Məhkəmə qərarları › İş №2-2(115)-1064/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-1064/2021

23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-1064/2021 23.11.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə, İddiaçı KB ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cabbarlı Nərmin İlqar qızına qarşı borcun tutulması və tutmanın ipoteka predmentinə yönəldilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə Şəmkir rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 19.01.2017-ci il tarixli 01UM/17 nömrəli əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 17.02.2017-ci il tarixli 01UB/17 nömrəli əlavə kredit müqaviləsi üzrə 281 195,77 manat əsas, 641,34 manat faiz borcu olmaqla cəmi 281 837,11 manat borcun və 30 manat dövlət rüsumunun, 60 manat ipoteka predmetinə tutmanın qeydiyyata alınması məqsədi ilə ödənilən rüsumun tutularaq iddiaçıya ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 oğluna məxsus olan Abşeron rayonu, Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisində yerləşən 3 ha, 0,60 ha və 3 ha torpaq sahələrinə tutmanın yönəldilməsi, əmlakların hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin cavabdehin borcuna yönəldilməsi, ipoteka predmetləri olan Abşeron rayonu, Zirə Tərəvəzçilik- Südçülük sovxozu ərazisində yerləşən 3 ha, 0,60 ha və 3 ha torpaq sahələrinin ümumilikdə ilkin satış qiymətinin 3 500 000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra bir ay ərzində həmin əmlakların boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kommersiya işi aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 19.01.2017-ci il tarixli, 01UM/17 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, illik faiz dərəcəsi 6 faiz ödəmək şərtilə 500 000 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə ipoteka müqaviləsi bağlanmış, həmin ipoteka müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Abşeron rayonu, Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisində yerləşən 3 ha, 0,60 ha və 3 ha torpaq sahələri İddiaçı KB ASC -nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada icrasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri Banka ödəməlidir. Lakin buna baxmayaraq borclu kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə şifahi və yazılı xəbərdar edilməsinə baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, tələbi təmin edilməlidir. İş materiallarında olan: 19.01.2017-ci il tarixli, 01UM/17 nömrəli kredit müqaviləsindən görünür ki, borcverən – "xxxx" ASC borcalan Cavabdeh1 500 000 manat məbləğində illik 6 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan – Cavabdeh1 isə 180 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. 17.02.2017-ci il tarixli, 01UB/17 nömrəli əlavə kredit müqaviləsindən görünür ki, kredit 60 ay müddətinə, 30 ay güzəşt dövrü olmaqla bağlanmışdır. 19.01.2017-ci il tarixli, 01UMİ/17 nömrəli sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, 19.01.2017-ci il tarixli, 01UM/17 nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 xüsusi mülkiyyət hüquqi ilə məxsus olan Abşeron rayonu, Zirə Tərəvəzçilik- Südçülük sovxozu ərazisində yerləşən 3 ha, 0,60 ha və 3 ha torpaq sahələri ipoteka predmeti kimi yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqına daşınmaz əmlakın dövət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus Abşeron rayonu, Zirə tərəvəzçilik-südçülük sovxozunun ərazisində yerləşən 3 ha torpaq sahəsi "xxxx" ASC -nin xeyrinə yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqına daşınmaz əmlakın dövət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus Abşeron rayonu, Zirə tərəvəzçilik-südçülük sovxozunun ərazisində yerləşən 0,60 ha torpaq sahəsi "xxxx" ASC -nin xeyrinə yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqına daşınmaz əmlakın dövət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus Abşeron rayonu, Zirə tərəvəzçilik-südçülük sovxozunun ərazisində yerləşən 3 ha torpaq sahəsi "xxxx" ASC -nin xeyrinə yüklü edilmişdir. 05 mart 2021-ci il tarixli maliyyə arayışından görünür ki, 17.02.2017-ci il tarixli, 01UB/17 saylı kredit müqaviləsi üzrə əsas borc 281 195,77 manat, müqavilə müddəti üçün hesablanmış faiz 641,34 manat, cəmi 281 837,11 manat təşkil etmişdir. 05 mart 2021-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. 09.03.2021-ci il tarixli bildirişdən görünür ki, ipoteka predmetlərinə tutumanın yönəldilməsi ilə bağlı cavabdehə məlumat verilmişdir. İş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsinə dair ekpertiza rəyində isə ipoteka ilə yüklü edilmiş müvafiq olaraq Abşeron rayonu, Zirə tərəvəzçilik-südçülük sovxozunda yerləşən 3 ha torpaq sahəsinin bazar dəyəri 1 170 000 manat, likvid dəyəri isə 1 053 000 manat, həmin ərazidə yerləşən 0,60 torpaq shaəsinin bazar dəyəri 234 000 manat, likvid dəyəri 210 600 manat, 3 ha torpaq sahəsinin bazar dəyəri 1 170 000 manat, likvid dəyəri 1 053 000 manat kimi qeyd edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış 19.01.2017-ci il tarixli, 01UM/17 nömrəli kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 500 000 manat məbləğində kredit verilmişdir. Cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (AR MM-in 449.1-ci maddəsi). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM-in 449.3-cü maddəsi). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (AR MM-in 465.2-ci maddəsi). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 19.01.2017-ci il tarixli 01UM/17 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 17.02.2017-ci il tarixli 01UB/17 saylı əlavə kredit müqaviləsi üzrə 281.195,77 manat əsas borc, 641,34 faiz borcu olmaqla, cəmi 281.837,11 manat və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 60 manat məbləğində pul İddiaçı KB ASC-nin xeyrinə tutulmalı, tələb ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisində yerləşən hər birinin likvid dəyəri 1 053 000 manat, sahəsi 3.0 ha olan 2 sayda torpaq sahəsinə və həmin ərazidə yerləşən likvid dəyəri 210 600 manat olan 0.60 ha sahəsinə yönəlməli, həmin əmlaklar hərracda satılmalı və onların satışından əldə olunmuş pul vəsaiti hesabına borc ödənilməli, ipoteka predmeti olan torpaq sahələrinə tutma yönəldikdə və onlar satıldıqda ən geci 1 ay ərzində həmin torpaq sahələri boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi təmin edildiyindən, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh1 19.01.2017-ci il tarixli 01UM/17 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 17.02.2017-ci il tarixli 01UB/17 saylı əlavə kredit müqaviləsi üzrə 281.195,77 manat əsas borc, 641,34 faiz borcu olmaqla, cəmi 281.837,11 manat və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 60 manat məbləğində pul İddiaçı KB ASC-nin xeyrinə tutulsun. Tələb ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisində yerləşən hər birinin likvid dəyəri 1 053 000 manat, sahəsi 3.0 ha olan 2 sayda torpaq sahəsinə və həmin ərazidə yerləşən likvid dəyəri 210 600 manat olan 0.60 ha sahəsinə yönəldilsin, həmin əmlaklar açıq hərracda satılsın və onların satışından əldə olunmuş pul vəsaiti hesabına borc ödənilsin. İpoteka predmeti olan torpaq sahələrinə tutma yönəldikdə və onlar satıldıqda ən geci 1 ay ərzində həmin torpaq sahələri boşaldılsın. İş üzrə 200 (iki yüz) manat ekspertiza xərci X1 tutularaq „Uniprice“ MMC, VÖEN **********, AZ15GUNA********************,“GÜNAY BANK“ ASC, VÖEN **********, KOD 505594 müxbir hesab AZ 25 NABZ********************, SWİFT GUNAAZ22 saylı hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar