Məhkəmə qərarları › İş №2-2(115)-1001/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-1001/2023

13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-1001/2023 13.12.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 Cavabdeh1 və onun nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 Fəxrəddin qızına qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 02 fevral 2018-ci il tarixli, 800875-477904/1 saylı kredit müqaviləsi üzrə 77978,84 manat əsas borc və 8914,35 manat faiz borcu olmaqla, cəmi 86893,19 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 21,30 manat dövlət rüsumu və 242,60 manat xidmət haqqı olmaqla cəmi 263,90 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30,40 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh1 tam mülkiyyətində оlаn ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına və Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyət hüququ ilə məxsus olan Göygöl rayonu, Üçtəpə kəndində yerləşən əmlak kompleksi kimi müəssisəsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakların açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri hərracda satıldıqdan 10 gün sonra Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 Fəxrəddin qızının ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasından və Göygöl rayonu, Üçtəpə kəndində yerləşən əmlak kompleksindən çıxarılması və boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC Gəncə filialı ilə Cavabdeh1 arasında 02 fevral 2018-ci il tarixli 800875-477904/1 nömrəli kredit müqaviləsi imzalanmış, Borcalana illik 18% dərəcəsi ilə 36 ay müddətinə 150000 manat məbləğində kredit verilmişdir. Müqavilənin təminatı kimi xx.xx.2028-ci il tarixli 800875-477904/1 ipoteka müqavilələrinə əsаsən Cavabdeh1 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası və Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətində olan Göygöl rayonu, Üçtəpə kəndində yerləşən əmlak kompleksi kimi müəssisə ipoteka ilə yüklü edilmiş və dövlət qeydiyyatına alınmışdır. Borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin bir hissəsini icra etmiş, qalan hissədə isə öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq borcu ödəməmişdir. İddiaçı ASC xx.xx.2022-ci il tarixdə dəqiqləşdirmə iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 02 fevral 2018-ci il tarixli 800875-477904/1 saylı kredit müqaviləsi üzrə 77978,84 manat əsas borc və 11589,46 manat faiz borcu olmaqla, cəmi 89568,30 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 21,30 manat dövlət rüsumu və 242,60 manat xidmət haqqı olmaqla cəmi 263,90 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30,40 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh1 tam mülkiyyətində оlаn ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına və Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətində olan Göygöl rayonu, Üçtəpə kəndində yerləşən əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakların açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri hərracda satıldıqdan 10 gün sonra Cavabdeh1 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən qeyri-yaşayaış binasının və Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Qurbanova X2 rayonu, Üçtəpə kəndində yerləşən əmlak kompleksi boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(125)-103/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 əsas borc üzrə 73956,58 manat, faiz borcu üzrə 3010,69 manat, cəmi 76967,27 manat, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 21,30 manat, 242,60 manat xidmət haqqı və 30,40 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutma öhdəliyinin təmini kimi ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına və paylı mülkiyyət hüququ ilə Cavabdeh1 və Cavabdeh2 məxsus olan Göygöl rayonu, Üçtəpə kəndində yerləşən əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, ilkin satış qiyməti 408000 manat məbləğində qiymətləndirilmiş Göygöl rayonu, Üçtəpə kəndində yerləşən əmlak kompleksi kimi müəssisənin və ilkin satış qiyməti 153000 manat məbləğində qiymətləndirilmiş ünvan 1 ünvanında yerləşən qeyri-yaşayaış binasının açıq hərracdan satılması, həmin hərracdan əldə olunmuş vəsait hesabına borcun tutularaq iddiaçıya ödənilməsi, ipoteka predmetləri hərracda satıldıqdan 1 ay sonra boşadılması, ödənişlər həyata keçdikdən sonra əldə olunan vəsaitinin qalan hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qaytarılması, iş üzrə məhkəmə ekspertiza xərcinin Cavabdeh1 və Cavabdeh2 tutularaq müvafiq hesablara ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı və Cavabdeh1 apellyasiya şikayətləri əsasında işə baxan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(104)-204/2023 nömrəli qərardadı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)- 103/2023 nömrəli qətnaməsi ləğv edilmiş, işin baxılması üçün məhkəmə aidiyyatı üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, borcalan Cavabdeh1 xx.xx.2023-cü il tarixində 76967.27 manat məbləğində ödəniş etmiş və bankdaxili razılaşamaya əsasən ödəniş müqabilində girovda olan Cavabdeh1 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası girovdan azad edilmişdir. xx.xx.2022-ci il tarixli iddia həcminin artırılmasına dair ərizəyə əsasən 77978.84 manat, 11589.46 manat faiz borcu hesablanmışdır. Maliyyə arayışının verildiyi tarixdən sonra (xx.xx.2022-ci il tarixdən) borcalan tərəfindən aparılmış ödəniş tarixinədək (xx.xx.2023-cü il tarixinədək) Mərkəzi bankın uçot faiz dərəcəsini keçməməklə faiz borcu 6281,40 manat məbləğində hesablanmışdır. Odur ki, Cavabdeh1 02 fevral 2018-ci il tarixli 800875-477904/1 saylı kredit müqaviləsi üzrə 1011,57 manat əsas borc və 17870,86 manat faiz borcu olmaqla, cəmi 18882,43 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 21,30 manat dövlət rüsumu və 242,60 manat xidmət haqqı olmaqla, cəmi 263,90 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30,40 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tutmanın Bank qarşısında ipotеkaya qoyulmuş Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyət hüququ ilə məxsus оlаn Göygöl rayonu, Üçtəpə kəndində yerləşən əmlak kompleksi kimi müəssisəsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakın açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri hərracda satıldıqdan 10 gün sonra Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 Göygöl rayonu, Üçtəpə kəndində yerləşən əmlak kompleksi kimi müəssisəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 izahat verərək bildirdi ki, bu işə əvvəlcə başqa məhkəmədə baxılmış qətnamə qəbul edilmiş, qətnamə apellyasiya instansiya məhkəməsi tərəfindən ləğv edilərək bu məhkəməyə göndərilmişdir. İş üzrə 2 dəfə də məhkəmə mübahisbatlıq ekspertiza keçirilmişdir, bank isə mühasibatlıq ekspetizasının rəyi ilə razı olmamışdır, lakin cavbadeh iş məhkəmədə olarkən ekspetiza rəyində göstərilən borc məbləğini, həm əsas, həm də faiz borc məbləğini tam həcimdə ödəmişdir. Hazırda ancaq ekspert rəyindən əlavə qalan borc tələb edilir. 11000 manat iddia tələbindən qalan faiz borcu, 6281 manat isə kredit müqaviləsinin müddəti bitdikdən sonra 5 faizlə hesablanan borc məbləğidir. Ona görə də iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirdi ki, 2008-ci ildən etibarən iddiaçı ilə əməkdaşlıq edir. Həmin ildən bugünədək banka 300000 manatdan çox faiz ödəyərək xeyir verib. Hazırkı iş üzrə 150000 manat məbləğində götürdüyü kreditdən 42 ay ödəniş etmiş, 43-cü ayın ödənişini edən zaman ona bankdan bildiriblər ki, pandemiya ilə əlaqədar olaraq bank tərəfindən ona 2 ay güzəşt müddəti tətbiq olunur. O da razılaşmışdır. 2 aydan sonra kredit borcunu ödəmək üçün banka yaxınlaşdıqda isə ona 1800 manat əlavə pul hesablandığını bildirmişlər. Həmin pulun silinmədiyi təqdirdə isə borcunu ödəməyəcəyini bildirmış, lakin bank onunla razılaşmamışdır. Kredit müqaviləsinin son ayında banka yaxınlaşaraq bildirib ki, ya onu məhkəməyə versinlər, ya da ona 15%-lə 52000 manat kredit versinlər borcunu bağlasın, lakin bank ona 17%-dən aşağı kredit verməyəcəklərini bildirmişdir. 48 aylıq ödənişin 42 ayını tam şəkildə həyata keçirmişdir. Məlum səbəblərə görə sonraki aylar borc ödənilməmişdir. Lakin hazırda bank ona qarşı qərəzli münasibət göstərərək əlavə pul tələb edir. Ona görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Vəkil izahat verərək bildirdi ki, iddia tam əsassız olaraq artırılmışdır, belə ki, Cavabdeh1 ekspert rəyində göstərilmiş borc məbləğini tam olaraq iddiaçıya ödəmişdir. Hazırda bank əsassız pul tələb edir. Ona görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 Fəxrəddin qızına məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə digər cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 Fəxrəddin qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 02 fevral 2018-ci il tarixli 800875-477904/1 saylı əsas kredit müqaviləsindən görünür ki, ona əsas vəsaitin artırılması məqsədilə illik faiz dərəcəsi 18 faiz olmaqla, 36 ay müddətinə 150000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 02 fevral 2018-ci il tarixli 800875/477904/1 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 115.5 kv.m, 1 mərtəbəli qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri 80000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 115.5 kv.m, 1 mərtəbəli qeyri-yaşayış binasına Cavabdeh1 mülkiyyət hüququ qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 115.5 kv.m, 1 mərtəbəli qeyri-yaşayış binasının ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan 02 fevral 2018-ci il tarixli 800875-477904/1 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 3/4 hissə və Cavabdeh2-1/4 hissə paylı mülkiyyətlərində olan Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0.24 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 246.3 kv.m olan əmlak kompleksi kimi müəssisə yenidən ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən sonrakı ipoteka predmetinin likvid dəyəri 90000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Cavabdeh1 3/4 hissə və Cavabdeh2-1/4 hissə paylı mülkiyyətlərində olan Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0.24 ha torpaq sahəsini və onun üzərində yerləşən ümumi sahəsi 246.3 kv.m olan əmlak kompleksi kimi müəssisəsinə Cavabdeh1 və Cavabdeh2 mülkiyyət hüququ qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0.24 ha torpaq sahəsini və onun üzərində yerləşən ümumi sahəsi 246.3 kv.m olan əmlak kompleksi kimi müəssisənin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" MMC-nin 24 yanvar 2022-ci il tarixli 02-98/21 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 məxsus оlаn ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının bazar dəyəri 170000 manat, likvid dəyəri 153000 manat və Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyət hüququ ilə məxsus olan Göygöl rayonu, Üçtəpə kəndində yerləşən əmlak kompleksi kimi müəssisəsin bazar dəyəri 453000 manat, likvid dəyəri 408000 manat təşkil edir. Tədqiqatın dəyəri 400 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyun 2022-ci il tarixli 09/3090 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi iş materiallarında olan kassa mədaxil qəbzləri, cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 800875-477904/1 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə ekspert qarşısında qoyulmuş sual üzrə müqavilə müddətinin sonuna, yəni 02 fevral 2021-ci il tarixə Cavabdeh1 İddiaçı ASC-nə olan borcu əsas borc üzrə 73956,58 manat, faiz borcu üzrə 3010,69 manat olmaqla, cəmi 76967,27 manat məbləğində hesablanmışdır. Tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 mart 2023-ciüil tarixli 9/8800 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi iş materiallarında olan kassa mədaxil qəbzləri, cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 800875-477904/1 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə ekspert qarşısında qoyulmuş sual üzrə müqavilə müddətinin sonuna, yəni 02 fevral 2021-ci il tarixə Cavabdeh1 İddiaçı ASC-nə olan borcu əsas borc üzrə 73956,58 manat, faiz borcu üzrə 3010,69 manat olmaqla, cəmi 76967,27 manat məbləğində hesablanmışdır. Tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 oktyabr 2023-cü il tarixli 3-16-16/2-10/6683-9/6744 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 100000 manat, likvid dəyəri isə təqribən 90000 manat məbləğində müəyyən olunmuşdur. Göygöl rayonu Üçtəpə kəndində yerləşən əmlak kompleksinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 213000 manat, likvid dəyəri isə təqribən 192000 manat məbləğində müəyyən olunmuşdur. Tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 sonuncu maliyyə arayışının verilmə tarixinə, yəni xx.xx.2022-ci il tarixə borcalanın banka 77978,84 manat əsas borc, 11589,46 manat faiz borcu olmuşdur. maliyyə arayışının verildiyi tarixdən sonra (xx.xx.2022-ci il tarixdən) borcalan tərəfindən aparılmış ödəniş tarixinədək (xx.xx.2023-cü il tarixinədək) Mərkəzi bankın uçot faiz dərəcəsini keçməməklə faiz borcu 6281,40 manat hesablanmışdır. Qanunvericiliyin tələblərinə müvafiq olaraq Mərkəzi Bankın uçot faiz dərəcəsini keçməməklə hesablanmış faizlərin məbləği 77978,84 manat əsas borc üzrə 77978,84 x 5% / 360 x 580 = 6281,40 manat. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 02 fevral 2018-ci il tarixli kredit müqaviləsinə əsasən ona əsas vəsaitin artırılması məqsədilə illik faiz dərəcəsi 18% olmaqla 36 ay müddətinə 150000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Kredit öhdəliyinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası, Cavabdeh1 3/4 hissə və Cavabdeh2 1/4 hissə paylı mülkiyyətlərində olan Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0.24 ha torpaq sahəsi və onun üzərində yerləşən əmlak kompleksi kimi müəssisə ipoteka ilə yüklü edilmiş və yüklülük qeydiyyata alınmışdır. İddiaçı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, cavabdeh isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. İddia tələbində iddiaçı cavabdehdən 77978,84 manat əsas borc və 11589,46 manat faiz borcu olmaqla, cəmi 89568,30 manat məbləğində borcun ödənilməsini tələb etsə də, keçirilmiş məhkəmə mühasibatlıq ekspertizalarının rəyləri ilə əsas borc məbləğinin 73956,58 manat, faiz borcunun isə 3010,69 manat olması, cəmi 76967,27 manat məbləğində borcun olması müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya 73956,58 manat əsas borcu, 3010,69 manat faiz borcu, cəmi 76967,27 manat borcu olmuşdur. Məhkəmədə işə baxılarkən Cavabdeh1 xx.xx.2023-cü il tarixdə 76967,27 manat məbləğində iddiaçıya ödəniş etmiş və bankdaxili razılaşamaya əsasən ödəniş müqabilində girovda olan Cavabdeh1 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası girovdan azad edilmişdir. Göründüyü kimi cavabdeh iddiaçıya olan əsas borc məbləğini və müqavilə müddətinə hesablanmış faiz məbləğini tam olaraq ödəmişdir. İddiaçının əsas borc üzrə 1011,57 manat və faiz borcu üzrə 11589,46 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi ilə bağlı tələbi əsassızdır və təmin edilməməlidir. Bundan başqa iddiaçı xx.xx.2022-ci il tarixdən, yəni iddia tələbinin həcminin artırılması baradə məhkəməyə ərizə verdiyi tarixdən cavabdehin əsas və faiz borcunu tam olaraq ödədiyi xx.xx.2023-cü il tarixədək olan 19 ay 10 gün müddət üçün iddia tələbində göstərilən məbləğdə əsas borcun 5%-i məbləğində, 6281,40 manat faiz borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan 19 ay 10 gün müddət üçün əsas məbləğin illik 5%-i məbləğində faiz borcunu cavabdehdən tələb etməkdə haqı olsa da, əsas borc məbləği iddia ərizəsində göstərilən məbləğdə deyil, ekspertiza rəyləri ilə müəyyən edilmiş məbləğdə, yəni 73956,58 manat məbləğində nəzərə alınmalı və qeyd edilən müddət üçün illik 5% 73956,58 manat məbləğində əsas borc üzrə hesablanmalıdır. Qeyd edilən müddət ərzində 73956,58 manat məbləğində əsas borcun illik 5%-i isə 5957,07 manat təşkil edir. Məhkəmə hesab edir ki, cavabdehdən 5957,07 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. İş materiallarında olan bildiriş məktubundan görünür ki, iddiaçı cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan qeyri-yaşayış binasına yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, tələb üzrə tutma Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətində olan Göygöl rayonu, Üçtəpə kəndində yerləşən əmlak kompleksi kimi müəssisəyə yönəldilməli, həmin qeyri-yaşayış binası açıq hərracdan satılmalı, qeyri-yaşayış binasının ilkin satış qiyməti 192000 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçıya ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qaytarılmalı, açıq hərrac keçirildikdən 1 ay sonra cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Qurbanova X2 rayonu, Üçtəpə kəndində yerləşən əmlak kompleksi kimi müəssisədən çıxarılmalı və müəssisə boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 21,30 manat dövlət rüsumu və 242,60 manat xidmət haqqı ödəmişdir. İş materiallarında olan ********* nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 21,30 manat dövlət rüsumu, 242,60 manat xidmət haqqı və iddia ərizəsinin verilməsinə görə 30,40 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 200 manat ekspertiza xərcinin 100 manatı iddiaçıdan, 100 manatı isə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Bundan başqa qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 400 manat ekspertiza xərcinin 200 manatı iddiaçıdan, 200 manatı isə cavabdehdən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Bundan başqa məhkəmə-tikinti-texniki ekspertizasının keçirilməsi ilə bağlı 100 manat ekspertiza xərci Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 02 fevral 2018-ci il tarixli 800875-477904/1 nömrəli kredit müqaviləsi üzrə 5957 (beş min doqquz yüz əlli yeddi) manat 07 (yeddi) qəpik faiz borcu, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 21 (iyirmi bir) manat 30 (otuz) qəpik dövlət rüsumu, 242 (iki yüz qırx iki) manat 60 (altmış) qəpik xidmət haqqı, iddia ərizəsinin məhkəməyə verilməsi ilə bağlı ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb üzrə tutma Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətində olan Göygöl rayonu, Üçtəpə kəndində yerləşən əmlak kompleksi kimi müəssisəyə yönəldilsin. Həmin qeyri-yaşayış binası açıq hərracdan satılsın, qeyri-yaşayış binasının ilkin satış qiyməti 192000 (bir yüz doxsan iki min) manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qaytarılsın. Açıq hərrac keçirildikdən 1 ay sonra cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Qurbanova X2 rayonu, Üçtəpə kəndində yerləşən əmlak kompleksi kimi müəssisədən çıxarılsın və müəssisə boşaldılsın. İş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 400 (dörd yüz) manat ekspertiza xərcinin 200 (iki yüz) manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 200 (iki yüz) manatı isə Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına ("xxxx" ASC-nin Qara Qarayev filialı, kod: 200145, VÖEN: **********, SWİFT kod:AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN: **********, hesab: AZ90AİİB********************) ödənilsin. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 200 (iki yüz) manat ekspertiza xərcinin 100 (bir yüz) manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 100 (bir yüz) manatı isə Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. İş üzrə məhkəmə-tikinti-texniki ekspertizasının keçirilməsi ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar