qaydalar həmçinin hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir (maddə 23.6). Lakin burada göstərilən zərərin maddi və yaxud mənəvi olduğu birbaşa göstərilməmişdir. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsan Hüquqlarının və X7 X5 10-cu maddəsində qeyd olunmuşdur ki, hər kəs öz fikirlərini ifadə etmək azadlığı hüququna malikdir. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbini əsassız sayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət e t d i: İddiaçı cavabdeh Kamilli Elsevər Elşad oğluna qarşı cavabdeh tərəfindən "AQROSERVİS” X1 aldığı Rally pomidor toxumlarının saxta olması haqda işgüzar nüfuzunu ləkələyən məlumatlar kütləvi informasiya vasitələri olan sosial şəbəkələrdə cavabı dərc edilməklə məhkəmə qaydasında təkzib olunması və əldən çıxmış faydaya görə 106279 (bir yüz altı min iki yüz yetmiş doqquz) manat maddi zərər və mənəvi zərərə görə ******* (bir milyon) manat pulun cavabdeh Kamilli Elsevər Elşad oğlundan alınaraq İddiaçınə ödənilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar