Məhkəmə qərarları › İş №2-2(115)-1049/2024

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-1049/2024

24.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-1049/2024 24.05.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Məmmədov Rəşad Seylan oğlu İddiaçı cavabdehlər Tovuz regional “Asan xidmət” mərkəzinin notariat ofisinə və Cavabdeh2 ASC-yə qarşı icra qeydlərinin etibarsız hesab edilməsi tələbinə dair iş materiallarını araşdıraraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Tovuz regional “Asan xidmət” mərkəzinin notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cüi il tarixli 8İ-21952 nömrəli və xx.xx.2023-cü il tarixli 8İ-23953 nömrəli icra qeydlərinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 Acıq Səhmdar Cəmiyyəti ilə onun arasında DC00311880-24 nömrəli və DCLT00311880-29 nömrəli müqavilələrə əsas pul məbləği verilmiş, həmin müqavilə öhdəlikləri tərəfindən vaxtında və lazımınca icra edilmiş, sahibkarlıq fəaliyyində zərər yarandığından müqavilələrin icrasında yubanmalar yaranmışdır. Qeyd olunan borc müqavilələri Tovuz regional “Asan xidmət” mərkəzinin notariat ofisində təsdiq olunmuşdur. Müqavilələrin əsasını təşkil edən hal Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu pərakəndə satış mağazasının işlədilməsi olmuşdir. Hazırki vəziyyətdə həmin müqavilələr üzrə Tovuz Regional “Asan Xidmət” Mərkəzi notariat ofisi iş üzrə icra qeydi vermiş, həmin icra qeydləri ilə ondan Cavabdeh2 ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, 8İ-21952 nömrəli icra qeydi üzrə 84 manat 64 qəpik məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 5854 manat 22 qəpik; xx.xx.2023-cü il tarixli, 8İ-21953 nömrəli icra qeydi üzrə 225 manat 69 qəpik məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 2635 manat 73 qəpik pul tutlmuşdur. Cavabdeh Tovuz regional “Asan xidmət” mərkəzinin notariat ofisinin qeyd olunan icra qeydləri üzrə tələb etdiyi məbləğlər qanunsuz və əsassızdır. Hesablanmış və tələb olunan öhdəlik məbləği düzgün deyildir, borc həmin məbləği əhatə etmir, onun cavabdehə ümumi borcu tələb olunan məbləğdən çox azdır. Tovuz regional “Asan xidmət” mərkəzinin notariat ofisi tərəfindən verilmiş icra qeydləri hec bir hüquqi nəticə yaratmır, icra qeydində yazılanlar həqiqəti əks etdirmir, odur ki, qeyd olunan icra qeydlərinin etibarsız hesab olunması barəsində qanuni və əsaslı məhkəmə qətnaməsi qəbul olunmalıdır. Belə ki, Tovuz Regional “Asan Xidmət” Mərkəzi notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli icra qeydlərinin verilməsindən xəbərsizdir, icra qeydi tərəf olaraq ona rəsmi qaydada verilməmişdir. Bağlanmış borc müqavilələsi tərəflərin razılığı və ya məhkəmə qaydasında ləğv edilməmişdir. Notarius sənədləri araşdırmadan, mübahisənin olub-olmamasını aydınlaşdırmadan icra qeydini vermişdir. Tovuz Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli 2(062)-705/2024 nömrəli qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, iş üzrə tərəflər arasında razılaşma (müqavilə) mövcuddur, tərəflərin hər ikisi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərdir. Belə olan halda iddia ərizəsi üzrə mülki iş aidiyyatı üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığı olduğundan iş kassasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı qərarın 11-ci bəndində göstərilmişdir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasındanasılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində qeyd edilir ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır, birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPMin 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. Məhkəmə qeyd edir ki, mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman kommersiya mübahisəsinin subyekti qismində hüquqi şəxslər, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər çıxış edə bilər. Hüquq münasibətlərinin xarakteri baxımından isə kommersiya mübahisəsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmalıdır. Subyekt tərkibindən asılı olmayaraq tələb (və ya birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə münahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud tərəflərin onların bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldikdə işə kommersiya məhkəmələri baxır. İşin faktiki hallarından görünür ki, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə fərdi sahibkar İddiaçı arasında kredit müqaviləsi bağlanılmış, kredit borcalana dövriyyə vəsaitinin artırılması məqsədilə verilmişdir. Borcun tututması barədə Tovuz regional “Asan Xidmət” mərkəzi notariat ofisi icra qeydləri vermişdir. İddiaçı cavabdeh Tovuz regional “Asan Xidmət” mərkəzi notariat ofisi tərəfindən verilmiş icra qeydlərinin etibarsız hesab edilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsində Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti iş üzrə cavabdeh qismində qeyd edilsə də, banka qarşı heç bir tələb yönəlməmiş, iddiaçının tələbi notariat ofisi tərəfindən verilmiş icra qeydlərinin etibarsız hesab edilməsindən ibarətdir. Mübahisənin subyekti olan İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs statusuna malik olsa da, cavabdeh Tovuz regional “Asan Xidmət” mərkəzi notariat ofisi sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxs statusuna malik deyildir. Belə olan halda, hazırkı mübahisəyə kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, İddiaçı cavabdehlər Tovuz regional “Asan xidmət” mərkəzinin notariat ofisinə və Cavabdeh2 ASC-yə qarşı icra qeydlərinin etibarsız hesab edilməsi tələbinə dair iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 32-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Tovuz regional “Asan xidmət” mərkəzinin notariat ofisinə və Cavabdeh2 ASC-yə qarşı icra qeydlərinin etibarsız hesab edilməsi tələbinə dair iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar