Məhkəmə qərarları › İş №2-2(115)-1060/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-1060/2025

01.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-1060/2025 01.09.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borc müqaviləsi) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə Tanrıverdi oğlunun, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəsinə müraciət edərək, Cavabdeh 64950 manat pulun və 285 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə tanışlığı yaşadığı Gəncə Şəhəri Məhrəsə bağı 10/2 saylı binanın arxasında yerləşən binanın zirzəmisində praduk mağazası işlədərkən yaranmışdır. O, hər gün həmin mağazadan siqaret alırdı. 2020-ci ilin iyul ayında mağazaya gedərkən Fəqəan onunla salamlaşaraq ona yaxınlaşıb səmimi söhbət etməyə başlamış və onunla yaxından tanışlıq etdi. Fəqanla bir neçə dəqiqiə söhbət etdikdən sonra əlində pulu olmadığına görə mağazanı malla doldura bilmədiyini və ona müəyyən miqdarda pul lazım olduğunu bildirmişdi. Bundan sonra Fəqan ona təklif etmişdi ki, mağazanı pradukla doldurmaq üçün ona pul verərərsə, mağazanı onunla şərikli işlədəcəkdir. O, isə ona bu badrə də düşünməyi üçün vaxt verməyini bildirdi. Hər gün mağazaya gedərkən Fəqan ona yaxınlaşıb ona pul verməyini və şərikli iş görməyini təklif edirdi. Artıq Fəqan onun etibarını qazanmışdı, buna görə də ona pul verib onunla şərikli iş görməyə razılaşdı. Fəqan onu inadırmaq üçün xx.xx.2020-ci il tarixdə notariat kontorunda apararaq 23000 manat pulu ona verməyilə bağlı borc müqaviləsi bağlamışdı. Bir neçə gündən sonra mağazaya gedib baş çəkmək istəyəndə mağazanın tamamilə boş olduğunu gördü və Fəqandan nə baş verdiyini soruşmuşdu. Fəqan isə ona yaxınlaşaraq əslində ondan 23000 manat pulu alaraq aldatdığını və həmin pulu digər borclarına verdiyini, onun pulunu isə 3 ay müddətində tam şəkildə qaytaracağına söz vermişdi. Üç aydan sonra Fəqan pulu qaytara bilmədiyini bildirərək və maşın alıb taksi fəaliyyəti ilə məşğul olub pul qazanıb onun pulumu qaytarmaq üçün əlavə olaraq ona 15000 manat pul verməyini təklif etdi. Fəqanın ona olan borcunu işləyib qaytarması üçün yenə də ona inanaraq əlavə 15000 manat pul verdi. Bir müddət sonra Fəqan onunla görüşərərk taksi fəaliyyəti ilə məşğul olmaq üçün iki ədəd şəxsi maşın almağını və onda daha çox gəlir əldə edəcəyini bildirərək ondan əlavə 25000 manat pul istədi və bildirdi ki, ona əlavə qazanc da verəcəkdir. Yenə də ona inanaraq 25000 manat pul vermişdi. Fəqan dediyi kimi iki ədəd Pirius markalı avtomaşın aldı, birini özü, digərini isə qardaşı idarə edirdi. Fəqan maşınları aldıqdan bir neçə gün sonra ona zəng vuraraq qardaşı idarə etdiyi avtomaşın avtoqəza törətdiyi və təmiri üçün 2100 manat pul lazım olduğunu bildirdi. O, isə maşın işləyib gəlir gətirsin deyə ona maşının təmiri üçün 2100 manat pul vermişdi. Bir neçə gündən sonra Fəqan ona zəng vurub bu dəfə özü idarə etdiyi maşının avtoqəza törətdiyini və maşını təmir etdirmək üçü 1300 manat pul istədi. O, yenədə ona ona inanıb 1300 manat pul verdi ki, maşını təmir etdirib işləsin. Bir neçə gündən sonra Fəqan ona zəng vuraraq uşağının ağır xəstə olduğunu və onun müalicəsi üçün 550 manat pul lazım olduğunu bildirdi. Yenədə insanlıq edərək ona inanıb 550 manat pul vermişdi. Fəqan dəfələrlə ondan başqa bəhanələr edərək əlavə pullar istəməyə başladı, lakin pulu qalmadığı üçün ona pul verə bilməmişdi. Bir müddət sonra Fəqanın onun etibarını qazanıb əmlakını ələ keçirərək dələduzluq etdiyini anladı. Dəfələrlə ona verdiyi pulları geri qaytarmasını tələb etsə də, o, yenə də onun həmin pulların müqabilində əlavə qazanc verəcəyi ilə onu aldatmağa çalışmışdı. Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli borc müqaviləsi ilə ona verdiyi 23000 manat puldan cəmi mənə 2000 manat pul qaytarmışdır. Həmin puluda ondan digər pulları almaq məqsədi ilə qaytarıb onun etibarını qazanmışdır. Cavabdeh ümumilikdə ona 64950 manat borcu vardır. Dəfələrlə cvabadehdən ona olan borcunu qaytarmasını tələb etsəm də bundan qərəzli olaraq yayınmağa çalışmışdır.

3. Gəncə Şəhər Məhkəsinin 2(125)-809/2025 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına dair mülki işin baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

II. Tərəflərin mövqeyi

4. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə Tanrıverdi oğlu iddia ərizəsində yazılanlara uyğun izahat verərək və iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 64950 manat pul verilmişdir. Həmin borca verilən pullardan 23000 manat və 25000 manatla bağlı rəsmi yazılı sənəd olsa da, digər pulların verilməsilə bağlı hər hansı sübutları yoxdur. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirdi ki, 23000 manat pulu borc kimi götürmüşdür və həmin puldan 12777 manatını qaytarmışdır. 25000 manatın alınması ilə bağlı ərizəni də iddiaçı ondan lombarddan pul götürmək üçün təminat kimi istəyib. Hazırda onun iddiaçıya qaytardığı məbləği çıxdıqdan sonra 10000- 11000 manata yaxın borcu qalıbdır. Buna görə də qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi.

II. Sübutların tədqiqi

6. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli borc müqaviləsinin şərtlərindən görünür ki, borc verən borc alana 23000 (iyirmi üç min) manat məbləğində pul borc verir (1.1). Borc alan borcu xx.xx.2024-cü il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür (1.2).

7. xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçı biznes məqsəilə 25000 manat aldığını və həmin pulu 4 il (qırx səkkiz ay) ərzində qaytaracağı barədə öhdəlik götürdüyü bildirmişdir.

8. 30.09.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın sürətindən görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh göstərmişdir ki, İddiaçı barəsində yazdığı şikayət ərizəsi ilə tanış olmuşdur. Rəsmi olaraq heç bir yerdə işləmir. Bildirmişdir ki, Arzu adlı şəxsi 5 ildən artıq müddətdir ki, tanıyır. Bildirmişdir ki, təxminən 5 il bundan əvvəl Mahrasa bağında arenda şəklində bir obyekt işlədirmiş və həmin il ərzin obyekt al-ver yaxşı olduğundan həmin obyekti bir az da yaxşılaşdırmaq məqsəti ilə qonşusu İddiaçı 1600 manat pulu borc şəklində istəmişdir. Arzu isə ona 1600 manat pul vermişdir.Təxminən 2 ay ərzində həmin pulu o Arzuya ödəmişdir. Arzuya olan borcunu ödədikdən təxminən 2-3 gün sonra o yenidən Arzudan 6 min manat pul borcu istəmişdir. Arzu isə ona 6000 manat pul vermiş və həmin 6000 manat pulu gündəlik 50- 100 manat ödəyəcəyini bildirmişdir. O Arzu ilə razılığa gəlmişdir. Həmin ərəfədə o yenidən Arzudan 7000 manat pul borcu istəmiş və Arzu ona 7000 manat pul vermişdir. Həmin borcun üzərinə əlavə 7000 manat pul gəldiyi üçün gündəlik ödənişdə 100-200 manat olmuşdur. 2020-ci ildə obyektə alver zəiflədiyi üçün o obyekti bağlamaq qərarına gəlmiş və Arzuya 8000 manat pul borcu qaldığı üçün o Arzu ilə birlikdə natoriad ofisinəgedərək həmin pulu kredit müqaviləsi bağlayaraq aylıq 480 manat olmaqla 4 il ərzində ödəməklə bölmüş və həmin 8000 manat pul faizi ilə birlikdə 23000 manat olmuşdur. 2021-ci Hin yanvar ayında obyektə al-ver tam dayandığı üçün o obyekti bağlamış və Arzu işləmədiyi üçün pulunu ödəməyəcini bildirmişdir. Təxminən 3-4 ay sonra o taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır və Arzuya olan borcunu gündəlik şəklində 16 manat ödəməyə başlamışdır. Təxminən 2023-cü il tarixdə o Arzuya avtomobil almaq istədiyini və ondan 6000 manat borc pul istədiyini bildirmişdir. Arzu isə ona 6000 min manat borc pul vermişdir və həmin pulu 4 illik ayda 510 manat ödəməli olduğunu demişdir. O İsə gündəlik ödəmək istədiyini dedikdə Arzu gündəlik olaraq 17 manat ödəməli olduğunu demişdir. Bildirmişdir ki, Arzu olan digər borcları ilə birlikdə gündəlik 33 manat ödəmişdir. Təxminən 3 ay sonra onun maddi imkanı zəyiflədiyi üçün Arzu ya və avtomobilin sahibinə aylıq olaraq pul ödəyə bilməmişdir. Bu səbəbdən Arzu ilə birlikdə Gəncə şəhər Xan Bağında oturmuş və o Arzuya imkanının olmadığını və avtomobilin sahibi pulunu istədiyini bildirmişdir və ona 6000 manat yenidən borca pul verməyini istəmişdir. Arzu isə ona yenidən 6000 manat puldu vermiş və gündəlik 17 manat ödəməli olduğunu bildirmişdir. Arzu olan digər borcları ilə birlikdə o Arzuya gündəlik 50 manat pul ödəmişdir. Təxminən 2023-cü ilin dekabr ayının əvvəllərində o idarə etdiyi avtomobillə yol-nəqliyyat hadisəsi törətmişdir. Bu səbəbdən o Arzuya olan borcunu 1 həfdə ödəyə bilməmişdir. O, yenidən Arzudan avtomobilini düzəltdirmək məqsəti ilə 3000 manat borc pul istəmişdir. Arzu isə ona 3000 manat borc pul vermişdir. O həmin pula avtomobilini düzəltdirdikdən sonra gündəlik olaraq Arzuya 59 manat pul ödəməyə başlamışdır. Daha sonra Arzuya olan pul borcunu ödəyə bilməmişdir və Arzuya gündəlik 25 manat pul ödəməyi təklif etmişdir. Arzu isə ona 12 ii ərzində gündəlik 25 manat pul ödəməli olduğunu bildirmişdir. O, isə razılaşmışdır. Təxminən 1 ay bundan əvvəl o Arzuya zəng edərək, aylıq 400 manat verməyə imkanının olduğunu və 12 illik üzərinən 100000 manat gəldiyini bildirmişdir. Arzu isə onunla razilaşmamışdır. Halhazırda onun İddiaçı olan borcunu ən yaxın zamanda ödəyəciyini bildirmişdir.

9. “X3” ASC-nin xx.xx.2023-xx.xx.2024-cü il tarixləri əhatə edən çıxarışından görünür ki, Cavabdeh tərəfindən İddiaçı hesabına ümumilikdə 12741,49 manat pul ödənilmişdir.

III. Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 739. Borc müqaviləsi (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada)

743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

12. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli Qərarı

Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).

13. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarı

Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

14. N.Hacıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 14 iyul tarixli Qərarı

Sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır.

15. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarı

Məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.

16. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarı

İddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.

IV. Məhkəmənin mövqeyi

a) borc müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı

17. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

18. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

19. Göründüyü kimi Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.

20. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04 avqust 2020-ci il tarixli müqavilədən və xx.xx.2022-ci il tarixli etiraf ərizəsindən görünür ki, İddiaçı Cavabdeh müvafiq olaraq 23000 manat və 25000 manat olmaqla, ümumilikdə 48000 min manat məbləğində pul borc vermiş, Cavabdeh 04 avqust 2020-ci il tarixli müqavilə üzrə borcu xx.xx.2024-cü il tarixədək, xx.xx.2022-ci il tarixli etiraf ərizəsi üzrə isə borcu 4 il müddətində İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin Cavabdeh həmin borcdan 12741,49 manat qaytarmış (bank çıxarışlarına əsasən cavabdeh tərəfindən iddiaçının kart hesabına göndərilmiş pullar toplanılmaqla), öz üzərinə düşən öhdəliyi tam olaraq yerinə yetirməmiş və bunun nəticəsində cavabdehin iddiaçıya 35258,51 manat borcu ((23000+25000)-12741,49=35258,51) yaranmışdır.

21. Hazırda iddiaçı yaranmış 64950 manat borcun ödənilməsini tələb edir.

22. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

23. Mülki Məcəllənin borc müqaviləsi haqqında ümumi müddəalarının tələblərinə əsasən borcverən pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borcalana verməyi, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağa öhdəsinə götürür.

24. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə borc müqaviləsi olub, iddiaçının tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir.

25. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn tələb etmək hüququnu realizə edir.

26. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

27. Beləliklə, məhkəmə hesab edir ki, borc müqaviləsi üzrə öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh 35258,51 manat borcunu iddiaçıya ödəməlidir.

28. Məhkəmə iddianın digər hissəsinə, yəni 15000 manatın, 2100 manatın, 1300 manatın, 550 manatın iddiaçı tərəfindən cavabdehə verilməsinə münasibətdə bildirir ki, iddiaçının tələbinin dəlilləri həmin hissələrdə əsassızdır və iddia tələbini təmin etmək üçün yetərli sübutlar məhkəməyə təqdim edilə bilməmişdir. Hazırkı iş üzrə iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı digər sübutu işdə iştirak edən şəxslərin izahatlarından ibarətdir. Məhkəmə nəzərə alır ki, işdə iştirak edən şəxslərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə işdə iştirak edən şəxslərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

29. Məhkəmə hesab edir ki, 15000 manatın, 2100 manatın, 1300 manatın, 550 manatın iddiaçı tərəfindən cavabdehə verilməsilə bağlı hər hansı sübut təqdim edilmədiyindən, cavabdeh tərəfindən isə iddia həmin hissələrdə etiraf edilmədiyindən təmin edilə bilməz.

b) Məhkəmə xərcləri ilə bağlı

30. İddiaçı eləcə də 285 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

31. 1655773355 nömrəli mədaxil qəbzi ilə müəyyən olunur ki, 285 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

32. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

33. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 195,78 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilməli, ödənilmiş dövlət rüsumun qalan 89,22 manat hissəsi İddiaçı özünə aid edilməlidir.

V. Məhkəmənin gəldiyi nəticə

35. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 35258,51 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.

36. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 35258,51 (otuz beş min iki yüz əlli səkkiz manat əlli bir qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 195,78 (bir yüz doxsan beş manat yetmiş səkkiz qəpik) manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumun qalan 89,22 (səksən doqquz manat iyirmi iki qəpik) manat hissəsi İddiaçı özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Əbülfəz Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar