Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-1004/2024 04.10.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil, cavabdeh Göygöl rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə. İddiaçı cavabdeh Göygöl rayon İcra Hakimiyyətinə qarşı maddi və mənavi zərərin ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Göygöl rayon İcra Hakimiyyətindən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və “X2” Açıq Səhmdar Cəmiyyətindən dəyən mənəvi ziyan olan 10000 manat pulun və vurulan 180000 manat maddi ziyanın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl rayon İcra Hakimiyyəti Başçısının 50 və 40 ha torpaq sahələrinin ona icarəyə verilməsinə dair 12 sentyabr 2002-ci il tarixli 85 nömrəli və 05 iyun 2023-cü il tarixli 83 nömrəli sərəncamları əsasında X3 Kombinatı ilə (hazırkı “X2” ASC) 17 avqust 2002-ci və 14 aprel 2003-cü il tarixdə icarə müqaviləsi bağlanmışdır. Onun adına həmin torpaq sahələrindən müvəqqəti istifadə hüququna dair JN-2347 və JN-32098 nömrəli şəhadətnamələr verilmişdir. Göygöl Rayon Məhkəməsinin 07 dekabr 2006-cı il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin ona qarşı icarəsində olan torpaq sahələri üzrə hüquqverici sənədlərin etibarsız hesab edilməsində dair iddia tələbi təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsi isə Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə ona ziyan dəyməsi müəyyən edilmişdir. Belə ki, icarəyə verilmiş torpaq sahələrində 3-4 il müddətində ümumi sahəsi 500 kv.m olan tövlə, içərisində işçilərin istirahəti üçün 1 otaq, körpə mal-qaranın saxlanması üçün 1 otaq inşa edilmiş, fermaya xeyli kənardan su, elektrik xətti, kanal və kanalzasiya qurğusu çəkilmişdir. 85 metrlik dəmir kalota quraşdırılmış, beton döşəmə saldırmış, torpağı yararsız tullantılardan təmizləmiş, dəyəri 70000 manat olan 112 baş iri buynuzlu mal-qara almış, icarə müddəti ərzində fermaya 161800 manat sərmaya qoymuşdur. Hazırda təsərrüfatının dəyəri azı 600000 manatdır. İcarəsində olmuş torpaq sahələrini ipoteka müqaviləsi ilə yüklü edib aldığı 21000 manatı da təsərrüfatına sərf etmişdir. Həmçinin icarəyə götürdüyü torpaq sahəsində apardığı inşaat işlərinə görə (ferma tikdirmək və.s) ona istər rayon icra rəhbərliyi tərəfindən, istər bələdiyyə tərəfindən, istərsə də hüquq mühafizə orqanı və icarəyə verən "xxxx" MMC-nin rəhbərliyi tərəfindən heç bir məhdudiyyət, etiraz və irad olmamışdır. Belə olan halda onun min bir zəhmətlə xərc çəkib tikdiyi fermanın sökülməsi ona maddi-mənəvi ziyan vurmaq deməkdir. Smetadan da görünür ki, ona həqiqətən "Vinaqro” MMC tərəfindən maddi-mənəvi ziyan dəymişdir. Hətta min bir zəhmətlə əziyyət çəkib tikdirdiyi fermanın sökülməsi ona psixoloji təsir etmiş və səhhətində ciddi fəsadlar yaranmışdır. İcra hakimiyyəti orqanlarının sərəncamları əsasında torpaq sahəsi onların daimi və müddəsiz qanuni sahibliyinə və istifadəsinə verilmişdir. Əgər bu sərəncamlar qanunsuz idisə niyə verilirdi və o, həmin sərəncamlar əsasında tikinti işləri aparıb əmlaka xərclər çəkmişdir və həmin xərclər ona tam şəkildə ödənilməlidir. Ona 10000 manat mənəvi ziyan və 180000 manat maddi ziyan dəymişdir. Göygöl Rayon Məhləməsinin 26 aprel 2024-cü il tarixli 2(066)-395/2024 saylı qərardadı ilə İddiaçı cavabdehlər Göygöl rayon İcra Hakimiyyətinə "xxxx" MMC-yə və “X2” ASC-yə qarşı dəymiş maddi-mənəvi zərərin ödənilməsi tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “X2” ASC-nin və "xxxx" MMC-nin cavabdehlər siyahısından çıxarılmasını və iddia tələbində cavabdeh olaraq Göygöl rayon İcra Hakimiyyətinin qalmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və nümayəndəsi Vəkil iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini, Göygöl rayon İcra Hakimiyyətindən iddiaçıya dəyən 180000 manat maddi ziyanın və 10000 manat mənəvi ziyanın alınaraq iddiaçıya ödənilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh Göygöl rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək bildirdi ki, onların tərəfindən iddiaçıya nə mənəvi, nə də maddi ziyan vurulmamışdır. Həmin torpaq sahələri iddiaçıya 15 il müddətinə sərəncam əsasında istifadəyə verilmişdir, o cümlədən iddiaçıya tikinti üçün icazə verilməmişdir. Onlar tərəfindən iddiaçıya ziyan vurulması barədə hər hansı sübut yoxdur. Ona görə də iddianın təmin edilməməsini xahiş edir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək, tərəflərin izahatlarını dinləyərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan Xanlar Rayon İcra Hakimiyyəti Başçısının 12 sentyabr 2002-ci il tarixli 86 saylı sərəncamından çıxarışdan görünür ki, X4 Kombinatının əkin sahəsindən 50 hektar torpaq sahəsi kənd təsərrfatı məhsullarının istehsalı üçün Xanlar şəhər sakini İddiaçı icarəyə verilməsi qərara alınmışdır. İş materiallarında olan Xanlar Rayon İcra Hakimiyyəti Başçısının 14 aprel 2003-cü il tarixli 58 saylı sərəncamından çıxarışdan görünür ki, X4 Kombinatının əkin sahəsindən 40 hektar torpaq sahəsinin birillik bitkilərin yetişdirilməsi şərtilə 15 il müddətinə Xanlar şəhər sakini İddiaçı icarəyə verilməsi qərara alınmışdır. İş materiallarında olan X4 Kombinatı ilə İddiaçı arasında bağlanmış 17 avqust 2002-ci il tarixli torpaq icarə müqaviləsindən görünür ki, 50 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının iştehsalı üçün 15 il müddətinə icarəyə verilmişdir. İş materiallarında olan Xanlar rayon İcra Hakimiyyəti Başçısı ilə İddiaçı arasında bağlanmış 14 aprel 2003-cü il tarixli torpaq icarə müqaviləsindən görünür ki, 40 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının iştehsalı üçün 15 il müddətinə icarəyə verilmişdir. İş materiallarında olan 04 oktyabr 2002-ci il tarixli, JN-2347 KOD 50800001 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamədən görünür ki, İddiaçı kənd təsərrüfatını inkişaf etdirmək şərtilə Xanlar rayon İcra Hakimiyyəti Başçısının 12 sentyabr 2002ci il tarixli 86 saylı sərəncamı və 12 sentyabr 2002-ci il tarixli 05 saylı icarə müqaviləsi ilə X4 Kombinatının əkin sahəsindən kənd təsrrüfatı məhsullarının istehsalı üçün 15 il müddətinə 50 hektar torpaq sahəsi müvəqqəti istifadə üçün verilmişdir. İş materiallarında olan JN-3209 KOD 50800038 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamədən görünür ki, İddiaçı kənd təsərrüfatını inkişaf etdirmək şərtilə Xanlar Rayon İcra Hakimiyyəti Başçısının 14 aprel 2003-cü il tarixli 58 saylı sərəncamı və 14 aprel 2003-cü il tarixli icarə müqaviləsi ilə X4 Kombinatının əkin sahəsindən kənd təsrrüfatı məhsullarının istehsaslı üçün 15 il müddətinə 40 hektar torpaq sahəsi müvəqqəti istifadə üçün verilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 15 avqust 2008-ci il tarixli, 5208 nömrəli rəyindən görünür ki, İddiaçı icarəsində olan sahədə aparılmış tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 51387,60 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, Göygöl rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarili, 254 saylı sərəncamı və xx.xx.2023-cü il tarixli 16 saylı icarə müqaviləsi ilə Göygöl şəhərində yerləşən 348,324 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2023-cü il tarixdə, ********** qeydiyyat nömrəsilə, 51,9586 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixdə, ********** qeydiyyat nömrəsilə, 19.5947 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixdə, ********** qeydiyyat nömrəsilə, 53,7979 torpaq sahəsi isə xx.xx.2023-cü il tarixdə, ********** qeydiyyat nömrəsilə icarə hüququ ilə “X2” ASC-nin xeyrinə yüklü edilmiş və bu barədə Daşınmaz əmlakın dövlət reyestrinsə 242 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində qeydiyyat aparılmışdır. İş materiallarında olan Xanlar Rayon Məhkəməsinin 07 dekabr 2006-cı il tarixli 2-250/06 saylı qətnaməsindən görünür ki, Xanlar rayon İcra Hakimiyyəti Başçısının X1 50 hektar və 40 hektar torpaq sahələrinin İddiaçı icarəyə verilməsinə dair xx.xx.2002-ci il tarixli 86 nömrəli və xx.xx.2003-cü il tarixli 83 nömrəli sərəncamları, xx.xx.2002-ci il traixli və xx.xx.2003-cü il tarixli icarə müqavilələri, 50 ha və 40 ha torpaq sahələrindən istifadə hüququna dair JN-2347 (KOD ********) və JN-3209 (KOD ********) nömrəli şəhadətnamələrin etibarsız hesab edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi tərəfindən həmin qətnamə, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən isə Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirlmədən saxlanılmışdır. İş materiallarında olan Göygöl Rayon Məhkəməsinin 20 avqust 2008-ci il tarixli 2(066)- 25/08 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" MMC cavabdeh İddiaçı qarşı tikililərin sökülməsi, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı zərərin ödənilməsi tələbinə dair işə 20 avqust 2008-ci il tarixdə baxılmış, İddiaçı tərəfindən “X2” ASC-nin balansında olan torpaq sahəsində inşa etdiyi ferma və onunla bağlı tikililərin sökülməsi, qeyd edilən tikililərin söküməsi ilə bağlı çəkilməli olan xərclərin iddiaçı "xxxx" MMC-nin hesabına aparılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 22 yanvar 2009-cu il tarixli, 2(104)-94/2009 sayı qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-ci maddəsinə əsasən, başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, Xanlar rayon İcra Hakimiyyəti Başçısının 12 sentyabr 2002-ci il tarixli 86 saylı və 14 aprel 2003-cü il tarixli 58 saylı sərəncamları ilə İddiaçı kənd təsərrfatı məhsullarının istehsalı və birillik bitkilərin yetişdirlməsi şərtilə 50 ha və 40 ha torpaq sahələrinin verilməsi qərara alınmış və həmin sərəncamlara uyğun olaraq X4 Kombinatı ilə İddiaçı arasında 17 avqust 2002-ci il tarixdə bağlanmış və Xanlar rayon İcra Hakimiyyəti Başçısı ilə İddiaçı arasında 14 aprel 2003-cü il tarixdə bağlanmış torpaq icarə müqavilələri əsasında 50 ha və 40 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının iştehsalı üçün 15 il müddətinə icarəyə verilmişdir. Bu barədə İddiaçı adına JN-2347 KOD 50800001 saylı və JN- 3209 KOD 50800038 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamələr verilmişdir. Xanlar Rayon Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsi ilə qeyd edilən sərəncamlar, icarə müqavilələri, şəhadətnamələr etibarsız hesab edilmişdir. Həmçinin Göygöl Rayon Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsi ilə İddiaçı tərəfindən “X2” ASC-nin balansında olan torpaq sahəsində inşa etdiyi ferma və onunla bağlı tikililərin sökülməsi qət edilmişdir. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə iddiaçının icarəsində olan torpaq sahələri ilə bağlı hüquqverici sənədlər etibarsız hesab edilmiş və iddiaçının torpaq sahələrində tikdiyi tikililər sökülmüşdür. Göygöl Rayon Məhkəməsində tikililərin sökülməsi və zərərin ödənilməsi ilə bağlı iddia tələblərinə baxılarkən ekspertiza rəyi ilə İddiaçı icarəsində olan sahədə aparılmış tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 51387,60 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, Xanlar rayon İcra Hakimiyyəti başçısının sərəncamlarına əsasən iddiaçıya kənd təsərrüfatı məhsullarının istehsalı və birillik bitkilərin yetişdirilməsi şərtilə torpaq sahəsinin istifadəyə verilməsi qərara alınsa da, həmin sərəncamlarda iddiaçının istifadəsinə verilməsi qərara alınmış torpaq sahələrində tikinti işlərinin aparılması ilə bağlı hər hansı bir müddəa yoxdur. Həmçinin iddiaçı onun istifadəsinə verilmiş torpaq sahələrində tikinti işlərinin aparması üçün Xanlar rayon İcra Hakimiyyətinin icazə verməsinə, habelə torpaq sahələrində qanunvericiliklə müəyyən edilmiş qaydada tikinti aparmaq hüququnun olmasına dair hər hansı bir sənəd təqdim etməmişdir. İddiaçı sökülməsi nəticəsində ona ziyan vurulduğunu iddia etdiyi tikililəri heç bir icazə almadan inşa etmişdir. Bu hal həmçinin qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə də təsdiq edilir. İddiaçı 51387,60 manat tikintiyə xərc çəkməsi ilə bağlı məhkəməyə sənəd təqdim etsə də, tam olaraq 180000 manat zərərin mövcudluğu ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Həmçinin iş üzrə cavabdehin hər hansı qanunazidd davranışının olması, təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurması öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin iddianın 10000 manat mənəvi zərərin ödənilməsi hissəsində qeyd edir ki, iddiaçı mənəvi sarsıntı və iztirablara məruz qalmasının səbəbi kimi tikdirdiyi tikililərin sökülməsini göstərmişdir ki, bu hissədə də iddiaçı tələbində haqlı olmamışdır. Belə ki, cavabdeh tərəfindən iddiaçıya qarşı hər hansı qanunazidd davranış olması, təqsirli hərəkətləri nəticəsində maddi ziyan vurulması iş materialları ilə təsdiq edilmədiyindən mənəvi ziyanın ödənilməsi ilə bağlı tələb də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini əsasən QƏT ETDİ: İddiaçı cavabdeh Göygöl rayon İcra Hakimiyyətinə qarşı maddi və mənavi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №2-2(115)-1004/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-1004/2024
04.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver