Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-1048/2021 07.12.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Gəncə Kommersiaya Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı "xxxx"xxxx"ASC-nin nizamnamə kapitalının artırılması və yeni səhmlərin emissiyası" məsələlərinin daxil edilməsinə qadağa qoyulması tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Şəmkir rayon Məhkəməsinə müraciət edərək "xxxx" ASC-nin rəhbərliyi tərəfindən Şəmkir Rayon Məhkəməsinin 2(076)- 2262/2016 saylı, 25.04.2016-cı il tarixli və 2(076)-2262/2016 saylı, 10.06.2019-cu il tarixli qətnamələri icra olunana qədər "xxxx" ASC-nin səhmdarlarının ümumi yığıncağının gündəliyinə ASC-nin nizamnamə kapitalının artırılması və yeni səhmlərin emissiyası məsələlərinin daxil edilməsinə qadağa qoyulmasını xahiş etmişdir. Mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin səhmdarıdır, onun səhmlərinin 3056 ədəd adi adlı səhminə, yəni 1%-nə sahib olduğu Milli Depozit Mərkəzi tərəfindən verilmiş depo hesabından çıxarış təsdiq edir. 30 aprel 2021-ci il tarixdə təyin edilmiş səhmdarların növbədənkənar ümumi yığıncağında nizamnamə kapitalının artırılması, yeni səhmlərin emissiyası, nizamnamədə dəyişiklik edilməsi və digər cari məsələlər olmuş, iddiaçı isə bunlarla razılaşmamışdır. İddiaçı məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır. İş materiallarında olan: Depozitar haqqında məlumatdan görünür ki, İddiaçı "xxxx" ASC-nin ("xxxx" ASC) səhmdarıdır. "xxxx" ASC-nin bildirişindən görünür ki, Cəmiyyətin növbədənkənar ümumi yığıncağı ilə bağlı səhmdarlara məlumat verilmişdir. İddaiaçı tələbini onunla əsaslandırır ki, Şəmkir Rayon Məhkəməsinin 25.04.2016-cı il tarixli və 10.06.2019-cu il tarixli qətnamələri ilə müvafiq sənədlərin "xxxx" ASC tərəfindən cavabdeh İddiaçı verilməsi qət edilmişdir. Lakin həmin sənədlər ona təqdim edilməmişdir. Həmin qətnamələr icra olunanadək "xxxx" ASC-nin səhmdarlarının ümumi yığıncağının gündəliyinə ASC-nin nizamnamə kapitalının artırılması və yeni səhmlərin emissiyası məsələlərinin daxil edilməsinə qadağa qoyulmalıdır. Məhkəmə qeyd edir ki, tələb aşağıda qeyd olunanlara əsasən əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 104.1-ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağının qərarına əsasən səhmdar cəmiyyəti səhmlərin nominal dəyərini artırmaq və ya əlavə səhmlər buraxmaq yolu ilə nizamnamə kapitalını artıra bilər. Səhmdar cəmiyyətinin səhmlərinin nominal dəyərinin artırılması və əlavə səhmlərin buraxılması qaydaları maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir. Maddənin məzmunundan göründüyü kimi nizamnamə kapitalını artırılması və əlavə səhmlərin buraxılması məsələsi səhmdarların ümumi yığıncağının qərarına əsasən həll edilir. Həmin Məcəllənin 106-1.3-cü maddəsinə əsasən səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır: 106-1.3.1. cəmiyyətin idarə edilməsində bu Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək; 106-1.3.2. qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq. 106-1.3.3. cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək; 106-1.3.4. cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək. 106-1.3.5. cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun protokolunun surətini tələb etmək. 106-1.3.6. cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək; 106-1.3.7. cəmiyyətin xalis mənfəətindən dividend almaq; 106-1.3.8. cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq; 106-1.3.8-1. icra orqanının və direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin səhlənkarlığına və səhmdar cəmiyyətə qəsdən vurduğu zərərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək; 106-1.3.8-2. cəmiyyətin səhmlərinin satışı prosesində iştirak etmək; 106-1.3.8-3. bağlanmış əqd nəticəsində cəmiyyətə və ya səhmdarlara dəyən zərərin və bununla bağlı məsrəflərin ödənilməsi barədə məhkəməyə və ya digər səlahiyyətli quruma müraciət etmək; 106-1.3.8-4. bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq. 106-1.3.9. bu Məcəllədə və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malik olmaq. Həmin Məcəllənin 106-1.6-cı maddəsinə görə səhmdar cəmiyyətinin səhmdarının vəzifələri aşağıdakılardır: 106-1.6.1. qanuna və (və ya) nizamnaməyə əsasən kommersiya sirri və ya məxfi hesab olunan məlumatları üçüncü şəxslərə açıqlamamaq; 106-1.6.2. səhmdarların reyestrində ona dair daxil edilmiş məlumatların dəyişilməsi barədə reyestrsaxlayıcısına on təqvim günü ərzində yazılı bildiriş vermək; 106-1.6.3. qanunvericiliklə müəyyən edilmiş başqa vəzifələri yerinə yetirmək. Maddənin məzmunundan göründüyü kimi səhmdarların hüquq və vəzifələri, o cümlədən hansı hallarda məhkəməyə müraciət etmək hüququnun olması konkret olaraq göstərilmişdir. Səhmdarlar həmin hüquqlar və vəzifələrdən çıxış etməklə cəmiyyətin idarə olunmasında iştirak etmək imkanını əldə etmiş olurlar. Aşkar surətdə görünür ki, həmin hüquq və vəzifələr sırasına səhmdarların ümumi yığıncağının gündəliyinə hər hansı məsələnin çıxarılmasını qadağan etmək daxil deyildir. Səhmdarlar öz səsvermə hüququndan istifadə etməklə gündəlikdə olan məsələyə münasibət bildirə bilərlər. Qeyd edildiyi kimi Məcəllənin 106-1.3.4cü maddəsinə əsasən cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. Maddənin məzmunundan göründüyü kimi ümumi yığıncağın gündəliyində olan məsələ ilə səhmdarlar razı olmazlarsa gündəlikdə dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb edə bilərlər. Bu, isə səhmdarların səs çoxluğu ilə həll edilən məsələdir. Belə ki, Mülki Məcəllənin 107-5-ci maddəsində göstərildiyi kimi,yığıncaqda qəbul edilən qərarlar səhmdarların sadə, bəzi məsələlər üzrə isə üçdə iki səs çoxluğu ilə qəbul edilir. Hər bir halda səhmdarların ümumi yığıncağının qərarları səsvermə yolu ilə qəbul edilir. Gündəliyə çıxarılan məsələnin həlli bir səhmdarın iradə ifadəsindən deyil, səhmdarların səs çoxluğunun nəticəsindən asılı edilmişdir. Mülki Məcəllənin 107-5.4-cü maddəsinə əsasən səhmdarlarının ümumi yığıncağının qərarından səhmdar məhkəməyə şikayət edə bilər. Qeyd olnanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin qanuni əsası mövcud deyildir. Yəni, iddia tələbi səhmdarların qanunvericiliklə müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hüquq və vəzifələrindən irəli gəlmir və həmin müddəalara uyğun deyildir. Azərbaycan Respunlikası Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "xxxx" ASC-nin rəhbərliyi tərəfindən Şəmkir Rayon Məhkəməsinin 2(076)-2262/2016 saylı, 25.04.2016-cı il tarixli və 2(076)-2262/2016 saylı, 10.06.2019-cu il tarixli qətnamələri icra olunana qədər "xxxx" ASC-nin səhmdarlarının ümumi yığıncağının gündəliyinə ASC-nin nizamnamə kapitalının artırılması və yeni səhmlərin emissiyası məsələlərinin daxil edilməsinə qadağa qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2-2(115)-1048/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-1048/2021
07.12.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver