Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-1071/2022 03.06.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2dan müştərək qaydada iddiaçının xeyrinə 2313 manat 33 qəpik əsas, 11 manat 84 qəpik faiz olmaqla, cəmi 2325 manat 17 qəpik borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC Cavabdeh arasında bağlanmış 31.08.2018-ci il tarixli əsas kredit müqaviləsi üzrə 3000 manat məbləğində 60 ay müddətinə kredit ayrılmış və 11.07.2019-cu il tarixli əlavə kredit müqaviləsi üzrə cavabdehə 12 ay müddətinə 25 faiz ödəmək şərti ilə 10000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit xətti müqaviləsinin 1.1-ci maddəsinə əsasən görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Zamin1 və Zamin2 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə tam olaraq öz öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehlərin 9 aprel 2021-ci il tarixinə kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə borcu 2313 manat 33 qəpik əsas, 11 manat 84 qəpik faiz, o manat cərimə, cımi 2325 manat 17 qəpik borcu vardır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli 2(044)- 163/2022 saylı qərardadı ilə iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı borcun ödənilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini qismən müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən sonradan edilən ödənişlərin və məhkəməyə təqdim edilən sonuncu maliyyə arayışının nəzərə alınmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, krediti sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması məqsədi ilə götürmüşdür. Digər cavabdehlər Zamin1 və Zamin2 ona zamin durmuşlar. Borcunu pandemiya ilə əlaqədar ödəyə bilməmiş və gecikmələri olmuşdur. Məhkəməyə iddia verildikdən sonra edilən ödənişlərin nəzərə alınmasını xahiş etdi. Digər cavabdehlər Zamin1 və Zamin2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Zamin1 və Zamin2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh izahatlarını dinləyib və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 723micGNDJ/19 nömrəli 11.07.2019-cu il tarixli əlavə kredit müqaviləsinə əsasən biznesin inkişafı məqsədi ilə cavabdehə 12 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 10000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 01 iyun 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 31 may 2022-ci il tarixə 726 manat 07 qəpik əsas borc, 161 manat 21 qəpik faiz borcu olmaqla, cəmi 887 manat 28 qəpik məbləğində borcunun olması qeyd edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 11 fevral 2022-ci il tarixli 9/472 nömrəli rəyindən görünür ki, Cavabdeh 723micGNDJ/19 nömrəli 11.07.2019-cu il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınaraq 09.04.2021-ci il tarixinə "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə əsas borc üzrə 2376 manat 90 qəpik, faiz borcu üzrə 14 manat 86 qəpik borcunun, maliyyə arayaşının tarixinə, yəni 21.09.2021-ci il tarixə əsas borc üzrə 769 manat 59 qəpik, faiz borcu üzrə 50 manat 24 qəpik borcunun olması müəyyən edilmişdir. Tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh iddiaçı "xxxx" KB ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. 11.07.2019-cu il tarixli, 723micGNDJ/19 nömrəli zaminlik müqaviləsindən görünür ki, Zamin1 və Zamin2 kredit müqaviləsi üzrə Cavabdeh "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdələrinə götürmüşlər. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 726 manat 07 qəpik əsas borc, 11 manat 84 qəpik faiz borcu olmaqla, cəmi 737 manat 91 qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. 100 manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, əsas borca dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim olunan 01 iyun 2022-ci il tarixli maliyyə arayışından göründüyü kimi Cavabdeh 11.07.2019cu il tarixli, 723micGNDJ/19 nömrəli kredit müqaviləsi üzrə 31 may 2022-ci il tarixə əsas borcu 726 manat 07 qəpik müəyyən olunduğundan, iddia tələbinin əsas borca dair qalan hissəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 726 manat 07 qəpik əsas borc, 11 manat 84 qəpik faiz borcu olmaqla, cəmi 737 manat 91 qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. 100 manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2-2(115)-1071/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-1071/2022
03.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver