Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-1064/2025 22.07.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlərdən borclu olduqları 7470 manat məbləğində pul və 95 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdehləri təxminən 2022-ci ildən tanıyır və aralarında müxtəlif vaxtlarda iribuynuzlu mal-qara alqı-satqısı olmuşdur. Lakin 2023-cü ilin noyabr ayında aralarında olan iri buynuzlu mal-qaranın alqı-satqısı zamanı cavabdehlər ona verməli olduqları 5090 manat pulu verməyərək, borclu qalmışlar və Cavabdeh1 oglu 5090 manat pul borcunu qısa zamanda ona verəcəkləri öhdəliyini öz üzərinə götürmüşdür. Bundan sonra cavabdehlərlə təxminən 2024-cü ilin mart ayında görüşərək ona borclu olduqları 5090 manat pulla bağlı razılığa gələrək borcun yenidən cavabdehlərlə edəcəyi alqı-satqı əsnasında tezliklə ona ödəyəcəyinə dair Cavabdeh1la sadə yazılı qaydada müqavilə bağlayıb, borcu 3-4 ay ərzində ödəyəcəklərinə dair qəbz yazaraq, qəbzi ona təqdim etmişlər. Bundan sonra cavabdehlər ondan əlavə aldıqları malqaraların dəyərinin bir hissəsin yenə ödəməyərək, ona əlavə 5380 manat pul borcları yaranmışdır. Cavabdehlərin bundan sonra ona ümumilikdə aralarında razılaşdırılmış 10470 manat borcları yaranmışdır. O, xx.xx.2024-cü il tarixində cavabdehlərdən 10470 manat pulun alınıb ona verilməsi ilə bağlı Ağdam rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Cavabdehlər Ağdam rayon polis şöbəsində ona borclu olduqları 10470 manat pulun olduğunu etiraf edərək, borcu tezliklə ödəyəcəklərinə dair öhdəlik götürərək yazılı izahat vermişlər. Lakin bundan sonra cavabdehlər ona ümumilikdə borclu olduqları pulun 3000 manat hissəsini qaytararaq, pulun qalan 7470 manat hissəsini qaytarmamışlar. Cavabdehlər artıq uzun müddətdir ki, ona borclu olduqları 7470 manat pul borcunun ödənilməsindən müxtəlif bəhanələrlə yayınaraq borcu qaytarmırlar. Ona görədə yuxanda göstərilənlər səbəbindən ağır maddi vəziyyətə düşmüşdür. Ona görə də cavabdehlərdən borclu olduqları 7470 manat pul məhkəmə qaydasında alınıb ona verilməlidir. Bərdə Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli 2(021)-1424/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehləri 2023-cü ildən tanıyır. Əvvəl cavabdehlərin ona iri buynuzlu mal-qara alışı ilə bağlı 5090 manat borc yaranmışdır. Borcu isə qaytarmamışlar. Sonra yenidən mal götürmüşlər, ödəniş etməmişlər. Borcu etiraf etsələr də, ödəniş etmirlər. Polis orqanlarına şikayət etmiş. Ondan sonra 3000 manat ödəniş edilmişdir, hissə-hissə edəcəklərini demişlər, lakin yenə də ödəniş ediləmişdir. Halhazırda 7471 manat borcları var. Cavabdehlərə isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: sadə yazılı qəbz, cinayət işinin başlanmasını rədd edilməsi haqqında qərar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. 500.2. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. 567.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materiallarında olan Ağdam Rayon Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh1 izahatında bildirmişdir ki, 10470 manat borcları qalmışdır.Sonradan o, 2024-cü ilin avqust ayının 30-da 1000 manat və sentyabr ayının 15də 500 manat olmaqla İddiaçı olan borcdan ümumilikdə min beş yüz manat pul qaytarmışdır. Həmçinin həmin qərardan görünür ki, araşdırma zamanı Cavabdeh2 izahatında göstərmişdir ki, o, İddiaçı ət alıb Bakı şəhərində satmaqla bağlı işi Cavabdeh1lə birlikdə etmişdir. O İddiaçı ümumilikdə təxminən 10 min manat borcları olduğunu bilsə də, bütün hesabatı Cavabdeh1 apardığından dəqiq məbləği Seymur bilmişdir. İddiaçı olan borcdan ümumilikdə min beş yüz manat pul qaytarmışdırlar. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında müxtəlif vaxtlarda iribuynuzlu mal-qara alqı-satqısı ilə bağlı münasibətlər olmuşdur. Cavabdeh1 sadə yazılı qaydada qəbz təqdim edərək, İddiaçı 5090 manat borcunun olduğunu və həmin borcun 3-4 ay ərzində ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Bundan sonra cavabdehlər iddiaçıdan əlavə aldıqları mal-qaraların dəyərinin bir hissəsin yenə ödəməyərək, iddiaçıya əlavə 5380 manat pul borcları yaranmışdır. Cavabdehlərin bundan sonra iddiaçıya ümumilikdə aralarında razılaşdırılmış 10470 manat borcları yaranmışdır. Cavabdehlər Ağdam rayon polis şöbəsində ona borclu olduqları 10470 manat pulun olduğunu etiraf edərək, borcu tezliklə ödəyəcəklərinə dair öhdəlik götürərək yazılı izahat vermişlər. Lakin bundan sonra cavabdehlər iddiaçıya ümumilikdə borclu olduqları pulun 3000 manat hissəsini qaytararaq, pulun qalan 7470 manat hissəsini qaytarmamışlar. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması iddiaçının izahatı, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, eyni zamanda Cavabdeh1 tərəfindən verilmiş sadə yazılı qəbz ilə təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, 7470 manat borc cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmaq üçün 95 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Eyni zamanda iddiaçı tərəfindən 95 manat dövlət rüsumu ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 95 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7470 manat pul və 95 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №2-2(115)-1064/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-1064/2025
22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver