Məhkəmə qərarları › İş №2-2(115)-1124/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-1124/2025

25.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-1124/2025 25.12.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3, Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Şəmkir Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 88758,10 manat əsas borc, 3648,92 manat faiz borcu, 2572,98 manat cərimə borcu, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 15239,27 manat faiz borcu, ümumilikdə 110219,27 manat borcun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24 aprel 2012-ci il tarixdə Cavabdeh ilə İddiaçı ASC arasında 014 saylı kredit müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə əsasən borcluya 200000 manat məbləğində 24 aylıq güzəştlə, 60 ay müddətinə, illik 7 faiz olmaqla kredit verilmişdir. İddiaçı ASC müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi tam icra edərək kredit müqaviləsi üzrə verməli olduğu kredit məbləğini Cavabdeh vermiş, amma borclu Cavabdeh krediti götürdüyü tarixdən etibarən kredit müqaviləsinin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(076)-7/2025 saylı qərardadı ilə iş aidiyyatı üzrə Gəncə Kommesiya Məhkəməsinə gondərilmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən Cavabdeh iddiaya etiraz edərək izahatında bildirdi ki, o 2010-cu ildə 15000 manat kredit götürmüşdür, həmin vaxt xalası oğlunun evi girov qoyulmuşdur, lakin qeyd edilən hazırki borc məbləği ilə bağlı hər hansı məlumatı yoxdur. Həmin məbləği o götürməmişdir. Bu məsələ ilə bağlı araşdırılma aparıldı və onun bu borc məbləği ilə əlaqəsinin olmadığı müəyyən edildi. Ona görə də iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil izahatında bildirdi ki, cavabdeh tərəf iddia tələbini qəbul etmir. Belə ki, Cavabdeh sözü gedən müqavilə üzrə kredit götürməmişdir. Onun kreditdən xəbəri olmamışdır. Kredit üzrə ödənişləri də o etməmişdir. 2012-ci ildə necə olur ki, 200000 manatı Cavabdeh heç bir girov olmadan veriblər. Daha sonra ona 15000 manat kredit veriblər. Hal-hazırda həmin işlə bağlı cinayət işi vardır, araşdırılma aparılır, Cavabdeh bir neçə dəfə dindirilmişdir. Ekspertiza rəyini onlar həmçinin aparılan cinayət işi üzrə müvafiq orqana təqdim edəcək. O cümlədən hazırda iddiaçı ilə də ödənişlər üzrə danışıqlar gedir, hansı ki, krediti mənimsəyən adam var, o adam krediti ödəməyə söz vermişdir. İddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 24 aprel 2012-ci il tarixli 014 nömrəli kredit müqaviləsindən görünür ki, illik 7 faiz ödənilməklə 24 ay güzəştlə 60 ay müddətinə 200000 manat kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 25 aprel 2012-ci il tarixli 454677 nömrəli çekdən görünür ki, bir yüz doxsan səkkiz min manat vəsaitə dair kassa çekinin hər iki tərəfi Cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə banka 88758,10 manat əsas bоrcu, 3648,92 manat faiz bоrcu, 2572,98 manat cərimə borcu, 15239,27 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 110219,27 manat məbləğində borcu var. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 13 avqust 2025-ci il tarixli 4/1318 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş kommersiya işinin 97-ci vərəqəsində olan 454677 nömrəli xx.xx.2012-ci il tarixli bank çekinin üz tərəfində “İmzalar.” qrafasındakı imza, arxa tərəfində “İmzalar.” və “Çekdə göstərilən məbləği aldım imza” qrafasındakı imzalar, işin 152-ci vərəqəsində olan xx.xx.2012-ci il tarixli ərizədə “Cavabdeh” sözlərinin qarşısındakı imza, işin 153-cü vərəqində olan xx.xx.2012-ci il tarixli 14 saylı kredit müqaviləsinə əlavə kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlinin aşağısında soldansağa 2-ci imza, İddiaçı SKB ilə Cavabdeh arasında bağlanmış 014 saylı xx.xx.2012-ci il tarixli kredit müqaviləsinin 1-ci vərəqində “Cavabdeh” sözlərinin qarşısındakı imzalar Cavabdeh tərəfindən icra olunmuşdur. Xidmət haqqı 127 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. xx.xx.2023-cü il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki İddiaçı ASC ilə 24 aprel 2012-ci il tarixdə Cavabdeh arasında 24 aprel 2012-ci il tarixdə kredit müqaviləsi bağlanmış, borcalana illik 7 faiz ödənilməklə 24 ay güzəştlə 60 ay müddətinə 200000 manat kredit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Cavabdeh 88758 manat 10 qəpik əsas, 3648 manat 92 qəpik müqavilə müddəti üçün hesablanmış faiz, 2572 manat 98 qəpik cərimə borcu vardır. İddiaçı əsas kredit məbləğini, müqavilə müddətinə hesablanmış faiz məbləğini və cərimə məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda müqavilə müddəti bitdikdən sonra illik 5%lə hesablanmış faiz borcu ilə bağlı bildirir ki, həmin hissədə iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi 24 aprel 2012-ci il tarixdən 60 ay müddətində bağlanmışdır. 24 aprel 2017-ci il tarixdə müqavilənin müddəti bitmişdir. Maliyyə arayışı 15 aprel 2019-cu il tarixdə tərtib edilmişdir. 24 aprel 2017-ci il tarixdən 15 aprel 2019-cu il tarixədək olan müddət 2 il 5 ay 21 gün (891 gün) təşkil edir. Həmin müddət üçün 88758 manat 10 qəpik əsas borcun illik 5%-i (88758,10 manat x 5 : 360 = 1.232,**********89 x 891 gün = 10983,81 manat) 10983,81 manat təşkil edir. Ona görə müqavilə müddəti bitəndən sonra hesablanmış həmin məbləğdə faiz borcu cavabdehdən tutulmaqla ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Odur ki, tərəflər arasında bağlanmış 24 aprel 2012-ci il tarixli 014 saylı kredit müqaviləsi üzrə 88758,10 manat əsas, 3648,92 manat müqavilə müddəti üçün hesablanmış faiz, 2572,98 manat cərimə, 10983,81 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 105963,81 borc cavabdehdən tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı tərəfindən iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 30 manat cavabdehdən tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Bundan başqa iş üzrə xəttşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı 127 manat ekspertiza xərci cavabdehdən tutularaq X2 hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə qeyd edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24 aprel 2012-ci il tarixli 014 saylı kredit müqaviləsi saylı kredit müqaviləsi üzrə 88758 manat 10 qəpik əsas, 3648 manat 92 qəpik müqavilə müddəti üçün hesablanmış faiz, 2572 manat 98 qəpik cərimə, 10983 manat 81 qəpik gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla cəmi 105963 (bir yüz beş min doqquz yüz altmış üç) manat 81 (səksən bir) qəpik borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İş üzrə xəttşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı 127 (bir yüz iyirmi yeddi) manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar